AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R D A
D I
Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair
12 iyun 2025-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Fikrət Məmmədov,
İsa Nəcəfov (məruzəçi-hakim), Kamran Şəfiyev və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33- cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis
mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki
proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru
Ə.Əliyevanın və həmin kafedranın doktorantı S.Hüseynovun rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür
ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ölmüş borclunun
borcunun onun vərəsəsindən tutulması barədə iddia qaldırmış, işə məhkəmədə
baxılarkən vərəsə iddianı yazılı formada etiraf etmişdir.
Bakı şəhəri Suraxanı
Rayon Məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul
olunmuşdur.
Cavabdeh həmin qətnamədən
apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, iddianın
etirafı barədə ərizə onun iradəsini əks etdirmir.
Apellyasiya şikayətinə
baxarkən məhkəmə aşağı instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işi
mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarmaq səlahiyyəti ilə bağlı
Mülki Prosessual Məcəllədə qeyri-müəyyənliyin olduğu qənaətinə gəlmişdir.
Bakı Apellyasiya Məhkəməsi
belə hesab etmişdir ki, həmin Məcəllədə apellyasiya məhkəməsinin qeyd olunan səlahiyyəti
göstərilməsə də, bunu qadağan edən norma da nəzərdə tutulmamışdır.
Müraciətdə qeyd edilir
ki, işə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmadığı dörd
halda apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə
göndərilməlidir:
·
qətnamə yalnız
cavabdehin iddianı etiraf etməsinə əsaslandıqda, lakin etiraf qanunsuz olduqda;
·
qətnamə yalnız iddia
müddətinin keçməsinə əsaslandıqda, lakin iddia müddətinin tətbiqi qanunsuz
olduqda;
·
qətnamə yalnız məhkəməyə
müraciət müddətinin keçməsinə əsaslandıqda, lakin müddətin tətbiqi qanunsuz
olduqda;
·
formal qətnamə qəbul
edilsə də, mahiyyəti üzrə baxış mövcud olmadıqda.
Göstərilənlərə əsasən
apellyasiya instansiyası məhkəməsi hüquqi, məhkəmə müdafiəsi hüququnun lazımi
qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə
müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin
hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir.
Məhkəmə müdafiəsi
hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla
yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış
edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin
pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində
səmərəli müdafiə mexanizmi olan ədalət mühakiməsini nəzərdə tutur.
Nəzərə alınmalıdır
ki, Konstitusiya ilə təminat verilən məhkəmə müdafiəsi hüququ şəxsin hüquq və
azadlıqlarının pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən
edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da
ehtiva edir.
Təsadüfi deyildir
ki, məhkəmə müdafiəsi hüququna verilən təminatın davamı olaraq Konstitusiyanın
VII fəsli məhkəmə hakimiyyətinə həsr olunmuş, məhkəmələrin hüquqi statusu və
iyerarxiyası müəyyən edilmişdir.
Konstitusiyanın 132-ci
maddəsinin I hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının
apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə
yuxarı instansiya məhkəmələridir.
Konstitusiyanın tələblərindən
irəli gələrək mülki mühakimə icraatında tərəflərin prosessual hüquqlarının həcmi,
o cümlədən məhkəmənin malik olduğu səlahiyyətlərin dairəsi birinci, apellyasiya
və kassasiya instansiyalarının təbiətlərinə uyğun olaraq mülki prosessual
qanunvericiliklə fərqləndirilmişdir. Mülki mübahisələrlə bağlı qanunvericiliklə
müəyyənləşdirilən üç mərhələli məhkəmə sisteminin mövcudluğu isə belə mübahisələrin
qərəzsiz, ədalətli, qanuni və əsaslı həll edilməsinə yönəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə göstərilən məsələnin həlli baxımından, ilk növbədə, mülki
icraat gedişində cavabdehin iddianı etiraf etməsi, eləcə də iddia və ya kəsici
müddətlərin tətbiqi ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsini vacib hesab
edir.
Mülki Prosessual Məcəllənin
216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin
aktı qətnamə formasında çıxarılır.
İşin mahiyyəti üzrə
həll edilməsi ilə bağlı məhkəmə icraatı işin məhkəmədə baxılmağa hazırlanması və
məhkəmə baxışı mərhələlərindən ibarətdir.
Məhkəmənin cavabdeh
tərəfindən iddianın etiraf olunması halına münasibətdə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin
190 və 191-ci maddələrinin məzmunundan göründüyü kimi belə etirafın təsdiq
edilib-edilməməsi məsələsi hazırlıq mərhələsində deyil, məhz işə mahiyyəti üzrə
baxılmağa başlandıqdan sonra həll edilir. Bu isə ondan irəli gəlir ki, cavabdehin
etirafının qəbul edilməsi məhz işin mahiyyəti üzrə həllinin yekunu kimi qəbul
edilən sənədin, yəni iddianın təmin edilməsi barədə qətnamənin qəbulu ilə nəticələnir.
Belə ki, Mülki
Prosessual Məcəllənin 190-cı maddəsinə görə, işə mahiyyəti üzrə baxılması sədrlik
edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya
etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin
mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan
edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin
olub-olmamasını aydınlaşdırır.
Cavabdehin iddianı
etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə
iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi
bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı
ərizələrdə də ifadə oluna bilər.
Cavabdeh tərəfindən
iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə
iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə
cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə bununla bağlı əsaslandırılmış
qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (Mülki
Prosessual Məcəllənin 191.1, 191.3, 191.4-cü maddələri).
Nəzərə alınmalıdır
ki, Mülki Prosessual Məcəllədə birbaşa göstərilməsə də, onun normalarının
mahiyyətindən irəli gələn dispozitivlik prinsipi mülki prosesdə mühüm əhəmiyyət
kəsb edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə, tərəflərin
iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə
etməsinin mümkünlüyünü nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun
L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
Bu prinsip işdə
iştirak edən şəxslərin mülki prosesin əmələ gəlməsi, davam etməsi və
sonlandırılması ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində
ifadə olunur.
İddianın etirafı da
cavabdehin iradəsindən asılı olmaqla məhz dispozitivlik prinsipindən irəli gəlir.
Lakin belə iradə heç də həmişə məhkəmə üçün mütləq xarakter daşımır. Yuxarıda
qeyd olunan normalardan göründüyü kimi məhkəmə cavabdehin iddianı etiraf etməsini
qəbul etməyə bilər və bu halda işin mahiyyəti üzrə baxışı davam etdirilməlidir.
Cavabdehin iddianı
etiraf etməsinin məhkəmə tərəfindən qəbul olunmamasının əsasları ilə bağlı göstərilməlidir
ki, cavabdehin iddianı etirafı qanuna zidd olarsa və ya hər hansı bir şəxsin
hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul
etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (Mülki Prosessual
Məcəllənin 52.5-ci maddəsi).
Həmçinin Mülki
Prosessual Məcəllənin 106.1 və 106.4-cü maddələrinin məzmunu belə nəticəyə gəlməyə
əsas verir ki, məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və
onlara məlum olan faktlar barədə, o cümlədən iddianın etirafı ilə bağlı
izahatlarını, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və
yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə
edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut
olunmalıdır.
Göründüyü kimi,
iddianın etirafının qanunazidd olub-olmamasını müəyyənləşdirmək, zərurət
yarandıqda üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelərini
pozub-pozmamasını qiymətləndirmək işə baxan məhkəmələrin vəzifəsi kimi nəzərdə
tutulmuşdur. Belə qiymətləndirmə isə bəzən tərəflərin izahatlarının dinlənilməsini,
əldə edilmiş sübutların tədqiq edilməsini zəruri edə bilər.
Mülki Prosessual Məcəllənin
52.5-ci maddəsində göstərilən hallar aşkar olunmadıqda cavabdehin iddianı
etiraf etməsinin məhkəmə tərəfindən təsdiq edilməməsi və məhkəmənin öz təşəbbüsü
ilə işin digər faktiki hallarını müəyyənləşdirməsi, eləcə də mülki icraatı davam
etdirməsi isə həm çəkişmə, həm də prosessual qənaət prinsipinin pozulması ilə nəticələnərdi.
Beləliklə, iddianın
cavabdeh tərəfindən etiraf edilməsi və həmin etirafın məhkəmə tərəfindən təsdiqi
nəticəsində qəbul edilən iddia tələbinin təmin olunması barədə qətnamə işi
mahiyyəti üzrə həll edən məhkəmə aktıdır.
Məhkəmələr tərəfindən
iddia və ya kəsici müddətlərin tətbiqi nəticəsində iddiaların rədd edilməsinə
münasibətdə qeyd olunmalıdır ki, belə müddətlərin tətbiq olunması məhkəməni işi
mahiyyəti üzrə araşdırmaq vəzifəsindən azad edən hal kimi qəbul edilə bilməz.
Bu kimi hallardan (iddia
və ya kəsici müddətlərin ötürülməsi) asılı olmayaraq məhkəmələr Mülki
Prosessual Məcəllənin ədalət mühakiməsinin çəkişmə və faktlar əsasında həyata
keçirilməsini zəruri edən prinsiplərini rəhbər tutaraq işlərə mahiyyəti üzrə
baxmalıdırlar.
O da göstərilməlidir
ki, iddia müddəti bu müddətin axımının başlanmasına səbəb olan subyektiv
hüququn pozulması ilə bilavasitə bağlıdır. Buna görə də, məhkəmə iddiaçının
müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn
pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini
araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil.
İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki
hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır.
Çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa
söykənmir.
Oxşar hüquqi mövqe
Konstitusiya Məhkəməsi Plenumunun X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16
yanvar tarixli Qərarında da ifadə olunmuşdur.
Beləliklə, istər
cavabdehin iddianı etiraf etməsi, istərsə də müddətlərin tətbiqi birinci
instansiya məhkəməsində işin mahiyyəti üzrə həll edilməsini istisna edən hallar
kimi qiymətləndirilməməlidir. Bu baxımdan, göstərilən hallarda məhkəmələr işə
formal yanaşmamalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait
yaratmalı, qanuni və əsaslı qətnamənin qəbul edilməsi üçün bütün zəruri tədbirləri
görməlidir.
Bununla belə,
birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmış və həll etmiş olsa da,
qanuni və əsaslı məhkəmə aktının qəbul edilməsi üçün əhəmiyyət kəsb edən bütün
faktiki halların aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş, iş
üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin
işin hallarına uyğun gəlməməsi, maddi və ya prosessual hüquq normalarının pozulması
və ya düzgün tətbiq edilməməsi kimi məhkəmə səhvlərinin mövcudluğu istisna
edilmir.
Apellyasiya icraatı
da məhz birinci instansiya məhkəmələrinin yol verdiyi belə səhvlərin
aşkarlanaraq aradan qaldırılmasına yönəlmişdir. Apellyasiya məhkəməsinin
funksiyası aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş aktlar üzərində
məhkəmə nəzarətinin həyata keçirilməsi, məhkəmə səhvlərinin aradan qaldırılması
vasitəsi ilə ədalət mühakiməsinin səmərəliliyinin və hər kəsin Konstitusiya ilə
bəyan edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsidir.
Apellyasiya
instansiyası məhkəməsində işə baxılmanın hədləri Mülki Prosessual Məcəllənin
372-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 372.1-ci maddəsində
göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi
işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qanunverici
tərəfindən müəyyən olunan bu hədlər həmin maddənin digər bəndləri vasitəsilə
konkretləşdirilmişdir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin
apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və
372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20
may tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə
şikayətin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya
instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə
toxunmamalıdır.
Apellyasiya
instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci
instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının mübahisələndirilən hissəsində
yoxlamaq hüququna malikdir.
Prosessual hüquq
normalarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi
ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq
normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və
predmetindən asılı olmayaraq yoxlayır.
Mülki Prosessual Məcəllənin
372-ci maddəsi ilə müəyyən olunmuş hədlərdə işə baxan apellyasiya instansiyası
məhkəməsinin səlahiyyətləri, yəni qəbul edə biləcəyi qərarlar isə həmin Məcəllənin
384-cü maddəsində göstərilmişdir. Həmin norma ilə işi təkrar baxılması üçün
birinci instansiya məhkəməsinə göndərmək apellyasiya məhkəmələrinin səlahiyyəti
kimi müəyyən edilməmişdir.
Mülki Prosessual Məcəllənin
384.0.4-cü maddəsinə əsasən, yalnız işə məhkəmə və ya ərazi aidiyyəti
qaydalarının pozulması ilə baxıldığı müəyyən edilərsə, apellyasiya instansiyası
məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə
göndərə bilər.
Apellyasiya
instansiyası məhkəməsinin bu səlahiyyəti Mülki Prosessual Məcəllənin 372.7-ci
maddəsində nəzərdə tutulan məhkəmələr tərəfindən prosessual hüquq normalarına
riayət edilməsinin yoxlanılması vəzifəsi ilə bağlıdır.
Aidiyyətlə bağlı
prosessual normaların pozulduğu aşkar edildikdə işin aidiyyəti üzrə birinci
instansiya məhkəməsinə göndərilməsi ilə bağlı qaydanın mövcudluğu ondan irəli gəlir
ki, işə aidiyyəti məhkəmədə deyil, başqa məhkəmədə baxılması elə məhkəmə səhvinin
baş verməsi ilə nəticələnir ki, bu səhvin bilavasitə apellyasiya instansiyası məhkəməsinin
özü tərəfindən aradan qaldırılması mümkün deyil.
Qanunvericilikdə
apellyasiya məhkəmələrinin işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə
göndərmək səlahiyyətinin nəzərdə tutulmamasına baxmayaraq, həmin məhkəmələrin
aşağı instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edib
birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim
olunmuş sübutlar əsasında yeni qətnamə qəbul etmək səlahiyyəti öz əksini
tapmışdır (Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsi).
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici apellyasiya instansiyası
məhkəmələrinə məhkəmə aktının ləğv etmək səlahiyyətini tanımaqla yanaşı,
apellyasiya baxışının hədləri çərçivəsində aşkar edilmiş məhkəmə səhvlərinin
aradan qaldırılması və yeni qərar qəbul edilməsi istiqamətində Mülki Prosessual
Məcəllədə bir sıra prosessual imkanlar müəyyən etmişdir. Qanunvericiliklə nəzərdə
tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla yeni sübutların qəbul edilməsi və
araşdırılması (372.2 və 380.1-ci maddələr), işdə iştirak edən şəxslərin işə
apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər
barəsində müraciətlərinin və vəsatətlərinin dinlənilib həll edilməsi (377-ci
maddə), əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin
araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında tərəflərin
vəsatətlərinə baxılması (380.2-ci maddə) ilə bağlı hüquqi tənzimləmələr xüsusilə
qeyd olunmalıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərini nəzərə
almaqla qeyd etməyi vacib hesab edir ki, yeni sübutların apellyasiya instansiya
məhkəməsi tərəfindən qəbul edilməsi üçün aşağıdakı halların mövcud olması zəruridir:
·
işə birinci
instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin həmin sübutları
təqdim etmək imkanının olmadığının sübut edilməsi;
·
yeni sübutların
aidiyyət və mümkünlük tələblərinə cavab verməsi;
·
apellyasiya məhkəməsinin
sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini üzrlü
hesab etməsi.
Beləliklə,
apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini
tamamilə və ya qismən ləğv edilib yeni qətnamə qəbul edərkən, dispozitivlik və
çəkişmə prinsiplərinin tələbləri və apellyasiya baxışının hədləri çərçivəsində,
aşkar edilmiş məhkəmə səhvlərinin aradan qaldırılması üçün bütün prosessual
hüquqi imkanlardan istifadə etməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu vurğulayır ki, apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinin
qeyd edilən qaydada tənzimlənməsi işlərə baxılmasının uzanmasının qarşısını
almaqla prosessual qənaət prinsipinin təmin olunmasına, məhkəmələrin artıq iş
yükü ilə yüklənməsinin önlənməsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin
Plenumu əvvəlki Qərarlarında da qeyd etmişdir ki, eyni işə dəfələrlə məhkəmələr
tərəfindən baxılması üç pilləli məhkəmə sisteminin təyinatına, məhkəmə hüquq
islahatlarının məqsədlərinə, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin
qanunla nəzərdə tutulmuş vəzifələrinə uyğun gəlməyərək məhkəmənin nüfuzuna mənfi
təsir göstərir (N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr
tarixli Qərar).
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində
qaldırılan hüquqi məsələlərin həll edilməsinə dair Konstitusiya Məhkəməsi
Plenumunun hüquqi mövqelərinin mövcud olması, eləcə də bu Qərardadla bəzi məsələlərə
aydınlıq gətirilməsi nəzərə alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə
Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac
yoxdur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69-cu maddələrini
rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan
Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsinin və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinin tələblərindən irəli
gələrək apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini
ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmək səlahiyyəti
istisna edilir.
2.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilən əsaslara görə, Bakı Apellyasiya Məhkəməsinin müraciəti
üzrə ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin
icraatına xitam verilsin.
3.
Qərardadın surəti 7
gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4.
Qərardad “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr Fərhad Abdullayev