AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
18 iyun 2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran
Şəfiyev (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə
hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı
Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının professoru, hüquq elmləri
doktoru M.Qəfərovun və həmin kafedranın dosenti, hüquq elmləri doktoru Ə.Qasımovun
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – Cinayət-Prosessual Məcəllə) 509.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası
qaydasında çıxarılmış məhkəmə qərarlarından zərər çəkmiş şəxslər tərəfindən
apellyasiya və ya kassasiya şikayəti verilə bilməsinin mümkünlüyü baxımından həmin
Məcəllənin 520.7-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilmişdir
ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Penitensiar Xidmətinin (bundan sonra – Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti) 6 saylı cəzaçəkmə
müəssisəsində cəza çəkən məhkum İ.İsazadə, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə
keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr
2024-cü il tarixli qərarı ilə məhkumun ərizəsi təmin edilmiş, İ.İsazadə cəzasının
qalan müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir.
Həmin qərardan iş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi
apellyasiya şikayəti vermiş, məhkumun zərər çəkmiş şəxsə vurduğu ziyanı ödəməməsini
əsas gətirərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il
tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
Müraciətdə
qeyd olunur ki, Cinayət-Prosessual Məcəllənin 520.7-ci maddəsinə əsasən, hökmün
və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından
bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti
yaxud protesti verilə bilər. Bununla belə, məhz zərər çəkmiş şəxsin bu
kateqoriyalı işlər üzrə şikayət vermək hüququnun olması qanunvericilikdə birmənalı
müəyyən edilmədiyindən qeyd edilən məsələ ilə bağlı şərh verilməsinə zərurət
yaranmışdır.
Bakı
Apellyasiya Məhkəməsi müraciətdə göstərmişdir ki, təcrübədə mövcud olan bir
yanaşmaya görə hökmün və ya məhkəmənin digər
yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından Cinayət-Prosessual
Məcəllədə nəzərdə tutulmuş qaydada zərər çəkmiş şəxs tərəfindən apellyasiya və
ya kassasiya şikayəti verilə bilər.
Digər
yanaşma isə ondan ibarətdir ki, Cinayət-Prosessual Məcəllənin 520.2-ci
maddəsinə görə hökmün və ya məhkəmənin digər
yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclasında iştirak etmək
hüququna məhkum, onun müdafiəçisi, qanuni nümayəndəsi, hökmün və ya məhkəmənin
digər yekun qərarının icra edilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və ya
orqanın nümayəndəsi və prokuror malikdirlər. Həmin şəxslər sırasında zərər çəkmiş
şəxs və onun vəkili (nümayəndəsi) göstərilmədiyindən, yəni qanuna görə zərərçəkmiş
şəxsin və onun vəkilinin (nümayəndəsinin) belə icraatda iştirak etmək hüququ nəzərdə
tutulmadığından, onlar bu qaydada çıxarılmış qərarlardan şikayət vermək
hüququna malik deyillər.
Müraciət
edən qanunvericiliyin eyni qaydada tətbiqinə nail olmaq, eləcə də hüquqi
müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə göstərilən
normaların şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini
zəruri hesab etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin
hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli
araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə
aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət
vermək
hüququnu ehtiva edir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında”
2010-cu il 13 dekabr tarixli Qərarında vurğulamışdır ki, məhkəməyə müraciət etmək
hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə
Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter
daşıdığına dəlalət etmiş olur.
Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququnun
vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən
müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Bu hüququn səmərəli
həyata keçirilməsinin təmin olunması məqsədilə Cinayət-Prosessual Məcəllədə məhkəmə
müdafiəsi hüququna müəyyən məhdudiyyətlər qoyan bir sıra şərtlər (şikayətə və
ya protestə dair tələblər, prosessual müddətlər və s.) nəzərdə tutulmuşdur. Belə
məhdudlaşdırıcı tədbirlərdən biri də yuxarı instansiya məhkəmələrinə şikayət və
ya protest vermək hüququna malik olan şəxslərin dairəsi ilə bağlıdır.
Zərər çəkmiş şəxsin şikayət hüququ ilə bağlı göstərilməlidir
ki, Cinayət-Prosessual Məcəllənin 87.6.14-cü maddəsinə görə, zərərçəkmiş şəxs təhqiqatçının,
müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o
cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya
əlavə kassasiya şikayəti verə bilər.
Həmçinin Cinayət-Prosessual Məcəllənin şərh edilməsi
xahiş olunan 520.7-ci maddəsində göstərilmişdir ki, hökmün və ya məhkəmənin digər
yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə
tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər.
Qeyd olunan qanunvericilik normaları ilə zərər çəkmiş
şəxsə tanınan şikayət hüququ Cinayət-Prosessual Məcəllənin digər müddəaları
vasitəsilə konkretləşdirilmişdir. Belə ki, həmin Məcəllənin 383.1.5-ci maddəsinə
əsasən, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi zərər çəkmiş şəxsin
mənafelərinə aid hissədə apellyasiya şikayəti vermək hüququna malikdir.
Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya
nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid
hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər (Cinayət-Prosessual Məcəllənin
409.4-cü maddəsi).
Göründüyü kimi, qanunverici zərərçəkmişin
apellyasiya və kassasiya şikayəti vermək hüququnu məhz qəbul edilən hökmün və
ya digər məhkəmə qərarının onun mənafeyinə toxunub-toxunmaması ilə şərtləndirmişdir.
Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hökmün və
ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarının
zərərçəkmiş şəxsin mənafelərinə təsir edib-etmədiyinin müəyyənləşdirilməsi üçün
Cinayət-Prosessual Məcəllənin 509.1-ci maddəsində nəzərdə tutulmuş halların
dairəsinin, cəzanın məqsədlərinin, cəzanın icrası prosesində zərər çəkmişin
hüquqi statusu kimi məsələlərin nəzərdən keçirilməsini zəruri hesab edir.
Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası
qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə
müraciət etmək hüququna malikdir:
·
cəzanın çəkilməsinin təxirə
salınması haqqında;
·
xəstəliyə və ya ittiham
hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi
haqqında;
·
cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilməsi haqqında;
·
cəzanın çəkilməmiş hissəsinin
daha yüngül cəza ilə əvəz edilməsi haqqında;
·
cəzaçəkmə və ya tərbiyə müəssisələrinin
növünün dəyişdirilməsi haqqında;
·
amnistiyanın tətbiq edilməməsi
və ya düzgün tətbiq edilməməsi haqqında;
·
müalicə müəssisəsində
saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;
·
məhkumluğun vaxtından əvvəl
götürülməsi haqqında;
·
bu Məcəllədə nəzərdə tutulmuş
digər məsələlər haqqında (Cinayət-Prosessual Məcəllənin 509.1.1–509.1.9-cu maddələri).
Cinayət-Prosessual Məcəllənin 520.2-ci maddəsində hökmün
və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə
iclasında iştirak etmək hüququna malik şəxslərə məhkum və onun müdafiəçisi və
ya qanuni nümayəndəsi, hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi
vəzifəsi üzərinə qoyulmuş müəssisə və ya orqanın nümayəndəsi və prokuror aid
edilmişdir.
İlk növbədə qeyd olunmalıdır
ki, prokuror (dövlət ittihamçısı) və zərər çəkmiş şəxs cinayət prosesində ittiham
tərəfinə aid olmaqla yanaşı, müdafiə etdikləri maraqların özünəməxsusluğu ilə fərqlənirlər.
Belə ki, zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində
birbaşa mənəvi, fiziki və ya maddi ziyana məruz qalan şəxs olduğundan, yəni
cinayət əməli nəticəsidə bilavasitə zərər çəkdiyindən, prosesdə iştirakda əsas marağı
cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən,
ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir.
Cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” 2002-ci il 19 aprel tarixli Qərarı).
Bu baxımdan öz maraqlarını
müdafiə etmək üçün zərər çəkən şəxsə qanunvericiliklə cinayət prosesində
ittiham tərəfində iştirak etmək hüququ tanınmışdır.
Dövlət ittihamçısı isə yalnız
zərər çəkmiş şəxsin hüquq və qanuni maraqlarını deyil, bütövlükdə cəmiyyət və
dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarını müdafiə edən şəxs kimi çıxış
edir. Bu maraq cinayət və cinayət prosessual qanunvericiliyin vəzifələrinin
icra edilməsinə, cinayət törətmiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyətə cəlb edilməsinə və cəzalandırılmasına nail olmaq vasitəsilə
cəmiyyətin təhlükəsizliyinin, qanunun aliliyinin təmin olunmasına yönəlmişdir.
Cəza ilə bağlı nəzərə alınmalıdır ki, bu, məhkəmə
hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla, məhz ədalətli
cəzanın təyini cinayət işləri üzrə ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına
xidmət edir.
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 41.2-ci maddəsində göstərilmişdir
ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm
də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi
ilə tətbiq edilir.
Cəzanın sosial ədalətin bərpası
məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən
dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına
xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz
qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir,
habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına
dair əminliyi təmin etmiş olur.
Oxşar hüquqi mövqe Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2,
46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 14 noyabr tarixli Qərarında
ifadə olunmuşdur.
Cinayət qanunvericiliyində cəzaya münasibətdə
sosial ədalətin nədən ibarət olması ilə bağlı ədalət prinsipini və cəzanın təyin
edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində
açıqlanmışdır.
Törədilmiş əməl ilə onun ictimai təhlükəlilik dərəcəsi
və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq cinayət
cəzasının ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan o halda “sosial” ədalətin
bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza zərər çəkənin mənafeləri
də nəzərə alınmaqla cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın
şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun
və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar
olduğuna əminlik yaratsın.
Konstitusiya Məhkəməsinin Plenumu
qeyd etməyi zəruri hesab edir ki, cəzanın bir-birilə əlaqəli olan üç məqsədindən
biri kimi sosial ədalətin bərpası əsasən cəzanın təyin olunması ilə bağlı olsa
da, digər iki məqsədinə – məhkumun islah edilməsinə və
yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına bilavasitə təyin edilmiş
cəzanın icrası prosesində nail olunmağa çalışılır.
Təsadüfi deyildir ki, Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi)
2.1-ci maddəsində həmin Məcəllənin məqsədi kimi məhkumların islah edilməsi, həm
məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin
qarşısının alınması müəyyən olunmuşdur.
Cəzanın mühüm məqsədlərindən
olan məhkumların islah edilməsi onların törətdikləri əməlin təhlükəliliyini dərk
etməsi, gələcəkdə bu cür davranışlardan çəkinməsi və cəmiyyət üçün faydalı bir
üzvə çevrilməsi üçün islahedilmə vasitələrinin tətbiqinə yönələn proses
olmaqla, cəzaların çəkilməsinin prinsipləri, qayda və şərtləri ilə bağlı məsələlər
birbaşa qanunvericiliklə tənzimlənir.
Cəzanın icrası prosesi ilə
bağlı olan münasibətlər publik xarakterli olmaqla bir tərəfdən məhkum, digər tərəfdən
isə cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və
orqanlar arasında yarandığından, cəzanın təyin edildiyi cinayət prosesindən fərqli
olaraq onun icrası prosesində zərər çəkmiş şəxsin iştirakı istisna olunur.
Nəzərə alınmalıdır ki, cəzaların
icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların və barəsində
cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxslərin qanun qarşısında bərabərliyi,
cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların
islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin
həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır
(Cəzaların İcrası Məcəlləsinin 7-ci maddəsi).
Məhz bu prinsiplərdən irəli gələrək
qanunvericilikdə məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsinin, cəzadan
şərti olaraq vaxtından əvvəl azad olunmasının, məhkumluğun vaxtından əvvəl
götürülməsinin və s. mümkünlüyü öz əksini tapmış, bu hüquqların həyata keçirilməsinin
qayda və şərtləri tənzimlənmişdir.
Qeyd edilməlidir ki, cəzanın
icrası prosesi cəzanın qanunauyğun surətdə çəkilməsinə və onun məqsədlərinin həyata
keçirilməsinə xidmət etdiyindən, məhkumların hüquqi və sosial reabilitasiyasına
yönələn stimullaşdırıcı normaların tətbiqi də dövlət tərəfindən müəyyən olunan
cəzanın icra mexanizminin tərkib hissəsini təşkil edir.
Belə tədbirlərin tətbiqi nəinki
cəzanın əsas məqsədlərindən biri olan sosial ədalətin bərpa edilməsi məqsədinə
xələl gətirmir, əksinə, cəza çəkdiyi müddətdə davranışı, əməyə və təhsilə
münasibəti və s. amillər nəzərə alınmaqla islah olunduğunu nümayiş etdirən məhkumlarla,
cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməyən, onları pozan şəxslər
arasında fərq qoyulması əslində cəzaların icrasının fərdiləşdirilməsi, humanizm
prinsiplərinin realizəsinə xidmət etmiş olur.
Göstərilməlidir ki, yuxarıda qeyd edilən, eləcə də Cinayət-Prosessual Məcəllənin 509.1-ci maddəsində
öz əksini tapan digər məsələlər ilə bağlı məhkəmə iclasında məhkumun iştirak
hüququnun tanınması həmin məsələlərin hər birinin həllinin bilavasitə məhkumun maraqlarına
toxunmasından, hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi vəzifəsi
üzərinə qoyulmuş müəssisə və ya orqanın nümayəndəsinin iştirak hüququnun
tanınması isə sonuncuların icra prosesində birbaşa iştirak etmiş şəxs
olmasından irəli gəlirsə, prokurorun belə iştirak hüququ isə dövlət və ictimai
maraqların təmin edilməsi zərurətindən irəli gəlir.
Belə ki, cəza dövlət adından
çıxarılan məhkəmə qərarı ilə təyin edildiyindən onun qanunauyğun şəkildə
icrası, eləcə də cəzaların icrası mexanizminə daxil olan vasitələrin qanuni və əsaslı
şəkildə tətbiqi yalnız zərər çəkən şəxsin deyil, bütövlükdə dövlətin və cəmiyyətin
marağında olan məsələdir.
Bu maraqların qorunması məqsədilə
Cəzaların İcrası Məcəlləsinin 21-ci maddəsində də göstərilmişdir ki,
prokurorluğun məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail
olunmasında iştirakı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası
qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılarkən cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Prokurorun qeyd olunan məsələlərin
həllində iştirakı cəzanın məqsədlərinin qorunmasına, müvafiq ərizələrə baxılarkən
cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməsinə, eləcə də məhkumların
hüquqlarının qorunmasına yönəlmişdir.
Müraciətə səbəb olmuş cəzaçəkmə
və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında ərizələrə
baxılması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Cəzaların İcrası Məcəlləsinin
70.1-ci maddəsinə müvafiq olaraq, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən
asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə
bilərlər.
Cəzaçəkmə müəssisəsinin
növünün dəyişdirilməsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə kimi məhkumlara tətbiq
olunan və onların islah olunmasını təşviq edən həvəsləndirici tədbirdir.
Qeyd olunmalıdır ki, cinayət
qanunu ilə müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumların
islah edilməsi məqsədinə xidmət edir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxslər üçün Cinayət Məcəlləsinin 56-cı maddəsində nəzərdə
tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın
davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv
olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait
yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət
tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən
biridir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 12 yanvar tarixli Qərarı).
Nəzərə alınmalıdır ki, cəzaçəkmə
müəssisəsinin növünün dəyişdirilməsi məhkumun cəza müddətində göstərdiyi nümunəvi
davranış, islah olunma səviyyəsi və cəmiyyət üçün təhlükə dərəcəsi nəzərə
alınmaqla və yalnız cəzanın qanunvericiliklə müəyyən edilmiş müvafiq hissələrini
çəkdikdən sonra tətbiq olunur. Sərt rejimli müəssisədən daha yumşaq rejimli müəssisəyə
keçid məhkumun sosial adaptasiya prosesini asanlaşdırır və onun
reabilitasiyasına kömək edir.
Bu baxımdan, cəzaçəkmə müəssisəsinin
növünün ağır rejimli müəssisədən daha yüngül rejimli müəssisəyə dəyişdirilməsi
cəzaların icrası qanunvericiliyinin məqsəd və prinsiplərindən irəli gələrək məhkumun
islah edilməsi prosesinin tərkib hissəsi olduğundan, zərər çəkmiş şəxsin hüquq
və mənafelərinə birbaşa təsir etmir. Odur ki, istər məhkumun öz ərizəsi, istərsə
də cəzaçəkmə müəssisəsinin təqdimatı ilə qaldırılan həmin məsələnin məhkəmə tərəfindən
həlli zərər çəkmiş şəxsin mövqeyindən asılı olan məsələ kimi qiymətləndirilə
bilməz.
Göstərilənlərlə
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, istər
cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, istərsə də Cinayət-Prosessual Məcəllənin
509-cu maddəsində göstərilən digər məsələlərlə bağlı müraciət və təqdimatlara
baxarkən, məhkəmələr onların məzmunu və təqdim edilən materiallarla, cəzaçəkmə
müəssisəsinin mülahizəsi ilə kifayətlənməməli, müraciətin (təqdimatın) əsaslılığının
yoxlanılması üçün (məhkumun davranışını düzgün qiymətləndirmək, onun tərəfindən
yeni cinayətlərin törədilməsi, cəzanın icrasından yayınması riskini müəyyənləşdirmək
və s.) bütün prosessual hüquqi imkanlardan istifadə etməlidir.
Qanuni və əsaslı qərarın
qəbulunun təmin edilməsi məqsədilə Cinayət-Prosessual Məcəllənin 520.4-cü maddəsində
göstərilmişdir ki, məsələ mülki iddiaya
aid olduqda, məhkəmə iclasına həmçinin mülki iddiaçı və ya onun nümayəndəsi
çağırıla bilər. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında
məsələlər üzrə hakim məhkəmə iclasında ifadələri dinləmək, müraciətdə göstərilən
halları təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının
yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutlar tələb etmək hüququna
malikdir.
Bu baxımdan məsələnin
mahiyyəti, cinayətin xarakteri, təqsirkarın şəxsiyyəti və digər halları nəzərə
almaqla məhkəmə tərəfindən zərər çəkən şəxsin məhkəmə iclasına çağırılmasının və
dindirilməsinin mümkünlüyü istisna edilmir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu “Cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə
müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad
etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” 2010-cu il 8 oktyabr tarixli Qərarının
11-ci bəndində qeyd etmişdir ki, əgər müraciət etmiş məhkum hökmlə zərər çəkmiş
şəxsə və ya mülki iddiaçıya müəyyən pul məbləği və ya hər hansı bir əşya ödəməlidirsə,
bu halda zərərçəkmiş şəxsin və ya mülki iddiaçının (tələbkarın) məhkəməyə
çağırılması da məqsədəmüvafiqdir.
Bununla belə göstərilən
hallarda zərərçəkmiş şəxsin (mülki iddiaçının) çağırılıb dindirilməsi
sonuncunun mövqeyinin məhkəmə üçün məcburi olması və qəbul ediləcək qərarın zərər
çəkən şəxsin mövqeyindən asılı edilməsi kimi başa düşülməməli və nəzərə
alınmalıdır ki, belə prosessual hərəkətlər məhkəmə tərəfindən işin hərtərəfli
araşdırılmasına və məhkumun davranışının düzgün qiymətləndirilməsinə xidmət
edir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin
509-cu maddəsi üzrə baxılan məsələlər, bir qayda olaraq, bilavasitə zərərçəkmişin
marağına toxunmadığındandır ki, həmin Məcəllənin 520.2-ci maddəsində iclasda
iştirak etmək hüququna malik şəxslər sırasında zərər çəkmiş şəxs öz əksini
tapmamışdır.
Həmin məsələlərə baxılarkən məhkumlara
stimullaşdırıcı tədbirlərin əsassız və qanunsuz tətbiq edilməməsi, cəzanın məqsədinə
nail olmaq üçün qanunvericiliklə müəyyən edilmiş bütün qayda və tələblərə riayət
olunması ilə bağlı bütövlükdə cəmiyyətin marağının müdafiəsi isə prokurora
hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat üzrə məhkəmə
iclaslarında iştirak etmək, öz yekun sözündə məhkəməyə müraciətin təmin və ya rədd
edilməsini təklif etmək imkanının yaradılması (Cinayət-Prosessual Məcəllənin
520.6.5-ci maddəsi), eləcə də qəbul edilmiş qərarlardan protest vermək
hüququnun tanınması vasitəsilə təmin edilir.
Qeyd olunanlarla
yanaşı göstərilməsi zəruridir ki, hökm və ya məhkəmənin digər yekun qərarlarının
icrası qaydasında icraat zamanı baxılan müəyyən məsələlərin bilavasitə zərər çəkən
şəxsin mənafeyinə toxuna bilməsinin mümkünlüyü də istisna olunmamalıdır. Məsələn, Cinayət-Prosessual Məcəllənin
511-1.2-ci maddəsinin tələbinə əsasən, məhkumun Cinayət Məcəlləsinin 80-1-ci
maddəsinə müvafiq olaraq zərər çəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində
vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən
azad edilməsi zərər çəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq
edilmiş ərizəsi və Cinayət Məcəlləsinin 73-1.2 və 73-2.2-ci maddələri ilə müəyyən
edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə
alınmaqla tətbiq edilir. Zərər çəkmiş şəxs və mülki iddiaçının notariat
qaydasında təsdiq edilmiş ərizəsi olmadığı hallarda həmin şəxslərin və ya
onların qanuni nümayəndələrinin məhkəmə iclasında iştirakı məcburidir.
Eyni zamanda məhkəmə
iclasında müraciətlə mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri
və nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək
imkanı yaradılması ilə bağlı normalar da bilavasitə qanunvericilikdə öz əksini
tapmışdır (Cinayət-Prosessual Məcəllənin 520.6.3-cü maddəsi).
Məhkumun cəzadan
azad edilməsinin bilavasitə zərərçəkmişin iradəsinə bağlı olması və onun
marağının tam şəkildə ödənilməsindən asılı edilməsi, baxılan məsələnin zərərçəkmiş
şəxsə vurulmuş ziyanın ödənilməsinə birbaşa təsir etməsi kimi halların
mövcudluğu bu məsələ ilə bağlı qəbul edilən qərarın bilavasitə onun mənafeyinə toxunduğuna
dəlalət edir ki, bu hallarda zərər çəkən şəxsə həmin qərardan apellyasiya və
kassasiya şikayəti vermək hüququnun inkar edilməsi onun Konstitusiya ilə bəyan
edilən məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnərdi.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət-Prosessual
Məcəllənin 520.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun
bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə
əsasən Cinayət-Prosessual Məcəllənin
509.1.1–509.1.8-ci maddələri ilə nəzərdə tutulmuş məsələlərlə bağlı qəbul
edilmiş məhkəmə qərarından zərər çəkmiş şəxsin apellyasiya və ya kassasiya
şikayəti vermək hüququ istisna edilir;
- Konstitusiyanın 60-cı
maddəsindən və Cinayət-Prosessual Məcəllənin 383.1.5, 409.4, 520.7-ci
maddələrinin müddəalarından irəli gələrək, hökm və ya məhkəmənin digər yekun
qərarlarının icrası qaydasında baxılan məsələlərə dair qəbul edilmiş məhkəmə
qərarları yalnız zərər çəkmiş şəxsin mənafelərinə toxunduğu hallarda, zərər
çəkmiş şəxs həmin qərarlardan apellyasiya və kassasiya şikayəti vermək hüququna
malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65–67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.2 -ci maddəsinə və Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş
hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
509.1.1–509.1.8-ci maddələri ilə nəzərdə tutulmuş məsələlərlə bağlı qəbul
edilmiş məhkəmə qərarından zərər çəkmiş şəxsin apellyasiya və ya kassasiya
şikayəti vermək hüququ istisna edilir.
2. Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsindən və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 383.1.5, 409.4, 520.7-ci maddələrinin müddəalarından irəli
gələrək, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında
baxılan məsələlərə dair qəbul edilmiş məhkəmə qərarları yalnız zərər çəkmiş
şəxsin mənafelərinə toxunduğu hallarda, zərər çəkmiş şəxs həmin qərarlardan
apellyasiya və kassasiya şikayəti vermək hüququna malikdir.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev