Qərarlar

16.05.25. AR Konstitusiyasının 60-cı maddəsinin I və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” AR Qanununun 41 və 76-cı maddələrinin AR MPM-nin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

16 may 2025-ci il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39 və 41-1-ci maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Ə.Əliyevanın və həmin kafedranın müəllimi S.Hüseynovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Y.Mustafayev (borclu) notariusun icra qeydinin ləğvi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, icra qeydi 22 iyun 2019-cu il tarixində verilmiş, iddia isə 5 il sonra 26 dekabr 2024-cü ildə qaldırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək icra qeydinin ləğv olunması qət edilmişdir.

Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi icra qeydindən şikayət verilməsi müddətinə münasibətdə qanunvericilikdə qeyri-müəyyənliyin olduğu qənaətinə gəlmişdir. Belə ki, “Notariat haqqında” Qanunun 41-ci maddəsinə görə, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Lakin bu şikayətin hansı müddətdə verilə biləcəyi həmin Qanunun özündə və ya Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. 

Müraciətdə qeyd olunur ki, əvvəllər belə şikayətin verilməsi üçün Mülki Prosessual Məcəllənin 342.4-cü maddəsində 10 günlük müddət müəyyən edilmişdi. Lakin həmin maddənin daxil olduğu "Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər" adlı 38-ci fəsil 10 iyun 2011-ci il tarixli Qanunla Mülki Prosessual Məcəllədən çıxarılmışdır.

Müraciət edənin qənaətinə görə icra qeydinin verilməsi ilə əlaqədar notarius ilə müvafiq şəxslər arasında yaranan münasibət publik-hüquqi xarakter daşıyır. İcra qeydindən inzibati məhkəməyə şikayət verildikdə şikayətin əsasını yalnız icra qeydinin verilməsi prosedurunun pozulması təşkil edir.

Müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun yaranma əsasını, məbləğini və s.) isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə mübahisələndirə bilər. Bu, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir.

Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli  Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hüquqi müəyyənliyin, məhkəmə aidiyyəti konstitusion prinsipinin realizəsinin təmin edilməsi, bununla da hüquqların məhkəmə müdafiəsi təminatının lazımi qaydada həyata keçirilməsinə nail olunması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. 

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Bu təminatlardan biri də hər hansı bir məhkəmə işinə çevik şəkildə peşəkar hakim tərəfindən baxılması məqsədi ilə qanunvericiliklə dəqiq müəyyən edilən məhkəmə aidiyyəti ilə bağlıdır.

Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi baxımından olduqca əhəmiyyətlidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun  15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Məhkəmə aidiyyətinin pozulmasının yolverilməzliyi və fərqli mübahisələrə dair işlər üzrə aidiyyət qaydaları müvafiq sahəvi normativ-hüquqi aktlarla da tənzimlənir. Belə ki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə müvafiq olaraq, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən hüquqi təminatın səmərəliliyi onun qanunvericiliklə müəyyən edilmiş dəqiq realizə mexanizminin olmasından asılıdır. Məhkəmə aidiyyəti də ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiəsinə zəmanət verən təminatlardan biri olaraq qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış ola, bu isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə və ixtisaslaşmış qaydada baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

Hər hansı mübahisə üzrə şikayətin mülki və ya inzibati icraat qaydasında baxılmalı olması, yəni bu işlərin məhkəmə aidiyyəti, ilk növbədə, tərəflərin hüquqi statusunun, xüsusən mübahisə predmetinin mülki yaxud inzibati hüquqi xarakter daşımasının, tərəflər arasında mübahisəyə səbəb olan hüquq münasibətlərinin ümumi (publik) yaxud xüsusi hüququn normaları ilə tənzimləndiyinin müəyyən edilməsi əsasında təyin olunur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələ ilə əlaqədar inzibati hüquq münasibətləri, inzibati orqan, o cümlədən inzibati aktla bağlı  əvvəlki Qərarlarında formalaşdırdığı hüquqi mövqelərə diqqət yetirilməli, həmçinin notariat fəaliyyətinin və aktlarının hüquqi mahiyyəti və təyinatı aydınlaşdırılmalıdır.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,  inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir.

“İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli Qərarında inzibati orqanların siyahısı verilmişdir. Dövlət notariat ofisləri də həmin siyaha daxil edilmişdir.

İnzibati orqanlar İnzibati Prosessual Məcəllə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən ictimai münasibətlərin əsas subyektləridir. Bu subyektlər Qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir.

“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi ilə inzibati akta inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi anlayış verilmişdir.

Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir:

·inzibati orqan tərəfindən qəbul edilməli;

·ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı;

·ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı;

·hakimiyyət tədbiri olmalıdır.

Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. 

Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 2013-cü il 13 iyun tarixli Qərarında inzibati aktın geniş şərhini verərək qeyd etmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür.

İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və ya hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.

 Notariat fəaliyyətinə gəldikdə isə “Notariat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş notariat hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər birlikdə notariat hesab olunur. Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız “Notariat haqqında” Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.

Qeyd edilməlidir ki, notariat ölkənin ədliyyə hüquq sistemində yer almaqla dövlət hakimiyyətinin verdiyi səlahiyyətlər çərçivəsində ictimai münasibətlərdə hüquqi etimadın təmin edilməsinə, hüquqi mübahisələrin önlənməsinə yönəlmiş fəaliyyət olub əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır. Bu fəaliyyət hüquq münasibətlərində sabitliyi və etibarlılığı artırmaqla yanaşı, həm də bir sıra hüquqi prosesləri sadələşdirməyə xidmət edir.

Borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir.

“Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi notariusun apardığı icra qeydi publik münasibətləri deyil, xüsusi hüquqi münasibətlərin nizama salınmasına yönəlmişdir.

Göstərildiyi kimi, “Notariat haqqında” Qanunun 41-ci maddəsində aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi imkanı nəzərdə tutulsa da, belə mübahisələr üzrə icraat qaydası və məhkəmə aidiyyəti məsələsi qanunvericilikdə qeyri-müəyyən qalmışdır. Oxşar hüquqi mövqe Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında da əks olunmuşdur.

Bununla yanaşı  Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, notariat fəaliyyətinin tabe olduğu hüquqi rejim baxımından notariusun vəzifə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə əlaqədar yaranan mübahisələr mahiyyət etibarı ilə mülki-hüquqi xarakterli olmayıb, mülki-hüquq normalarının tətbiq dairəsindən kənardır. Müraciətdən, müraciət ilə əlaqədar toplanmış rəylərdən, o cümlədən  Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarının 8-ci bəndindən aydın olduğu kimi aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlər üzrə işlərin aidiyyət məsələsi ilə əlaqədar qanunvericilikdə qeyri-müəyyənlik 2011-ci il 10 iyun tarixli Qanunla Mülki Prosessual Məcəllədən 38-ci fəslin çıxarılmasından sonra yaranmışdır. Qanunverici tərəfindən belə biri dəyişiklik edilməsində hüquqi niyyətin notariusun hərəkət və qərarlarından şikayətlərə inzibati icraat qaydasında həmin dövrdə yeni yaradılmış inzibati məhkəmələr tərəfindən baxılmalı olduğu qənaətini yaratsa da, qanunvericilikdə saxlanılmış bir sıra normaların yaratmış olduğu qeyri-müəyyənlik, habelə Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə əlaqədar məhkəmə təcrübəsi fərqli məzmunda formalaşmış oldu.

Lakin Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə təcrübəsinin sabitliyini və davamlılığını təmin etmək məqsədilə, habelə mübahisələrin sırf notariusun hərəkətinin və ya qərarının özü ilə deyil, bir qayda olaraq, həmin hərəkət və ya qərarın əsasını təşkil edən mülki hüquq münasibətləri (mülki hüquq və öhdəliklərlə) ilə bağlı olduğunu, tam və ədalətli tədqiq ediləcəyini nəzərə alaraq notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması təcrübəsinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir.

Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki Qərarlarında ifadə etdiyi hüquqi mövqelərə əsasən qanunvericilikdə hər hansı hüquqi məsələni tənzimləyən normativ mətnin olmaması və ya natamam olması tənzimetmədə boşluğa səbəb ola bilər ki, bu da özlüyündə, Konstitusiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların həyata keçirilməsində müəyyən çətinliklər yarada bilər.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi üzrə aidiyyət məsələsi və müvafiq olaraq şikayət vermə müddəti ilə bağlı qanunvericilikdə mövcud boşluğun aradan qaldırılması üçün təkmilləşmənin aparılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Bununla yanaşı qeyd olunmalıdır ki, qanunvericilikdəki boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə eyni hüquqi nəticəyə malik olduğundan onun aradan qaldırılması ümumi qaydada qanunvericinin səlahiyyətinə aid olsa da, bu boşluğun aradan qaldırılması konstitusiya məhkəmə icraatı vasitəsi ilə də mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun E.Axundovun şikayətinə dair 2023-cü il 6 oktyabr, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 19 fevral tarixli Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələnin həll edilməsi məqsədilə prosessual qanunvericilikdə təkmilləşdirilmə həyata keçirilənədək mövcud boşluğun qanunun analogiyasından istifadə etməklə aradan qaldırılmasını mümkün hesab edir.

Odur ki, notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin I və II hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilməlidir;

- göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilməlidir;

- qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və II hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin.

2. Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin.

3. Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                                  Fərhad Abdullayev