Qərarlar

03.04.25 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

  

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair


 

 3 aprel 2025-ci il                                                                                                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən hal ilə bağlı sığortaçı tərəfindən müvafiq sığorta ödənişinin verilməsinin səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli iş üzrə təqsiri müəyyən edən yekun qərarından sonra həyata keçirilməli olub-olmaması, həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcbari sığortalar haqqında” Qanun) 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış”ın daşınmaz əmlakın icbari sığortasına münasibətdə hansı sənədləri özündə ehtiva etməsi, eləcə də qeyd edilən sığorta münasibətləri zamanı iddia müddəti məsələlərinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)  373, 377.1 və 379-cu maddələri baxımından “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, A.Rəhimovun “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair iş üzrə daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən müvafiq qeyri-yaşayış sahəsi 2018-ci il 5 iyun tarixindən 2019-cu il 4 iyun tarixinədək sığortalanmışdır. 2019-cu il 26 mart tarixində həmin ünvanda yanğın hadisəsi baş vermiş, fakt üzrə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixində A.Rəhimov barəsində cinayət təqibinə xitam verilmiş, əməllərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində isə cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli hökmü ilə sığorta predmeti olan qeyri-yaşayış sahəsində elektrik montyoru işləyən N.Fətullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmişdir.

A.Rəhimov sığortaçıya 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlayaraq sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun 5 iş günü müddətində ödənilməsini tələb etmişdir. Daha sonra A.Rəhimov  2022-ci il 3 noyabr tarixində məhkəməyə müraciət edərək baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdeh iddiaya etirazının əsası kimi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı hadisədən sonra 1 ay müddətində sənədləri təqdim etmiş, həmin müddətin qurtardığı 2019-cu il 26 aprel tarixindən 7 iş günü ərzində sığorta ödənişi almadığı halda 3 il 5 ay 27 gün sonra məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür.

Bakı Kommersiya Məhkəməsi cavabdehin iddia müddətinin ötürülməsi barədə etirazı ilə razılaşaraq 2023-cü il 28 fevral tarixli qətnaməsinə əsasən iddianı rədd etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə müəyyən etmişdir ki, bu məsələdə hüquq tətbiqedicilər arasında fərqli yanaşmalar və müvafiq olaraq fərqli məhkəmə qərarları mövcuddur.

Belə ki, bəzi hüquq tətbiqedicilərin yanaşmasına əsasən icbari sığorta müqavilələri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyinin icrası müddəti icbari sığorta qanunvericiliyi ilə belə tənzimlənmişdir ki, sığortalı sığorta hadisənin baş verməsindən sonra qanunda nəzərdə tutulmuş zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi barədə sığortaçıya müraciət etməli, sənədlərdən sonuncusunun təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. “İcbari Sığortalar haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən təqdim edilməli olan sənədlərin sırasında sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış xüsusi əhəmiyyət kəsb edir. Qanunun 41.1-ci maddəsinin tələbi baxımından 17.1.4 və 36.3.1-ci maddələrinin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə nizamlama mütləq şəkildə sığorta hadisəsinin qəsd nəticəsində baş verib-verməməsinin aydınlaşdırılmasını şərtləndirir və 17.1.4-cü maddədə nəzərdə tutulmuş arayışın məcburiliyini təsdiqləyir. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi üçün isə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) və cinayət qanunvericiliyinin təməl prinsiplərinə əsasən, konkret şəxsin həmin hadisədə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır (təqsirsizlik prezumpsiyası). Sığorta ödənişinin verilməsindən imtinanın əsasları nəzərdən keçirildikdə qeyd edilən sənədin təqdim edilməsinin (alınmasının) hüquqi əhəmiyyəti daha bariz şəkildə görünür. “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinə görə, sığorta ödənişindən imtinanın əsaslarından biri sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir. Belə olan halda  “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində “arayış" dedikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət işinin icraatına xitam verilməsi barədə qərarı nəzərdə tutulmuş olur. Bu zaman məhkəmənin icraatında olan hazırkı iş üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir.

Digər yanaşmaya əsasən, məhkəmə hökmünün (ya digər yekun qərarı) qüvvəyə minməsi üçün kifayət qədər uzun vaxt tələb olunur və yuxarıda qeyd edilən mövqedən məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, əmlak sığortası hadisələri üzrə sığorta ödənişinin alınması üçün şəxslər həddindən artıq uzun müddət gözləmək məcburiyyətində qalmalıdır ki, bu da “İcbari sığortalar haqqında” Qanunun 3.1 və 3.1.4-cü maddələrində nəzərdə tutulan "sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması” və s. prinsiplərə zidd olar. Həmçinin, belə vəziyyətdə şəxslərə hansı müddətdə sığorta kompensasiyasının verilməli olması, müvafiq tələb hüquqlarının yaranması, bununla bağlı iddia müddətləri və s. kimi məsələlər fərqli təfsirlərə yol açmaqla qeyri-müəyyənliyə səbəb olar.

Göstərilənlərə əsasən, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericiliyin eyni qaydada və düzgün tətbiq edilməsinə nail olmaq, bununla da sığorta münasibətləri subyektlərinin hüquq və mənafelərinin qorunmasının, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etmək qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin II hissəsinə və 59-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Həmçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilmişdir.

Mülkiyyət hüququ qanunla qadağan olunmamış bütün vasitələrlə müdafiə olunur, əsas müdafiə vasitəsi qismində isə məhkəmə müdafiəsi çıxış edir. Mülkiyyətə dair mübahisənin məhz məhkəmə həlli zamanı bütün mübahisə iştirakçılarının – həm məcburi hüquqi qüvvəsi olan məhkəmə aktı ilə əmlak tələblərinin təmin olunacağını güman edərək iddia irəli sürən şəxslərin, həm də bu tələblərlə razılaşmayan şəxslərin hüquqlarına təminat verilir. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüqüq və qanuni mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olmalıdırlar. Qanun və məhkəmə qarşısında bərabərlik isə hər bir məhkəmə işinə eyni prosessual qaydada və formada, tərəflər üçün eyni prosessual təminatlarla baxılması ilə təmin edilir. Bununla maraqlı şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, onlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.

Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında müdafiəsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının nəzərdə tutulması ilə təmin olunur. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

Müraciətdə qaldırılan məsələ icbari sığorta müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddətlərinin başlanması ilə əlaqədar olduğundan qeyd edilməlidir ki, sığorta sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı əmlak mənafelərinin müdafiəsi sistemi olmaqla əsasən  ehtimal edilən zərərli hadisələrin mənfi nəticələrinin aradan qaldırılmasına yönəlmiş iqtisadi-hüquqi kateqoriyadır.

Sığorta təminatı sığorta müqaviləsi əsasında yaranır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

Sığorta müqaviləsi üzrə onun iştirakçıları olan sığortaçı və sığortalının qarşılıqlı yaranan hüquq və vəzifələri, ilk növbədə, sığortalının sığorta haqqı ödəməsi vəzifəsində və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnda,  sığortaçı üçün isə müvafiq olaraq sığorta haqqını almaq hüququnda və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsində ifadə olunur.

Mülki Məcəllənin 889.1 və 922.3-ci maddələrinə əsasən, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır, yəni reallaşmış sığorta riskidir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir  (Mülki Məcəllənin 922.1 və 922.2-ci maddələri).

Mülki Məcəllənin 923-cü maddəsinə görə, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

Həmin Məcəllənin 933.1-ci maddəsinə görə, sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:

- sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;

-  sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;

-  icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlərin siyahısı “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsi ilə müəyyən edilmişdir.

Qeyd edilən sənədlərdən sonuncusunun (Mülki Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir (Mülki Məcəllənin 934.1-ci maddəsi). Eyni qayda “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur.

Sığorta ödənişləri ilə bağlı iddialar üzrə müddətin axımının başlanması məsələsinə münasibətdə, ilk növbədə göstərilməlidir ki,  Mülki Məcəllənin iddia müddəti ilə bağlı qaydaları tənzimləyən 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsi ilə iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığı təsbit edilmişdir.

Göründüyü kimi, qüvvədə olan qanunvericilik iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

Beləliklə, iddia müddətinin axımı hüququn pozulduğu andan tez başlaya bilməz. Odur ki, sığorta müqaviləsi üzrə məhz sığortaçının sığorta ödənişindən imtina etməsi və yaxud natamam ödənişi həyata keçirməsi sığortalıda sığortaçının qərarı ilə razılaşmamaq və bu qərardan şikayət etmək üçün hüquqi əsas yaradır.

Təsadüfi deyil ki, “İcbari sığortalar haqqında” Qanunun 22.1.7-ci maddəsi ilə  məhz sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək sığortalının hüququ kimi müəyyən edilmişdir. Həmin Qanunun 24.1.6-cı maddəsi ilə eyni hüquq zərərçəkən üçün də tanınmışdır.

Burada o da qeyd edilməlidir ki, sığortaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə nə sığorta ödənişinin həyata keçirilməsi, nə də bundan əsaslandırılmış imtina verilməsi sığortalı (və ya faydalanan) şəxsin hüquqlarının pozulması halını yaradır.  Belə ki, qanunvericilik müvafiq sənədlərin verilməsindən etibarən 7 iş günü ərzində göstərilən hərəkətlərin sığortaçı tərəfindən icra edilməsi vəzifəsini qəti olaraq nəzərdə tutmuşdur. Bu səbəbdən, sığortaçının 7 iş günü ərzində ödəniş etmədiyi halda imtina ilə bağlı yazılı bildirişi də sığortalıya verməməsi qanunvericiliyin tələbinə aşkar şəkildə ziddir. Belə halda sığorta ödənişi öhdəliyinin icrası vaxtının keçməsi ilə (7 iş gününün sonu) sığorta təminatı hüququnun pozulduğu sığortalı (və ya faydalanan) şəxsə məlum olmuş olur. Bu zaman sığortaçı tərəfindən sığorta ödənişindən imtina barədə əsaslandırılmış bildirişin verilməməsi iddia müddətinin axımının başlanılması baxımından hüquqi əhəmiyyət kəsb etmir.

Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmçinin Mülki Məcəllənin 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddəti sığortalının (və ya faydalanan şəxsin)  sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu),  və ya sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə öhdəliyin icra müddəti (“İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan axmağa başlayır.

 “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər sırasında sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış qeyd olunmuşdur.

Göstərilməlidir ki, “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Həmin Qanunun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri sadalanmışdır.

Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər sırasında göstərilən arayış həmin maddə ilə nəzərdə tutulmuş müxtəlif hallar üzrə fərqli qurumlar tərəfindən verilir və sığorta hadisəsi hesab edilə bilən halın baş verməsini təsdiq edir, həmçinin dəymiş zərərin müəyyən edilməsinə imkan yaradır.

Bu arayışın alınması sığortaçının vəzifəsidir. “İcbari sığortalar haqqında Qanunun” 17.4-cü maddəsinə uyğun olaraq, sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

Həmin arayışda “sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs”in göstərilməli olduğu qeyd edilsə də, bu şərt imperativ tələb kimi qəbul edilə bilməz. Belə ki, bəzi hallarda qısa müddət ərzində (10 gün), bəzi hallarda isə ümumiyyətlə hadisənin baş verməsində təqsiri olan şəxsi müəyyən etmək qeyri-mümkün olur və ya bu arayışı təqdim edən orqanın səlahiyyətlərinə aid olmur, bəzən isə ümumiyyətlə hadisə heç kəsin təqsiri olmadan baş verir.

O da vurğulanmalıdır ki, arayışda “təqsiri olan şəxs”in qeyd edilməli olması özü- özlüyündə təqsirsizlik prezumpsiyası ilə ziddiyyət təşkil etmir. Belə ki, əməlin cinayət hüquqi və ya inzibati hüquqi baxımdan araşdırılmaması, inzibati xətalar və ya cinayət prosesində təqsirin sübuta yetirilməməsi mülki hüquqi təqsirin mövcudluğunu istisna etmir. Yəni mülki hüquq pozuntusu üçün də təqsir subyektiv cəhətin xarakterik əlamətini təşkil edir.

Nəzərə almaq lazımdır ki, mülki hüquq nəzəriyyəsində sığortanın iqtisadi-hüquqi kateqoriya olaraq məqsədi və yerinə yetirdiyi funksiya baxımından təməl prinsiplərindən biri kimi sığorta hadisəsi nəticəsində yaranmış zərərin məhz qısa müddətdə aradan qaldırılması prinsipi qəbul edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 3.1.4-cü maddəsi ilə də sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın prinsipi kimi müəyyən edilmişdir.

“İcbari sığortalar haqqında Qanunun” 17.4-cü maddəsi ilə bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı vermək səlahiyyəti olan orqan tərəfindən məhdud və qısa bir zaman (10 gün) ərzində təqdim edilməsi vəzifəsinin müəyyən olunması da bu arayışın qanuni qüvvəyə minmiş məhkəmə qərarını ehtiva etməməsinə və sığortalanan (və ya faydalanan) şəxsin maliyyə itkisinin ən qısa vaxtda kompensasiya edilməli olmasına dəlalət edir.

Diqqətə alınmalıdır ki, Mülki Məcəllənin Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli Qanunu ilə ləğv edilmiş 932-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs barəsində, digər hallarda isə sığortalı və ya sığorta olunan barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edirdi.

Bəzi hallarda uzun müddət davam edən inzibati və cinayət işlərinin yekunlaşmasının gözlənilməsi isə zərərin qısa müddətdə aradan qaldırılmasına maneə yaratdığından və sığorta hüququnun mahiyyəti və təyinatına zidd olduğundan bu maddə qeyd edilən Qanunla Mülki Məcəllədən çıxarılmışdır. Odur ki, sığortaçı artıq inzibati və ya cinayət işlərinin yekun qərarını gözləmədən, sığorta hadisəsini təsdiq edən sənəd əsasında sığorta müqaviləsi üzrə zərəri müəyyən edərək onu aradan qaldırmalıdır.

Vurğulanmalıdır ki, sığorta hadisəsi hesab edilən halın cinayət və yaxud inzibati xəta olaraq qiymətləndirilməsi özü-özlüyündə sığorta müqaviləsi üzrə yaranan subyektiv hüquq və öhdəliklərin mahiyyəti baxımından müstəqil bir hüquqi əhəmiyyət kəsb etmir. Burada əsas məsələ sığorta hadisəsinin  sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş verib-verməməsi məsələsidir. Çünki sığortalanan risk sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş verdiyi hallarda sığorta hadisəsi ümumiyyətlə əmələ gəlmir və bu səbəblə də sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş verən hallar sığorta təminatının əhatə dairəsi xaricindədir.

Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsinə əsasən, əmlakın sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər       nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilmir. Burada qəsd sığortalı, faydalanan şəxs və ya zərərçəkmişin sığorta öhdəliklərinin pozulmasına yönəlmiş şüurlu davranışını ehtiva edir.

O da nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun  23.1.3-cü maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək sığortaçının hüququdur.

Bu imkan sığortaçıya sığorta hadisəsinin həqiqətən baş verib-verməməsini, o cümlədən  baş vermiş hadisənin sığortalının və ya faydalanan şəxsin qəsdinin nəticəsinin olub-olmamasını, onların sığorta müqaviləsinə zidd davranışa yol verib-verməməsini müəyyən etmək üçün tanınmışdır. Sığortaçının göstərilən səlahiyyətləri işin təfərrüatlarını araşdıraraq müvafiq hallarda sığorta ödənişinin verilməsindən imtina etmək hüququnu əldə etməsinə,  sığortalının (və ya faydalanan şəxsin) isə müqavilə öhdəliklərinə zidd davranışdan yararlanmaq imkanının qarşısını almağa yönəlmişdir.

Belə ki, Mülki Məcəllənin 935.1.2-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından birini təşkil edir.

Göstərilənlər o qənaətə gəlməyə əsas verir ki, sığortaçı sığortalının və ya faydalanan şəxsin sığorta hadisəsi olduğu iddia edilən hadisəni qəsdən törətməsini təsdiqləyən sübutlar əsasında (səs, video yazı və s.) sığorta ödənişinin verilməsindən əsaslandırılmış qaydada imtina edə bilər. Habelə, Mülki Məcəllənin 934.1-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə müvafiq cinayət və ya inzibati xətaya dair iş üzrə icraat  yekunlaşmadıqda sığorta ödənişinin həyata keçirilməsindən sonra hadisənin müvafiq şəxslər tərəfindən hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törədilməsi nəticəsində baş verməsi sübut olunarsa, sığortaçı ödədiklərini geri istəməkdə haqlı olacaqdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilikdə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri ilə bağlı səlahiyyətli orqanın arayışının forması və məzmununa dair konkret tələb olmadığından, müvafiq arayış qismində hadisədən asılı olaraq həmin hadisənin baş verməsi faktını müəyyən etməyə imkan verən, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə nəzərdə tutulan məlumatları özündə əks etdirən  səlahiyyətli orqanlar tərəfindən verilən sənəd çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, sığorta ödənişinin verilməsinin səlahiyyətli orqanın sığorta hadisəsi ilə əlaqəli iş üzrə təqsiri müəyyən edən yekun qərarından sonra həyata keçirilməli olub-olmaması və bunun nəticəsi olaraq iddia müddətinin axımının başlanılması anı kimi məsələlərdə hüquq tətbiqedici orqanlar arasında müxtəlif yanaşmalar sığorta münasibətləri iştirakçıları arasında da fərqli işgüzar təcrübəyə səbəb olmuşdur. Bununla bağlı göstərilməlidir ki, mülki (xüsusi) hüququn əsas alt sahələrindən biri olan sığorta hüququ digər hüquq sahələri kimi onun məzmununu, təyinatını və istiqamətlərini müəyyən edən prinsiplər əsasında qurulur. Belə prinsiplərdən biri mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipidir.

Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Həmin Məcəllənin 560.3.4-cü maddəsinə uyğun olaraq, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

Beləliklə, vicdanlılıq prinsipi baxımından, sığorta ödənişinin verilməsini cinayət və ya inzibati xəta işləri üzrə icraatın yekunlaşması ilə şərtləndirən sığorta münasibətləri iştirakçısının sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu  aşağıdakı nəticələrə gəlir:

- sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır;

- daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinə münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyən edən qərarını ehtiva etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI

 

1.   Sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin)  sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır.

2.   Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyən edən qərarını ehtiva etmir.

3.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.   Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

         

Sədr                                                                                            Fərhad Abdullayev