AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair
18 mart 2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə və 41-1-ci maddəsinin I hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, konstitusiya məhkəmə icraatının tərəfləri Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülahizələrini, Azərbaycan Respublikasının Milli Məclisi Aparatı, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Z.Tahirovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 32.4, 308.1, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət Kollegiyası) 22 may 2024-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi hüquqi müəyyənlik prinsipinə, Konstitusiyanın 80-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 23.4-cü maddəsinə, Cinayət Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinin müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğudan görünür ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının 22 may 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı dəyişdirilərək şəxs barəsində Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi üzrə cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilmişdir.
Qərar onunla əsaslandırılmışdır ki, “nüfuz alveri” anlayışını və həmin əmələ görə cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının (bundan sonra – “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiya) 12-ci maddəsinə əsasən, özəl sektorda çalışan şəxsin qərarına qanunsuz təsir göstərməyə görə pul və ya digər maddi və sair nemətin istənilməsi və ya alınması nüfuz alverinə aid edilməmiş, belə əməl cinayət hüququna zidd əməl kimi nəzərdə tutulmamışdır.
Z.Tahirov məhz özəl sektorda fəaliyyət göstərən qardaşı İ.Tahirovun qərarına qanunsuz təsir etməyə görə vətəndaş Ş.Tağıyevdən 30 manat pul almış, bu isə onun əməlinin nüfuz alveri kimi qiymətləndirilməsini, yəni Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir.
Sorğuda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 1.3-cü maddəsi cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxslərin cəzalandırılması ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin birbaşa tətbiqini məhdudlaşdırır.
Sorğuverən hesab edir ki, konstitusion normalar və cinayət qanununun təməl prinsipləri nəzərə alınmadan beynəlxalq müqavilə müddəasının birbaşa tətbiqi hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticə etibarı ilə cinayət hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin, eləcə də cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına səbəb ola bilər.
Prokurorluq onu da göstərmişdir ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq həmin Məcəllənin 312-1-ci maddəsində özəl sektorun vəzifəli şəxslərinin qərarına qanunsuz təsir göstərmə əməlinin kriminallaşdırılması “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 12-ci maddəsinin hüquqi təsir dairəsinin genişləndirilməsi kimi qiymətləndirilməklə dövlətdaxili hüququn öz məsələsi kimi nəzərdən keçirilməli və Konvensiyanın tələblərinə zidd hesab edilməməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə qeyd etməyi vacib hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə əsasən Ali Məhkəmənin qərarlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsi tərəfindən həll edilən məsələlərə aid edilmişdir. Əsas Qanun Ali Məhkəmənin qərarlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasının mümkünlüyünü məhz qanunda nəzərdə tutulmuş hallarla şərtləndirsə də, “Konstitusiya Məhkəməsi haqqında” Qanunda belə bir hal nəzərdə tutulmamışdır.
Lakin Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə sorğuda qaldırılan məsələ ilə əlaqədar hüquq tətbiqetmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsinin vacibliyini nəzərə alaraq Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi zəruridir.
Sorğu ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır.
Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Qeyd edilməlidir ki, beynəlxalq müqavilələrin implementasiyası həmin müqavilələrin hüquqi qüvvəsinin tanınmasına, beynəlxalq hüquq normalarının dövlət daxilində həyata keçirilməsinə yönələn hüquqi və təşkilati vasitələrin məcmusu kimi çıxış edir. Hüquq nəzəriyyəsində beynəlxalq hüquq normalarının həyata keçirilməsinin, yəni implementasiyasının iki əsas üsulu müəyyən olunmuşdur. Bunlara inkorporasiya və transformasiya aiddir.
İnkorporasiya üsulu beynəlxalq müqavilələrin məcburiliyinin dövlət tərəfindən tanınmasından sonra həmin müqavilələrlə müəyyənləşdirilmiş normaların heç bir dövlətdaxili akt olmadan milli hüquq sisteminə daxil edilməsini və tətbiq edilməsini nəzərdə tutduğu halda, transformasiya beynəlxalq hüquq normalarının milli hüquq normalarına çevrilməsi, yəni onların tətbiq oluna bilməsi üçün ayrıca qanunvericilik aktlarının qəbul edilməsini tələb edən üsuldur.
O da göstərilməlidir ki, insan hüquqları və onların müdafiəsi ilə bağlı olan beynəlxalq müqavilələr, bir qayda olaraq, onların implementasiya üsulları ilə əlaqədar normaları da özündə əks etdirir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə normalarının tətbiqi ilə bağlı məsələlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə müəyyənləşdirilmişdir. Konstitusiya Qanununun 23.4-cü maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktlar aşağıdakı hallarda qəbul edilir: Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin predmetini Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən məsələlər təşkil etdikdə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ hüquqi akt qəbul edilmədən mümkün olmadıqda; beynəlxalq müqavilənin tərəfləri müvafiq normativ hüquqi aktların qəbul edilməsi barədə razılığa gəldikdə (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 24-cü maddəsi).
Göründüyü kimi, qanunvericiliyin ümumi tələbi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş normaların birbaşa tətbiqi ilə bağlı olsa da, belə müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq normativ hüquqi aktın qəbul edilməsinə zərurət yarandığı hallarda birbaşa tətbiq üsulu istisna edilmişdir.
Cinayət hüquq normalarının implementasiyası ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunu Cinayət Məcəlləsindən ibarətdir. Bu Məcəllə Konstitusiyaya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə əsaslanır.
Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər (Cinayət Məcəlləsinin 1-ci maddəsi).
Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Həmçinin cinayət məsuliyyətinin əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinin tələblərinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5-ci maddəsi).
Beləliklə, hər hansı əməlin cinayət sayılması və cəzalandırılması yalnız həmin əməl bilavasitə Cinayət Məcəlləsinə daxil edilərək kriminallaşdırıldıqdan sonra mümkün ola bilər. Bu baxımdan şübhəsizdir ki, cinayət hüquqpozmalarını müəyyənləşdirən beynəlxalq müqavilə normaları yalnız Cinayət Məcəlləsinə əlavə və ya dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanunların qəbul edilməsi vasitəsilə tətbiq oluna bilər.
Təsadüfi deyildir ki, sorğuda qeyd olunan “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının II bölməsi “Milli səviyyədə görülən tədbirlər” adlandırılmış, həmin bölməyə daxil edilmiş maddələrdə müvafiq əməlləri öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlərin görülməli olduğu qeyd edilmiş, başqa sözlə, Konvensiyanın özündə ondan irəli gələn normaların implementasiyası üçün müvafiq dövlətdaxili aktların qəbul edilməsi öhdəliyi müəyyən olunmuşdur.
O da qeyd edilməlidir ki, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir.
Lakin nəzərə alınmalıdır ki, məhkəmə aktı o vaxt qanuni hesab edilə bilər ki, həm forma, həm də məzmun baxımından cinayət-prosessual qanunvericiliyin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarı).
Nüfuz alveri cinayəti ilə bağlı qeyd olunmalıdır ki, bu cinayət əməli "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 12-ci maddəsi ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə” Konvensiyasının (bundan sonra – “Korrupsiya əleyhinə” Konvensiya) 18-ci maddəsində də nəzərdə tutulmuşdur.
Göstərilməlidir ki, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyada özəl sektorda rüşvətlə ələ alma cinayət əməlinə münasibətdə ayrıca normalar (7 və 8-ci maddələr) nəzərdə tutulmuş, lakin özəl sektorda nüfuz alverinin cinayət əməli hesab edilməsi ilə bağlı hər hansı norma öz əksini tapmamışdır. Əksinə, həmin Konvensiyanın 12-ci maddəsində məhz milli və xarici dövlət vəzifəli şəxslərinin, milli və xarici dövlət seçkili orqanlarının üzvlərinin, beynəlxalq təşkilatlarının vəzifəli şəxslərinin qərarına qeyri-qanuni təsir edəcəyini bəyan və ya təsdiq edən şəxs tərəfindən müvafiq hərəkətlərin edilməsi nüfuz alveri kimi müəyyən edilmişdir.
“Korrupsiya əleyhinə” Konvensiyanın 18-ci maddəsində də nüfuz alveri cinayəti məhz İştirakçı Dövlətin administrasiyasından və ya dövlət hakimiyyəti orqanından hər hansı qeyri-qanuni üstünlüyün əldə edilməsi məqsədi ilə əlaqələndirilmişdir.
Azərbaycan Respublikası tərəfindən ilk olaraq 30 dekabr 2003-cü il tarixli Qanunla “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiya, 30 sentyabr 2005-ci il tarixli Qanunla isə “Korrupsiya əleyhinə” Konvensiyası təsdiq edilmiş, həmçinin “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” adlı 312-1-ci maddə əlavə edilmişdir.
Həmin maddəyə müvafiq olaraq, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi (312-1.1-ci maddə) və şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi (312-1.2-ci maddə) cinayət məsuliyyətinə səbəb olur.
Cinayət Məcəlləsinin otuz üçüncü fəslinin məqsədləri baxımından vəzifəli şəxs anlayışının dairəsi isə həmin Məcəllənin 308-ci maddəsinin “Qeyd” hissəsində müəyyən olunmuş, digərləri ilə yanaşı kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, yəni özəl sektorun vəzifəli şəxsləri də həmin kateqoriyaya aid edilmişdir.
Cinayət Məcəlləsinin 312-1-ci maddəsi ilə bağlı hüquq tətbiqetmə təcrübəsində fikir ayrılığına səbəb olan hal məhz qərarına qanunsuz təsir etmək məqsədi güdülən şəxsin özəl sektorun vəzifəli şəxslərini əhatə edib-etməməsi ilə bağlıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, qeyd edir ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətinə aiddir.
Bu baxımdan beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş olmasa belə, hər hansı əməlin daxili qanunvericiliyə uyğun olaraq cinayət tərkibi kimi müəyyənləşdirilməsi istisna edilə bilməz. Lakin nəzərə alınmalıdır ki, əməlin cinayət hesab edilməsi həmin əməli törədənlərə münasibətdə kifayət qədər ciddi hüquqi nəticələrin yaranmasına səbəb olduğuna görə, hər hansı hərəkət və ya hərəkətsizliyin kriminallaşdırılması, yəni əməlin hüquqpozmaların ən ağır forması kimi cəzalandırılması konkret ictimai münasibətlərin cinayət-hüquqi tənzimi ilə bağlı zərurətdən irəli gəlməklə bunun üçün kifayət qədər faktiki və hüquqi əsaslar olmasını tələb edir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün nüfuz alveri əməlinə görə məsuliyyətin müəyyən olunması vasitəsilə qorunan ictimai münasibətlərin (cinayətin obyektinin) xarakterinin, normanın sosial mahiyyətinin, onun qəbul edilməsini şərtləndirən amillərin nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
İlk növbədə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 312-1-ci maddəsi həmin Məcəlləyə "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın tələblərinin həyata keçirilməsi ilə əlaqədar görülən tədbirlər çərçivəsində əlavə edilmişdir (Azərbaycan Respublikası Milli Məclisinin 7 aprel 2006-cı il tarixli iclasının stenoqramı).
Həmçinin vəzifəli şəxslərin dairəsini müəyyən edən Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə də bir neçə dəfə əlavə və dəyişikliklər edilmiş, 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin hissə yeni redaksiyada verilmiş, bu dəyişiklik vasitəsilə vəzifəli şəxslərin dairəsi genişləndirilmişdir. Belə genişləndirməni nəzərdə tutan dəyişiklik isə “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 7 və 8-ci maddələrində nəzərdə tutulmuş qaydanın məhz rüşvətlə ələ alma ilə bağlı normaların özəl sektor qurumunu idarə edən və onun üçün işləyən bütün şəxsləri əhatə etməsinin təmin olunması ilə bağlı Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinin icrası məqsədindən irəli gəlmişdir (Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2011-ci il tarixli stenoqramı).
Göründüyü kimi, qanunverici orqan tərəfindən istər nüfuz alveri cinayət tərkibinin müəyyən edilməsi ilə, istərsə də vəzifəli şəxslərin siyahısının genişləndirilməsi ilə bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklər Azərbaycan Respublikasının qanunvericiliyini onun tərəfdar çıxdığı beynəlxalq müqavilənin müvafiq tələblərinə uyğunlaşdırmaq niyyətindən irəli gəlmişdir.
O da nəzərə alınmalıdır ki, cəmiyyətin ümumi məqsədləri üçün ictimai əhəmiyyətli funksiyaları icra edən dövlət və bələdiyyə orqan, müəssisə və təşkilatlarının fəaliyyətində, eləcə də onların qərar qəbul etmə prosesində qanunilik, ədalətlilik, şəffaflıq və qərəzsizlik cəmiyyətin bu strukturlara olan inamını artıran, dövlət və cəmiyyət arasında qarşılıqlı etimad yaradan əsas prinsiplər sırasındadır.
Qeyd olunan prinsiplər həmin orqan və təşkilatların fəaliyyətinin yalnız qanuna əsaslanması, fəaliyyətlərində açıqlıq və hesabatlılığı, qərar qəbul etmə prosesində şəxsi və qrup maraqlarına deyil, yalnız ictimai maraqlara əsaslanmağı nəzərdə tutur.
Odur ki, dövlət və yerli özünüidarəetmə orqan, müəssisə və təşkilatlarının, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxslərinin, beynəlxalq məhkəmələrin və təşkilatların vəzifəli şəxslərinin fəaliyyətinə qeyri-qanuni müdaxilə cəhdlərini əngəlləmək, belə müdaxilənin mümkünlüyünə dair təəssüratın yaranmasının qarşısını almaq və bununla da onların səmərəli, dürüst və qərəzsiz fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə nüfuz alveri cinayət əməli kimi müəyyən edilmişdir.
Bu baxımdan qeyd edilən cinayət tərkibinin obyekti, yəni həmin tərkib vasitəsilə qorunan hüquqi dəyər dövlət hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nüfuzu, onların qanunauyğun, ədalətli və qərəzsiz fəaliyyətinə bəslənən inamı və bununla bağlı ictimai gözləntisidir.
Məhz bu səbəbdəndir ki, nüfuz alveri maddi deyil, formal tərkibli cinayət əməli kimi müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin dispozisiyasına görə, əməlin törədilmiş hesab olunması üçün vəzifəli şəxsin qərarına qanunsuz təsir edilib-edilməməsinin, qərarın qəbul olunub-olunmamasının cinayət tərkibinin əmələ gəlməsi üçün heç bir əhəmiyyəti yoxdur. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edilərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunduğu, vəd edildiyi, verildiyi, istənildiyi, alındığı, yaxud bu barədə təklif və ya vədin qəbul edildiyi andan cinayət başa çatmış hesab edilir. Çünki qanunsuz təsir etmə məqsədilə belə maddi nemətin, imtiyazın və s. verilməsi, istənilməsi, alınması və həmin maddədə göstərilən digər hərəkətlərin icrası özlüyündə qeyd olunan orqan və qurumların qərar qəbul etmə prosesinin qanuniliyinə və şəffaflığına olan inama, bununla bağlı sosial gözləntilərə mühüm ziyan vurmuş olur.
Nüfuz alveri cinayət əməli ilə bağlı “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiya üzrə İzahlı Hesabatda da göstərilmişdir ki, bu əməlin cinayət hesab edilməsi ilə qorunan hüquqi maraqlar dövlət idarələrinin qərar qəbul etmə prosesindəki şəffaflıq və qərəzsizliyidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yuxarıda göstərilən hərəkətlərin, özəl sektorun vəzifəli şəxslərinin qərarına qanunsuz təsir göstərmək məqsədilə edilməsinin cinayət məsuliyyətinə səbəb olan əməl kimi qiymətləndirilməməsinin bir sıra səbəbləri mövcuddur.
Belə ki, dövlət idarəetməsindən fərqli olaraq, özəl sektorda fəaliyyət ictimai deyil, şəxsi və kommersiya maraqlarının təmin edilməsinə yönəlməklə, rəqabət, sərbəst bazar prinsipləri əsasında həyata keçirilir və buradakı iqtisadi münasibətlər dövlət sektoruna nisbətən daha mürəkkəb və çoxşaxəlidir. İstər beynəlxalq, istərsə də milli iqtisadi münasibətlərdə kommersiya əlaqələrinin qurulmasında haqqı ödənilən vasitəçilərdən istifadə edilməsi geniş yayılmış praktikadır. Bu baxımdan özəl sektorda qanunsuz təsir ilə qanuni fəaliyyət arasındakı sərhədin dəqiq müəyyənləşdirilməsi olduqca mürəkkəb məsələ olmaqla, müəyyən əməllərin kriminallaşdırılması bəzi iqtisadi fəaliyyətlərin cinayət kateqoriyasına daxil edilmə riskini yarada və kommersiya fəaliyyətinə müdaxilə ilə nəticələnə bilər.
Digər tərəfdən, özəl sektorda fəaliyyət göstərən hər hansı vəzifəli şəxsə təsirin göstərilməsi məqsədilə maddi nemətin istənilməsi, vəd edilməsi və s. kimi hallar birbaşa ictimai maraqların pozulması və ictimai etimadın zədələnməsi ilə nəticələnmir.
Qeyd edilənlərlə yanaşı o da göstərilməlidir ki, korrupsiya cinayətlərinin əhatə dairəsi genişləndirildiyi və şəxsin öz təsir imkanlarından istifadə etməklə özəl sektorun vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə maddi nemətin istənilməsi, alınması kimi əməllər kriminallaşdırıldığı halda belə, bu hərəkətlərin qanunverici tərəfindən nüfuz alveri cinayəti ilə eyni obyektli, eyni ictimai təhlükəli və tamamilə eyni tərkibli əməl kimi müəyyənləşdirildiyinə dair mühakimə cinayət qanunvericiliyinin məqsəd və prinsipləri baxımından ağlabatan olmazdı.
Bununla belə nəzərə alınmalıdır ki, vəzifəli şəxs kateqoriyasına aid edilmiş şəxslərin dairəsi Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsi ilə nəzərdə tutulmuş və burada nüfuz alveri əməlinə münasibətdə hər hansı istisna müəyyən edilməmişdir.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 312-1-ci maddəsi qanunçuluq prinsipinin əsas elementlərindən olan hüquqi müəyyənlik prinsipinin tələblərinə tam şəkildə cavab verməməklə sorğuya səbəb olan cinayət işində olduğu kimi hüquq tətbiqedənlər arasında qeyri-müəyyənliyə və fərqli yanaşmalara səbəb olur.
Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr isə təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi).
Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalı, hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli Qərarı).
Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquq tənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplər olan hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən irəli gəlir. Əks hal təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və ya təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalması, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsinin yaranması ilə nəticələnə bilər.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirsizlik prezumpsiyası və qanunçuluq prinsiplərinin təmin edilməsinin, eləcə də cinayət tərkibini müəyyənləşdirən hüquq normalarının hüquqi müəyyənlik prinsipinin tələbinə cavab verməsinin zəruriliyindən irəli gələrək Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin qanunverici orqan tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 148-ci maddəsinin II hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 23.4 və 24-cü maddələrinin, Cinayət Məcəlləsinin 1, 3 və 5-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı və cinayət tərkibini müəyyənləşdirən beynəlxalq müqavilələr yalnız Cinayət Məcəlləsinə əlavə və ya dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanunların qəbul edilməsi vasitəsilə tətbiq oluna bilər;
- Konstitusiyanın 63-cü maddəsinin I hissəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 312-1-ci maddəsi ilə publik maraqların qorunduğu nəzərə alınaraq həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi (differensiasiyası) Milli Məclisə tövsiyə edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 23.4 və 24-cü maddələrinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 3 və 5-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı və cinayət tərkibini müəyyənləşdirən beynəlxalq müqavilələr yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və ya dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanunların qəbul edilməsi vasitəsilə tətbiq oluna bilər.
2. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinin I hissəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsi ilə publik maraqların qorunduğu nəzərə alınaraq həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi (differensiasiyası) Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev