AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 24-cü
maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin
şərh olunmasına dair
28 oktyabr 2024-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Fikrət
Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və
32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası
Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 24-cü
maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı
subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının,
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mütəxəssis mülahizələrini, ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan
sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 325 və 326.1-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin
325-ci maddəsinə görə, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri,
habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və
ya satmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Həmin Məcəllənin 326.1-ci maddəsində, rəsmi sənədləri,
ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv
etmə, zədələmə və ya gizlətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu
maddədə dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyəti müəyyən
olunmamışdır.
Sorğuverən qeyd etmişdir ki, Azərbaycan
Respublikasının dövlət təltiflərinin talanması
hallarında, əməlin tövsifi ilə bağlı hüququ tətbiqetmə təcrübəsində
fikir ayrılığı mövcuddur.
Belə ki, bir qrup hüquq tətbiqedənlərin mövqeyinə əsasən,
dövlət təltifinin talanmasına görə cinayət qanununun konkret maddəsində cinayət məsuliyyəti
müəyyən edilmədiyindən, həmçinin talama qanunsuz yolla əldə etmənin
üsullarından biri olduğundan dövlət təltifinin talanması əməli Cinayət Məcəlləsinin
325-ci maddəsi ilə tövsif edilməlidir.
Digər mövqe isə ondan ibarətdir ki, Cinayət Məcəlləsinin
325-ci maddəsi üzrə “qanunsuz yolla əldə etmə”
talama əməlini də ehtiva etsəydi, bu halda rəsmi sənədlərin talanmasına
görə Cinayət Məcəlləsinin 326.1-ci maddəsində cinayət məsuliyyətinin müəyyən
edilməsinə zərurət yaranmazdı.
Sorğuda həmçinin Cinayət Məcəlləsinin 226 və 227,
228 və 232, 234 və 235-ci maddələrinə istinad edilərək, müvafiq predmetlərin
qanunsuz yolla əldə edilməsinə və talanmasına görə cinayət məsuliyyətinin həmin
Məcəllənin ayrı-ayrı maddələri ilə müəyyən olunduğu göstərilmişdir.
Qeyd olunanlara əsasən, sorğuverən qanunvericilik
normalarının vahid qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin
edilməsi məqsədilə “Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə
etmə”nin dövlət təltifinin talanması əməlini ehtiva edib-etməməsinin müəyyənləşdirilməsi
üçün Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin əlaqəli şəkildə şərh
edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar
aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik
prinsipi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 71-ci maddəsinin VIII hissəsindən irəli gəlir. Həmin maddəyə əsasən, heç
kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik
prinsipi ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, cinayət məsuliyyətini
yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi mütləqdir.
Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin
cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti
müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci
maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2010-cu il 21 iyun
tarixli Qərar).
Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki
müddəa, həmçinin qanunçuluq prinsipini ehtiva edir.
Həmin müddəa cinayət və cəzanın qanuna əsaslanmasını
tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri),
cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və
cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
264-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarı).
Nəzərə alınmalıdır ki, cinayət tərkibinin
qanunvericilikdə birmənalı və aydın müəyyən olunması əməlin tövsifi zamanı
mühüm əhəmiyyət kəsb edir. Belə ki, tövsif törədilmiş əməlin faktiki hallarının
cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş
ardıcıl və məntiqi prosesdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”
2015-ci il 22 iyun tarixli Qərarı).
Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin
düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks
etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən
şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən
şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin
məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən
kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz
növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik,
təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib
çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli
Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməllərinin
tərkib əlamətlərinin müəyyən edilməsinin həmin əməllərə cinayət-hüquqi qiymət
verilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almaqla, məsələyə aydınlıq
gətirilməsi üçün sorğuda göstərilən cinayət əməllərinin tərkib əlamətlərinin,
xüsusilə də onun predmetinin və obyektiv cəhətinin əlamətlərinin nəzərdən
keçirilməsini vacib hesab edir.
Belə ki, Cinayət Məcəlləsinin 325-ci maddəsində nəzərdə
tutulan cinayətin predmetini (alternativ olaraq) hüquq verən və ya vəzifədən
azad edən rəsmi sənədlər və dövlət təltifləri təşkil edir.
Qeyd olunmalıdır ki, sənədin göstərilən cinayətin
predmeti ola bilməsi üçün o, hüquq verən və ya vəzifədən azad edən sənəd
kimi hüquqi nəticələrə, yəni hüququn yaranması və xitamı, öhdəliyin əmələ gəlməsi
və ondan azad olunması, hüquq və öhdəliklərin həcminin dəyişdirilməsi kimi nəticələrə
səbəb olmalıdır. Onların sırasına diplomlar, şəhadətnamələr, vəsiqələr, əmək
qabiliyyətinin müvəqqəti itirilməsi haqqında arayışlar, müvafiq kateqoriyalı
(alt kateqoriyalı) nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılıq barədə
tibbi arayışlar və s. aiddir.
Təhlil edilən cinayət əməlinin digər predmetini təşkil
edən dövlət təltifləri ilə bağlı qeyd olunmalıdır ki, dövlət təltifləri dövlətin
və cəmiyyətin inkişafına, təhlükəsizliyinə və rifahına yönəlmiş, iqtisadiyyat,
elm, Vətənin müdafiəsi və ictimai həyatın müxtəlif sahələrində göstərilmiş xidmətlərə
görə şəxsin dövlət tərəfindən mükafatlandırılmasının ali forması kimi çıxış
edir. Bu mükafatlandırma şəxsi gələcəkdə də cəmiyyət üçün faydalı işlər görməyə
həvəsləndirir, eyni zamanda cəmiyyətin digər üzvləri üçün bir nümunə rolunu
oynayır.
“Azərbaycan Respublikasının orden və medallarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən,
orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən
dövlət təltifidir. Orden və medalların siyahısı həmin Qanunun 1 və 2-ci maddələrində
sadalanmışdır.
Dövlət təltifləri idarəetmə fəaliyyətinin
predmetini təşkil etdiyindən və təsis edilməsi, hazırlanması, verilməsi və s.
müvafiq normativ aktlarla tənzimləndiyindən, onlarla bağlı belə aktların tələblərindən
kənara çıxan ayrı-ayrı hərəkətlərin edilməsi də dövlət təltifləri sahəsində
idarəetmə fəaliyyətinə mənfi təsir göstərir.
Məhz bu səbəbdən dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya
satma cinayət əməli Cinayət Məcəlləsinin “İdarəetmə qaydası əleyhinə olan cinayətlər”
adlı 34-cü fəslinə aid edilmişdir.
O da nəzərə alınmalıdır ki, sorğuda göstərilən
“dövlət təltifini qanunsuz yolla əldə etmə” əməli obyektiv cəhətdən dövlət təltifinin
qanunsuz yolla əldə edildiyi anda başa çatmış hesab olunur.
Qanunsuz əldə etmə dedikdə, dövlət təltifinin
qanuni əsas olmadan, qanunvericiliyin tələblərini pozmaqla şəxsin özünün və ya
mənafeyi üçün hərəkət etdiyi digər şəxsin faktiki sahibliyinə keçirilməsi başa
düşülür.
Dövlət təltifi şəxsin
əməyinin və xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsinin nəticəsi,
ona olan etimadın göstəricisi olmaqla şəxsləri təltif etmək, orden və ya
medalları şəxslərin sahibliyinə vermək hüququ da yalnız dövlətə məxsusdur. Dövlət
tətifləri yalnız qanunvericiliklə müəyyən edilən əsaslarla, hallarda və qaydada
verilə bildiyindən, belə əşyaların dövlətin iradəsi ziddinə dövriyyəsi, yəni
dövlətin iradəsindən kənar əvəzli və ya əvəzsiz şəkildə alınması, qəbul edilməsi
və ya satılması kimi hərəkətlər, cəmiyyət və dövlət qarşısında xüsusi xidmətləri
təşviq edən belə təltiflərə dövlət tərəfindən verilmiş xüsusi dəyərin əhəmiyyətsizləşməsinə,
onun mülki dövriyyənin adi predmetinə çevrilməsinə gətirib çıxarır.
Konstitusiya
Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, dövlət təltifləri
müxtəlif fəaliyyət sahələrində mühüm təşviqedici vasitələrdən biri kimi tətbiq edilir. Belə mükafatlar təltif olunan
şəxslərin fəaliyyətinin dövlət tərəfindən təsdiqinin və ona verilən mənəvi dəyərin
yüksək təzahürüdür.
Bu
baxımdan, dövlət təltiflərinin talanması onun qanunsuz yolla əldə edilməsi
üsullarından biri kimi dövlətin təltifetmə sahəsindəki siyasətinə mənfi təsir
göstərir.
Dövlət
təltiflərinin qanunsuz əldə edilməsinin üsulu kimi talama Cinayət Məcəlləsinin
325-ci maddəsinin dispozisiyasında birbaşa nəzərdə tutulmasa da, Konstitusiya
ilə təmin edilən və qorunan dəyərlər baxımından Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, dövlət təltiflərinin talanması onların qanunsuz yolla əldə
edilməsinin bir üsulu kimi qəbul edilməlidir.
Belə
ki, Azərbaycan Respublikası demokratik və hüquqi dövlət olmaqla, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli
həyat səviyyəsinin təmin edilməsi onun ali məqsədidir. Konstitusiyada sadalanan
insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Qanunda nəzərdə tutulmuş
hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə,
mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır (Konstitusiyanın 7, 12
və 31-ci maddələri).
Habelə Konstitusiyanın
24-cü maddəsinin I hissəsinə və 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq, insan
ləyaqəti qorunur və ona hörmət edilir. Dövlət hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir.
Bu baxımdan insanın həyat və sağlamlığı, hüquq və
azadlıqları, habelə şəxsiyyəti və ləyaqəti hər cür qəsdlərdən qorunur. Qeyd
olunan dəyərlərin təmin edilməsi və qorunması cinayət məsuliyyəti də daxil
olmaqla bir sıra hüquqi vasitələrin tətbiq edilməsini tələb edir.
Konstitusiya Məhkəməsinin Plenumu
onu da
xüsusilə qeyd edir ki, insan şəxsiyyətinə və ləyaqətinə edilən qəsd nəticəsində
mənəvi sarsıntıya məruz qalan şəxslərin hüquq və qanuni mənafelərinin bərpası
üçün cinayət hüquq normalarının düzgün başa düşülməsi, təfsiri, bununla da onun tətbiqi zamanı hər hansı
qeyri-müəyyənliyin istisna edilməsi vacibdir.
Belə ki, hüquq tətbiqedici tərəfindən
qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması
hüquqi müəyyənlik prinsipinə xələl gətirməklə insan və vətəndaş hüquq və
azadlıqlarının pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”
hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2023-cü il 7 iyul tarixli Qərarı).
Bu mənada normanın konstitusiya-hüquqi mahiyyətinə
uyğun təfsiri məzmununda mümkün ola biləcək qeyri-müəyyənliklərin, onun tətbiqi
təcrübəsindəki ziddiyətlərin aradan qaldırılmasına və hüquq tətbiqetmədə
vahidliyin təmin edilməsinə, nəticədə həmin normanın Konstitusiyaya zidd
tətbiqinin qarşısının alınmasına xidmət edir.
Cinayət Məcəlləsinin
digər müddəalarının əlaqəli təhlili də göstərir ki, qanunverici tərəfindən həmin
Məcəllənin bir sıra normalarında talamanın müxtəlif növləri predmetlərin
qanunsuz yolla əldə edilməsinin bir forması kimi müəyyən olunmuşdur (Cinayət Məcəlləsinin
202 və 284-1-ci maddələri).
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd edir ki, Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun “Rusiya
Federasiyası Cinayət Məcəlləsinin 324–327.1-ci maddələrində nəzərdə tutulmuş
cinayət işləri üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 2020-ci il 17
dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki,
talama qanunsuz əldə etmənin üsullarından biridir və dövlət təltiflərinin
talanması Rusiya Federasiyası Cinayət Məcəlləsinin 324-cü maddəsi (dövlət təltiflərini
və rəsmi sənədləri əldə etmə və ya satma) ilə tövsif edilməlidir.
Bəzi əşyaların
(narkotik vasitə, silah və s.) qanunsuz yolla əldə edilməsinə və talanmasına
görə cinayət məsuliyyətinin cinayət qanunvericiliyinin ayrı-ayrı maddələrində
müəyyən edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
Cinayət Məcəlləsində cinayət əməlləri ilə bağlı müddəaların ümumi və xüsusi
normalar şəklində müəyyənləşdirilməsi qanunverici orqanın diskresion səlahiyyətlərinə
aid olmaqla, cinayət qanunvericiliyinin məqsəd və prinsiplərindən irəli gəlir.
Qanunverici əməllərin ictimai təhlükəlilik dərəcəsini, predmetlərini, qəsd
etdiyi ictimai münasibətlərin dairəsini və digər amilləri nəzərə almaqla müəyyən
əməlləri xüsusi normalar vasitəsi ilə kriminallaşdırmışdır.
Cinayət Məcəlləsinin
17.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində həm
ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin
məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.
O da nəzərə
alınmalıdır ki, şəxs Cinayət Məcəlləsinin 325-ci maddəsinin dispozisiyasından kənara
çıxan cinayət xarakterli hərəkətlərə yol verdikdə, yəni həmin Məcəllənin 23-cü
fəslində nəzərdə tutulan cinayət əməllərindən hər hansı birini törətdikdə, həmin
hərəkətlər cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 325-ci maddəsi
ilə yanaşı, həm də bu Məcəllənin Xüsusi hissəsinin digər müvafiq maddələri ilə tövsif edilməlidir.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, xüsusilə proqnozlaşdırıla bilənlik
baxımından istənilən hüquq sistemində, o cümlədən cinayət hüququnda, hüquqi
müddəanın nə qədər aydın ifadə olunmasından asılı olmayaraq, məhkəmə şərhi
qaçılmazdır. Şübhəli məqamların aydınlaşdırılmasına və onların dəyişən şəraitə
uyğunlaşdırılmasına həmişə ehtiyac olacaq. Həqiqətən də, bəzi “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş
Dövlətlərdə cinayət hüququnun məhkəmə-hüquq yaradıcılığı yolu ilə tədricən
inkişafı hüquqi ənənənin köklü və zəruri hissəsidir. Konvensiyanın 7-ci maddəsi
cinayət məsuliyyəti ilə bağlı normaların ayrı-ayrı hallarda tədricən məhkəmə təfsiri
vasitəsilə aydınlaşdırılmasını qadağan edən mənada başa düşülməməlidir, bir şərtlə
ki, nəticədə baş verən inkişaf cinayətin mahiyyətinə uyğun və ağlabatan şəkildə
proqnozlaşdırıla bilən olsun (Kononov Latviyaya qarşı iş üzrə 2010-cu il
17 may tarixli Qərar §185, Streletz, Kessler və Krenz Almaniyaya qarşı iş
üzrə 2001-ci il 22 mart tarixli Qərar §50).
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, dövlət təltifinin qanunsuz əldə
edilməsinin yollarından biri kimi talama müxtəlif üsullarla (gizli, etibardan
sui-istifadə etmə və ya aldatma, mənimsəmə və s.) həyata keçirilə bilər ki, bu
da talamanın qanunsuz əldə etmənin digər yollarına münasibətdə daha ictimai təhlükəli
olmasına dəlalət edir.
Konstitusiya Məhkəməsi
Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, cinayətkarlığa
qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların
hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin
ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin
və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi
olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən
kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir (“Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına
uyğunluğunun yoxlanılmasına dair” 2004-cü il 23 iyul tarixli Qərar).
Beləliklə,
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunvericiliyinin
mühüm prinsiplərindən biri olan ədalət prinsipinin tələbləri baxımından, dövlət
təltifinin talanması əməli ilə bağlı cinayət məsuliyyətinin qanunverici orqan tərəfindən
differensiasiyalaşdırılması məqsədəmüvafiqdir. Əks hal, yəni ictimai təhlükəliliyi
aşkar fərqli olan əməllərə görə məsuliyyətin fərdiləşdirilməməsi Cinayət Məcəlləsinin
8-ci maddəsi ilə təsbit edilmiş ədalət prinsipinin pozulması ilə nəticələnə bilər.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticəyə gəlir:
- Konstitusiyanın 24-cü maddəsinin I hissəsi və 26-cı
maddəsinin II hissəsi baxımından, habelə bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin
qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva
etdiyindən dövlət təltiflərinin talanması Cinayət Məcəlləsinin 325-ci maddəsi
ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır;
- Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbləri
baxımından dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin
fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü
maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin
qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva
etdiyindən dövlət təltiflərinin talanması Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 325-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 8-ci maddəsinin tələbləri
baxımından dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin
fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev