Qərarlar

21.09.24. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqinə dair

      

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqinə dair

 

 

21 sentyabr 2024-cü il                                                                                 Bakı şəhəri

  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibləri Fəraid Əliyev və Vüqar Zeynalovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, üzvləri Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazovun,   

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Fərid Əhmədov və Sevil Allahverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər K.Şəfiyev və R.İsmayılovun məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını, ekspertlər N.Şükürov və G.Cəbinin,  F.Əhmədov və S.Allahverdiyevanın rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq  Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi (bundan sonra – Milli Məclis) buraxılmış, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi)  171.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) təqdim edir.

 Konstitusiyanın 86-cı maddəsinə görə, Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Bu qaydalara uyğun olaraq Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Seçki Məcəlləsinin 171.3-cü maddəsi).

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna əsasən:

1.                 Seçki siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı – 6 433 184 (altı milyon dörd yüz otuz üç min yüz səksən dörd);

2.                 Səsvermədə iştirak edən seçicilərin sayı – 2 395 510 (iki milyon üç yüz doxsan beş min beş yüz on);

3.                 Dairə seçki komissiyalarının sayı – 125 (bir yüz iyirmi beş);

4.                 Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı – 125 (bir yüz iyirmi beş);

5.                 Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 125 (bir yüz iyirmi beş);

6.                 Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı – 0 (sıfır);

7.                 Səsvermənin baş tutmadığı seçki dairələrinin sayı – 0 (sıfır);

8.                 Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı – 46 (qırx altı) olmuşdur.    

Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokoluna əsasən 125 seçki dairəsindən bütün dairələr üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

Konstitusiya Məhkəməsinə təqdim edilmiş materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanun pozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar aparılmış, müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və digər materiallar əsasında 46 seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.

Materiallardan həmçinin görünür ki, 2024-cü il sentyabrın 1-də Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrinin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlar səbəbindən ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır.

 Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır.

Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə  azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu Mərkəzi Seçki Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən 18-i  tərəfindən imzalanmışdır.

Konstitusiya Məhkəməsi Seçki Məcəlləsinin 171.3-cü və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin Seçki Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.

Ekspertlər qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti N.Şükürov və həmin kafedranın müəllimi G.Cəbinin rəyinə müvafiq olaraq, Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş dairə seçki komissiyalarının protokollarına Seçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü maddələrində göstərilmiş bütün məlumatlar daxil edilmiş, Mərkəzi Seçki Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.

Həmin ekspertlərin rəyinə əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğundur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları F.Əhmədov və S.Allahverdiyevanın rəyinə əsasən, Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun tərtib edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 3-6/2-662/2024 saylı, 2024-cü il 20 sentyabr tarixli 3-6/2-669/2024 saylı və 2024-cü il 21 sentyabr tarixli 3-6/2-671/2024 saylı məktublarından göründüyü kimi, seçkilərlə bağlı Bakı Apellyasiya Məhkəməsinə cəmi 22 ərizə daxil olmuş, onlardan 16 iş üzrə iddia təmin edilməmiş, 4 iş aidiyyəti üzrə baxılması üçün digər apellyasiya məhkəmələrinə göndərilmiş, 2 iş üzrə isə iddia mümkün sayılmamışdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 3-8/1-4111/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-8/1-4111/2024 saylı məktublarında göstərilmişdir ki, həmin məhkəməyə Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 8 ərizə daxil olmuşdur. Bunlardan 3 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamış və 2 iş üzrə iddia ərizəsinin geri götürülməsi ilə əlaqədar icraata xitam verilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 30-188/2024 saylı məktubuna əsasən məhkəmənin icraatına 1 ərizə daxil olmuş və təmin edilməmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 3-9/2-549/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-9/2-554/2024 saylı məktublarından məlum olduğu kimi, bu məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair 10 ərizəyə baxılmış, onlardan 9 iş üzrə ərizə rədd edilmiş, 1 iş üzrə isə ərizə mümkün sayılmamışdır. 

Şəki Apellyasiya Məhkəməsinin 2024-cü il 17 sentyabr tarixli 3-10/2-357/2024 saylı və 2024-cü il 20 sentyabr tarixli 3-10/2-361/2024 saylı məktublarından göründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə bağlı 5 ərizə daxil olmuş, 2 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 3-1/2-378/2024 saylı məktubuna əsasən, həmin məhkəməyə Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərlə bağlı 1 ərizə daxil olmuş, iddia təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 18 sentyabr tarixli 1-8-11/2-1804/2024 saylı və 2024-cü il 21 sentyabr tarixli 1-8-11/2-1845/2024 saylı məktublarından görünür ki, həmin məhkəmə tərəfindən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı apellyasiya instansiyası məhkəmələrinin aktlarından verilmiş kassasiya şikayətlərinə əsasən 16 işə baxılmış, onlardan 12 iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılmış, 1 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış (apellyasiya instansiyası məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə ərizə təmin edilməmiş, qərardan kassasiya şikayəti verilməmişdir), 3 iş üzrə kassasiya şikayətləri mümkün sayılmayaraq icraata qəbulundan imtina olunmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun 2024-cü il 19 sentyabr tarixli 2-2-040/2-132444/2024 saylı məktubundan göründüyü kimi, Milli Məclisə növbədənkənar seçkilər üzrə namizədlərin qeydiyyata alınması və təbliğat-təşviqat zamanı Prokurorluğa 13 müraciət və məlumat daxil olmuşdur. Həmin müraciətlərdən 6-sı üzrə araşdırma aparılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş, digər müraciətlər aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir. Seçkilərin keçirildiyi 2024-cü il sentyabrın 1-i tarixində prokurorluq orqanlarına 14 müraciət edilmiş, 4 müraciət üzrə seçki qanunvericiliyinin tələblərinin, eləcə də insan hüquq və azadlıqlarının pozulması faktı aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, 10 müraciət isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.

Beləliklə, təqdim olunmuş məlumatlara əsasən, ərizə və müraciətlər üzrə  məhkəmələrdə baxılmış işlər və prokurorluq tərəfindən aparılmış araşdırmalar 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç bir təsir göstərməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair  Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu     

 

QƏRARA  ALDI:

 

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş

1 saylı Şərur-Sədərək,

2 saylı Şərur-Kəngərli,

3 saylı Babək-Şahbuz-Kəngərli,

4 saylı Naxçıvan şəhər,

5 saylı Babək-Naxçıvan-Culfa,

6 saylı Ordubad-Culfa,

saylı Səbail,

saylı Binəqədi birinci,

saylı Binəqədi ikinci,

10 saylı Binəqədi üçüncü,

11 saylı Binəqədi-Qaradağ,

12 saylı Xəzər birinci,

13 saylı Xəzər ikinci,

14 saylı Xəzər-Pirallahı,

15 saylı Yasamal birinci,

16 saylı Yasamal ikinci,

17 saylı Yasamal üçüncü,

18 saylı Nərimanov-Nizami-Binəqədi,

19 saylı Nərimanov birinci,

20 saylı Nərimanov ikinci,

21 saylı Nəsimi-Binəqədi,

22 saylı Nəsimi-Yasamal,

23 saylı Nəsimi-Səbail,

24 saylı Nizami birinci,

25 saylı Nizami ikinci,

26 saylı Sabunçu birinci,

27 saylı Sabunçu ikinci,

28 saylı Sabunçu üçüncü,

29 saylı Sabunçu dördüncü,

30 saylı Suraxanı birinci,

31 saylı Suraxanı ikinci,

32 saylı Suraxanı üçüncü,

33 saylı Xətai birinci,

34 saylı Xətai ikinci,

35 saylı Xətai üçüncü,

36 saylı Xətai-Suraxanı,

37 saylı Qaradağ,

38 saylı Gəncə birinci,

39 saylı Gəncə ikinci,

40 saylı Gəncə üçüncü,

41 saylı Gəncə-Samux-Göranboy,

42 saylı Sumqayıt birinci,

43 saylı Sumqayıt ikinci,

44 saylı Sumqayıt üçüncü,

45 saylı Sumqayıt dördüncü,

46 saylı Sumqayıt beşinci,

47 saylı Sumqayıt-Abşeron-Qaradağ,

48 saylı Abşeron birinci,

49 saylı Abşeron ikinci,

50 saylı Abşeron üçüncü,

51 saylı Şirvan,

52 saylı Yevlax,

53 saylı Yevlax-Mingəçevir,

54 saylı Mingəçevir,

55 saylı Siyəzən-Quba-Xızı,

56 saylı Şabran-Xaçmaz,

57 saylı Xaçmaz şəhər,

58 saylı Xaçmaz kənd,

59 saylı Quba,

60 saylı Quba-Qusar,

61 saylı Qusar,

62 saylı Kürdəmir,

63 saylı Hacıqabul-Kürdəmir,

64 saylı Salyan,

65 saylı Salyan-Biləsuvar-Neftçala,

66 saylı Saatlı,

67 saylı Sabirabad,

68 saylı Sabirabad-Şirvan,

69 saylı Biləsuvar,

70 saylı Neftçala,

71 saylı Cəlilabad şəhər,

72 saylı Cəlilabad kənd,

73 saylı Masallı-Cəlilabad,

74 saylı Masallı,

75 saylı Yardımlı-Masallı,

76 saylı Lənkəran-Masallı,

77 saylı Lənkəran şəhər,

78 saylı Lənkəran kənd,

79 saylı Astara,

80 saylı Lerik-Astara,

81 saylı İmişli,

82 saylı İmişli-Saatlı,

83 saylı Beyləqan,

84 saylı Füzuli,

85 saylı Füzuli-Ağcabədi,

86 saylı Ağcabədi,

87 saylı Qobustan-Şamaxı-İsmayıllı,

88 saylı Şamaxı,

89 saylı İsmayıllı,

90 saylı Ağsu,

91 saylı Göyçay,

92 saylı Göyçay-Ağdaş,

93 saylı Ağdaş,

94 saylı Ucar,

95 saylı Zərdab-Kürdəmir-Ucar,

96 saylı Goranboy-Naftalan,

97 saylı Tərtər-Ağdərə-Goranboy,

98 saylı Bərdə-Tərtər,

99 saylı Bərdə,

100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər,

101 saylı Samux-Şəmkir

102 saylı Şəmkir şəhər,

103 saylı Şəmkir kənd,

104 saylı Gədəbəy,

105 saylı Tovuz-Gədəbəy,

106 saylı Tovuz,

107 saylı Tovuz-Qazax-Ağstafa,

108 saylı Ağstafa,

109 saylı Qazax,

110 saylı Balakən,

111 saylı Zaqatala-Balakən,

112 saylı Zaqatala,

113 saylı Qax-Şəki,

114 saylı Şəki şəhər,

115 saylı Şəki kənd,

116 saylı Qəbələ,

117 saylı Oğuz-Qəbələ-Şəki,

118 saylı Ağdam-Xocalı,

119 saylı Ağdam,

120 saylı Cəbrayıl-Qubadlı,

121 saylı Laçın,

122 saylı Xankəndi,

123 saylı Kəlbəcər,

124 saylı Şuşa-Ağdam-Xocavənd,

125 saylı Zəngilan-Qubadlı

seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.

3Qərar elan olunduğu andan qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

  

Sədr                                                                                              Fərhad Abdullayev