Qərarlar

25.06.24 AR Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından AR CPM-nin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN


Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun


Q Ə R A R I



Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair



25 iyun 2024-cü il                                                                                  Bakı şəhəri


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor, hüquq elmləri doktoru F.Abbasovanın rəyini və hüquq elmləri doktoru R.Qaraqurbanlının mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu


MÜƏYYƏN  ETDİ:


Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsində (bundan sonra – Astara Rayon Polis Şöbəsi) İ.Hüseynovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının aparıldığı dövrdə onun müdafiəçisi şikayət ərizəsi ilə Astara Rayon Prokurorluğuna müraciət edərək İ.Hüseynovun Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını bildirmiş və həmin əməllərə yol vermiş şəxslər barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. 

 Astara Rayon Prokurorluğunda 21 sentyabr 2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 

Astara Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarı ilə Astara Rayon Prokurorluğunun həmin qərarından məhkəmə nəzarəti qaydasında verilən şikayət təmin edilməmiş, prokurorluğun qərarı qanuni hesab edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və material yenidən tam və hərtərəfli araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Astara Rayon Prokuroruna göndərilmişdir.

Astara Rayon Prokurorluğunun 18 dekabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasına dair tələb rədd edilmişdir.

 Astara Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə müdafiəçinin Astara Rayon Prokurorluğunun həmin qərarından verdiyi şikayəti təmin edilməmişdir.

Müdafiəçi apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 25 aprel     2024-cü il tarixli qərarın ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Astara Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 sentyabr 2023-cü il tarixli qərarından məhkəməyə şikayət verilən vaxt İ.Hüseynovun təqsirləndirilməsinə dair cinayət işi Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin icraatında olmuş, materiala məhkəmə nəzarəti qaydasında məhkəmələrdə baxıldığı vaxt, yəni 23 sentyabr 2023-cü il tarixində isə cinayət işi mahiyyəti üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 

Müraciətedənin qənaətinə görə, Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri ilə nəzərdə tutulan məhkəmə nəzarəti qaydasında icraat cinayət işlərinin ibtidai istintaqı dövrünü əhatə edir və yalnız bu dövrdə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlərə baxıla bilər.

Müraciətdə qeyd edilir ki, məhkəmə nəzarətinin predmetini təşkil edən hərəkət və ya qərarlardan ibtidai araşdırma mərhələsi ilə yanaşı məhkəmə icraatı dövründə də  şikayətlərə baxılaraq qərar qəbul edilməsinin qanuniliyi, həmçinin məhkəmə nəzarəti qaydasında qəbul edilən qərarın işə mahiyyəti üzrə baxan məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etməsi, bununla da  məhkəməni sübutların araşdırılmasından məhrum etməsi ilə bağlı fikir ayrılığı mövcuddur.

Şirvan Apellyasiya Məhkəməsi məhkəmə orqanlarının fəaliyyətinin təmin olunması baxımından qeyd olunan məsələlərə aydınlıq gətirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericiliyin eyni qaydada tətbiq edilməsi və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, məhkəmə nəzarəti qaydasında müraciət etmək hüququnun cinayət mühakimə icraatının hər hansı mərhələsi ilə məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilməsi üçün aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 

Konstitusiyanın 71-ci maddəsinin I hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi müəyyən edilmişdir. Həmin maddənin VII hissəsinə uyğun olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. 

Cinayət-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

Həmin Məcəllənin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etməklə, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsi, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər (Cinayət-Prosessual Məcəlləsinin 9.1 və 12.1-ci maddələri). 

Göstərilənlərə əsasən, qanunverici məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət vermək hüququnu müəyyən etmişdir (Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsi).

Cinayət-Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir.

Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə nəzarətinin həyata keçirilməsi ilə bağlı cinayət-prosessual qanunvericiliyin müvafiq normalarını ətraflı təhlil edərək bu institutun mahiyyəti, təyinatı və vəzifələri barədə hüquqi mövqelər formalaşdırmışdır. 

Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat (442-454-cü maddələr) hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Belə ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Göstərilənlərə əsasən, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. 

Cinayət-prosessual qanunvericiliyində məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının cinayət prosesinin hər hansı mərhələsi ilə məhdudlaşdıran norma mövcud deyildir.

Məhkəmə nəzarəti, bir qayda olaraq, məhkəməyədək icraat mərhələsində işə düşsə də, cinayət prosesi iştirakçılarının mübahisələndirilməsi mümkün olan prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi məhkəməyədək icraatla məhdudlaşdırılmamışdır. Belə məhdudlaşdırma pozulmuş hüquqların bərpasına istiqamətlənmiş bu icraat növünün məqsədi və təyinatı ilə uyğunlaşmayaraq, məhkəmə nəzarətinin səmərəliliyini şübhə altına alardı.

Nəzərə alınmalıdır ki, tərəflərin hüquq və mənafelərinə toxunan, mübahisələndirilməsi  mümkün olan qərarlar proses iştirakçılarına vaxtında təqdim olunmaya və ya şəxsin hüququnu pozan hərəkətlərə cinayət mühakimə icraatının son mərhələlərində yol verilə bilər. Nəticədə həmin şəxslərin sonradan, məhkəmə icraatı zamanı tanış olduqları qərarı və ya yol verilmiş hərəkəti mübahisələndirmək imkanı olur. 

Həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı psixoloji durumu nəzərə alınaraq, sonradan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verməsi də mümkündür. 

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsinin cinayət prosesinin bu və ya digər mərhələsi ilə məhdudlaşdırılması cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının təmin edilməsi və cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi baxımından yolverilməzdir. 

Əks yanaşma, yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı).

Oxşar mövqe “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli qərarında ifadə olunmuşdur. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

Məhkəmə nəzarəti qaydasında qəbul edilən qərarın işə mahiyyəti üzrə baxan məhkəmənin fəaliyyətinə təsir etməsi (müdaxilə etməsi) ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər iki icraat predmet, məqsəd və vəzifələrinə görə fərqlənərək müstəqil icraat növləri kimi çıxış edirlər. 

Belə ki, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir.

Məhkəmə nəzarəti funksiyasının həyata keçirilməsinə dair materiallara baxan məhkəmə isə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş şəxsin gətirdiyi dəlillər əsasında müvafiq araşdırma nəticəsində təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyini yoxlayır. 

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 212.4.2-ci maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçı, müstəntiq və ya prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini Cinayət-Prosessual Məcəlləsinin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. 

Cinayət mühakimə icraatında isə məhkəmənin belə bir səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə baxışı nəticəsində məhkəmənin yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərarın çıxarılması nəzərdə tutulmuşdur (Məcəllənin 28, 65.5 və 318-ci maddələri).

Göstərilənlərlə yanaşı, məhkəmə baxışı zamanı ibtidai araşdırma mərhələsində hər hansı qanunsuz prosessual hərəkətlər və ya qərarlar barəsində məlumat verildikdə, məhkəmənin cinayət işinin başlanması haqqında qərar qəbul etməsi istisna edilsə də, bu barədə irəli sürülən sübutlar, həm də icraat zamanı əldə edilmiş digər sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmalı və qiymətləndirilməlidir. Məhkəmə cinayətin törədilməsi haqqında məlumatda cinayət əlamətlərini müəyyən etdiyi halda isə bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir (Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsi). 

Həmçinin nəzərə alınmalıdır ki, cinayət işinə mahiyyəti üzrə baxılarkən Cinayət-Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələrində sadalanan prosessual hərəkətlərin icrası və ya qərarların qəbulu zamanı hüquq pozuntularına yol verilməsi barədə təqdim edilən dəlillərin yoxlanılması nəticəsindən asılı olaraq, xüsusi qərarın qəbulu, yaxud bütün məlumatların dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi xeyli vaxt çəkə bilər. 

Halbuki, məhkəmə təminatı hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun V.Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel, C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul tarixli Qərarları).

Odur ki, cinayət təqibi üzrə müvəkkil edilmiş orqanların ayrı-ayrı prosessual hərəkətlərinin və ya qərarlarlarının qanuniliyinin, pozulmuş hüquqların tez vaxtda bərpasının təmin edilməsi məqsədilə məhkəmə nəzarəti qaydasında icraatın prosessual müddətlərinin qısa olmasını nəzərə alaraq belə şikayətlərə xüsusi icraat qaydasında baxılması labüd hesab edilməlidir.

Habelə cinayət prosesini həyata keçirən orqanın prosessual qərarının qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti nəticəsində məhkəmənin qəbul etdiyi qərar ilə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən faktlar müəyyən edildikdə müvafiq cinayət təqibi üzrə məhkəmənin hökm və ya qərarının yeni açılmış hallar üzrə araşdırma nəticəsində ləğv olunması da mümkündür.

Belə ki, cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olması məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsasdır (Cinayət-Prosessual Məcəlləsinin 461.0.2-ci maddəsi). 

Prosessual qərarların preyudisial əhəmiyyəti ilə bağlı isə qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 141.1.3-cü maddəsinə əsasən, məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur.

Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarı).  

Yuxarıda qeyd edildiyi kimi, cinayət mühakimə icraatı və məhkəmə nəzarəti icraatı müstəqil icraat növləri kimi çıxış edərək, tərəflərin və sübut etmə predmetlərinin fərqli olması ilə səciyyələnir. 

Göstərilənlərə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarəti nəticəsində qəbul olunan qərar digər cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmin  qərar yalnız eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il 31 avqust tarixli Qərarında da ifadə etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 2019-cu il 14 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. 

Konstitusiyasının 129-cu maddəsinə uyğun olaraq, məhkəmənin qəbul etdiyi qərar qanuna və sübutlara əsaslanmalıdır.

Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. 

Hüquq ədəbiyyatında sübutun mənsubiyyəti onunla cinayət mühakimə icraatında araşdırma predmeti olmuş fakt arasındakı məntiqi əlaqənin mövcud olmasını şərtləndirir. Sübutun mümkünlüyü onun bir sıra digər xüsusiyyətlərinə (həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə hallarına) dair şübhələrin olmamasını nəzərdə tutur. Mənsubiyyət meyarı sübutun məzmununa yönəlirsə, sübutun mümkünlüyü meyarı daha çox prosessual formaya yönəlmiş tələb kimi çıxış edir. İstər əldə edilməsi, istər rəsmiləşdirilməsi və ya təqdim edilməsi zamanı ciddi pozuntulara yol verilmiş sübut artıq mümkünlük tələbinə cavab verən hesab oluna bilməz. Sübutun mötəbərliyi isə daha çox onun həqiqətə uyğunluğu kimi izah olunur.

Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

Odur ki, cinayət mühakimə icraatı üzrə məhkəmə sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinin qiymətləndirilməsində daxili inamına görə qərar qəbul edir.

Həmçinin məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə tərəfindən cinayət mühakimə icraatı qaydasında müvafiq işə baxan məhkəmənin bu barədə məlumatlandırılması məqsədəmüvafiqdir. 

Cinayət mühakimə icraatı qaydasında işə mahiyyəti üzrə baxan məhkəmə də daxili inamının formalaşmasında cinayət təqibi orqanlarının hər hansı hərəkət və ya qərarlarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayət səbəbindən şübhə yaranarsa, ağlabatan müddət çərçivəsində məhkəmə baxışını təxirə salmaqda haqlıdır. 

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir;

- məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu


QƏRARA  ALDI:


1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir.

 2. Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.




Sədr                                                                                    Fərhad Abdullayev









Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 25 iyun 2024-cü il  tarixli Qərarından hakim İ.Nəcəfovun (“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 64-cü maddəsinə əsasən)


Xüsusi rəyi


27 iyun 2024-cü il                                                                               Bakı şəhəri


Konstitusiya Məhkəməsinin Plenum qərarına hörmətlə yanaşaraq, qərardakı bəzi mühakimələrə öz mövqeyimi bildirməyi vacib sayıram.

Şirvan Apellyasiya Məhkəməsinin müraciətində qeyd olunmuşdur ki, Astara Rayon Polis Şöbəsində İ.Hüseynovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının aparıldığı dövrdə onun müdafiəçisi  A.Abbasov şikayət ərizəsi ilə Astara Rayon Prokurorluğuna müraciət edərək İ.Hüseynovun Astara RPŞ-də zorakılığa məruz qaldığını, habelə ona qarşı qeyri-qanuni əməllər törədildiyini bildirib və bu əməllərə yol vermiş şəxslər barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. 

 Astara Rayon Prokurorluğunun müstəntiqinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə vəkilin şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. 

Astara Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarı ilə Astara Rayon Prokurorluğunun 21.09.2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, prokurorluğun həmin qərarı qanuni hesab edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 02.11.2023-cü il tarixli və bununla bağlı Astara rayon prokurorluğunun 21.09.2023-cü il tarixli qərarı ləğv edilmiş və material yenidən araşdırması üçün Astara Rayon Prokuroruna göndərilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri bu qərarı qəbul etdiyi vaxt , yəni 23.09.2023-cü il tarixdə cinayət işi artıq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 

Astara Rayon Prokurorluğunun 18 dekabr 2023-cü il tarixli qərarı ilə həmin şikayət üzrə cinayət işinin başlanılması yenidən rədd edilmişdir.

 Astara Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə müdafiəçinin Astara Rayon Prokurorluğunun həmin qərarından verdiyi şikayəti təmin edilməmişdir.

Müdafiəçi apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 25 aprel     2024-cü il tarixli qərarının ləğv edilməsini və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsini  məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Astara Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 sentyabr 2023-cü il tarixli qərarından məhkəməyə şikayət verilən vaxt cinayət işi Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin icraatında olmuş, materiala məhkəmə nəzarəti qaydasında məhkəmələrdə baxıldığı vaxt, yəni 23 sentyabr 2023-cü il tarixində isə cinayət işi mahiyyəti üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 

Müraciətdən və Konstitusiya Məhkəməsinin 21.06.2024-cü il tarixində keçirilən Plenumunda iştirak edən Şirvan Apellyasiya Məhkəməsinin nümayəndəsi E.Xasməmmədovun çıxışından görünür ki, nəinki ibtidai araşdırma mərhələsində qəbul edilmiş prosessual qərar və hərəkətlərdən, eləcə də, cinayət mühakimə icraatı zamanı da həmin qərar və hərəkətlərdən verilən şikayət və vəsatətlərə məhkəmə nəzarəti qaydasında baxılıb, qərar qəbul edilməsi də zəruridir. 

Hər bir dövlətin, cəmiyyətin inkişafı nəinki onun qanunlarının kamilliyindən, eləcə də, o qanunlara vətəndaşlar və hüquqi şəxslər tərəfindən dönmədən və dürüst əməl edilməsindən asılıdır. 

Buna da yalnız o halda nail olmaq olar ki, qanunların icrası üzərində güclü nəzarət olsun. 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 92-ci maddəsinə əsasən normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir. 

İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair ümumi müddəalar isə Cinayət Prosessual Məcəlləsinin 442-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, vəsatət, təqdimat və cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 

Müraciətdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün 23.09.2023-cü il tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 

Belə hesab edirəm ki, təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti üzrə apellyasiya məhkəməsinin yeni qərarı baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. 

Ona görə ki: 

1) Müraciətə qoşulan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs ona qarşı edilən qeyri-qanuni zorakılıqdan sonra cinayət törətməsini etiraf etmişdir. Hər iki hüquqi fakt, “zorakılıq və etiraf” vahid niyyətlə bir-biri ilə bağlıdır. 

2) Lənkəran Ağır Cinayətlər Məhkəməsi birinci instansiya məhkəməsidir. Həmçinin, şərait və ictimai mühitə görə Astara rayon məhkəməsindən daha müstəqildir. Çünki o bölgə məhkəməsidir. 

3) Cinayət Prosessual Məcəlləsində belə bir hərəkətin, yəni apellyasiya məhkəməsinin ikinci dəfədən sonra qərarının icrasını başqa məhkəməyə göndərilməsini qadağan edən norma yoxdur. 

4) Təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədilib törədilməməsi faktının sübut edilməsi prosesində bu halın cinayət mühakimə icraatında aparılması qaçılmazdır, zəruridir. 

Çünki təqsirləndirilən şəxsin müdafiəçisi müdafiə etdiyi şəxsin hüquqlarının təmin etmək üçün CPM-in 92.9.6-cı maddəsinə əsasən etiraz etmək və vəsatətlər vermək hüququndan dəfələrlə istifadə edə bilər. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. (CPM 28.1-ci mad). Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. (CPM 24.3-cü mad). 

Respublikamızın  CPM-si struktur quruluşuna, bir prosessual hərəkətin, bir-neçə hərəkətdən sonra həyata keçirilməsinin münkünlüyünü, mürəkkəbliyini, tətbiqində çətinliklərlə üzləşilməsini, həddindən artıq əlavələr və düzəlişlərə məruz qalmasını nəzərə alaraq CPM-si yenidən tərtib və qəbul edilməlidir. 

Yeni CPM-si qəbul edilənədək CPM-nin 52-ci fəslində rəyə müvafiq əlavə və ya düzəlişlər aparılmalıdır.