AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI
hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və
170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair
6 may
2024-cü
il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva
(məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və
VI hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2,
84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə
hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı
subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq
elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının
Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə
müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət
Məcəlləsi) 32.2, 84.1 və 170-ci maddələrinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin IV hissəsi ilə
əlaqəli şəkildə şərh edilməsini xahiş
etmişdir.
Sorğuda göstərilmişdir
ki, Cinayət
Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam
olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar
hesab olunur.
Həmin Məcəllənin 170.1-ci maddəsi ilə on səkkiz yaşına
çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə,
hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət
məsuliyyəti müəyyən edilmişdir.
Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə, cinayət
törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On
dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az
ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli
zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə
tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv
etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı
hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və
qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya
psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat
vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət
məsuliyyətinə cəlb edilir.
Sorğuverənin qənaətinə görə, təcrübədə cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına
çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə
cəlb etməyə görə Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyətinin
yaranıb-yaranmaması mübahisəlidir.
Belə ki, bir yanaşmaya görə, yetkinlik yaşına
çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə
cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan
verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, Cinayət Məcəlləsinin
170-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Çünki, maddənin
dispozisiyasında “yetkinlik yaşına çatmayan” anlayışından istifadə edilmişdir
və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –
Cinayət-Prosessual Məcəlləsi) 7.0.33-1-ci və “Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan
Respublikası Qanununun 1.0.1-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar
- on səkkiz yaşınadək olan şəxslərdir. Ona görə də 13 və ya 15 yaşlı şəxsi,
məsələn aldatma yolu ilə cinayətkar fəaliyyətə cəlb etmə hər bir halda Cinayət
Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyəti yaratmalıdır.
Digər yanaşma isə ondan ibarətdir ki, Cinayət
Məcəlləsinin 170-ci maddəsinin dispozisiyasında əks olunan “yetkinlik yaşına
çatmayan” özü cinayət törətmiş şəxsdir. Buna görə də, cinayət törətmiş
“yetkinlik yaşına çatmayan” şəxsin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinin
84.1-ci maddəsinə istinad etmək lazımdır ki, həmin maddəyə əsasən də cinayət
törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər
yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin mövqeyə görə, cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına
çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə
cəlb etmə Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyəti yarada
bilməz. Bu halda şəxs Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayət
məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti
törətdiyinə görə cinayətin icraçısıdır və yalnız törədilmiş cinayətin icraçısı
olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, cinayətin
subyekti olmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi halında cinayət
məsuliyyəti ona görə istisna olunur ki, cinayətkar fəaliyyətə cəlb olunan şəxs
belə bir fəaliyyətə cəlb olunduğunu özü dərk etmir.
Göstərilənlərə əsasən,
Prokurorluq yetkinlik yaşına çatmayan şəxslərin qanuni mənafelərinin qorunması,
onların mühafizəsinə yönəlmiş qanunvericilik normalarının hüquq tətbiqedənlər
tərəfindən vahid qaydada tətbiqinin təmin edilməsi məqsədilə müvafiq maddələrin
şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
Konstitusiyanın 17-ci maddəsi ilə cəmiyyətin əsas
özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olduğu bəyan edilmişdir.
Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə
bilən fəaliyyətə cəlb etmək qadağandır. Uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarət edir.
“Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü
maddəsinin 2-ci bəndinə uyğun olaraq, iştirakçı dövlətlər uşağın
valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan
digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün
zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə
bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin
üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv
öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm
mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün
inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli
gəlir. Bu pozitiv öhdəliyin icrasının təmin edilməsi üçün uşaqların
üstün mənafelərinin müdafiəsinə yönələn səmərəli hüquq siyasətinin həyata
keçirilməsi tələb olunur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsinə uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsi,
uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait
yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın
zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi
tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin
edilməsinə yönəldilir.
Həmin Qanunun 28-ci maddəsinə görə, dövlət sosial,
hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün
növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.
Dövlət tərəfindən uşaqların hüquqlarının və üstün
mənafelərinin səmərəli təmin edilməsi məqsədi ilə onların inkişafına
təsir edə biləcək neqativ təsirlərdən müdafiəsinə dair müvafiq
tənzimetmə və mexanizmlərin qanunvericilik qaydasında müəyyən edilməsi
mütləqdir.
Bu baxımdan qüvvədə olan qanunvericilikdə həm cinayət
törətməkdə təqsirli olan yetkinlik yaşına çatmayanların məsuliyyətə cəlb
olunması və cəzalandırılmasının xüsusiyyətləri, həm də yetkinlik yaşına
çatmayanların cinayətkar qəsdlərdən mühafizəsi məsələləri tənzimlənmişdir.
Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan
cinayətlər” adlanan VIII bölməsində yerləşən “Yetkinlik yaşına
çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər” adlanan 22-ci fəsli
ilə xüsusi olaraq yetkinlik yaşına çatmayanların əlverişli şəraitdə
böyüyüb-inkişaf etməsi əleyhinə olan cinayət əməlləri müəyyən edilmişdir.
Qeyd edilməlidir ki, Konstitusiyanın 17-ci maddəsinin
IV hissəsindən irəli gələrək “uşaqların onların həyatına, sağlamlığına və ya
mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi” Cinayət
Məcəlləsinin 22-ci fəslində müvafiq olaraq ayrıca cinayət əməlləri kimi nəzərdə
tutulmaqla yanaşı, bir sıra digər cinayət tərkiblərində tövsifedici əlamət
(məsələn, Məcəllənin 114.2, 283-1.2-ci və s. maddələri) formasında
təsbit edilmiş, habelə müvafiq hallarda cəzanı ağırlaşdıran hal kimi nəzərə
alınması müəyyən edilmişdir.
Uşaqların cinayət-hüquqi müdafiəsinin təmin edilməsi
məqsədilə Cinayət Məcəlləsinin 170-ci maddəsində yetkinlik yaşına çatmayanı
cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməli kimi təsbit edilmişdir. Bu norma
yetkinlik yaşına çatmayanların cinayətkarlığının qarşısının alınmasına
yönəlməklə, ikili prevensiyaya malikdir.
Cinayətin obyekti yetkinlik yaşına çatmayanların
normal inkişafı və tərbiyəsi, şəxsiyyətinin formalaşmasının fiziki,
mənəvi, əxlaqi, sosial və intellektual tərəfi ilə bağlı yaranan ictimai
münasibətlərdir.
Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir
ki, yetkinlik yaşına qədər şəxsiyyətin formalaşması yekunlaşmamış hesab edilir.
Uşaq psixikası yetişkənsizliyi və xarici təsirə davamsızlığı ilə
səciyyələndiyindən, yetkinlik yaşına çatmayanın cinayət fəaliyyətinə cəlb
edilməsi nəinki onu hüquqazidd davranışa təhrik edir, onun normal sosiallaşması
və mənəvi-psixi inkişafına da neqativ təsir göstərir.
Cinayətin obyektiv cəhətini yetkinlik yaşına
çatmayanın cinayətkar fəaliyyətə cəlb edilməsi təşkil edir ki, bu da şəxsdə
cinayətkar fəaliyyətlə məşğul olmaq arzu və qətiyyətinin yaradılmasına yönələn
fiziki və psixi təsirlərlə (aldatma, vədlər vermə, hədə-qorxu) müşayiət olunan
hərəkətlərdə təzahür edir.
Cinayətkar fəaliyyətə cəlb etmənin üsulu kimi aldatma
yetkinlik yaşına çatmayan üçün əhəmiyyət kəsb edən hallar haqqında yalan
məlumatların verilməsi, təhrik edilən əməlin cinayət olmaması barədə yanlış
təsəvvürün yaradılması və bu kimi digər hərəkətləri ehtiva edir. Vəd vermə -
yetkinlik yaşına çatmayanı sövq edildiyi əməli törədəcəyi təqdirdə onun
mənafeyinə uyğun şəkildə davranılacağına inandırmaqdır. Hədə qorxu - əksinə
yetkinlik yaşına çatmayanı onun mənafeyinə zidd davranışın həyata
keçiriləcəyinə inandırmaqda ifadə olunur.
Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə
tutulmuş cinayətdən zərərçəkmiş şəxs kimi yetkinlik yaşına çatmayan şəxslər
çıxış edir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci
maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 aprel
tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, Konstitusiya və
beynəlxalq-hüquqi sənədlərin müvafiq müddəaları dövlətin yalnız şəxsə zərər və
mənəvi sarsıntı vuran cinayət əməllərinin qarşısını almaq vəzifəsini deyil,
habelə cinayət əməli nəticəsində zərər çəkmiş şəxsin qanunla nəzərdə tutulmuş
üsul və vasitələrlə öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək
imkanını təmin etmək vəzifəsini nəzərdə tutur.
Bu baxımdan, “zərər çəkmiş şəxs” anlayışının
cinayət-hüquqi və cinayət-prosessual mənaları fərqləndirilməlidir. Cinayət
hüququnda zərərçəkmiş şəxs dedikdə, cinayət qanunu ilə qorunan ictimai
münasibətlərin subyekti qismində çıxış edən və fiziki, əmlak, mənəvi və digər
ziyan vurulmuş şəxs başa düşülür.
Cinayət-prosessual hüququnda isə zərərçəkmiş şəxs
dedikdə, cinayət əməli nəticəsində ziyan vurulduğu ehtimal olunan proses
iştirakçısı nəzərdə tutulur. Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə
əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki
şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər
əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.
Göründüyü kimi, cinayət-hüquqi mənada cinayətdən zərər
çəkmiş şəxs anlayışı cinayət-prosessual hüquqi mənada zərər çəkmiş şəxs
anlayışından geniş olmaqla, həm cinayət-prosessual mənada zərər çəkmiş qismində
tanınmış şəxsi, həm də zərər çəkmiş şəxs qismində tanınana qədər bu və ya digər
səbəbdən ölmüş şəxsi özündə ehtiva edir.
Cinayət əməli nəticəsində zərər çəkmiş şəxsin
Konstitusiya və beynəlxalq-hüquqi sənədlərdən irəli gələn hüquq və vəzifələri
Cinayət-Prosessual Məcəlləsində öz əksini tapmışdır.
Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, cinayətin
əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş
qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata
keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak
etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa
hüququ vardır.
Cinayət prosesi gedişində hər kəsin özünün
Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan
edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır
(Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsi).
Cinayət Məcəlləsinin 170-ci maddəsində nəzərdə
tutulmuş “yetkinlik yaşına çatmayan” ifadəsinin məhz hansı yaşda olan uşaqları
ehtiva etməsi ilə bağlı sorğuda qaldırılan məsələyə gəlincə, ilk növbədə,
nəzərə alınmalıdır ki, cinayət qanunvericiliyində bu ifadə üç fərqli anlamda
işlənilmişdir: cinayətin subyekti qismində, cinayətdən zərər çəkmiş şəxs
mənasında və cinayət məsuliyyətinə cəlb etməyə
imkan verən yaş həddinə çatmayan şəxs kimi.
Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə,
cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan
şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin maddənin adından
(Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti) görünür ki, bu maddə məhz
cinayət əməlinin subyekti qismində çıxış edə bilən yetkinlik yaşına
çatmayanları, yəni on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan
şəxsləri nəzərdə tutur. Belə ki, on dörd yaşı tamam olmamış şəxs, ümumiyyətlə
cinayətin subyekti ola bilmədiyindən və müvafiq olaraq cinayət məsuliyyətinə
cəlb edilə bilmədiyindən (Cinayət Məcəlləsinin 20-ci maddəsi), qanunverici
84.1-ci maddənin kontekstində (cinayətin subyekti) “yetkinlik yaşına
çatmayanlar” ifadəsindən istifadə edərkən on dörd yaşına çatmış, lakin on
səkkiz yaşı tamam olmamış şəxsləri nəzərdə tutmuşdur.
Lakin Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə
tutulmuş əməlin obyekti, ictimai təhlükəliliyi və törədilmə üsulları, bu əməl
nəticəsində nəinki cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə
çatan şəxslərə, həmçinin 14 yaşına çatmayan şəxslərə də birbaşa mənəvi, fiziki
və ya maddi ziyanın vurulmasını mümkün edir. Hətta, 14 yaşına çatmayan
uşaqların psixi, emosional və intellektual inkişaf baxımından 14 yaşına çatmış
uşaqlar ilə müqayisədə daha həssas olması və daha zəif iradəyə malik olması
həmin əməlin onlara qarşı törədilməsini daha yüksək ictimai təhlükəli edir.
O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin
170-ci maddəsi ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayanın cinayət
fəaliyyətində iştirak etməyə cəlb edildiyi anda başa çatır. Bu zaman yetkinlik
yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməni bitmiş əməl hesab etmək
üçün, törədilməsinə sövq edilən cinayətin baş tutması tələb olunmur.
Belə ki, yetkinlik yaşına çatmayanda cinayətkar fəaliyyət göstərməklə bağlı
istək və qətiyyətin formalaşdırılmasına yönəlik hərəkətlər (170-ci maddədə
nəzərdə tutulmuş üsullarla) özü-özlüyündə onun normal psixi və
mənəvi inkişafına zərər vurur.
Oxşar yanaşma “Yetkinlik yaşına çatmayanların
cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyun tarixli Qərarının
8-ci bəndində də ifadə edilmişdir. Həmin bəndə görə Cinayət Məcəlləsinin 170 və
171-ci maddələri ilə məsuliyyət nəzərdə tutan cinayətlər yetkinlik yaşına
çatmayanların cinayət fəaliyyətinə və digər hüquqazidd hərəkətlərə cəlb
edildiyi andan başa çatmış hesab olunur. Bu zaman yetkinlik yaşına
çatmayanların təhrik edildikləri hüquqazidd hərəkətləri törədib-törətməməsinin
əhəmiyyəti yoxdur.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət
Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi
cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından
asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.
Əks yanaşma, Konstitusiyanın 17-ci maddəsinin IV və VI
hissələrinə uyğun olmamaqla, həmçinin 14 yaşına çatmayan uşaqların Cinayət
Məcəlləsinin 170-ci maddəsində nəzərdə tutulmuş cinayətdən zərər çəkmiş şəxs
qismində tanınmaqla, bu statusdan irəli gələn hüquqlarının da pozulmasına
gətirmiş olar.
Həmçinin qeyd edilməlidir ki, cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb
olunmasının Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsi ilə ağırlaşdırıcı hal olaraq
nəzərdə tutulması həmin Məcəllənin 170-ci maddəsində əks olunmuş “yetkinlik
yaşına çatmayan” ifadəsinin yalnız cinayət məsuliyyətinə cəlb etməyə imkan
verən yaş həddinə çatan şəxsləri ehtiva etməsi kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü
bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarında qeyd
etdiyi hüquqi mövqeyə əsasən, Konstitusiyada və cinayət qanununda təsbit
edilmiş bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsini əks
etdirən non bis in idem prinsipi yalnız şəxsin eyni bir
cinayət əməlinə görə təkrar məhkum edilməsinin və cəzalandırılmasının qarşısını
alan qayda kimi dar mənada təfsir olunmur.
Bu prinsip həm də cinayət-hüquqi əhəmiyyəti olan eyni
bir halın iki dəfə, həm cinayətin tövsifi zamanı, həm də cəza təyin edilməsi
zamanı nəzərə alınmasını istisna edir. Belə ki, bu prinsip hər hansı bir
cinayət-hüquqi xarakterli tədbirin cinayət əməlinə hüquqi qiymət verilərkən
təkrarən tətbiq olunmasına qadağa qoyur.
Qeyd olunan prinsipin yuxarıda göstərilən
əlamətlərindən bəziləri Azərbaycan Respublikasının cinayət qanunvericiliyində
də öz əksini tapmışdır. Belə ki, Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən,
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti
kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar
nəzərə alına bilməz.
Lakin vurğulamaq lazımdır ki, cinayətkar fəaliyyətə
cəlb etmə Cinayət Məcəlləsinin 170.1-ci maddəsinin dispozisiyasında göstərilmiş
üsullardan (aldatma, vədlər vermə, hədə-qorxu) və 170.3-cü
maddədə göstərilən “zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi
ilə” kimi tövsifedici əlamətlərdən fərqli üsullarla həyata keçirilə
bilər ki, (məsələn, qisas və ya paxıllıq hissinin oyadılması, cinayətkar həyat
tərzinin romantikləşdirilməsi və s.) bu zaman 170-ci maddə üzrə cinayət tərkibi
yaranmadığından, şəxs müvafiq cinayət əməlinə görə məsuliyyətə cəlb
edilərkən Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsinin tətbiqi mümkün
olacaqdır.
Həmçinin, Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsində
nəzərdə tutulan “cinayət törətməyə cəlb olunma” ifadəsi həmin Məcəllənin
170.1-ci maddəsindəki “cinayətkar fəaliyyətə cəlb etmə” əlamətindən məzmunca
daha genişdir.
Belə ki, “yetkinlik yaşına çatmayanı
cinayətkar fəaliyyətə cəlb etmə” ifadəsi Cinayət Məcəlləsinin 170-ci maddəsində
göstərilən üsullarla yetkinlik yaşına çatmayan şəxsdə hər hansı cinayətin
törədilməsinə istək və qətiyyətin yaradılması məqsədilə sövq
edilməsini ehtiva etdiyi halda, həmin Məcəllənin 61.1.5-ci maddəsi
göstərilənlərlə yanaşı, həm də müvafiq istək formalaşdırmadan da yetkinlik
yaşına çatmayanın cinayətə bu və ya başqa şəkildə cəlb olunmasını ehtiva edir.
Bu halda Cinayət Məcəlləsinin 170-ci maddəsi üzrə
cinayət tərkibi yaranmadığından, konkret cinayət əməlinin cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddinə çatmayanın cəlb edilməsi ilə
törədilməsi cəzanı ağırlaşdırıcı hal kimi nəzərə
alınacaqdır.
Şərh olunan məsələ ilə əlaqədar o da nəzərə
alınmalıdır ki, Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti
bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində
bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə
nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən
istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
Lakin bu halda yetkinlik yaşına çatmış şəxsin müvafiq
cinayətin icraçısı hesab edilməsi, onu Cinayət Məcəlləsinin 170-ci maddəsində
göstərilən əmələ görə məsuliyyətdən azad etmir. Belə ki, göstərilən maddə ilə
qorunan ictimai münasibətlərə qəsd edən təqsirli əməl cinayət-hüquqi qiymətini
almalı, bununla da cinayət hüququnun qanunçuluq, ədalət, təqsirə görə
məsuliyyət və cəzanın qaçılmazlığı prinsipləri təmin edilməlidir.
Beləliklə, cinayət məsuliyyətinə cəlb etməyə imkan
verən yaş həddinə çatmayan şəxsi müvafiq üsullarla cinayətkar
fəaliyyətə cəlb etmiş şəxs Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə
yanaşı, cinayət məsuliyyəti daşımayan yetkinlik yaşına çatmayan
şəxsdən cinayətin törədilməsində vasitə kimi istifadə etdiyindən,
həmin cinayətin icraçısı kimi məsuliyyət daşıyır və onun əməli cinayətlərin
məcmusu üzrə tövsif olunur.
Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş
həddinə çatan yetkinlik yaşına çatmayan şəxsi müvafiq üsullarla cinayətkar
fəaliyyətə təhrik edən yetkinlik yaşına çatan şəxs Cinayət Məcəlləsinin 170-ci
maddəsi ilə yanaşı, həm də törədilən konkret cinayətin iştirakçısı sayılır
(maddə 32.4) və onun əməli cinayətlərin məcmusu üzrə tövsif olunur.
O da qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 170-ci
maddəsi ilə müəyyən edilmiş cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb
etmə müddəti ötürüldükdə, digər cinayətə görə cəza təyin edildikdə də həmin
Məcəllənin 61.1.5-ci maddəsi tətbiq olunacaqdır.
Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 170-ci
maddəsində təsbit edilmiş əməl hər bir halda onu törədən şəxsin fiziki və ya
psixoloji təsir ilə müşayiət olunan aktiv hərəkətləri nəticəsində və təqsirkar
şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayana qarşı törədilir.
Yetkinlik yaşına çatan şəxsin yetkinlik yaşına çatmayanla birlikdə cinayət
əməlinin törədilməsində iştirak etməsi faktı isə özü-özlüyündə həmin Məcəllənin
170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Konstitusiyanın 17-ci
maddəsinin IV və VI hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından
Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan”
ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından
asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələrinin
hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi
cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından
asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.
2. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad
Abdullayev