Qərarlar

13.04.07 C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 11/05/05-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədarAzərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının

11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

13 aprel  2007-ci il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi C.Abdullayeva, A.Abdullayev və onların nümayəndəsi T.Azayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Ceyran, Bəxtiyar və Aydın Abdullayevlərin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Cavabverən tərəf – Azərbaycan Respublikasının Ali Məhkəməsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçilərin nümayəndəsi T.Azayevin  çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N  E T D İ:

C.Abdullayeva və digərləri A.Əsədova və qeyrisinə qarşı mənzildən çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mən. 117-də yerləşməklə onun sahibi Zümrəddin Abdullayev tərəfindən 1992-ci ildə Əsədovlar ailəsinə müvəqqəti yaşamaq üçün kirayə verilmiş və onlar keçən dövr ərzində bu evdə yaşamışlar. Həmin mənzil Z.Abdullayevin adına xüsusi mülkiyyət kimi 1993-cü ildə qeydə alınmış, sonuncunun 7 fevral 1996-cı ildə vəfatından sonra isə Sumqayıt şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 3 fevral 1999-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi ilə Ceyran Abdullayeva və övladları tərəfindən miras payı kimi qəbul edilmiş və onlara Sumqayıt Şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda bu evə özlərinin ehtiyacları vardır. Cavabdehlərə bir neçə dəfə mənzili boşaltmaq məqsədilə müraciət etsələr də, bu təkliflər nəticə vermədiyindən onlar iddia qaldırmaq məcburiyyətində qalmışlar.

Cavabdeh Əsədovlar isə faktiki alğı-satqının bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia verərək tələblərini onunla əsaslandırmışlar ki, mübahisəli mənzili onun mülkiyyətçisi Z.Abdullayevdən əvəzi ödənilməklə 1995-ci ildə almışlar.

Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2004-cü il tarixli qətnaməsi ilə Abdullayevlərin iddia tələbləri rədd olunmuş, faktiki alğı-satqının bağlanmış hesab olunması haqqında Əsədovların qarşılıqlı iddiası isə təmin edilmişdir.

Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil 1992-ci ildən 1995-ci ilədək 3 illik haqqı əvvəlcədən ödənilməklə Z.Abdullayev tərəfindən Əsədovlara kirayə verilmiş, 1995-ci ildə isə o, mənzili satmaq qənaətinə gələrək A.Əsədovla bu barədə razılığa gəlmiş, mənzilin qiyməti 13.000.000 rubl müəyyən olunaraq onun 3.000.000 rublu həmin il, qalan 10.000.000 rubl isə 1996-cı ildə mülkiyyətçiyə ödənilməklə hər hansı qəbz və ya digər yazılı sənəd olmadan faktiki olaraq alqı-satqı aparılmış, lakin sonuncunun 7-10 gündən sonra qəflətən baş verən ölümü ucbatından əqd müvafiq qaydada rəsmiləşdirilməmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 22 fevral 2005-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 11 may 2005-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmə sədrinin 22 may 2006-cı il tarixli məktubu ilə ərizəçilərə əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılması üçün əsasların olmadığı bildirilmişdir.

C.Abdullayeva və digərləri şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - əvvəlki MM) 43-cü maddəsini düzgün şərh etməyərək heç bir yazılı sübut olmadığı halda yalnız şahid ifadələrinə istinadən alğı-satqı müqaviləsini bağlanmış hesab etmişlər, bunu edərkən daşınmaz əşyaların alğı-satqısına dair Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi, eləcə də əvvəlki MM-in 42 və 230-cu maddələrinin tələblərini nəzərə almamışlar. Bundan başqa, şikayətdə göstərilir ki, məhkəmələr iddia müddətinin buraxılmasına dair səhv nəticəyə gəlmiş, cavabdehlər tərəfindən isə iddia müddəti ötürüldüyü halda əvvəlki MM-in 73 və 77-ci maddələri tətbiq olunmamışdır. Şikayətdə, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - qüvvədə olan MM) tətbiq edilməli olmayan normaları tətbiq edilmiş, nəticədə isə onların Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Əvvəlki MM-in 43-cü maddəsinin I hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.

Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun.

Bununla belə, əvvəlki MM-in 43-cü maddəsinin II hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.

Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.

Əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatları da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir.

Lakin işə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə zidd olaraq mübahisəli alğı-satqını bağlanmış hesab edərkən onun yazılı formasına riayət olunmamasını nəzərə almayaraq yalnız şahid ifadələrinə əsaslanmaqla qarşılıqlı iddianı təmin etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən qüvvədə olan MM-in 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.

Konstitusiya Məhkəməsinin Plenumu özünün hüquqi mövqeyini bir daha təkrarlayaraq qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir (Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair»  Konstitusiya Məhkəməsinin 28.01.2002-ci il tarixli qərarı).

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 567 və 335-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir.

Birinci instansiya məhkəməsi isə iddia olunan alğı-satqının 1995-ci ildə bağlanması barədə nəticəyə gəlsə də, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş MM-in yuxarıda göstərilən və tətbiq edilməli olmayan maddələrini tətbiq etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin mülki işin qanuna uyğun həlli baxımından əvvəlki MM-in iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqinin əhəmiyyətini xüsusi vurğulayır.

Birinci instansiya məhkəməsi A.Əsədovun mübahisəli mənzili 1995-ci ildə Z.Abdullayevdən aldığını, onların arasında faktiki olaraq alğı-satqının aparıldığını, lakin sonuncunun ölümünə görə həmin əqdin rəsmiləşdirilmədiyini müəyyən etmişdir.

Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Qanun isə alğı-satqı ilə bağlı birmənalı qaydalar müəyyənləşdirir. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfə hüquqlarının qorunması məqsədilə öz tələblərinin təmin olunması üçün məhkəməyə müraciət etməyə əsas verir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir (Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.05.2006-cı il tarixli qərarı).

Məsələyə bu baxımdan yanaşanda aydın olur ki, birinci instansiya məhkəməsi Əsədovların 15 noyabr 2004-cü il tarixli faktiki alğı-satqının bağlanmış hesab olunmasına dair qarşılıqlı tələblərinə aid iddia müddətini tətbiq edərkən nəzərə almamışdır ki, əvvəlki MM-in 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin «iddia müddətinin tətbiq edilməsinin məcburiliyi» adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki mülki qanunvericiliyin iddia müddəti ilə bağlı müddəalarının tətbiqi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Əvvəlki MM-in 73, 74-cü maddələrində ümumi və qısaldılmış iddia müddətləri müəyyənləşdirilmişdir. Bununla belə, Məcəllənin 85-ci maddəsində subyektiv hüquqların müdafiəsi ilə bağlı iddia müddətlərindən asılı olmayan tələblərin dairəsi də nəzərdə tutulmuşdur. Həmin maddənin üçüncü bəndinə görə kolxozların və kooperativ və sair ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələbləri də iddia müddəti aid edilməyən hallar sırasındadır.

Bu müddəadan görünür ki, yalnız dövlət əmlakına qanunsuz olaraq yiyələnmə zamanı onun qaytarılması üçün dövlət təşkilatlarının tələbləri iddia müddətləri ilə məhdudlaşdırılmır. Dövlət mülkiyyətilə yanaşı başqa mülkiyyət növlərinin də mövcud olmasına baxmayaraq, birincinin daha təminatlı mövqedə dayanması sosialist iqtisadiyyat sistemində digərləri ilə müqayisədə ona xas olan üstünlük göstəricilərindən biri kimi müəyyənləşdirilmişdir.

Bu baxımdan əvvəlki MM-in göstərilən maddələrinin onun qüvvədən düşdüyü tarixədək (1 sentyabr 2000-ci il) yaranmış mülki hüquq münasibətlərindən əmələ gələn mübahisələrin həlli zamanı 27 noyabr 1995-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının nəzərə alınmadan tətbiq edilməsi  ədalətli hesab edilə bilməz.

Belə  ki, Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı  imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı, digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı.

Konstitusiya Azərbaycan Respublikasının qanunvericilik  sisteminin əsasıdır, ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir (Konstitusiyanın 147-ci maddəsi).

Konstitusiyanın 149-cu maddəsinin III hissəsinə görə qanunlar Konstitusiyaya zidd olmamalıdır. Konstitusiyanın «Keçid müddəalarının» 8-ci bəndinə əsasən bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ-hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə qüvvəsini saxlayır.   

Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Eyni münasibət və vəziyyətlərdə hər kəsin hüquq və vəzifələrinin bərabərliyinə təminat verən bu konstitusiya norması baxımından əvvəlki MM-in 85-ci maddəsinin 3-cü bəndi xüsusi mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən qaytarılması tələblərinə də şamil olunmalıdır.

Birinci instansiya məhkəməsi isə Konstitusiyanın yuxarıda göstərilən normalarına zidd olaraq Abdullayevlərin tələblərinə iddia müddətini tətbiq etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə uyğun olaraq hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bu normaya əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 9.1-ci maddəsində göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (MPM-in 9.3-cü maddəsi).

Mülki işin materiallarından göründüyü kimi, əsas iddiaçılar da qarşılıqlı iddiaya etdikləri yazılı etirazda məhkəmənin nəzərinə çatdırmışlar ki, həmin iddia əvvəlki MM-in 73-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Lakin Sumqayıt şəhər məhkəməsi Konstitusiyanın və mülki-prosessual qanunvericiliyin göstərilən normalarının tələblərinə zidd olaraq əsas iddiaçıların bu əhəmiyyətli dəlillərinə münasibət bildirməyərək onlara hüquqi qiymət verməmiş, cavabdeh tərəfin isə əsas iddiaçıların iddia müddətinin buraxılması ilə bağlı məsələ qaldırmadığı halda, əmlak mülkiyyətçilərinin iddia müddətini ötürməsinə dair qənaətə gəlməklə nəinki mübahisə üzrə tərəfləri fərqli vəziyyətə salmış, hətta əsas iddiaçıların məhkəmə araşdırılmasında iştirak etmək hüququnu mənasız etmişdir.

Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi də diqqətə layiqdır. Belə ki, 3 mart 2000-ci il tarixli qərarında «Krcmar and others v. Czeh Republic» işi üzrə həmin Məhkəmə qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi, hər tərəfə onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitə qoymayan şəkildə öz işini təqdim etmək imkanın verilməsini tələb edir (§39).

Hər halda, ədalətli araşdırma anlayışı, həmçinin çəkişmə əsasında həyata keçirilən məhkəmə araşdırması hüququnu nəzərdə tutur ki, bu hüquqa müvafiq olaraq tərəflər, yalnız öz tələblərinin təmin olunması üçün zəruri olan hər hansı sübutların aşkarlanması imkanına deyil, həm də bütün təqdim olunmuş sübutlardan və verilmiş mülahizələrdən xəbərdar olmaqla onlara dair məhkəmə qərarına təsiredici tərzdə öz dəlillərini gətirmək imkanına da malik olmalıdırlar (§40).

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki işə baxarkən birinci instansiya məhkəməsi məhkəmə müdafiəsi hüququnu təmin etməmiş, işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və nəticədə qətnamə işin baxılması və həll olunması zamanı  qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır (Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, MPM-in 88 və 217.2-ci maddələri).

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, birinci instansiya məhkəməsi işə MPM-in 9.1, 9.3, 88 və 217.2-ci maddələrinin tələblərini pozmaqla baxmış, qüvvədə olan MM-in tətbiq edilməli olmayan 567 və 335-ci maddələrini tətbiq etmiş, əvvəlki MM-in tətbiq edilməli olan 42 və 230-cu maddələrini tətbiq etməmiş, həmin Məcəllənin 73, 77, 78 və  82-ci maddələrini isə düzgün tətbiq etməmiş, nəticədə, ərizəçilərin Konstitusiyanın 13, 29  və 60-cı maddələrində nəzərdə tutulan təminat və hüquqları pozulmuşdur.

MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında işə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Lakin işə baxmış Apellyasiya Məhkəməsinin MİÜMK  mülki-prosessual qanunvericiliyin göstərilən tələblərini pozaraq 22 fevral 2005-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MPM-in 418-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.0.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını, tamamilə və ya qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmək səlahiyyətinə malikdir.

Buna baxmayaraq, Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarına əməl etmədən baxıldığını nəzərə almayaraq, 11 may 2005-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsini dəyişdirmədən saxlamaqla MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə əməl etməmişdir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 11 may 2005-ci il tarixli qərarı Konstitusiyanın 13, 29 və 60-cı maddələrinə, MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1. C.Abdullayeva və digərlərinin A.Əsədov və qeyrisinə qarşı mənzildən çıxarılma barədə iddiaya dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

  

Sədrlik edən                                                                                          Fərhad Abdullayev