AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi baxımından Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin
şərh edilməsinə
dair
26 aprel 2024-cü il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və
33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I
hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və
673.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Bakı
Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 673.1.2 və 673.3-cü maddələrinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya)
17-ci maddəsinin I hissəsinin tələbləri baxımından əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının icraatında Tofiq Sadıqovun Toğrul Sadıxova qarşı ailə hüquq
münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə
bağışlamaqdan imtina tələbinə dair iddiası ilə bağlı mülki iş vardır.
Müraciətdə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə
qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində
kobudcasına pozduqda” müddəasının nədə ifadə olunması ilə
bağlı məhkəmə təcrübəsində fikir ayrılığının olduğu göstərilmişdir.
Həmçinin müraciətdə
bağışlama müqaviləsinin icra edilməsindən on ildən
çox müddət keçdikdən sonra bağışlamaqdan imtina səbəbi baş verdiyi təqdirdə,
bağışlamaqdan imtina edilməsinin mümkün olub-olmaması və Mülki Məcəllənin
673.3-cü maddəsində nəzərdə tutulan bir illik müddətin hüquqi mahiyyəti,
xüsusilə də həmin müddətin iddia və ya kəsici müddət olması ilə bağlı məsələyə
aydınlıq gətirilməsinə ehtiyac olduğu qeyd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin qənaətinə görə, vahid məhkəmə təcrübəsinin
formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi məqsədi
ilə qeyd olunan qanunvericilik normalarının şərh edilməsi zəruridir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, bağışlama
müqaviləsinin hüquqi mahiyyətinin açıqlanmasını, bağışlamadan imtinaya əsas verən
halların və bu halların yaratdığı hüquqi nəticələrin təhlil edilməsini vacib
hesab edir.
Bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan
münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü
olaraq başqa şəxsə verməsində ifadə olunur.
Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ
ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir
hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə
alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
Göründüyü kimi, bağışlama
müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz
müqavilə kimi müəyyən edilmişdir. Bağışlama
müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin
müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə
yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir.
Mülki Məcəllənin 666.2 və 666.3-cü maddələrinə
uyğun olaraq, bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya
üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə
verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
Göstərilənlərlə yanaşı, qanunverici Mülki Məcəllənin
670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə
yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmin maddəyə uyğun
olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və
ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın
götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri
Məcəllənin 670.3-cü maddəsi ilə tənzimlənir.
Qeyd edilməlidir ki,
hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu
olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan
şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən
biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi
çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə
azadlığı prinsipindən irəli gəlir.
Qanunvericilikdə və hüquq ədəbiyyatında bağışlama
müqaviləsinin real və konsensual formaları fərqləndirilir.
Belə ki, hədiyyə verən hədiyyəni bağışlamaqla
hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab
olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla, eyni
vaxtda əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi).
Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda
isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin
668.1.5-ci maddəsi).
Göründüyü kimi, real müqavilələr üzrə hüquq və
öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsi ilə yaranır. Bu
halda bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə
bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu
müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə
konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə
götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən
olunur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarı).
Göstərilməlidir ki, Mülki Məcəllənin 673-cü
maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı
tənzimləyir.
Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində
qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən
imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən
sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə
verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə
alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə
verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə
alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən
bağışlamaqdan imtina edə bilər.
Mülki Məcəllənin 673.2-ci maddəsi isə konsensual
bağışlama müqaviləsinin, yəni hədiyyə verənin bağışlama barəsində verdiyi vədin
ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarını tənzimləyir
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il
19 dekabr tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin
673.1.2-ci maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina halı ilə bağlı xüsusilə
ailə və ailə hüquq münasibətləri anlayışlarına aydınlıq gətirilməsini vacib
hesab edir.
Ailə institutu fərdin psixi və fiziki cəhətdən
sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında
vacib rol oynayır. Bu istiqamətdə ailənin sosiallaşma (şəxsin cəmiyyətin
normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi), emosional məmnunluq,
müdafiə (ailə üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafiəsinin müxtəlif
müstəvidə təmin edilməsi), iqtisadi (ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin
olması) və s. funksiyalarını qeyd etmək olar.
Konstitusiyanın 17-ci maddəsinin I hissəsində ailənin cəmiyyətin
əsas özəyi olduğu təsbit edilərək, onun dövlətin xüsusi himayəsində olduğu
vurğulanmışdır. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi
vəzifəsi Konstitusiya ilə dövlət üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin
daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və
buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir.
Ailə anlayışı hüquqi bağlar və nəticələr
yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir.
Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları
ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin
qorunması nəzərdə tutulur.
Ailə hüquq münasibətləri ailə
qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq
və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi
ilə (nikaha daxil olma, doğulma və s.) yaranır.
Ailə qanunvericiliyi isə Konstitusiyadan, Azərbaycan
Respublikasının Ailə Məcəlləsindən (bundan sonra – Ailə Məcəlləsi), həmin Məcəlləyə
uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Ailə Məcəlləsinin
1.1-ci maddəsi).
Beləliklə, ailə hüquq münasibətləri dedikdə,
ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə
qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər
arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür.
Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak
münasibətlərinə aşağıdakılar aiddir:
- nikahın bağlanması və nikaha xitam verilməsi;
- ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad
arasında yaranan münasibətlər;
- nikah bağlanarkən və nikah pozulduqdan
sonra soyadı seçimi;
- uşaqların tərbiyəsi və təhsili zamanı
valideyn və uşaqların münasibətləri və s.
Əmlak münasibətlərinə isə ər-arvadın, keçmiş ər-arvadın,
valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka
dair münasibətləri və s. aiddir.
Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi
ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət
və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının
yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən,
onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu
hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailənin ümumbəşəri prinsiplər əsasında
qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün
ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və
hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar
şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri
kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi).
Göstərilənlər baxımından nəzərə alınmalıdır
ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən
heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o,
mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti
gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə
sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında
mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən
hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə
münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə
qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz
edir.
Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə
verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən
irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan
qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci
maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey
(ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar.
Qanunvericilikdə ailə hüquq münasibətlərindən
irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir:
-
valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu
(Konstitusiyanın 34-cü maddəsinin IV hissəsi);
-
uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18
yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri
saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin
82.1-ci maddəsi);
- ər-arvadın ailədə öz münasibətlərini
qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi
və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli
şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin
29.4-cü maddəsi);
- valideynlərin uşaqların əsas ümumi təhsil
almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi,
valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və
psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1,
60.2-ci maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd
etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə
tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək
bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr
tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması
və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin
dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti
və s.) asılı olaraq müəyyən edilməlidir.
Müraciətdə qaldırılan digər məsələ Mülki Məcəllənin
673.3-cü maddəsi ilə nəzərdə tutulan müddətin iddia və ya kəsici müddət olması
və bu müddətin axımının hansı andan başlaması ilə əlaqədardır. Həmin maddəyə
uyğun olaraq, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən
bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
Nəzərə alınmalıdır ki, iddia müddəti pozulmuş
hüquqların məhkəmə müdafiəsi ilə bağlı nəzərdə tutulmuş müddət olaraq hüquq
münasibətləri iştirakçılarının öz hüquqlarını vaxtında müdafiə etməsinə,
müqavilə və maliyyə intizamının möhkəmləndirilməsinə, mülki hüquq münasibətlərində
qeyri-müəyyənliyin aradan qaldırılmasına, məhkəmələr tərəfindən zamanla mötəbərliyinin
yoxlanılması qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq
mübahisələrin obyektiv əsaslarla həll edilməsinə və s. yönəlmişdir.
Kəsici müddət isə mülki hüququn həyata
keçirilməsi üçün müəyyən edilmiş zaman kəsiyi olmaqla, hüququn pozulub-pozulmamasından asılı
olmayaraq bu müddətin bitməsi hüquqa xitam verilməsi ilə nəticələnir.
Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun
şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair”
2023-cü il 15 fevral tarixli Qərarlarında iddia və kəsici müddətlərin mahiyyəti
və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən,
tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi
mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb
hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi
qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət
subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn
özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin
379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa
edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda
birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia
müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu
səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin
və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də
məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
O da qeyd edilməlidir ki, Mülki Məcəllənin
673.1 və 673.2-ci maddələrində göstərilən halların baş verdiyi təqdirdə hədiyyə
verənin imtina haqqında bildirişi birtərəfli qaydada hədiyyə alana göndərməsi
ilə hədiyyə predmetini geri tələb etməsi qarşı tərəfin hüquqi vəziyyətinin dəyişməsi
ilə nəticələnir. Hüquq doktrinasında isə belə bir hüququn (formalaşdırıcı
hüququn) həyata keçirilməsi qarşı tərəfin iradəsindən asılı olmayaraq birtərəfli
qaydada sonuncunun hüquqi vəziyyətində dəyişikliklərə səbəb olduğu nəzərə
alınaraq, hüquqi müəyyənliyin təmin edilməsi baxımından həmin hüququn istifadəsi
üçün müəyyən edilmiş müddət kəsici müddət kimi qəbul edilir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında
qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan
imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir.
Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə
verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində
imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə
hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 17-ci maddəsinin I hissəsinin
tələbləri baxımından Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə
hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr”
müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi
qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir;
- Mülki Məcəllənin 673.1.2-ci maddəsinin
dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb
etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən
işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun
onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq
müəyyən edilməlidir;
- bağışlama müqaviləsinin nə zaman
bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə
verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş
bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna
xitam verilir.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
1.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsinin tələbləri
baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə
tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə
alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən
hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri
ehtiva edir.
2.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında
əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr
tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı
olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin
pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.
3.
Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq,
bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik
müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.
4.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı” nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
6.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev