Qərarlar

27.02.24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair

 


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair 

 

 

27 fevral 2024-cü il                                                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Azəri-K” Şirkətinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini  və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Azəri-K” Şirkəti “ADEC” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin, əldən çıxmış faydanın və s. pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı Kommersiya Məhkəməsinin 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“Azəri-K” Şirkətinin həmin qətnamədən verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 407.3-cü maddəsinin tələbinə (vəkil tərəfindən imzalanmaması) və həmin Məcəllənin “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsi ilə müəyyən olunan forma və məzmuna uyğun tərtib edilməmişdir.

İddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Kommersiya Kollegiyası)  22 noyabr  2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

“Azəri-K” Şirkəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)  şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçinin qənaətinə görə, məhkəmələrin işin hallarına formal yanaşması onun  Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən irəli gələn hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun pozulması ilə nəticələnmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şikayətdə qaldırılmış məsələ Mülki Prosessual Məcəllənin məhkəmə qərarlarından şikayət verilməsi qaydalarını müəyyən edən bir sıra normalarının, o cümlədən həmin Məcəllənin 408.5-ci maddəsinin hüquqi mahiyyətinin və təyinatının Konstitusiyanın 60-cı maddəsi və məhkəmə müdafiəsi hüququ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeləri baxımından açıqlanması zərurətini yaradır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinin xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi qərarına gəlmişdir.

Belə ki, bir sıra hallarda kassasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtib edilməməsi əsası ilə geri qaytarılması ərizəçinin təqsiri olmadan, obyektiv səbəblərdən kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə nəticələnir. Bu isə şəxsin şikayətinin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan bir qayda olaraq məhrum olmasına səbəb olur.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə  müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini  ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları).

Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, Golder Birləşmiş Krallığa qarşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (Ashingdane Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Fayed Birləşmiş Krallığa qarşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır.

Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.

Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində,  qərardadından kassasiya şikayəti isə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilir. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Kassasiya şikayətinin forması və məzmunu ilə bağlı tələblər həmin Məcəllənin 407.1-ci maddəsi ilə tənzimlənir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsi).   

Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin 408.1.1–408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

Normaların məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq  məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki,  bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır.

Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin  Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir.

Kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanların aradan qaldırılması üçün müddətin müəyyən edilməsi bir sıra ölkələrin qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyası Mülki Prosessual Məcəlləsinin 378.2-ci maddəsinə əsasən, kassasiya şikayətinin və ya təqdimatın hərəkətsiz saxlanılması haqqında qərardadda hakim şikayətin hərəkətsiz saxlanılmasının əsaslarını göstərməklə onların aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edir.

Beləliklə, Mülki Prosessual Məcəllənin kassasiya şikayətinin qaytarılmasını tənzimləyən 408.5-ci maddəsinin hazırkı redaksiyası kassasiya şikayəti verən şəxsin məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə tam təminat verə bilmir.

Nəzərə alınmalıdır ki, qanunvericilikdə boşluq hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını özündə ehtiva etməklə, Konstitusiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların həyata keçirilməsində məhdudiyyətlər yarada bilər.

Qeyd edilməldir ki, qanunvericilikdə boşluğun aradan qaldırılması ümumi qaydada məhz normanın qanunverici orqan tərəfindən təkmilləşdirilməsi yolu ilə mümkündür.

Qanunvericilikdə boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya məhkəmə icraatı vasitəsi ilə aradan qaldırıla bilər. (Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarı).

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir.

Oxşar hüquqi mövqe Avropa Məhkəməsinin Sovtransavto Holding Ukraynaya qarşı iş üzrə 2006-cı il 26 may tarixli Qərarında da sərgilənmişdir. Belə ki, həmin Qərara əsasən, Ukrayna Ali İqtisad Məhkəməsi 2 aprel 2002-ci il tarixli qərardadı ilə şikayətə baxılması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədiyi üçün ərizəçinin kassasiya şikayətini mahiyyəti üzrə baxmadan rədd etmiş, 26 aprel 2002-ci il tarixli qərardadı ilə isə ərizəçinin şikayətini onun verilməsi üçün müəyyən edilmiş bir aylıq müddət keçdiyinə görə rədd etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, Ali İqtisad Məhkəməsi formal çatışmazlıqları aradan qaldırdıqdan sonra ərizəçinin yenidən kassasiya şikayəti verə biləcəyini bildirsə də, şikayətin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin buraxılacağından xəbərsiz ola bilməzdi. Lakin o, nə 2 aprel 2002-ci il tarixli qərardadında bu məsələyə toxunmuş, nə də ərizəçiyə kassasiya şikayətinə düzəliş etmək üçün dəqiq müddət müəyyən etmişdir (§ 81).

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, məhkəməyə şikayət verilməsi üçün müddətlərin axımının müvafiq məhkəməyə müraciətin edilməsi ilə dayanması qaydası da istisna edilmir. Belə bir tənzimetmənin də qanunverici orqan tərəfindən müəyyən edilməsi fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnun real təmin edilməsi baxımından məqbul hesab oluna bilər.

İş materiallarından görünür ki, ərizəçinin kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi və sonuncunun bununla bağlı qərardadını qüvvədə saxlayan Ali Məhkəmənin Kommersiya Kollegiyası Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə istinadən kassasiya şikayətini vəkil tərəfindən imzalanmaması və həmin Məcəllənin “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməməsi səbəbindən geri qaytarmışlar.

Ərizəçi qanunvericiliyin tələbinə uyğun olaraq kassasiya şikayətində olan nöqsanları aradan qaldıraraq yenidən ümumi qaydada kassasiya şikayəti vermədən, Konstitusiya Məhkəməsinə şikayət ünvanlayaraq Ali Məhkəmənin Kommersiya Kollegiyasının mübahisələndirilən qərarı ilə Konstitusiya ilə təminat verilən məhkəməyə müraciət hüququnun pozulduğunu iddia etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Azəri-K” Şirkəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu hazırkı iş üzrə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib bilir ki, prosessual qaydalara riayət edilməsi məsələsinə formal yanaşılmamalı və bu Qərarda ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla “Azəri-K” Şirkətinin kassasiya şikayətinə yenidən baxılması məsələsi nəzərdən keçirilməlidir.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları Konstitusiya  və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) ilə müəyyən edilmişdir.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

Əsas Qanunda təsbit edilmiş bu məsələlərlə əlaqədar konstitusiya nəzarətinin həyata keçirilməsinin müəyyən xüsusiyyətləri vardır.

Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2 və 34.3-cü maddələrinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir. Bu qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.

Konstitusiya Məhkəməsinin Plenumu hazırkı iş üzrə xüsusi konstitusiya icraatının gedişində ərizəçinin şikayətini və ona əlavə edilmiş sənədləri ətraflı təhlil edərək belə qənaətə gəlir ki, mübahisələndirilən məhkəmə aktında “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsi ilə nəzərdə tutulmuş kassasiya instansiyası məhkəməsinin qərarının Konstitusiyaya və ya qanunlara, habelə onların konstitusiya hüquqi mənasına uyğun olmayan normativ hüquqi akta əsaslanma halı mövcud deyildir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq  yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

  Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Mülki Prosessual Məcəlləyə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır;

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir;

- Ali Məhkəmənin Kommersiya Kollegiyasının 22 noyabr  2022-ci il tarixli qərarında Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslanma halı aşkar olunmadığına görə həmin qərar Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun hesab edilməlidir.

Ərizəçi “Azəri-K” Şirkətinə izah edilsin ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34, 52, 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq  yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.      

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

2.              Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin I hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir.

3.              Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslanma halı aşkar olunmadığına görə həmin qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun hesab edilsin.

Ərizəçi “Azəri-K” Şirkətinə izah edilsin ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

4.              Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

    

 

Sədr                                                                                        Fərhad Abdullayev