Qərarlar

22.02.24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

22 fevral 2024-cü il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, məhkəmənin icraatında U.Babayevin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərbaycan Dəmir Yolları”  QSC) Yük Daşımalar Departamentinin İmişli Lokomotiv Deposuna (bundan sonra – Depo) qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır.

İşin halları ondan ibarətdir ki, U.Babayev 2013-cü ildən Depoda çilingər vəzifəsində işləmiş, Deponun rəisi tərəfindən imzalanmış əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək müqavilələrinin elektron sistemindən çıxarışda (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi) əmək müqaviləsinə xitam verilərkən işəgötürən qismində “Azərbaycan Dəmir Yolları” QSC göstərilmişdir.

Deponun Əsasnaməsindən görünür ki, Depo “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımalar Departamentinin tabeliyində olan struktur vahididir. Depo hüquqi şəxs deyil və Əsasnaməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri tərəfindən təsdiq edilmişdir.

İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC həmin qətnamədən maraqlarına toxunulan şəxs qismində apellyasiya şikayəti vermiş, dəlillərindən biri iddianın düzgün olmayan cavabdehə qarşı qaldırılması ilə bağlı olmuşdur. Belə ki, iş üzrə cavabdeh qismində qeyd olunmuş Depo “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində fəaliyyət göstərən idarə olmaqla hüquqi şəxs deyil.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin edib iddianı rədd edərkən gəldiyi qənaəti iddiaçının işdən azad olunması barədə əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olması ilə əsaslandırmışdır.

İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 3 iyun 2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işəgötürənin səlahiyyətləri nizamnamə ilə tənzimlənir və həmin səlahiyyətlər müvafiq əmrlə (sərəncam və ya qərarla) işəgötürənin müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edilə bilər. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmri verən Deponun rəisinə bu cür səlahiyyətin verilməsi barədə sübut işdə yoxdur. Buna görə də kassasiya şikayətində irəli sürülmüş “əmri imzalamış şəxsin iddiaya cavab verməli olan tərəf olmaması” barədə dəlil üzrə qəti nəticəyə gəlmək mümkün deyil.

İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə və Mülki Prosessual Məcəllənin 49.1, 50.4 və 54.1-ci maddələrinə istinadən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Deponun Əsasnaməsinə uyğun olaraq Depo rəisinə rəis müavinləri, baş mühəndis və baş mühasib istisna olmaqla, digər işçilərlə əmək müqaviləsi bağlamaq, onu dəyişdirmək və əmək müqaviləsinə xitam vermək səlahiyyəti verilmişdir. Lakin Əsasnamədə, eləcə də hər hansı əlavə əmr və sərəncamda Depoya məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində iştirak etmək səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Odur ki, hazırkı iddia əsl cavabdehə qarşı verilməmişdir.

Həmin qətnamədən verilmiş kassasiya şikayəti ilə bağlı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası müəyyən etmişdir ki, məhkəmə təcrübəsində oxşar mübahisələr üzrə işlərə baxılarkən bir qayda olaraq qeyd olunan normalara istinadla hüquqi şəxsin filial və nümayəndəliklərinin, habelə tabeliyində olan digər struktur vahidlərinin öz adından məhkəmədə tərəf (iddiaçı və ya cavabdeh) ola bilməyəcəyi mövqeyi irəli sürülür.

Bu yanaşmanın tərəfdarlarının fikrinə görə, hüquqi şəxsin filial və nümayəndəliyinin, habelə tabeliyində olan digər struktur vahidlərinin hüquqi şəxs tərəfindən ötürülmüş səlahiyyət əsasında işəgötürən qismində əmək müqaviləsinin müstəqil tərəfi kimi çıxış etməsi onun mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olması anlamına gəlmir və qanunda da bununla bağlı hər hansı xüsusi göstəriş mövcud deyildir.

Belə ki, mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti məhz mülki prosessual qanunvericiliklə tənzimlənən məsələ olmaqla, yalnız hüquqi şəxslərin və qanunda birbaşa nəzərdə tutulmuş hallarda hüquqi şəxs olmayan təşkilatların məhkəmədə tərəf ola biləcəyi nəzərdə tutulmuşdur (Mülki Prosessual Məcəllənin 50.1 və 50.4-cü maddələri).

Digər yanaşma ondan ibarətdir ki, hüquqi şəxsin filial və nümayəndəlikləri, habelə tabeliyində olan digər struktur vahidləri işəgötürən olaraq əmək müqaviləsinin müstəqil tərəfi kimi çıxış etdikləri halda, həmin müqavilədən irəli gələn mübahisələr üzrə məhkəmədə iddiaçı və ya cavabdeh ola bilərlər.

Bu yanaşmanın tərəfdarları mövqelərini Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə istinadla belə əsaslandırırlar ki, həmin maddəyə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Qeyd olunan təşkilatlara əmək qanunvericiliyi ilə əmək hüquq münasibətlərində müstəqil subyekt kimi iştirak etmək səlahiyyətinin verilməsi, məhz həmin münasibətlərdən irəli gələn məhkəmə mübahisələrində bu maddənin tələbi baxımından “qanunda nəzərdə tutulmuş hal” kimi qiymətləndirilə bilər.

Müraciətedən qeyd edir ki, fikir ayrılığının yaranmasının səbəblərindən biri  istinad olunan normada hüquqi şəxs olmayan təşkilatlar dedikdə, konkret olaraq hansı qurumların nəzərdə tutulduğunun aydın şəkildə ifadə olunmaması ilə bağlıdır.

Göstərilənləri nəzərə alaraq müraciətedən sözügedən mübahisələrin düzgün həlli üçün Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsində hüquqi şəxs olmayan təşkilatlar dedikdə kimlərin nəzərdə tutulması, hüquqi şəxsin əmək münasibətlərində tərəf qismində çıxış edən filial və nümayəndəliklərinin, habelə tabeliyində olan digər struktur vahidlərinin həmin münasibətlərdən irəli gələn mübahisələrdə öz adından tərəf ola bilməsinin mümkünlüyü və mümkün olduğu təqdirdə bunun Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinin mənası baxımından “qanunda nəzərdə tutulmuş hallara” aid edilib-edilməməsi məsələlərinə aydınlıq gətirilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş hüquq və azadlıqlarını ən yüksək dəyər olaraq qəbul edərək onların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir.

Konstitusiyanın 26-cı maddəsinin I hissəsində qeyd edilir ki,  hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya ilə təminat altına alınan bu hüquq təkcə fundamental hüquq deyil, həm də digər əsas hüquq və azadlıqların lazımi şəkildə həyata keçirilməsini və qorunmasını təmin edən ən səmərəli vasitələrdən biridir.

Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində öz əksini tapmışdır.

Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda məhkəmə müdafiəsi hüququ insan hüquq və azadlıqlarının ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir və bu hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur.

Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (Ashingdane Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, əsas hüquq və azadlıqların həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirən, hüququ istifadəyə yararsız hala gətirən və ya ümumiyyətlə aradan qaldıran məhdudiyyətlər hüququn mahiyyətinə xələl yetirir. Bu səbəbdən hüquqların müdafiəsinin təmin edilməsi və hüquq pozuntularının aradan qaldırılması ilə bağlı hüquqi qaydalar müəyyən edilərkən ədalət və qanunun aliliyi kimi konstitusiya prinsipləri əsas götürülməlidir.

Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən  48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

Həmin Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir.

Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır.

Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarında  əmək münasibətləri baxımından qeyd etmişdir ki, hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridirlər. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir.

Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir.

Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.

Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.

Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin  müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.

Lakin əmək qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxsin təsdiq etdiyi əsasnamə, habelə verdiyi etibarnamə əsasında hüquqi şəxsin struktur bölmələrinin əmək hüquq münasibətlərinin tərəfi qismində çıxış etmək imkanının olduğu nəzərə alınaraq və belə hallarda əmək hüquq münasibətlərinin faktiki tərəfləri arasında yaranmış mübahisənin daha səmərəli həlli baxımından hüquqi şəxsin struktur bölməsinin təmsilçilik (hüquqi şəxsin təsdiqlədiyi əsasnamə, verdiyi etibarnamə) əsasında məhkəmədə hüquqi şəxsin adından çıxış etməsi məqsədəmüvafiq olardı.

Müraciətdə qaldırılan digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “təşkilat” ifadəsi xüsusi bir hüquqi termin olmamaqla müəyyən sistem daxilində fəaliyyət göstərən, təşkilatlanmış qurumu ifadə edir.

Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.

Göstərilən norma Mülki Prosessual Məcəllənin 50-ci maddəsinin digər normaları ilə sistemli əlaqədə olaraq, hər hansı hüquqi şəxs olmayan təşkilat barəsində yalnız qanunvericilikdə xüsusi göstəriş olduğu təqdirdə onun mülki prosesdə tərəf qismində çıxış etməsini mümkün hesab edir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

2.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                  Fərhad Abdullayev