AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R
I
Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair
31 yanvar 2024-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI və VII hissələrinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2, 32 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, Azərbaycan
Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu, Bakı
Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor A.Qasımovun və həmin kafedranın professoru, hüquq elmləri
doktoru M.Əliyevin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan
Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi)
47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV
və VIII hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin
47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin
hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək
müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Bu norma ümumi qaydadan istisnadır.
Belə ki, əmək qanunvericiliyində müəyyən edilən əmək funksiyasının yerinə
yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə
malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz
bağlanmalıdır.
Sorğuverənin qənaətinə görə, işçi və işəgötürən
faktiki bərabər deyillər. Onların münasibətlərinin hakimiyyət-tabeçilik
xüsusiyyətinə malik olması əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi
prinsipinin təmin edilməsini qeyri-mümkün edir.
Sorğuda Əmək Məcəlləsinin 47-ci maddəsinin
“f” bəndinin müddəalarının işçinin mənafeyinə xidmət etmədiyi, qeyd olunan
normaya əsasən əmək müqaviləsi bağlanarkən yalnız işəgötürənin iradə ifadəsinin
və şərtlərinin əsas götürülməsinin müqavilə üzrə tərəflərin bərabərlik
hüququnun pozulması ilə nəticələndiyi vurğulanmışdır.
Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi
Konstitusiya Məhkəməsinə müraciət edərək Əmək Məcəlləsinin 47-ci maddəsinin “f”
bəndinin Konstitusiyanın 35-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür ki, apellyasiya
instansiyası məhkəməsinin icraatında V.Qurbanovun “Enerjiservistikintitəmirsazlama”
Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin
ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması tələbi ilə bağlı mülki iş
vardır.
V.Qurbanov ərizəsində əmək müqaviləsinə xitam
verilməsinə onun müddətinin qurtarmasının səbəb olmasını göstərmişdir. Halbuki,
əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə
malik olduğu qabaqcadan bəlli olduğundan, onunla müddətli müqavilə bağlana bilməzdi.
Cavabdeh isə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f' bəndinə uyğun olaraq tərəflərin
qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasının mümkünlüyünə əsaslanmışdır.
Müraciətdə əmək qanunvericiliyində bərabərliyin
real təminatı müəyyən edilmədiyinə görə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f”
bəndindəki “hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı
razılığı ilə” ifadəsinin deklarativ xarakter daşıdığı qeyd edilmişdir.
Müraciətedənin fikrinə görə, həmin Məcəllənin
47-ci maddəsinin “f” bəndinin tətbiqinin Dövlət Əmək Müfəttişliyinin rəyinin
alınması ilə şərtləndirilməsi tərəflərin hüquq bərabərliyi prinsipinin real təminatlarından
biri kimi çıxış edə bilərdi.
Hazırkı halda isə təcrübədə işəgötürənlər tərəfindən
Əmək Məcəlləsinin bu normasından sui-istifadə hallarına yol verilir.
Müraciətedənin qənaətinə görə, hüquqi müəyyənlik
prinsipinin tələblərinə riayət olunması məqsədi ilə Əmək Məcəlləsinin 47-ci
maddəsinin “f” bəndinin Konstitusiyanın 35-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsi zərurəti yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı
Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələlərin predmetinin eyni
olmasını nəzərə alaraq, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi”nin 17-ci maddəsinə
uyğun olaraq işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab
etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu və müraciətlə
bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın preambulasında göstərildiyi kimi,
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsini təmin etmək Azərbaycan xalqının təntənəli surətdə bəyan etdiyi
niyyətlərindən biridir.
Konstitusiyanın
25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci
maddəsinin I-IV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər
kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə
bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa
məcbur edilə bilməz.
Həmin maddənin VIII hissəsinə uyğun olaraq, dövlət
işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst
surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun
olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur.
Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində
əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi,
mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,
maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi
ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin
edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit
edilmişdir.
Əmək münasibətləri dedikdə, əmək
qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş
öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən
edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi,
bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə
şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına
riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin,
təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin
prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək
Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst
qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
Konstitusiya Məhkəməsinin
Plenumu Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə
onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin
bağlanılmasının mümkünlüyünü müəyyən edən 47-ci maddəsinin “f” bəndi ilə bağlı aşağıdakıların
qeyd edilməsini vacib bilir.
Əmək qanunvericiliyinə əsasən,
əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya
göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli
olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna
olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək
Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi).
Belə tənzimetmə ilə qanunverici dövlətin
Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin
icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və
ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi
məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş
hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir.
Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə
görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan
bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda
olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci
maddəsi ilə müəyyən olunmuşdur.
Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli
əmək müqaviləsinin bağlanılmasına imkan verən aşağıdakı hallar (əsaslar) nəzərdə
tutulmuşdur:
- işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi,
ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə
nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması
ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının
zəruriyyəti olduqda;
- təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə
görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
- işin həcminin və davamiyyətinin qısamüddətli
olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və
mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər
işlərin görüldüyü hallarda;
- müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının
mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin
mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan
(stajkeçmə, rezidentura dövrləri) hallarda;
- işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı
olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq
yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi
olduğu hallarda;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
- bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində
göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda,
birliklərdə) seçkili vəzifələrə seçilərkən;
- tərəflərin hüquq bərabərliyi prinsipinə əməl
edilməklə onların qarşılıqlı razılığı ilə;
- bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək
müqaviləsi bağlandıqda;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin
bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz
şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə
xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının
qarşılanmasına da imkan verir.
Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın)
nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin
hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir.
Müddətli əmək müqaviləsinə
xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin
1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona
xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla,
müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam
etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri
müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən
olunmuş müddətə uzadılmış hesab olunur.
Müddətli əmək müqaviləsi
fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi
hesab edilir.
Qeyd
edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin
Konstitusiyaya
uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək
müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl
edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir.
Nəzərə alınmalıdır ki, əmək münasibətləri
tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu
münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar
üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının
hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə
qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək
münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq
normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli
gəlir.
Yəni
faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə
daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması
məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq
normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və
2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin
III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20
oktyabr tarixli Qərarı).
Məhz qeyd
olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial
müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının
qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan
verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən
etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə
tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının
sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı
razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci
maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq
bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin
azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair
konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə
çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin
hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və
təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə
məşğul olduğundan, onlar faktiki
cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların
münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud
olur.
Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f”
bəndinin əsas şərti tərəflərin hüquq
bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır.
Burada
əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin
47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının,
tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə
müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən,
işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə
müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə
görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri
subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və
dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının
qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
İşçinin
əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni
mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab
edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə
baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini
müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına,
müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların
təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin
əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və
tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Əmək
Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində
nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi
şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək
müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin
I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab edilməlidir;
- məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə
bağlı işlərə baxarkən müqavilə tərəflərinin
həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan
hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, VII və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 60, 62,
63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində
nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi
şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək
müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab
edilsin.
2.
Məhkəmələr Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun
olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
4.
Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev