Qərarlar

26.12.23 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 

 

26 dekabr 2023-cü il                                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini,  maraqlı subyektlər Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru A.Əliyev və Azərbaycan Diplomatik Akademiyasının və Martin Lüter adına Halle-Vittenberq Universitetinin birgə doktorantura layihəsi çərçivəsində doktorantı N.Rəsulzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında iddiaçı Nadir Səfərovun qardaşı Nəriman Səfərova qarşı analarından miras qalan əmlaka özünün və bacısının məcburi paylarının müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş vardır.

İşin hallarına görə, miras qoyan S.Səfərova 2014-cü il 18 noyabr tarixində vəfat etmişdir. O, 12 iyul 2013-cü il tarixli vəsiyyətnamə ilə Astara şəhəri Qum küçəsi ev 41 ünvanında yerləşən fərdi yaşayış evini, bank əmanətlərini, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını övladı Nəriman Səfərova vəsiyyət etmişdir.

İddiaçı tələbini belə əsaslandırmışdır ki, anasının dəfn mərasiminin təşkilində iştirak etməklə mirası qəbul etdiyini nümayiş etdirmiş, bu səbəbdən miras əmlakda məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina etmişdir.

Cavabdeh iddiaya etiraz edərək anasının dəfn mərasimi ilə bağlı bütün xərcləri təkbaşına ödədiyini, iddiaçının dəfn mərasimində iştirak etmədiyini, anasının ona vəsiyyətnamə qoyduğunu, mirasın yalnız onun tərəfindən qəbul edildiyini bildirməklə,  iddiaçının mirası qəbul etmədiyini vurğulamışdır.

Astara Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, miras əmlaka N.Səfərovun 1/22 hissədə payının müəyyən edilməsi qət edilmişdir. 

Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli Qərarına (bundan sonra – Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarı) istinadən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məcburi payından imtina etmədiyi üçün miras qoyanın 11 nəfər vərəsəsinin olması nəzərə alınmaqla iddiaçının miras kütləsi üzərində 1/22 payı müəyyən edilməlidir.

Cavabdeh N.Səfərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir.

İşə baxan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin mirasın qəbulu və ondan imtina ilə bağlı normaları arasında ziddiyyətli məqamlar olsa da, bu normaların təhlili mirasın qəbulunu və bunun müəyyən müddət ərzində həyata keçirilməli olmasını nəzərdə tutan qaydaların üstünlüyünü deməyə əsas verir. Lakin Mülki Məcəllənin 1301-ci maddəsi yerində olmayan vərəsənin payının ayrılmasını nəzərdə tutmaqla, mirasdan imtina etməyən vərəsənin sanki mirası qəbul etmiş hesab edildiyini ehtiva edir.

Həmçinin, Mülki Məcəllənin “Vərəsənin susması” adlanan 1273-1-ci maddəsi vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, əgər susan vərəsə həmin növbənin yeganə vərəsəsi olarsa, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur.

Göstərilənlərə əsasən sorğuverən belə qənaətə gəlir ki, qanunvericilik bir tərəfdən susan vərəsənin payının ayrılmasını nəzərdə tutsa da, digər tərəfdən susan vərəsənin payının digər vərəsələrə, hətta yeganə vərəsə olduğu halda sonrakı növbə vərəsəyə keçməsini müəyyən etməklə ziddiyyətli məqamlara yol açmışdır. Təcrübədə yaranan anlaşılmazlıqlar bu ziddiyyətlərdən doğmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında məsələ ilə bağlı hüquqi mövqeyini bildirmişdir. Lakin həmin Qərarda öz əksini tapmış hüquqi mövqelərin mirasdan müəyyən edilmiş müddətdə imtina etməyən vərəsənin mirası qəbul etməsi kimi qiymətləndirilməsi nəticəsinə gəlmək üçün tam əsas verib-verməməsi barədə hakimlər arasında fikir ayrılığı mövcuddur. Bu baxımdan Ali Məhkəmə məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli məqsədilə Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasını zəruri hesab etdiyindən, sorğuya konstitusiya məhkəmə icraatı qaydasında baxılması qənaətinə gəlmiş və bununla bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın preambulasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq niyyəti ifadə edilmiş, həmçinin 7-ci maddəsinin I hissəsi ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edilmişdir.

Hüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir.

Hüququn ümumbəşəri prinsiplərinə hörmət etmək hüquq dövləti olmağın tələbidir. Əldə edilmiş hüquqlara hörmət prinsipi də hüququn ümumi prinsiplərinə və qanunun aliliyi anlayışına daxildir. Bu prinsipin əsas məqsədi şəxsin hüquqi təhlükəsizliyini təmin etməkdir.

İnsanların maddi və mənəvi sərvətlərini çəkinmədən inkişaf etdirməsi, fundamental hüquq və azadlıqlardan istifadə edə bilməsi yalnız hüquqi təhlükəsizliyin və qanunun aliliyinin təmin olunduğu cəmiyyətdə mümkündür.

Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).

Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. 

Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin III hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. 

Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan  vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.

Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir.

Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur.

Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir:

- müdaxilənin hüquqi əsası olmalıdır;

- müdaxilə ictimai maraqlara cavab verməlidir;

- müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır.

Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz.

Sorğuda qaldırılan digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.

Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.  

Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.

Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina  etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur.

Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.

Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir.

Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir.

Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla  qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. 

Yuxarıda göstərilənləri və Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması barədə 147-ci maddəsinin II hissəsinin tələbini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-        Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir;

-        Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla  təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

-        mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III, IX və X hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3.              Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

4.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5.  Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                 Fərhad Abdullayev