Qərarlar

18.12.23 AR MM 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 19-cu mad. III his. AR Konstitusiyasının 61-ci mad. və AR MM 16.1 və 560.2-ci mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

 

18 dekabr 2023-cü il                                                                                                          Bakı şəhəri

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Biləsuvar Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Biləsuvar Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Biləsuvar Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)  6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun) 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 61-ci maddəsi və Mülki Məcəllənin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin icraatında P.Məmmədovun N.Bədirov və R.Bədirova qarşı hüquqi yardımın göstərilməsinə dair müqavilə üzrə ödənilməmiş 6 000 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iş vardır.

İddia onunla əsaslandırılmışdır ki, Ç.Ağarzayeva N.Bədirova qarşı fərdi yaşayış evinin sökülməsi və torpağın boşaldılması haqqında iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Mübahisəli torpaq sahəsi ilə əlaqədar hüquqlarının müdafiəsi məqsədi ilə N.Bədirov və vəkil P.Məmmədov arasında hüquqi yardımın göstərilməsi haqqında 8 avqust 2018-ci il tarixli müqavilə bağlanmış və müqavilədə vəkilə ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra onlar bələdiyyə qərarının və torpağın alğı-satqısına dair aktın etibarsız hesab edilməsinə dair iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsələr də, iddia təmin edilməmişdir.

Daha sonra P.Məmmədov N.Bədirovun vəkili və nümayəndəsi kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, bununla əlaqədar tərəflər arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 6 may 2019-cu il tarixində 1 saylı Əlavə imzalanmış və həmin Əlavədə hüquqi yardım müqabilində ödəniləcək qonorarın miqdarı “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1678/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə 6 000 manat məbləğində”, ödənilməsi müddəti isə “iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində” müəyyən edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 noyabr 2019-cu il tarixli qətnaməsi ilə N.Bədirovun apellyasiya şikayəti təmin edilərək iddia tələbi rədd edildiyindən, P.Məmmədov N.Bədirov və R.Bədirovdan müqavilə üzrə nəzərdə tutulmuş 6 000 manat məbləğində haqqın ödənilməsini tələb etsə də, cavabdehlər müqavilənin şərtlərini yerinə yetirməkdən boyun qaçırmışlar. Cavabdehlər bildirmişdir ki, mübahisəli torpaq sahəsinin və orada inşa edilmiş tikilinin faktiki bazar dəyəri təxminən 15 000 manat olmuşdur ki, həmin torpaq sahəsi ilə bağlı mülki iş üzrə yalnız bir instansiya məhkəməsində hüquqi yardım göstərilməsinə görə vəkilə 6 000 manat məbləğində pul vəsaitinin ödənilməsi onların maraqları ilə uzlaşmır.

P.Məmmədovun iddiası üzrə mülki işə baxılarkən Biləsuvar Rayon Məhkəməsi hüquqi yardım göstərilməsi haqqında müqavilələr üzrə müqavilə azadlığı prinsipinin hədlərinin, hüquqi yardıma görə haqqın və ya mükafatın ödənilib-ödənilməməsinin məhkəmənin konkret iş üzrə gəldiyi nəticə ilə şərtləndirilməsinin hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusiya hüququna uyğun olub-olmaması, habelə müqavilələr üzrə işin uğurlu həllinə (nəticəsinə) görə əlavə haqqın ödənilməsinin nəzərdə tutulmasının, eləcə də haqqın həddinin hansı hallarda hüquqdan sui-istifadə kimi təfsir edilə biləcəyinin müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik normalarının əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır və funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.

Konstitusiya Məhkəməsi Plenumunun cinayət, mülki və digər məhkəmə icraatları zamanı müdafiə hüququ və hüquqi yardım almaq hüququ ilə bağlı formalaşmış mövqelərinə görə, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar).

Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmişdir.

Həmin Qanunun 5-ci maddəsinin II hissəsinə görə, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinə müvafiq olaraq, vəkil peşə fəaliyyətini həyata keçirərkən və hüquqi yardım göstərərkən müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etmək və müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi daşıyır.

Vəkilin ədalət mühakiməsində iştirakı hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya müvafiq olaraq vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinin III və IV hissələri).

Göründüyü kimi, qanunvericilik vəkilin yardımından istifadə edən şəxs və müvafiq qurum (və ya fərdi qaydada fəaliyyət göstərən vəkil) arasında hüquqi yardımın göstərilməsi ilə bağlı münasibətlərin mülki-hüquqi müqavilə ilə tənzimlənməsini müəyyən etmişdir.

Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir (məsələn, iddianın və ya şikayətin təmin edilməsi).

Qeyd edilməlidir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər.

Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

Beləliklə, Mülki Məcəllənin 6.2 və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun Mülki Məcəllə ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur.

 Hüquqi yardım göstərilməsi barədə müqavilə üzrə haqqın ödənilməsi ilə bağlı bir sıra məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə müvafiq olaraq, vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.

Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsinin III hissəsi).

Göründüyü kimi, müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür.

Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir.

Nəzərə alınmalıdır ki, vəkillər peşə biliklərindən irəli gələrək işin hüquqi hallarını və uğurlu həll perspektivini qiymətləndirmək imkanına malik olsalar da, hüquqi yardımla bağlı müraciət edən şəxslərdə, bir qayda olaraq, belə bir imkan yoxdur. Bu səbəbdən həmin şəxslər üçün vəkilə ödənilən haqqın işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən mükafat şəklində ödənilməsi daha əlverişli olur. Həmçinin şərtli mükafatla bağlı müddəaların mövcudluğu vəkilə ödəniş etmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə ixtisaslı hüquqi yardım əldə etməyə əlavə imkanlar yaradır.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər.

Konstitusiya Məhkəməsinin Plenumu göstərməyi vacib bilir ki, vəkilə ödənilən haqqın işin nəticəsindən asılı olmasına əsaslanan “pactum de quota litis” anlayışı (ödənişin işin uğurlu həllinə bağlı olması) qədim Roma hüququndan gələn və Avropa ölkələrində istifadə edilən anlayışdır.

Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası tərəfindən qəbul olunmuş “Avropa vəkillərinin davranış Məcəlləsi”nin 3.3.2-ci maddəsində verilən anlayışa görə  “Pactum de quota litis” dedikdə, vəkillə müştərisi arasında işin yekun həllinədək bağlanmış müqavilə başa düşülür. Bu cür müqaviləyə əsasən, müştəri vəkilinə işin yekununa uyğun olaraq müəyyən pay (faiz) ödəməyi üzərinə götürür. Həmin pay pul və ya hər hansı mənfəət formasında ola bilər.

Həmin Məcəllənin 3.3.1-ci maddəsində isə qeyd olunur ki, vəkil “pactum de quota litis” bağlaya bilməz.

Həmin Məcəlləyə dair İzahedici Memorandumda bu məhdudiyyətlə bağlı izah verilərək göstərilmişdir ki, həmin müddəalar spekulyativ məhkəmə icraatını təşviq etdiyinə və sui-istifadəyə açıq olduğuna görə, şərtli ödənişlərlə (pactum de quota litis) bağlı müvafiq qaydada tənzimlənməyən müqavilələrin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə zidd olduğu barədə ümumi mövqeyi əks etdirir. Bununla belə, bu müddəalar işin nəticələrinə görə və ya yalnız iş uğurla nəticələndiyi halda, vəkillərə ödənişlərin edilməsi ilə bağlı sazişlərin qarşısını almağa yönəlməmişdir, bu şərtlə ki, həmin razılaşmalar müştərinin qorunması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından kifayət qədər tənzimlənir və nəzarət altındadır.

Rusiya Federasiyası Federal Vəkillər Palatası Şurasının 4 fevral 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillə müştəri arasında müqaviləyə hüquqi yardımın göstərilməsinin nəticəsindən asılı olaraq mükafat şərtinin daxil edilməsi Qaydaları”na əsasən müqavilə bağlanarkən vəkil haqqını ödəyə bilməyən şəxslərin ixtisaslı hüquqi yardım almaqla bağlı konstitusiya hüququnu təmin etmək məqsədilə qanuna və həmin Qaydalara zidd olmayan hallarda müqaviləyə şərtli ödəniş müddəası daxil edilə bilər. Cinayət işi və ya inzibati xəta haqqında iş üzrə hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə şərtli ödəniş haqqında müddəa daxil edilməsinə yol verilmir.

Almaniya Federativ Respublikasında bir qayda olaraq “pactum de quota litis” razılaşmasına icazə verilməsə də, bu qaydadan müəyyən istisnalar vardır. Belə ki, “quota litis” yalnız o halda razılaşdırıla bilər ki, müştəri ağlabatan mülahizə əsasında iqtisadi vəziyyətinə görə belə bir razılaşma olmadan məhkəmə icraatına başlamaqdan çəkinsin. Razılaşdırıla bilər ki, uğursuzluq halında heç bir mükafat ödənilməsin, yaxud qanunla müəyyən edilmiş haqdan daha az məbləğ ödənilsin, uğur əldə edildiyi təqdirdə isə qanunla müəyyən edilmiş haqqa müvafiq əlavə ödənilsin (Vəkil haqlarına dair Qanunun 4a bölməsi).

Amerika Birləşmiş Ştatları Vəkillər Assosiasiyasının qəbul etdiyi Peşəkar Davranış Modeli Qaydaları ilə vəkil haqqının məbləğinin məqsədəuyğunluğu müəyyən edilərkən nəzərə alınmalı olan amillər, həmçinin nikahın pozulması, aliment, cinayət işləri ilə bağlı vəkillərə şərtli ödənişin edilməsinə məhdudiyyətlər təsbit olunmuşdur.

Böyük Britaniyada qəbul olunmuş 1990-cı il tarixli Məhkəmələr və Hüquq Xidmətləri Aktında isə (Courts and Legal Services Act 1990) şərtli ödəniş müqaviləsində göstərilməli olan şərtlər müəyyənləşdirilməklə ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr, həmçinin cinayət işləri ilə bağlı şərtli ödənişə dair məhdudiyyətlər nəzərdə tutulmuşdur.

Eyni zamanda şərtli ödənişin yuxarı həddinin məhdudlaşdırılması ilə bağlı təcrübələrə də rast gəlinir. Məsələn, Türkiyə Respublikasında vəkil haqqının qazanılan iddia məbləğinin iyirmi beş faizindən çox olmaması (Vəkillik haqqında Qanunun 164-cü maddəsi), Çexiya Respublikasında işin nəticəsindən asılı olaraq müəyyən edilmiş haqqın iddia məbləğinin 25 faizindən çox olduğu halda ağlabatan hesab edilməməsi (Vəkillərin Davranış Məcəlləsinin 10-cu maddəsi (5)) müəyyən olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulayır ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə əlavə haqqın (mükafatın) ödənilməsi ilə bağlı müddəaların müqavilədə müəyyən edilməsi yolverilən olsa da, bu, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz.

Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır.

Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62).

Mülki hüququn qeyd edilən prinsiplərini nəzərə almaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə (bundan sonra – Əsasnamə) vicdanlı davranışla bağlı tələb təsbit olunmuş, vəkilin öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməli olması, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borclu olması öz əksini tapmışdır. Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının tələblərinə riayət etmək isə qanunvericiliyə müvafiq olaraq hər bir vəkilin vəzifəsi kimi müəyyən edilmişdir (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsi).

Göstərilənlər baxımından Mülki Məcəllənin 339.1-ci maddəsinə uyğun olaraq, hüquqi yardım göstərən şəxsin müraciət edənin ağır vəziyyətə düşməsindən sui-istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz ödəniş şərtləri ilə müqavilə bağlamağa nail olması, ağır şərtli əqd olaraq etibarsız hesab edilə bilər.

Bu məsələ vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərə, həmçinin məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərə münasibətdə xüsusilə aktuallıq təşkil etməklə onların Konstitusiyanın 61-ci maddəsinin I hissəsindən irəli gələn hüquqlarının və hüquqi yardıma əlçatanlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ özündə hüquqi yardımın əlçatan olmasını və belə hüququn həyata keçirilməsi üçün şəxslərin real imkanlara malik olmasını da ehtiva edir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir.

Nəzərə alınmalıdır ki, vəkillə onun müştərisi arasında yaranan münasibətlər yalnız kommersiya xarakterli sayıla bilməz. Hüquqi yardım haqqında müqavilə müəyyən qədər publik (ictimai) xüsusiyyətlidir və vəkilin peşə vəzifəsinin icrası ilə birbaşa əlaqəlidir. Vəkillik fəaliyyətinin peşəkar səviyyədə təmin edilməsi və insanlara peşəkar hüquqi yardımın göstərilməsi dövlətlərin pozitiv öhdəlikləri ilə sıx bağlıdır. Odur ki, hüquqi yardımla bağlı xidmətlərin mütənasib şəkildə tənzimlənməsi cəmiyyətin bütün təbəqələrinin öz hüquqlarının səmərəli müdafiəsi üçün davamlı əsas yaratmış olar.

Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işin uğurlu nəticəsinə görə iddia predmetinin dəyərinin önəmli bir hissəsinin tərəfin ağır vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində mükafat olaraq razılaşdırılması hallarından çəkinilməlidir.

Qeyd edilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı zəruri hesab edir ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsinin nəzərdə tutulmasının sui-istifadəyə səbəb olacağı halların konkret olaraq dairəsini müəyyən etmək mümkün deyil. Bu, tapşırığın xarakterindən, tapşırılan işin mürəkkəbliyindən, ödənişin miqdarından və işin digər faktiki hallarından asılı olaraq qiymətləndirilməli olan meyardır. Bu səbəbdən hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

Həmçinin müraciətdə qaldırılan işin uğurlu nəticəsinə görə mükafatın hansı həddinin hüquqdan sui-istifadə kimi təfsir edilə biləcəyi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bildirir ki, vəkillərə işin nəticəsinə görə mükafat ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, hədlərinin müəyyənləşdirilməsi, belə mükafatların tətbiq edilmədiyi məhkəmə mübahisələrinin dairəsinin müəyyən edilməsi Konstitusiyanın 94 və 95-ci maddələrinin müddəaları baxımından qanunvericinin diskresion səlahiyyətlərinə aiddir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müvafiq əsasların və qaydaların müəyyən edilməsi hüquqi yardım üçün müraciət edən şəxslərin sui-istifadə hallarından müdafiə olunmasına, həmçinin müqavilə azadlığı ilə hüquqi yardıma əlçatanlıq hüququ arasında tarazlığın təmin edilməsinə xidmət etmiş olar.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi yardım göstərən şəxslərə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi şərtlərinin və hədlərinin qanunverici orqan tərəfindən müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməklə və bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi məqsədəmüvafiq olardı.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 61-ci maddəsinin tələbləri, Mülki Məcəllənin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir;

- Mülki Məcəllənin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

3.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                      Fərhad Abdullayev