Qərarlar

14.12.06 «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi Plenumunun 14/02/03-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 

Q Ə R A R I 

«Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 

14 dekabr 2006-cı il                                                                                   Bakı şəhəri 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan  ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçinin nümayəndəsi «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin hüquq Departamentinin direktoru M.Əliyevin,

cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında  «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il   tarixli  qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi M.Əliyevin, cavabverənin nümayəndəsi A.Kalbalıyevin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N   E T D İ : 

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad məhkəməsinin 28 iyun 2001-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Magistral Neft Kəmərləri İstehsalat Birliyinin  «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra «Aqrarkredit» QSC Kredit Təşkilatı) və Birləşmiş Universal Səhmdar Bankına (bundan sonra BUSBank) qarşı 612.000.000 manat məbləğin tutulmasına dair iddiası rədd edilmişdir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 25 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin «Aqrarkredit» QSC Kredit Təşkilatının hesabına ödənilməsi qət  edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İMDİÜMK) 27 dekabr 2001-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmə Plenumunun 14 fevral 2003-cü il tarixli qərarı ilə Ali Məhkəmə İMDİÜMK-nın yuxarıda göstərilən qərarı dəyişdirilmiş, BUSBankın (hazırda «Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti) hesabından 612.000.000 manat məbləğində əsas borcun tutulub Magistral Neft Kəmərləri İstehsalat Birliyinin xeyrinə ödənilməsi qərara alınmış, «Aqrarkredit» QSC Kredit Təşkilatına qarşı iddia isə rədd edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə «Kapital Bank» ASC göstərmişdir ki, Ali Məhkəmə Plenumunun adı çəkilən qərarı ilə onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində nəzərdə tututlmuş hüquqları pozulmuşdur.

Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin Plenumu prosessual qanunvericiliyin tələblərini pozaraq işə kassasiya instansiyası  məhkəməsinin qərarından bir ildən artıq müddət keçdikdən sonra baxmış,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 s saylı sərəncamını düzgün şərh etməmiş, qərarında heç bir normativ-hüquqi akta əsaslanmadan təsis payını sağlam aktivlərə aid etməklə düzgün nəticəyə  gəlməmişdir. Ərizəçi qeyd edir ki, keçmiş Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının Nizamnamə kapitalında olan Magistral Neft Kəmərləri İstehsalat Birliyinin 612.000.000 manat məbləğində təsis payı 27 iyul 2000-ci il tarixli təhvil aktına əsasən Aqrar Sənaye Bankına təhvil verildiyindən, həmin məbləğ bu Bankın hesabından  tutulmalıdır.

Ərizəçi həmçinin bildirmişdir ki, Ali Məhkəmə Plenumunun mübahisələndirilən qərarının icrası Ali Məhkəmənin məktubu ilə müddətsiz dayandırılmış, yalnız 2006-cı ilin iyun ayında İqtisad Məhkəməsi tərəfindən 612.000.000 manat məbləğin «Kapital Bank» ASC-dan tutulması barədə icra vərəqəsi verildikdən sonra həmin qərarın icraya yönəldildiyini bilmişdir. Hüquqlarının bərpası məqsədilə o, yeni açılmış hallar üzrə ərizə ilə Ali Məhkəməyə, daha sonra isə şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətin mahiyyəti ilə bağlı araşdırmadan əvvəl aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir.

İşin materiallarından və konstitusiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, qanunvericilikdə Ali Məhkəmənin Plenumu tərəfindən çıxarılmış qərarın icrasının Ali Məhkəmənin özü tərəfindən dayandırılması nəzərdə tutulmadığı halda Ali Məhkəmə 27 may 2003-cü il tarixli, 8m-3/2003 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Ali  Məhkəməsi Plenumunun bu işlə əlaqədar qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Məktubun surəti BUSBanka («Kapital Bank» ASC) da göndərilmişdir.

Məktuba əsasən Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən qərarı 2006-cı ilin iyun ayına qədər icra olunmamış və yalnız 13 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikasının İqtisad Məhkəməsi tərəfindən 612.000.000 manat məbləğində təsis payının məcburi surətdə BUSBankdan («Kapital Bank» ASC) tutulması barədə icra vərəqəsi verilmişdir.

«Kapital Bank»  ASC hüquqlarının pozulmasını aşkar  şəkildə görərək yeni açılmış hallar üzrə ərizə ilə Ali Məhkəməyə  müraciət  etmiş, lakin Ali Məhkəmə rəhbərliyinin 31 oktyabr 2006-cı il tarixli məktubu ilə icranın dayandırılması ilə bağlı yuxarıda göstərilən hallara münasibət bildirilmədən ərizəçinin nəzərinə çatdırmışdır ki, ərizənin dəlilləri qanunun tələblərinə uyğun olmadığına, habelə qanunvericilikdə müəyyən olunmuş müddət ötdüyünə görə şikayətin Ali Məhkəmə Plenumunun müzakirəsinə verilməsi mümkün deyildir.

Bundan sonra ərizəçi Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmişdir.

Konstitusiya şikayətinin mahiyyətinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu  aşağıdakıları qeyd edir.

İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, Dövlət Neft Şirkəti Magistral Neft Kəmərləri İstehsalat Birliyi Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının təsisçilərindən biri olmuş, müxtəlif vaxtlarda bankın Nizamnamə fonduna cəmi 612.000.000 manat vəsait köçürmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 s nömrəli  sərəncamı ilə Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye, Səhmdar İnvestisiya və Əmanət Banklarının sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına səhmlərin 100 %  dövlətə məxsus BUSBank yaradılmış, həmin sərəncamın 4-cü bəndi ilə Dövlət Əmlak Nazirliyinə, Maliyyə Nazirliyinə və Milli Banka tapşırılmışdır ki, hər üç bankın problemli borclarının və öhdəliklərinin idarə olunmasını məhdud lisenziya ilə fəaliyyət göstərəcək Aqrar-Sənaye Bankının bazasında təşkil etsinlər.

Nazirlər Kabinetinin 1 aprel 2001-ci il tarixli 65 s nömrəli sərəncamı ilə  21 fevral 2000-ci il tarixli 40 s nömrəli  sərəncamın 4-cü bəndinə uyğun olaraq Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının təşkilati-hüquqi forması saxlanılmaqla «Aqrarkredit» QSC  Kredit Təşkilatı kimi fəaliyyət göstərməsi barədə Maliyyə Nazirliyinin, Dövlət Əmlak Nazirliyinin və Milli Bankın razılaşdırılmış təklifləri qəbul edilmiş və onun Nizamnaməsi dövlət qeydiyyatından keçirilmişdir.

Magistral Neft Kəmərləri İstehsalat Birliyi isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birləşmiş Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının Nizamnamə fonduna keçirdiyi 612.000.000 manatın «Aqrarkredit» QSC Kredit Təşkilatından və BUSBankdan tutulmasını xahiş etmişdir.

Məhkəmələr mübahisəni yuxarıda göstərilən qaydada həll etmişlər.

Apellyasiya, sonradan isə kassasiya instansiyası məhkəmələri Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 s saylı sərəncamının 4-cü bəndinə istinad edərək, Magistral Neft Kəmərləri İstehsalat Birliyinin müxtəlif vaxtlarda Sənaye İnvestisiya Bankına ödəmiş olduğu 612.000.000 manat məbləğində təsis payını «problemli borc» hesab etmiş və həmin məbləği «Aqrarkredit» QSC Kredit Təşkilatının ödəməli olduğu nəticəsinə gəlmişdir.

Ali Məhkəmənin Plenumu heç bir normativ-hüquqi akta əsaslanmadan isə belə nəticəyə gəlmişdir ki, «problemli borc» dedikdə bankların borcu yox, banklara olan borclar başa düşülməli, həm də təsis payının geri götürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində «Borc» fəsli ilə deyil, «Hüquqi şəxslər» fəsli ilə tənzimləndiyinə görə pay tələbi borc hesab edilə bilməz. Magistral Neft Kəmərləri İstehsalat Birliyinə məxsus olan pay sağlam aktivlərə aid olduğundan, həmin pul məbləği BUSBankdan tutulub Birliyə köçürülməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Plenumunun gəldiyi nəticə iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallara və qanunvericiliyin tələblərinə uyğun deyildir.

Konstitusiya Məhkəməsinin Plenumu təsis payının işlək (sağlam) və ya  qeyri-işlək aktiv və passivlərə aid edilməsi məsələsini aydınlaşdırmaq məqsədilə «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin hüquq Departamentinin nümayəndəsini iş üzrə mütəxəssis qismində cəlb etmişdir.

Mütəxəssisin rəyində göstərilmişdir ki, təcrübədə işlək (sağlam) aktiv və passivlər dedikdə, faktiki dövriyyədə olan vəsaitlər, o cümlədən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 150% Dövlət daxili istiqrazları, anbarda olan mal materiallar, müxbir hesabı, yeni əsas vəsaitlər (bina, mebel və avadanlıqlar, kompyüter və rabitə, nəqliyyat vəsaitləri), işçilərin əmək haqları, yerli büdcəyə ödənilməli vergilər, dövlət və yerli fondlara ödəmələr başa düşülür.

Qeyri-işlək aktiv və passivlər dedikdə isə Baş idarə ilə hesablaşmalar, səhmlərin yenidən qiymətləndirilməsi, əsas vəsaitlərin köhnəlməsi (bina, mebel və avadanlıq, kompyüter və rabitə, nəqliyyat vasitələri), Milli Bankdan alınmış kredit, Bankların vəsaitləri üzrə faiz borcu, səhmlər, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi fondları, keçmiş illərin mənfəəti (itkiləri), hesabat ilinin zərəri başa düşülür.

Mülki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki,  təsis payları (səhmlər) passiv hesab edildiyi üçün qeyri-sağlam aktiv və passivlərin təhvil verilməsi barədə tərtib edilmiş 27 iyul 2000-ci il tarixli akta daxil edilərək Aqrar-Sənaye Bankına, sağlam aktiv  və passivlər isə BUSBanka təhvil verilmişdir. Eyni zamanda BUSBankın 2000-ci il iyul ayı üzrə tərtib edilmiş balansının müvafiq sütununda da həmin məbləğ passiv hissədə göstərilmişdir.

Qeyd edilməlidir ki, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra əvvəlki MM) 122-ci maddəsində də nizamnamə kapitalının məhz müəssisə balansının passivlərinə aid edilməsi dəqiq əks olunmuşdur.

Bundan əlavə, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 9 iyun 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş (protokol № 22) «Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər»inə (50-ci sinif-Nizamnamə kapitalı, 501-ci qrup-Kredit təşkilatlarının nizamnamə kapitalı, 5011-ci hesab-adi səhmlər «Passiv» qrafası) uyğun olaraq səhmlər (təsis payı) bankların balanslarının aktivində deyil, passivində göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Ali Məhkəmənin Plenumu işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına hüquqi qiymət verərkən Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 s saylı sərəncamının 4-cü bəndini düzgün şərh etməmiş, tətbiq edilməli olan əvvəlki MM-nin 122-ci maddəsini və Milli Bankın İdarə Heyətinin 9 iyun 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər»i (50-ci sinif - Nizamnamə kapitalı, 501-ci qrup - Kredit təşkilatlarının nizamnamə kapitalı, 5011-ci hesab – adi səhmlər «Passiv» qrafası) tətbiq etmədiyindən yanlış nəticəyə gəlmişdir. Göstərilən  hallar isə BUSBankın («Kapital Bank» ASC) Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ərizəçi tərəfindən mübahisələndirilən Ali Məhkəmə Plenumunun 14 fevral 2003-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Plenumu 

Q Ə R A R A  A L D I :

 1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Magistral Neft Kəmərləri İstehsalat Birliyinin «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına və Birləşmiş Universal Səhmdar Bankına qarşı  612.000.000 manat məbləğin tutulması iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarı  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar elan olunduğu  andan qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 Sədrlik edən                                                                     Fərhad Abdullayev