AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin,
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü
hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair
17 iyul
2023-cü il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva
(məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və
882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin
3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı
subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının professoru, hüquq
elmləri doktoru M.Dəmirçiyevanın və Əmək və ekologiya hüququ kafedrasının
müdiri, professor, hüquq elmləri doktoru A.Qasımovun rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –
Mülki Məcəllə) 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək
Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 2-ci maddəsinin 3-cü hissəsinin
(əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin
yolverilməzliyi) həmin Məcəllənin 202 və 203-cü maddələri ilə əlaqəli şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə qeyd olunur ki, “Bonus Market” Məhdud Məsuliyyətli
Cəmiyyəti (bundan sonra – “Bonus Market” MMC) E.Balakişiyevə qarşı pul tələbi
barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 8000 manat məbləğində
əsas borc və 1440 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9440 manat
məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş
etmişdir.
İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bonus
Market” MMC ilə E.Balakişiyev arasında 11 yanvar 2022-ci il tarixli
mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 sentyabr
2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək E.Balakişiyevdən
8100 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi qət edilmiş, iddia
qalan hissədə təmin edilməmişdir.
Birinci instansiya məhkəməsi mövqeyini onunla
əsaslandırmışdır ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin
882-ci maddəsi təşkil edir və cavabdeh iddiaçıya borcunun olmadığını sübut edə
bilməmişdir.
Cavabdehin apellyasiya şikayəti üzrə işə baxılarkən
məsələyə dair fərqli mövqelərin olduğu müəyyən edilmişdir. Mübahisə doğuran və
məhkəmə təcrübəsində fərqli yanaşmalara səbəb olan məsələ əmək münasibətlərində
mülki hüquqi müqavilənin bağlanmasının mümkünlüyü, əmək münasibətləri
çərçivəsində işçi tərəfindən işəgötürənə dəymiş ziyanın “Borcun etirafı
haqqında mücərrəd müqavilə”nin bağlanması yolu ilə təsdiq oluna bilməsi və bu
zaman zərərin mövcudluğunun kim tərəfindən sübut edilməli olması ilə
əlaqədardır.
Belə ki, mövcud yanaşmalardan birinə görə, əmək
münasibətləri zamanı yaranan zərərlə bağlı borcun etirafı haqqında mücərrəd
müqavilənin bağlanması müqavilə azadlığı prinsipindən irəli gəlir və borc verən
borcun necə yarandığını sübut etməkdən azaddır. Digər yanaşmaya əsasən, əmək
münasibətləri müstəvisində vurulan zərərə dair mülki əqdin bağlanması əmək
qanunvericiliyinə ziddir. Başqa bir mövqe ondan ibarətdir ki, əmək
münasibətləri zamanı yaranan zərərlə bağlı mülki hüquqi müqavilə - borcun
etirafı mücərrəd müqaviləsinin bağlanması mümkündür, lakin borc verən zərərin necə
yarandığını əmək qanunvericiliyinin tələbləri baxımından rəsmiləşdirməli və
sübut etməlidir.
Müraciətedənin qənaətinə görə, belə fərqli mövqelərin
mövcudluğu vahid məhkəmə təcrübəsinin yaranmasına, hüquq normalarının
tətbiqinin proqnozlaşdırılan olmasına və hüquqi müəyyənlik prinsipinin
realizəsinə xələl gətirir. Odur ki, mübahisəli məqamlara aydınlıq gətirilməsi
və vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün məsələ ilə əlaqədar
Konstitusiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı
aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının,
Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin
edilməsinin dövlətin ali məqsədi olması Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsində
təsbit edilmişdir. Əsas Qanunun 16-cı maddəsinin I hissəsinə
görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının
yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına
qalır.
Konstitusiyanın 35-ci maddəsinə əsasən, əmək fərdi və
ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst
surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik
qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı
miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının əmək qanunvericiliyi
sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından,
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi
normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir (Əmək Məcəlləsinin 1-ci maddəsi).
Mülki Məcəllənin 2.3-cü maddəsinə müvafiq olaraq,
ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin
mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər
ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa
hüquqi aktlar ilə tənzimlənir.
Maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik
əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər.
Qeyd edilməlidir ki, əmək hüququ xüsusi hüququn bir
sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı
mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir.
Belə ki, əmək münasibətlərinin prinsipləri, işçilərin
əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi,
əməyin mühafizə edilməsi qaydaları, məşğulluq məsələləri və s. dövlət
tərəfindən tənzimlənir. Əmək Məcəlləsinin 14-cü maddəsi ilə əmək
münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri də
qanunverici tərəfindən müəyyən edilmişdir.
Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq
bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək
hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək
münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik
xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən
iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq
edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn
təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir.
Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli
vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif
tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və
sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən
qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən
edilir.
Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə
əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini,
habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında
həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə
uyğun olaraq, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv
müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə
qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə
qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək
funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam
qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin,
təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin
prinsiplərinə əsaslanan münasibətlərdir.
Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində əmək
hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi
müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir.
Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki
hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək
münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar
bütün mərhələlərinə eyni dərəcədə şamil edilir.
Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən
bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin
münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi
müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi).
Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci
hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179
və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda,
belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə
bilməz.
Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç)
bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq
əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir.
Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin
qarşılıqlı maddi məsuliyyəti” adlanan VIII bölməsinin normaları işçinin
işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə
vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir.
Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət
əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək
müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd
hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada
və həddə ödəmək vəzifəsini nəzərdə tutur.
Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi
məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və
onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən
fərqlənir.
Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki
(həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə
tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir
qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi
məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir,
habelə əldən çıxmış fayda da ödənilə bilər və s.
Ümumiyyətlə, əmək qanunvericiliyində maddi
məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər
əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu
halda vurulan zərər tam həcmdə ödənilir).
Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə
tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin
195-ci maddəsinə əsasən tam xarakter daşıyır.
Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə
görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi
öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu
Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı
maddi məsuliyyət daşıyırlar.
Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək
münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən
birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında
deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və
vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi
müqavilənin bağlanması tələb olunmur.
Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə
uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin
birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə
maddi məsuliyyəti yaranır:
a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;
b) təqsirkarın əməli, yəni hərəkəti və ya
hərəkətsizliyi qanuna zidd olduqda;
c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi
arasında səbəbli əlaqə olduqda.
İşəgötürənin və işçinin qarşılıqlı maddi
məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda
mövcud olması zəruridir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə
tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən
şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və
birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları
yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı
maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq
olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin
məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə
göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib
hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c”
bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin
1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu
maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli
Qərar).
Qanunverici həmçinin təqsirin sübuta yetirilmə
vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək
Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi
ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda
təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
Beləliklə, işəgötürənin və işçinin birinin digərinə
vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü
tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia
etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın
məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.
Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu
Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün
digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı
məbləğinədək maddi məsuliyyət daşıyır.
Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə
görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu
ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır:
a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş
əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi
bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri
ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında
işəgötürənlə yazılı müqavilə bağlandıqda;
b) işçi əmlakı və digər sərvətləri birdəfəlik
etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında
işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
c) inzibati xətalar, yaxud cinayət, habelə
vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya
hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən
korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan
vurduqda;
d) alkoqol, toksik (zəhərli), psixotrop
maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan
vurulduqda;
e) işəgötürənin kommersiya sirrini yaydıqda;
ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və
ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli
iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl
gətirmiş mənəvi ziyan vurulduqda.
İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin
etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin
qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi)
arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış
olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini
yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği
işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri
(sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi
məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq
əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda
işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı
olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə
müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri).
Beləliklə, işçi əmək münasibətləri prosesində
işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi
ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan
məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək
münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən
ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər.
Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci
hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam
verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi
zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə
vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq
göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam
tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından
işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə
tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki,
Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan
məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi
barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması
qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər
bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri
prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər
sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa
əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər
göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması
barədə yazılı müqavilə bağlaya bilər.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Əmək Məcəlləsinin
2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Mülki
Məcəllənin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin
işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı
haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq,
işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun
etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin
194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam
verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən
həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə
tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə
bilər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev