Qərarlar

05.06.06 2006-cı il mayın 13-də keçirilmiş 9 saylı Binəqədi 2-i, 31 saylı Suraxanı 2-i seçki dairələri üzrə AR Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

2006-cı il mayın 13-də keçirilmiş 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar,

103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair

5  iyun 2006-cı il                                                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  F.Abdullayev (sədrlik edən), S.Salmanova (məruzəçi-hakim), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan   ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini S.Qasımova, katibi N.Məmmədov, üzvləri F.Cavadov, R.İbrahimov, V.Kazımova, Q.Orucov, T.Həsənov, A.Tağıyev, İ.Məmmədov, N.Nadirov, T.Cəfərova və R. İsmayılovun,

mütəxəssislər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş Azərbaycan Respublikasının  Milli Məclisinə 10 seçki dairəsi üzrə 2006-cı ilin mayın 13-də keçirilmiş təkrar seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.

Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun və sədr müavini S.Qasımovanın, mütəxəssis U.Həmidovanın arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu        

M Ü Ə Y Y Ə N  E T D İ:

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə uyğun olaraq 2005-ci il noyabrın 6-da üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə  seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il tarixli,  44/202 saylı qərarı ilə 42 saylı Sumqayıt ikinci; 8 noyabr 2005-ci il tarixli, 44/203 saylı qərarı ilə 9 saylı Binəqədi ikinci; 12 noyabr 2005-ci il tarixli, 47/211 saylı qərarı ilə 110 saylı  Zaqatala; 15 noyabr 2005-ci il tarixli, 48/212 saylı qərarı ilə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairələri üzrə seçkilərin nəticələri etibarsız hesab edilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş  31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 119 saylı Ağdam kənd seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilməmişdir.

«Bəzi seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin təyin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2005-ci il tarixli, 1134 saylı Sərəncamına əsasən 2006-cı il mayın 13-də yuxarıda göstərilən 10 seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə,  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.1-ci və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54.3-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki komissiyalarının protokollarını (onlara əlavə edilən sənədlərlə birlikdə) 27 may 2006-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Həmin protokol ilə  aşağıdakılar müəyyən olunmuşdur:

1) seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 392033;

2) səsvermədə iştirak edən seçicilərin sayı - 141559;

3) dairə seçki komissiyalarının sayı - 10;

4) Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi  üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı - 10;

5) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı - 0;

6) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 4;

7) deputat seçilmiş namizədlərin sayı - 10.

Beləliklə, təkrar seçkilər üzrə səsvermənin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolundan göründüyü kimi, səsvermənin nəticələri etibarlı hesab edilmiş 10 seçki dairəsi üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin tələblərinə əsasən Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmiş, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Apellyasiya Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 31 may 2006-cı il tarixli, 02/1-395 saylı məktubuna görə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar 10 seçki dairəsini əhatə edən respublikanın rayon (şəhər) məhkəmələri tərəfindən seçicilərin seçki siyahısına daxil olunması ilə bağlı 1745 ərizəyə baxılmış, onlardan 1740 ərizə təmin edilmiş, 5 ərizə isə rədd edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə  ünvanladığı 2 iyun 2006-cı il tarixli, 5D-66/06 saylı məktubunda Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin keçirilməsi ilə bağlı seçki hüquqlarının pozulduğu güman edilən  hərəkət (hərəkətsizlikdən) və qərarlardan həmin məhkəmənin icraatına 17 şikayət daxil olmuşdur. Bunlardan 11 şikayət  namizədliyin ləğvi, bir şikayət seçkilərin nəticələrinin ləğvi və 5 şikayət Mərkəzi Seçki Komissiyasının qərarları ilə əlaqədar olmuşdur. Şikayətlərin hamısına baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2006-cı il tarixli, 2-385 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar kassasiya qaydasında baxılması üçün 8 mülki iş daxil olmuş, həmin işlər üzrə şikayətlər namizədliyin qeydə alınmasının, dairə seçki komissiyalarının nəticələrinin ləğv edilməsi və digər tələblərlə əlaqədar olmuşdur.

Baxılmış işlər üzrə apellyasiya instansiyası məhkəməsinin 7 qətnaməsi dəyişdirilmədən saxlanılmış, bir qərardad isə ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Azərbaycan Respublikası Prokurorluğunun 31 may 2006-cı il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və müvafiq dairə seçki komissiyalarından, habelə vətəndaşlar tərəfindən prokurorluq orqanlarına 20 müraciət daxil olmuşdur.

Araşdırma nəticəsində 4 müraciət üzrə cinayət işinin başlanması rədd edilmiş, 2 cinayət işi, o cümlədən 31 saylı  Suraxanı ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd barəsində xuliqanlığa görə, həmin dairənin 15 saylı seçki məntəqəsində seçki komissiyasının qanuni fəaliyyətinə müdaxilə etdiyinə görə bir sıra şəxs barəsində cinayət işləri başlanılmışdır. Vətəndaşların 14 müraciəti isə aiddiyyəti üzrə göndərilmişdir.

Mütəxəssis qismində cəlb olunmuş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarının arayışından göründüyü kimi, təkrar seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş 10 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğundur.

Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş təkrar seçkilər üzrə 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı  ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd dairə seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1. 2006-cı il mayın 13-də keçirilmiş:

·  9 saylı Binəqədi ikinci,

·  31 saylı Suraxanı ikinci,

·  38 saylı Nizami ikinci (Gəncə),

·  42 saylı Sumqayıt ikinci,

·  44 saylı Sumqayıt-Abşeron,

·  69 saylı Cəlilabad-Masallı-Biləsuvar,

·  103 saylı Gədəbəy,

·  106 saylı Tovuz-Qazax-Ağstafa,

·  110 saylı Zaqatala,

·  119 saylı Ağdam kənd seçki dairələri üzrə üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu andan qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  Sədrlik edən                                                                     Fərhad Abdullayev