AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
26 aprel 2023-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin şikayətini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Caspian Hotel və
Turizm” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Caspian Hotel və Turizm”
MMC) M.Şükürov, A.Şükürlü, “Pallant Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
(bundan sonra – “Pallant Group” MMC) və 24 saylı Notariat Kontoruna qarşı
M.Şükürov ilə bağlanmış 2 iyun 2017-ci il (sadə yazılı), 4 iyun və 12 sentyabr
2017-ci il tarixli müqavilələrin ləğv edilməsi, 12 sentyabr 2017-ci il tarixli
müqavilənin (sadə yazılı) qismən etibarsız hesab edilməklə icarəyə verən kimi
“Pallant Group" MMC-nin tanınması, “Pallant Group" MMC-nin xüsusi
mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarə obyekti kimi istismara hazır vəziyyətdə
təhvil verilməsi, M.Şükürov və A.Şükürlüdən müştərək qaydada 12 sentyabr
2017-ci il tarixli icarə müqaviləsi (sadə yazılı) üzrə öhdəliyi pozduqlarına
görə dəymiş ziyanın, təmir-bərpa işlərinə görə ödənilmiş 360 000 manat pul məbləğinin
tutularaq ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
İddia onunla əsaslandırılmışdır
ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən
verilmiş 14 iyun 2006-cı il tarixli Çıxarışa əsasən M.Şükürovun xüsusi
mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu B.Səfəroğlu küçəsi 123 ünvanında
yerləşən qeyri-yaşayış sahəsini otel kimi icarəyə götürmək məqsədilə sonuncu ilə
müxtəlif tarixlərdə dörd icarə müqaviləsi bağlamışdır.
12 sentyabr 2017-ci
il tarixli icarə müqaviləsinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi
üçün 20 oktyabr 2017-ci il tarixindən otel təhvil verilənədək (6 ay müddətinə) “Caspian Hotel və Turizm”
MMC hər ay M.Şükürova pul verməyi öz üzərinə götürmüşdür (ödənişləri
sonradan icarə haqqından çıxmaq şərtilə). “Caspian Hotel və Turizm” MMC tərəfindən M.Şükürov və A.Şükürlüyə qəbzlərlə
təsdiq olunmaqla 360 000 manat pul ödənilmişdir.
Qeyd olunan müqavilələr
bağlandıqdan sonra icarəyə verənlər icarə obyektini “Pallant Group" MMC-yə
satmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29
noyabr 2017-ci il tarixli Çıxarış verilmişdir. Bu əsasla “Caspian Hotel və
Turizm” MMC məhkəməyə müraciət edərkən bağlanmış icarə müqavilələrinin faktiki
tərəfi “Pallant Group” MMC olduğundan 12 sentyabr 2017-ci il tarixli icarə
müqaviləsini qismən etibarsız hesab etməklə tərəf kimi sonuncunun tanınmasını
xahiş etmişdir. Bununla yanaşı iddia ərizəsində icarəyə verənlər tərəfindən
icarə müqavilələri üzrə heç bir öhdəliyin yerinə yetirilməməsi nəticəsində əhəmiyyətli
pozuntuya yol verildiyi də göstərilmişdir.
Bundan sonra, M.Şükürov “Caspian Hotel və Turizm” MMC-yə qarşı qarşılıqlı
iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir-bərpa işlərinin
aparılmasının sürətləndirilməsinə görə ödənilməli olan pul vəsaitinin ödənilməməsi,
yəni müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə əldən çıxmış
faydanın, icarəçinin hərəkətsizliyi nəticəsində müqavilələrə vaxtından əvvəl
xitam verilməsi səbəbi ilə cərimənin, mənəvi ziyanın əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş
etmişdir.
Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan
müqavilələr və tərəflər arasında əldə olunan 25 may 2018-ci il tarixli şifahi
razılaşma üzrə icarəçi aylıq ödənişləri tam və vaxtında icra etməmişdir. Belə
ki, “Caspian Hotel və Turizm” MMC tərəfindən təmir-bərpa işlərinin sürətləndirilməsi
məqsədilə nəzərdə tutulan məbləğ hər ay ardıcıl olaraq ödənilməmiş, həmin pul vəsaiti
yalnız 2017-ci ilin sentyabr və dekabr, 2018-ci ilin isə may və iyun ayları
üçün ödənilmişdir. Eyni zamanda, “Caspian Hotel və Turizm” MMC-nin təsisçisi
"para makbuzu" adlanan sənədə əsasən 20 may 2018-ci il tarixindən 20
avqust 2018-ci il tarixinədək razılaşdırılmış pul vəsaitini ödəməyi üzərinə
götürsə də, hər hansı ödəniş etməmişdir. Odur ki, “Caspian Hotel və Turizm” MMC tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin
yerinə yetirilməməsi həmin qeyri-yaşayış binasının təmir-bərpa işlərinin
vaxtında bitməməsi ilə nəticələnmişdir.
Bakı şəhəri Yasamal
Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il
tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək 12 sentyabr 2017-ci il
tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş pul vəsaitinin M.Şükürovdan alınaraq
“Caspian Hotel və Turizm” MMC-yə ödənilməsi, eləcə də qarşılıqlı iddia qismən təmin
edilərək 4 iyun və 12 sentyabr 2017-ci il tarixli müqavilələr üzrə müəyyən
edilmiş cərimənin “Caspian Hotel və Turizm” MMC-dən tutularaq M.Şükürova ödənilməsi, tərəflər arasında
bağlanmış 2 iyun və 4 iyun 2017-ci il tarixli və 12 sentyabr 2017-ci il tarixli
iki icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, hər iki iddianın qalan
hissələrdə təmin edilməməsi qət edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 oktyabr 2020-ci il tarixli qətnaməsi
ilə M.Şükürovun apellyasiya şikayəti təmin edilməmiş,
“Caspian Hotel və Turizm” MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək
birinci instansiya məhkəməsinin qətnaməsi “Caspian Hotel və Turizm” MMC-dən
M.Şükürovun xeyrinə tutulmalı olan cərimə məbləğinin müəyyən edilməsi hissəsində
dəyişdirilərək cərimənin məbləği azaldılmışdır. Birinci instansiya məhkəməsinin
qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehdən bir-birinin xeyrinə
tutulmalı olan məbləğlərin əvəzləşdirilməsi və son nəticədə iddiaçıdan müvafiq
pul məbləğinin tutularaq cavabdehə verilməsi qət edilmişdir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 13 aprel 2021-ci il
tarixli qərarı ilə “Caspian Hotel və Turizm” MMC-nin
və M.Şükürovun kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin
məhkəməyə qaytarılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 2 noyabr 2021-ci il tarixli qətnaməsi ilə “Caspian Hotel və
Turizm” MMC-nin və M.Şükürovun apellyasiya şikayətləri qismən təmin edilərək
birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə
çıxarılaraq “Caspian Hotel və Turizm” MMC-nin iddia tələbinin qismən təmin
olunması, 12 sentyabr 2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə
görə ödənilmiş 360 000 manat məbləğində pul vəsaitinin cavabdehdən
alınaraq iddiaçıya ödənilməsi, cavabdeh M.Şükürovun qarşılıqlı iddia tələbinin
təmin olunmaması qət edilmişdir.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarı ilə M.Şükürovun kassasiya
şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
M.Şükürov Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 iyul 2022-ci
il tarixli qərarının qismən - 12 sentyabr 2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa
işlərinə görə ödənilmiş pul vəsaitinin “Caspian Hotel və Turizm” MMC-nin xeyrinə
tutulması hissəsində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
417-ci maddəsinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini
xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər
kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət
hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib
olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).
Konstitusiyanın
15-ci maddəsinin II hissəsinə müvafiq olaraq, Azərbaycan dövləti bazar münasibətləri
əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad
sahibkarlığa təminat verir.
Əsas Qanunun 59-cu
maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst
istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti
və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola
bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət
maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni
həyata keçirir.
Konstitusiyada nəzərdə
tutulmuş bu təminatların, hüquq və azadlıqların realizəsinə, mülki dövriyyə sahəsində
münasibətlərin tənzimlənməsinə istiqamətlənmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) ilk maddəsində də Məcəllənin məqsədinin üçüncü şəxslərin
hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının
bərabərliyi əsasında təmin etmək olduğu bəyan edilmişdir.
Məhz Əsas
Qanunun göstərilən müddəalarına uyğun olaraq mülki qanunvericilikdə mülki
münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi,
mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən
olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi).
Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci
maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr
bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə
nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin
əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli
və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli
və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin
razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin
razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün
qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd
kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa,
əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin
formasına dair şərtlər.
Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb
olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından
fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin
nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin
qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə
bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə
münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən
irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə
2020-ci il 1 dekabr tarixli Qərarı).
Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı
onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında
müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə
müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə
ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri
və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallarından göründüyü kimi, 2 iyun və 4 iyun
2017-ci il tarixlərində bağlanmış icarə müqavilələrinə əsasən, icarəyə verən
xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini otel kimi icarəyə verməyi öhdəsinə
götürmüşdür. Həmin müqaviləyə görə, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə
icarəçinin hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu, yaxud icarəçi
vaxtından əvvəl bu müqaviləyə xitam verdiyi hallarda o, icarəyə verənə cərimə
ödəməyi öhdəsinə götürmüşdür.
Məhkəmələr tərəfindən,
həmçinin müəyyən edilmişdir ki, hər iki tərəf müqavilə bağlayarkən qeyd olunan
ünvanda 16 mərtəbəli qeyri-yaşayış sahəsinin otel kimi istifadə edilməsi üçün
icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər.
Bakı şəhəri Yasamal
Rayon Məhkəməsi icarə müqaviləsi, o cümlədən müqavilə öhdəlikləri və müqavilənin
ləğv edilməsi ilə bağlı maddi hüquq normalarına istinad edərək ilkin və
qarşılıqlı iddia tələblərinin icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi
hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı icarə müqaviləsi üzrə
ödənişləri vaxtında və ardıcıl qaydada aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə
pozmuşdur. Odur ki, müqavilələrin vaxtından əvvəl ləğv yolu ilə xitamı mümkündür.
İlkin iddia tələbini
icarə obyektinin istismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsində
təmin etməyən məhkəmə mövqeyini tərəflər arasında münasibətləri tənzimləyən
müqavilələrin artıq ləğv edilməsi ilə əsaslandırmışdır.
Birinci instansiya məhkəməsi
ilkin iddia tələbinin 12 sentyabr 2017-ci il tarixli sadə yazılı müqavilənin
qismən etibarsız hesab edilməklə icarəyə verən kimi “Pallant Group” MMC-nin
tanınması hissəsi ilə bağlı isə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı iddia
tələbinin əsası kimi icarə müqaviləsi bağlanan zaman qeyri-yaşayış
binasının mülkiyyətçisinin “Pallant Group” MMC olduğuna istinad etsə də,
14 iyun 2006-cı il tarixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binasının
mülkiyyətçisinin M.Şükürov olduğu müəyyən edilmişdir.
İlkin iddianın
M.Şükürov və A.Şükürlüdən müştərək qaydada 12 sentyabr 2017-ci il tarixli sadə
yazılı icarə müqaviləsinin pozulmasına görə dəymiş ziyanın ödənilməsi hissəsi
ilə bağlı isə məhkəmə hesab etmişdir ki, iddiaçı dəymiş ziyanın nədən ibarət
olması və hansı əsaslara görə yaranmasını təsdiq edən hər hansı sübut təqdim
etməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyası 2 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə M.Şükürovun
apellyasiya şikayətinin təmin edilməməsini, “Caspian Hotel və Turizm” MMC-nin
apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin
qətnaməsinin M.Şükürovun xeyrinə tutulmalı olan cərimə məbləğinin müəyyən edilməsi
hissəsində dəyişdirilməsini qət etmişdir.
Apellyasiya
instansiyası məhkəməsi “Caspian Hotel və Turizm” MMC-nin 360 000 manat pul vəsaitinin
M.Şükürovdan tutulması barədə iddiasını əsaslı sayaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 12 sentyabr
2017-ci il tarixli müqavilələr vaxtından əvvəl ləğv olunduğu üçün təmir-bərpa
işlərinə görə ödənilmiş pul vəsaitinin iddiaçıya qaytarılmaması Mülki Məcəllənin
1091.2-ci maddəsində göstərilən “sonradan aradan qalxmış əsas” kimi əsassız
varlanmaya səbəb olar bilər.
Ali Məhkəmənin Mülki
Kollegiyası isə 13 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası
məhkəməsinin qətnaməsini ləğv edib işə yenidən baxılması üçün həmin məhkəməyə
göndərərkən icarə obyektinin M.Şükürova məxsus olan əmlak olub-olmamasının,
sonuncunun həmin obyekti icarəyə verməyə səlahiyyəti olub-olmamasının
araşdırılmasına dair göstəriş vermişdir.
Kassasiya
instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin həlli, ilk növbədə, tərəflər
arasında bağlanmış müqavilələrin etibarlı olmasından asılıdır. Belə ki, yalnız
müqavilələrin etibarlılığı təsdiq olunduğu təqdirdə müqavilədən irəli gələn öhdəliklərin
kimin tərəfindən pozulması halına hüquqi qiymət verilə bilər.
Bununla yanaşı, məhkəmə
yekunda müqavilələrə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, tərəflər
arasında bağlanmış icarə müqavilələri əhəmiyyətsiz əqd olaraq hüquq və öhdəliklər
yaratmadığından, həmin müqavilələrin şərtlərini rəhbər tutaraq cərimə məbləğinin
hesablanması və ya müqavilə öhdəliyinin pozulması halının yoxlanılması düzgün
olmamışdır.
İşə təkrar baxan Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2 noyabr 2021-ci il tarixli qətnaməsində
kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət edərək tərəflər
arasında bağlanmış icarə müqavilələrinin etibarsız olması qənaətinə gəlmişdir. Məhkəmə
mövqeyini onunla əsaslandırmışdır ki, müqavilələrdə icarə obyekti olaraq göstərilmiş
M.Şükürova məxsus birmərtəbəli qeyri-yaşayış sahəsi icarə müqaviləsi
bağlanandan xeyli müddət əvvəl məhv olunmuş, yəni qeyd olunan əmlak
mövcud olmamış və həmin müqavilələrdə “İcarə haqqında” Azərbaycan Respublikası
Qanununa əsasən müəyyən edilməli olan əsas şərtlər barədə qeyd əksini
tapmamışdır.
Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun
bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə
iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə
ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə
baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli,
tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən
edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız
iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə
edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar,
tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə
alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və
N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
O da nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə icarə müqaviləsinin
etibarlı olması üçün müqavilə bağlanarkən icarə obyektinin mövcudluğu, icarəyə
verənin mülkiyyətində olması kimi şərtlər nəzərdə tutulmamışdır. Eləcə də, qeyd
olunduğu kimi, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından görünür
ki, müqavilə bağlanan zaman hər iki tərəfə icarə obyektinin müqavilədə göstərildiyi kimi 50 kv.m sahəsi olan qeyri-yaşayış binası
olduğu deyil, məhz 16 mərtəbəli bina olduğu məlum olmuşdur. Lakin məhkəmələr tərəfindən
əqdlərin etibarsızlığı və məzmununun təfsiri ilə bağlı qanunvericiliyin
normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri nəzərə
alınmayaraq icarə müqavilələri etibarsız hesab edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi
vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin
etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin
etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya
Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6,
346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci
il 2 aprel tarixli Qərarı).
Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab
edilir.
Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri”
tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə
olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə
öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara
sonradan istinad etməsini istisna edir.
Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə
güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda
əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip
beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi.
Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək
hüququna malik deyildir:
·
həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin
etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun
mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin
yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə
bilər;
·
müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların
olduğunu bildiyi halda.
Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda
da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini
vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs
onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə,
bununla o, mübahisə etmək hüququnu itirir.
Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından,
müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə
etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik
olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi
(icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu
yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir.
Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün
olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə
etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd
bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək
hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə
etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul
edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq
normalarına zidd olmasın.
Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin
yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə,
habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas
üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).
Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına
pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və
güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan
sui-istifadə olaraq müəyyən edilmişdir.
Məhz bu səbəbdən əqdin
etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab
edilməsindən Mülki Məcəllənin 560-cı
maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını
irəli sürmək vicdanlılıq və estoppel
prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
Hazırkı iş üzrə isə məhkəmələr tərəfindən müəyyən
edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqdlər tərəflərin arzu etdikləri
hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində
imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və
vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın
olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində
davranışları və təqdim etdikləri sübutlarla (ödənişlərə dair qəbzlər) müəyyən
olunur.
Belə ki, məhkəmələrin müəyyən etdiyi hallardan
göründüyü kimi, tərəflər arasında 2017-ci ilin iyun və sentyabr aylarında
müqavilələr bağlanarkən “Caspian Hotel və Turizm” MMC-yə artıq icarəyə
götürməsinə razılaşdığı qeyri-yaşayış sahəsinin birmərtəbəli tikili deyil, yeni
tikilmiş çoxmərtəbəli binanın (567 kv.m) olması məlum idi.
Məhz bu faktın icarəyə götürənə bəlli olması
əsasında binanın otel təyinatı üzrə təmir edilməsinin sürətləndirilməsi
məqsədilə tərəflər 2017-ci ilin sentyabr ayından 2018-ci ilin 20 aprel
tarixinədək razılaşdırılmış pul vəsaitinin aylıq şəkildə ödənilməsinə dair
razılıq əldə etmişlər.
“Caspian Hotel və Turizm” MMC də öz növbəsində
müqavilə şərtini icra edərək hər ay müxtəlif məbləğlərdə 2018-ci ilin may
ayınadək mübahisələndirilən pul vəsaitini ödədiyini təsdiq və etiraf
etmişdir.
Digər tərəfdən,
“Caspian Hotel və Turizm” MMC-nin iddia tələbinin 12 sentyabr 2017-ci il
tarixli müqavilənin dəyişdirilərək, icarəyə verən qismində M.Şükürovun deyil,
binanın mülkiyyətçisi kimi “Pallant Group” MMC-nin tanınmasına dair qətnamə
çıxarılmasını tələb etməsi iddiaçının müqavilənin tamamilə etibarsız hesab
edilməsi niyyətində deyil, əksinə, icarə obyektinin reyestrdə qeydə alınmış
yeni mülkiyyətçisi olan “Pallant Group”
MMC-nin müqavilə tərəfi kimi tanınması və icarə münasibətlərinin məhz sonuncu
ilə davam etdirilməsi istəyinə dəlalət edir.
Lakin məhkəmələr icarə müqavilələrinin etibarsız
olması nəticəsinə gələrkən, müqavilə tərəflərinin müqavilə bağlananadək mövcud
münasibətlərini (danışıqlarının məzmunu), bağlanmış müqavilə üzrə tərəflərin öz
öhdəliklərinin icrasına başlamasını və müəyyən müddət davam etdirməsini,
“Caspian Hotel və Turizm” MMC-nin tələblərindən birinin icarə müqaviləsi üzrə
məhz əmlakın yeni mülkiyyətçisi “Pallant Group” MMC-nin icarəyə verən qismində
tanınması ilə bağlı olmasını nəzərə almamışlar.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, haqdan (subyektiv hüquqdan) bu cür, onun
məqsədi və təyinatı ilə bağlı olmayan
şəkildə istifadə edilməsi (əgər həqiqətən müqavilələrin etibarsızlığı
müəyyən olunarsa) haqdan sui-istifadə və estoppel prinsipinin pozulması kimi
qiymətləndirilə bilər.
Məhkəmələr tərəfindən o
da diqqətə alınmamışdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı
vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata
keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın
tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,
öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər
və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər
tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər
müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və
müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin
icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Beləliklə, işə baxan məhkəmələr iddiaçının öz
öhdəliyini yerinə yetirməməsi, bununla da tərəflər arasındakı mübahisənin bu
əsasla yaranması və məntiqi davamı olaraq əqdin etibarsız hesab edilməsindən
sui-istifadə edilməsinə düzgün hüquqi qiymət verməyərək yuxarıda qeyd olunan
maddi hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı
ifadə etdiyi hüquqi mövqelərinə uyğun olmayan nəticəyə gəlmişlər.
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını
və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki
Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə işə şikayət həddində baxır və kassasiya
şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə
görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə
və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində
göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq
olunmamış hesab edilir.
Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının
pozulmasına lazımi diqqət yetirməyərək, həmin Məhkəmənin 2 noyabr 2021-ci il
tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416,
418.1 və 418.2-ci maddələrinin tələblərinə uyğun olmayan qərar qəbul etmiş,
nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş
hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, “Caspian Hotel və Turizm” MMC-nin M.Şükürov
və digərlərinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə
Ali Məhkəmənin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarı
M.Şükürovdan “Caspian Hotel və Turizm” MMC-nin xeyrinə yalnız 12 sentyabr
2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş pul
vəsaitinin tutulması hissəsində Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki
Prosessual Məcəllənin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab
edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Caspian Hotel və Turizm” Məhdud Məsuliyyətli
Cəmiyyətinin M.Şükürov və digərlərinə qarşı vurulmuş zərərin əvəzinin
ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarı M.Şükürovdan “Caspian Hotel və
Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə yalnız 12 sentyabr 2017-ci il
tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş pul vəsaitinin
tutulması hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı
maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1
və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra
edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yenidən baxılsın.
2. Qərar
dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad Abdullayev