AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair
19 aprel 2023-cü
il Bakı
şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya
Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İqtisadi qanunvericilik şöbəsinin mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının və Azərbaycan Banklar Assosiasiyasının mütəxəssis mülahizələrini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 36.1, 36.2, 37.1 və
38.1-ci maddələrinin və “Notariat haqqında” Azərbaycan
Respublikası Qanununun 76-cı maddəsinin altıncı hissəsinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan
sonra – Mülki Məcəllə) 269.1, 269.5, 453, 460.1 və 1306.1-ci maddələri
ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür ki, “Expressbank” Açıq Səhmdar Cəmiyyəti Ə.Həsənovaya qarşı iddia ərizəsi ilə məhkəməyə
müraciət edərək, borcalan İ.Həsənov ilə bağlanmış kredit müqavilələri üzrə
yaranmış borca görə tutulmanın ipoteka qoyan Ə.Həsənovaya məxsus fərdi yaşayış
evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi,
ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən puldan cəmi 4
264,73 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, ipoteka
predmeti hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.
İddia
onunla əsaslandırılmışdır ki, 6 may 2015-ci il tarixində bağlanmış kredit
müqavilələri əsasında İ.Həsənova kredit verilmişdir. Borcalanın öhdəliklərinin
icrasını təmin etmək məqsədilə Ə.Həsənovanın mülkiyyətində olan fərdi yaşayış
evi eyni tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. Borcalan 31
avqust 2017-ci il tarixində vəfat etmiş və həmin tarixdən başlayaraq kredit
müqaviləsinin şərtləri pozulmuş, kreditin əsas məbləğinin və ona hesablanmış
faizlərin ödənilməsi gecikdirilmişdir.
Bakı
şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə
iddia tələbi təmin edilməmişdir.
Həmin
qətnamədən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində
baxılarkən, əsas borcluya, yaxud onun vərəsələrinə qarşı tələb irəli sürülmədən
ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan
iddiaların təmin edilib-edilməməli olması ilə bağlı məhkəmə praktikasında müxtəlif
yanaşmaların olduğu müəyyən edilmişdir.
Mövcud yanaşmalardan
birinə görə, Mülki Məcəllənin 453-cü maddəsinə uyğun olaraq, əsas borcluya,
yaxud əsas borclu öldüyü halda onun vərəsələrinə qarşı borc tələbi irəli sürülmədən
(əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda) birbaşa ipoteka
qoyana qarşı qaldırılan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə
iddianın təmin olunması, ipoteka öhdəliyinin əsas öhdəliyə münasibətdə əlavə
(aksessor) öhdəlik olması xüsusiyyəti baxımından mümkün deyildir.
Digər yanaşmaya
görə isə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün “İpoteka haqqında”
Qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməsi kifayətdir və qanunvericilik əsas
borcluya (yaxud onun vərəsələrinə) qarşı borcun ödənilməsi tələbi irəli
sürmədən, birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi
barədə iddia qaldırmaq imkanını verir.
Bu
mövqe tərəfdarları “İpoteka haqqında” Qanunun 34, 36.1-36.4 və
37.1-ci maddələrinə istinadən qeyd edirlər ki, ipoteka predmetinə
tutmanın yönəldilməsi ilə bağlı qanun xüsusi prosedur müəyyən etmişdir və bu
prosedur ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi üçün, ilk
növbədə, əsas borcluya qarşı tələb irəli sürülməli olduğunu nəzərdə tutmur.
Göstərilənlərə
əsasən müraciətedən mülki məhkəmə icraatının səmərəliliyinin təmin edilməsi və
vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə göstərilən
qanunvericilik normalarının şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib
hesab edir.
Kredit
müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə
pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin
qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
Mülki
Məcəllənin 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən
kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının
saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə
tutulan digər üsullarla təmin edilə bilər.
Mülki
Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin
maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın
əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya
başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya
hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka
obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin
icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
“İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov
(ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur.
İpoteka müqavilə üzrə əmələ
gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin
icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi
reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka
qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra
etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara
nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir.
Qeyd
olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin
icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan
ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin
bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin
pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün
bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin
mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor
müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o
cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda,
sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır.
İpotekanın xitamı əsasları isə “İpoteka haqqında”
Qanunun 48-ci maddəsində
nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam
verilir:
- ipoteka saxlayan və ipoteka qoyan bu barədə
razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti
satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda.
Göründüyü
kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla
qanunvericilikdə dəqiq müəyyən edilmişdir. “İpoteka
haqqında” Qanunun 48-ci maddəsində borclunun
ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından,
borclunun ölümü ipoteka müqaviləsinə
münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas
öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.
Bu
həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka
saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi
və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil
olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin
üstün qaydada təmin edilməsi imkanını tanıyır.
Borclunun
ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış
müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət
edən institutlardan biri də vərəsəlik institutudur.
Mülki
Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın
öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin
(miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal
hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
Mülki
Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan
icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.
Mülki
Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan
və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri
miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət
daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya
fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi
günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci
maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti
sayılır.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və
1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun
tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn
vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən
icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit
müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər
miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
Beləliklə,
göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras
qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras
qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət
daşıyırlar.
Borclunun
ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka
qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü
ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə
də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri
üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin
icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas
öhdəliyi icra etmədikdə və ya lazımınca
icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka
qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.
Mülki
Məcəllənin 427.1 və 427.3-cü maddələrinə uyğun olaraq, əgər öhdəliyin icrası
müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz,
lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası
gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə
imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra
edilməlidir.
Göründüyü
kimi, öhdəliyin icra günü borclunun onu icra etməməsi öhdəliyin pozulmasına səbəb
olur. Məhz bu gündən (əsas müqavilə üzrə öhdəliyin pozulduğu gündən) etibarən
kreditorun tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi tələbini
irəli sürməsi mümkündür.
Nəzərə
alınmalıdır ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat
vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,
ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də, həmin
Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın
ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka
saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna
malikdir.
Həmçinin
ipoteka münasibətləri sahəsində xüsusi qanunvericilik aktı olan “İpoteka
haqqında” Qanunun 34.1-ci maddəsinə müvafiq olaraq, ipoteka saxlayanın ipoteka
predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar
aşağıdakılardır:
· əsas öhdəliyin,
yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə
gecikdirilməsi;
· ipoteka müqaviləsində
nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş
verməsi;
· bu Qanunda nəzərdə
tutulmuş digər hallarda.
Göründüyü
kimi, əsas öhdəliyin tamamilə və ya onun bir hissəsinin icrasının 90 təqvim
günü ərzində icra edilməməsi ilə kreditor ipoteka saxlayan olaraq tutmanın ipoteka
predmetinə yönəldilməsi barədə iddia qaldırmaq hüququ əldə edir.
Beləliklə,
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kreditorun borcun ipoteka
predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü
halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini
icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi
halda ipoteka
qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin
icrası barədə tələb irəli sürülə bilər.
Vərəsələrin
məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə
vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin
1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini
alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu
kimi tam ödəməyə borcludurlar.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra
mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində
miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar;
-
Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələrinə
uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında
vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik
pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia
qaldıra bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun
ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan
miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
2. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə
borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka
predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev