AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair
11 aprel 2023-cü
il Bakı
şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya
Məhkəməsinin
müraciəti əsasında Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş üzrə
hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya
Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial
qanunvericilik şöbəsinin mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının
professoru, hüquq elmləri doktoru A.Qasımovun rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan
sonra – Əmək Məcəlləsi) 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə qeyd olunur ki, Ə.Həsənov “PROLINE” Məhdud Məsuliyyətli Cəmiyyətinə
(bundan sonra – “PROLINE” MMC) qarşı son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi
tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək
haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə, vurulmuş mənəvi zərərə
və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq cavabdehdən
tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı
şəhəri Yasamal Rayon Məhkəməsinin 3 avqust 2022-ci il tarixli qətnaməsi ilə
iddia qismən təmin edilmiş, “PROLINE” MMC-dən 12 404,34 manat məbləğində pulun tutularaq Ə.Həsənova ödənilməsi
qət edilmişdir.
“PROLINE”
MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin
172-ci maddəsinin 5-ci hissəsinə istinadən bir faiz məbləğində ödəncin
tutulmasının qət edilməsinin qeyri-qanuni olduğunu, həmin normanın hazırkı
mübahisəyə tətbiq edilməməli olduğunu göstərmişdir.
Bakı
Apellyasiya Məhkəməsində işə baxılarkən Əmək Məcəlləsinin 172-ci maddəsinin
5-ci hissəsinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində müxtəlif yanaşmaların
olduğu müəyyən edilmişdir.
Yanaşmalardan
birinə görə, məhkəmənin icraatında analoji işin olması artıq qeyd edilən
normanın dispozitiv şərtləri baxımından fərdi əmək mübahisəsi anlamına gəlir və
bu zaman faizlə müəyyən edilən ödəncin verilməsi istisna olunur.
Digər yanaşmaya
əsasən isə hər bir halda əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən
gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi
məbləğində ödənc verilməlidir.
Müraciətdə
qeyd olunur ki, fərdi əmək mübahisəsi yaratmadığı halda əmək haqqının verilməsinin
işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı müvafiq ödəncin hansı
qaydada verilməsi, bunun işəgötürənin özünün təşəbbüsü, yoxsa işçinin tələbi
üzrə həyata keçirilməsi, gecikdirilmiş əmək haqqına görə ödəncin işçi tərəfindən
hansı müddətdə tələb edilməli olması, ödəncin verilməsindən imtina olunması
halının öz-özlüyündə fərdi əmək mübahisəsinə səbəb olub-olmaması, həmçinin bu
istiqamətdə işçinin hansı tələblərinin fərdi əmək mübahisəsinə səbəb olması,
eyni zamanda “bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək
mübahisələri bölməsində nəzərdə tutulan qaydada həll edilir” cümləsi baxımından
Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin mübahisəyə tətbiqinin
mümkünlüyü (yəni, məhkəmə tərəfindən fərdi əmək mübahisəsinə baxılan zaman
normada nəzərdə tutulmuş 1 faizlik ödəncin işəgötürəndən tutulmasının
mümkünlüyü) və s. bu kimi hallara aydınlıq gətirilməsi zərurəti yaranmışdır.
Bakı Apellyasiya Məhkəməsi hüquq tətbiqetmə təcrübəsində
qeyri-müəyyənliyin aradan qaldırılması, işçilərin əmək hüquqlarının təmin
olunması və vahid təcrübənin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə
müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib
hesab edir.
“İqtisadi,
sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a”
yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək
haqqını tanıyır və təmin edir.
Beynəlxalq Əmək Təşkilatının “Əmək haqqının mühafizəsi haqqında”
Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə
ödənilməlidir.
Əmək
Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş
vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən
edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən
pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona
edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Aylıq
əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və
qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki
dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir
dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək
müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün
verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri).
Həmin
Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə
vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən
edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə
ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən
qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
Beləliklə,
işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş
minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin
vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək
müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu
şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi
bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi
hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı
miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
Şəxs
öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini
(aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında
yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn,
gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).
Buna
görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər
qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə
icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən
mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci
maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki,
əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini
təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ
aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
Əmək
Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi
işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa,
hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc
verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək
mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Həmin
maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə”
dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil
bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında
aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və
imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək
haqqının ödənilməməsi başa düşülməlidir.
Göstərilən
normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin
9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı
hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək
haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm
də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.
Qeyd olunan normaların
məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək
haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən
etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə
işəgötürənin təqsiri üzündən baş verməlidir.
Maddənin
tətbiqində qeyri-müəyyənlik yaradan məsələ isə əmək haqqının gecikdirilməsinin
fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə
bağlıdır.
Əmək
Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə
işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək
qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və
bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq
bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı
kimi müəyyən edilmişdir.
Həmin
Məcəllənin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin
müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin
predmetinə daxildir.
Əmək
Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu maddənin 2-ci
hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə
bilavasitə məhkəmələr tərəfindən baxılır.
Əmək
Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci
maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin
pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək
mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa
edilməsini tələb edə bilər.
Qeyd
edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə
görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin
lazımi qaydada icra edilməsi üçün tətbiq
olunan təsir tədbiri kimi çıxış edir.
Digər
tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında
maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən
irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi
çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin
olub-olmaması ilə əlaqələndirilməməlidir.
Əmək
Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə,
işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə
qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi,
yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli
olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə
daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin
məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək
haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi
tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu
halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə
faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir.
Halbuki,
qanunverici Əmək Məcəlləsinin 178-ci
maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq
işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin
172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit
etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda
ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki,
bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək
haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət
etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək
qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər.
Konstitusiya prinsipi olan
bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər
vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə
hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan
edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari
şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının
şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı).
Əmək
Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin
təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin
olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını
ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin
təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına
hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Göründüyü
kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin
hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli
olduğunu təsbit etmişdir.
Beləliklə, Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün
bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin
yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin
5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri
gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da
məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi
qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir.
Əmək
Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə
edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək
Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll
edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri”
bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə
görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin
296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq
olunmalıdır.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Əmək münasibətlərinin subyektlərin hüquq
və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək
Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər
gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc
verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir;
-
Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,
hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə
məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə
uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin
verilməsi barədə məhkəməyə müraciət edə bilər.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev