AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3,
423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
29 mart 2023-cü il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyekt Azərbaycan Respublikasının
Ali Məhkəməsi, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı,
Azərbaycan Banklar Assosiasiyasının mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru S.Süleymanlının və Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi
hüquq və müqayisəli hüquq üzrə professoru A.Əliyevin rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –
Mülki Məcəllə) 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd edilir ki, Mülki Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən,
müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə
eyni formada bağlanır.
Məcəllənin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi
tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən
digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət
göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və
ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi
xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv
edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə
qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər
dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
Müraciətdə göstərilir ki, Mülki Məcəllənin qeyd olunan maddələrinin
məzmununun bu şəkildə ifadə edilməsi təcrübədə tərəflər arasında müqavilənin ləğv
edilməsi haqqında razılaşmanın olmadığı təqdirdə müqavilənin yalnız məhkəmə
qaydasında ləğv edilməsi fikrini yaratmışdır. Halbuki, mülki qanunvericilik qanunda (Mülki Məcəllənin 411.2, 529.8, 618.2,
622.2, 685, 686, 691, 692, 704, 719.3 və s. maddələri) və ya müqavilədə nəzərdə
tutulmuş hallarda müqavilə tərəflərindən birinin müqavilədən birtərəfli imtina
etməsini və bununla da müqavilənin ləğv olunmasını mümkün hesab edir.
Müraciətdə o da qeyd olunur ki, təcrübədə müqavilə öhdəliyinin
müəyyən müddətə gecikdirildiyi halda bir çox banklar, bir qayda olaraq bütün
krediti həmin günə yaranmış faizlər ilə birlikdə borcalandan tələb edir və bu,
Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilədən birtərəfli qaydada
imtina kimi qəbul edilir.
Belə ki,
həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli
imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması
ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş
sayılır.
Bu zaman əksər banklar
müqavilənin ləğvi barədə ayrıca iddia tələbi irəli sürmədən bütün əsas
borcun iddia verilən günə və ya qətnamə qəbul olunan günə yaranmış faiz və cərimə
öhdəliyinin borcalandan tutulmasını tələb edir.
Müraciətdən göründüyü kimi, məhkəmə təcrübəsində artıq formalaşmış
yanaşmaya əsasən öhdəliyin pozulmasına görə kredit müqaviləsi üzrə bütün borcu
cavabdehdən tələb etməsi bankın müqavilədən birtərəfli imtinası kimi qəbul
edilir və müqavilənin ləğv olunması barədə ayrıca tələbin irəli sürülməsi zəruri hesab edilmir.
Həmçinin banklar tərəfindən pulun tutulması ilə yanaşı, müqavilənin ləğv
edilməsi tələbi irəli sürüldüyü halda sonuncu tələbə də mahiyyəti üzrə qiymət
verilərək, müqavilə ləğv olunmaqla kredit borcunun tutulması barədə qətnamə qəbul
edilir.
Lakin, məhkəmə təcrübəsində qeyd olunan halda müqavilənin hansı andan ləğv
edilmiş hesab olunmasına dair vahid yanaşma yoxdur.
Bəzi hallarda Mülki Məcəllənin 390.2, 423, 427.1 və 742.2-ci maddələrinə
istinadən kredit müqavilələrində pulun qaytarılmalı olduğu son müddət dəqiq müəyyən
edildiyi halda müqavilənin ləğv edilməsi barədə borcluya bildiriş göndərilmədən
və ya müqavilənin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmadan həmin müddət başa çatanadək
bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasının tələb edilməsi
istisna edilir. Belə tələbin təmin olunması yalnız müqavilənin şərtlərinin dəyişdirilməsi
və ya ləğvi yolu ilə mümkün sayılır.
Digər yanaşmaya görə isə müqavilənin ləğv edilməsi barədə ayrıca göstərişin
olub- olmamasından asılı olmayaraq, borcun tutulması barədə məhkəmə qətnaməsinin
qəbul edilməsi və ya qanuni qüvvəyə minməsi ilə tərəflər arasındakı müqavilə ləğv
edilmiş hesab olunur.
Başqa bir mövqeyə uyğun olaraq, məhkəmə aktında müqavilənin ləğv
olunması barədə ayrıca göstərişin olmadığı halda, məhkəmə qərarının qəbulundan
sonra da müqavilənin bütün şərtləri qüvvədə qalır və tərəflər həmin müqavilədə
müəyyən edilmiş şərtlərin (müqavilə faizlərinin) icrasını tələb edə bilərlər.
Müraciətdə vurğulanır ki, kredit müqavilələri üzrə pulun qaytarılma
vaxtı çatmadan və bank tərəfindən kredit müqaviləsinin ləğv edilməsi barədə
ayrıca tələb irəli sürülmədən bütün qalıq əsas borcun və göstərilən tarixə
yaranmış müqavilə faizlərinin borcalandan tələb edildiyi işlər üzrə müqavilənin
hansı andan ləğv edilmiş hesab edilməsi vacib əhəmiyyətə malikdir.
Müraciətedənin qənaətinə görə, borcalana bildiriş verilməsi və ya məhkəmə
qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən
müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına
tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında
bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən
sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan
tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi
nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn
məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız
həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud
müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən
çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır.
Müraciətdə o da göstərilir ki, mübahisəyə səbəb
olan məsələlərdən biri də məhz məhkəmə qərarının qəbul olunmasından
sonra bankın borcalana qarşı tələblərinin qərarın qəbul olunmasından sonrakı
dövr üçün də müqavilə öhdəliklərinin icrası, yəni müqavilədə müəyyən edilmiş
faiz və dəbbə pulunun tələb edilməsi şəklində və ya həmin dövr üçün yalnız zərər
(o cümlədən əldən çıxmış fayda) şəklində irəli sürülə bilməsi ilə bağlıdır.
Müraciətedən, həmçinin ipoteka predmetinə
tutmanın yönəldilməsi tələbinin təmin edildiyi mülki işlərdə qətnamə qəbul edildikdən
sonra borcalanın Mülki Məcəllənin 445.7-ci
maddəsində müəyyən edilmiş məsuliyyətinin yaranıb-yaranmamasının dəqiqləşdirilməsinin müvafiq mübahisələrin düzgün və ədalətli həllinə
töhfə verəcəyini qeyd etmişdir.
Göstərilənlərə əsasən Ali Məhkəmə qeyd olunan
mübahisəli məqamlara aydınlıq gətirilməsi və vahid məhkəmə təcrübəsinin
formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına
gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd
edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)
13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin I və II hissələrinə əsasən, Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər
kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Konstitusiyanın
59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından
sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul
ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının
və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi
hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və
müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən
ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi
və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və
tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi
müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).
Eyni zamanda, azad sahibkarlıq və bazar
iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ
gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən
irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin
qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda,
kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə
yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir,
bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə,
ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış
səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi
müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə
qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün xitam, ləğvetmə və müqavilədən imtina
anlayışlarının mahiyyətinə aydınlıq gətirilməsini və onların hüquqi nəticələrini tənzimləyən mülki qanunvericilik normalarının
əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.
Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin,
həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını
əhatə edən ümumi anlayış kimi qeyd edilir.
“Ləğvetmə” isə xitam anlayışının tərkibinə
daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı
razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam
verilməsi hallarını ehtiva edir.
Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam
anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir.
Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin
dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi
yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur.
Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə
ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə
uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi
və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.
Məcəllənin
423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın)
formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar
adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi
haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin
qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə
tutulmuşdur. Halbuki, yuxarıda qeyd
edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı
razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə
aradan qaldırması imkanı başa düşülür.
Müqavilənin
birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları
isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.
Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən
birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda
dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman
əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o,
müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli
dərəcədə məhrum olur.
Göründüyü kimi, müqavilənin birtərəfli
qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin
mövcud olduğu halda mümkündür:
- digər tərəf müqaviləni əhəmiyyətli
dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi);
- Mülki
Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki
Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin
əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar
Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən
edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin
421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından
birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin
razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş
sayılır.
Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi
üçüncü şəxslərin
hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının
bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin
1.1-ci maddəsi).
Müqavilələr hüququnda iradə sərbəstliyi və
müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5,
12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə
müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan
razılaşmadır.
Odur ki, müqavilənin bağlanması və qüvvədə
qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi
ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki
qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə
nəzərdə tutulan digər hallarda” və Məcəllənin
421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri
ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı
tanınmışdır.
Burada “tərəflərin razılaşması ilə yol
verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını
ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü
maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma
ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə
“imtina” olaraq ifadə edilib) ilə bağlıdır.
Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun
2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin
421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası
çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir
ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən
irəli gəlmişdir.
Müraciətdə qoyulan digər məsələ Mülki Məcəllənin
423.2 və 424.3-cü maddələrinin tətbiqi
ilə bağlıdır.
İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin
422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə
münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə
şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi
halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu)
göstərilmişdir.
Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır
ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər,
müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə,
bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış
çıxması şəraitin dəyişməsinə bərabər tutulur (Mülki Məcəllənin 422.1-ci maddəsi).
Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş
şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni
zamanda Məcəllənin 422.2-ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin
tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə
tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Tərəflərdən birinin tələbi ilə
müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi
andan müqavilə ləğv edilmiş sayılır.
Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən isə
müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni
dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya
təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində
ondan cavab almadıqda irəli sürə bilər
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi
vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin
421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız
“şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin
422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə
müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait
olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil,
yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.
Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə
nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi
və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik
prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə
anlayışının təbiətinə də zidd olardı.
Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində
qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən
kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna
hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə
dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda
iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi
qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin
adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə
və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin
təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik
sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına
cavab verməz.
Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin
məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə
dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin
dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə
məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər
dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv
edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam
verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış
olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur.
Beləliklə, Mülki
Məcəllənin 421.2-ci
maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda)
müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin
422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə
həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə
qaydasında dəyişdirilir və ya ləğv edilir.
Müraciətdə müqavilədən imtina anlayışı ilə
bağlı qaldırılan məsələ barəsində Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin
qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin
icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı
andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını
ehtiva edir.
Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli
olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin
yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından
sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin
pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi
üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.
Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı
icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən
imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq
mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik
münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan
sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd
etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli
olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi
hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə
öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini
tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri
davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə
olan öhdəliyi aradan qalxmır.
O da nəzərə alınmalıdır ki, qanunvericilikdə
xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi,
istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin
iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən
imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən
irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin
icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən
imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə
müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər
tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən
yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə
bilər.
Maddənin tətbiqi
tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən
biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə
müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir.
Aşağıdakı
hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti
yoxdur:
- bunun heç bir
nəticə verməyəcəyi aydın olduqda;
- öhdəlik
müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor
münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda;
- xüsusi əsaslara
görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə
haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi).
Müqavilədən
imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur.
Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı
nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin
icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də
icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb
edə bilər.
Müraciətdə
qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə
tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə
müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi
(müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov
predmetinə yönəldildiyi təqdirdə müqavilə
tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin Plenumu bununla
bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin
bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu
ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri
birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir.
Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən,
müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin
qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin
olmadığı müqavilə
öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər
qüvvədə sayılır.
Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin
qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana
qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit
müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və
hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit
müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam
icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə
tutur.
Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti
tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam
verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş
öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə
üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin
şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).
Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24
dekabr tarixli Qərarında da formalaşdırdığı
hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin
qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir.
Göstərilənlərə əsasən qeyd olunmalıdır ki,
kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin
447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş
annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə
qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor
onun ödənilməsini tələb etməkdə haqlıdır.
Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli
dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin
(kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb
etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən
azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən
irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv
anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı
dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə
tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış
faydanın) ödənilməsini tələb edə bilər.
Belə ki, öhdəliyi icra etməyən borclu kreditora
dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində
nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci
maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin
öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında
səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir.
Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci
maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa
görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində
icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin
maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan
çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün
illik beş faiz ödəməyə borcludur.
Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın
gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək
daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.
Qeyd olunan normalardakı tənzimetmənin müəyyən
edilməsində qanunvericinin məqsədi
borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən
qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına
yönəlmişdir.
Beləliklə, öhdəliyin pozulması səbəbindən
kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da
müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi
halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni
faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb
irəli sürə bilər.
Borcun,
faizlərin və maliyyə sanksiyasının girov
əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin
xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi
vacib bilir.
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin
icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək
girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan
kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər
arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin
449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin
449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul
tarixli Qərar).
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin
421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin
Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən
kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə
ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi
formasıdır;
- Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə
uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə
müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının
qüvvəyə minməsi ilə əlaqələndirilmişdir;
- ikitərəfli müqavilələr üzrə öhdəliyin
pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq
müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə
ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır;
- Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri
baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış
faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da
qüvvədə qalır;
- Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun
olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha
böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində
vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin
421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar
qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv
edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin
Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin
xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin
pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci
maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən
imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş
sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl
gecikdirilmiş annuitet (əsas məbləğ və
hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən
sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan
çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün
illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
7. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
8. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev