Qərarlar

28.03.23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

 28 mart 2023-cü il                                                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyekt Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 150.9-cu maddəsinin həmin Məcəllənin 38.1, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, S.Qadaşov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 27 aprel 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3 000 manat məbləğində inzibati cərimə edilmişdir.

Həmin qərar icraya yönəldildikdən sonra Qax rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında 27 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. S.Qadaşov cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində 27 aprel 2022-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir.

Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilmişdir.

Həmin qərardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi apellyasiya şikayəti vermişdir.

Şəki Apellyasiya Məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, barəsində icraat aparılan şəxs tərəfindən inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarının 2 ay müddətində icra olunmadığı və həmin 2 aylıq müddətin 27 sentyabr 2021-ci il tarixində başa çatdığı və icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilərək məhkəməyə göndərilməli olduğu halda, 6 ay sonra tərtib edilərək göndərilmiş və müvafiq tənbeh tətbiq edilmişdir.   

Müraciətedənin qənaətinə görə, bu hal İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir.

Müraciətdə o da qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir.

Lakin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilsə də, məhkəmə tərəfindən həmin Məcəllənin 38-ci maddəsinə əsasən müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verildikdə və beləliklə də şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmədikdə, inzibati cərimə növündə tənbehin tətbiq edilməsi haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının icra edilib-edilməməsi məsələsi qeyri-müəyyən qalır.

Eyni zamanda müraciətedən hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddətin keçməsi əsası ilə şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmədiyi halda, icra məmurunun eyni əsaslarla həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib edərək yenidən məhkəməyə göndərməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olub-olmamasının müəyyən edilməsi də mühüm  əhəmiyyət kəsb edir.

Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin mənafeyi baxımından qeyd olunan məsələlərə aydınlıq gətirilməsi, qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 16 noyabr tarixli Qərarı).

İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri).

İnzibati xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur.

İnzibati xətaların qarşısının alınması prinsipini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən, dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər.

İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq şəkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir.

İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işin həllini təmin edən bir neçə müstəqil prosessual mərhələni nəzərdə tutur ki, bunlardan biri də inzibati xətalar haqqında işlər üzrə qərarların icra olunmasıdır.

 İnzibati Xətalar Məcəlləsinin 139-cu maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.

Məhz qərarların effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunması təmin edilir. Bu mövqedən çıxış edərək qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə inzibati xətalar haqqında işlər üzrə qanuni qüvvəyə minmiş qərarların icrası mərhələsində həmin qərarın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir.

İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən,  yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati tənbeh tədbirinin (ictimai işlərin) tətbiq edilməsi nəzərdə tutulmuşdur.

İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.

Müraciətə səbəb olan inzibati xəta haqqında işdə olduğu kimi, inzibati xəta haqqında protokolun gec tərtib edilərək baxılmağa göndərilməsi və bu halda şəxsin məhkəmə tərəfindən inzibati tənbehə məruz qalması ilə bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri).

Həmçinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli orqanın həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə uyğun tərtib edilməsini yoxlayır.

Göstərilən maddələrin tələblərindən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, inzibati xəta haqqında protokol əsasən inzibati xətalar haqqında iş üzrə icraatın başlanmasını təsdiqləyən sənəd olmaqla, özündə işin həlli üçün zəruri olan məlumatları əks etdirməli və inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi  inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir.

Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir.

Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart  tarixli Qərar).

İnzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı məsələlərə gəldikdə o da nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin qərarın icrasının müəyyən edilmiş müddətdə həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda və ya şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati xətalar qanunvericiliyi həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında qərarın icrasının təxirə salınması və ya ona möhlət verilməsi barədə qərardadın qəbul edilməsinin mümkünlüyünü müəyyən etməklə, inzibati cərimənin müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməsi üçün müxtəlif hüquqi imkanlar nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsi).

Lakin İnzibati Xətalar Məcəlləsinin 150.7-ci maddəsinə müvafiq olaraq, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “İcra haqqında” Qanun) nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir.

Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir.

İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir.

“İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və  müddətləri müəyyən edilmişdir.

“İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur.

“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq isə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun bilavasitə vəzifəsidir.

Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq isə icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanunla müəyyən olunmuş icra müddətlərinin əhəmiyyəti nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilmişdir.  

Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir.

Sadalanan maddələrdən göründüyü kimi, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək  qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı məsələləri tənzimləyərkən icra məmurlarına müvafiq qərarın icrasının təmin olunması ilə bağlı hərəkətlərin həyata keçirilməsində mülahizə sərbəstliyi verməkdən çəkinməklə, icra məmurları tərəfindən görülə biləcək tədbirlərin dairəsini, icra müddətlərini, o cümlədən digər prosessual məsələləri dəqiq müəyyən etmişdir.

Müraciətdə qaldırılan digər məsələyə gəldikdə, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir.

Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin  xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir.

Bununla da, şəxsi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından, onun barəsində əvvəlki (cərimə növündə) inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir.

İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinin tələbinə uyğun olaraq, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Belə olan halda inzibati cərimə tənbeh tədbirini icra etməməyə davam edən şəxs barəsində icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsilə protokolun təkrarən tərtib edilib məhkəməyə göndərilməsinin mümkünlüyü barədə Konstitusiya Məhkəməsi Plenumunun qənaəti ondan ibarətdir ki, inzibati cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəməyərək müvafiq inzibati xətanı törətmiş şəxs barəsində artıq bir dəfə protokol tərtib olunaraq məhkəməyə göndərilsə də, protokolun tərtib olunması müddətlərinə əməl edilməməsi səbəbindən inzibati məsuliyyətə cəlb etmə müddətlərinin ötürülməsi əsası ilə iş üzrə icraata xitam verildiyindən, şəxs həmin xətaya görə yenidən inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə  tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə  tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə  tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə  tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur.

2.    Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                     Fərhad Abdullayev

 

 

 

  

 

 







Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə

şərh edilməsi məsələsinə dair hakim Ceyhun Qaracayevin

 

XÜSUSİ RƏYİ

 

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı ilə ümumilikdə razılaşaraq, qeyd etmək istərdim ki, İnzibati Xətalar Məcəlləsinin şərh edilən normaları mahiyyət etibarı ilə barəsində inzibati xəta haqqında iş üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası prosesi ilə əlaqəlidir və həmin normaların müddət baxımından formal şərhi ilə yanaşı inzibati tənbehin icrası prosesində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tətbiqi şərtləri də əhəmiyyətlidir.

İnzibati Xətalar Məcəlləsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-nin 3-cü maddəsi); Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İXM-nin 12.1-ci maddəsi); Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur (İXM-nin 529.1-ci maddəsi).

Beləliklə, borclu şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün onun tərəfindən inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan, o cümlədən təqsirli olan hərəkət və ya hərəkətsizlik yolu ilə hüquqpozuntusunun törədilməsi aşkar edilməlidir.

Habelə nəzərə alınmalıdır ki, icra məmurunun inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti icra haqqında qanunvericiliklə də tənzimlənir.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə müvafiq olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 

Beləliklə, “İcra haqqında” Qanun icra məmurunun inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətini yalnız borclunun məsuliyyətinin əsası kimi onun tərəfindən  qərarın üzrsüz səbəbdən icra olunmamasında” görür.

Deməli, icra məmuru tərəfindən borclu barədə inzibati xəta haqqında protokol, borclunun qərarı hansı səbəbdən icra etmədiyi yoxlanılmaqla və yalnız təqsirli hərəkət (hərəkətsizlik) aşkara çıxarıldığı halda tərtib edilə bilər. Yəni inzibati xəta haqqında protokolun tərtib edilməsi özü-özlüyündə İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrində müəyyən edilən müddətlərin bitməsilə deyil, inzibati xəta tərkibi olan əməlin aşkara çıxarılması ilə əlaqəli olmalıdır.

Qərarların icrası prosesində həyata keçirilən məcburi icra tədbirlərinin mahiyyətini və qərarların icrasının mövcud təcrübəsini əsas tutaraq qeyd etmək olar ki, borclunun təqsirli əməli sözügedən maddələrdə göstərilən müddətlər başa çatdıqdan sonrakı dövrdə də aşkar oluna bilər.

İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə qərarın icrası üçün 5 il müddət müəyyən olunur. Borclunun isə icra sənədinin icraatda olduğu həmin müddət daxilində təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi istisna olunmur.

Təbii ki, bu müddətdə icra məmurunu borclunun hərəkətlərini vaxtı-vaxtında qiymətləndirməlidir. Lakin, məsələn, icra sənədinin məcburi icraya yönəldiyi vaxtdan 2 ay sonra borclunun hərəkətlərində (hərəkətsizliyində) təqsir aşkar olunmadığı halda (məsələn borclu məhkəmə qərarının icrasına hörmətlə yanaşır, lakin maddi durumu ağır olduğundan heç bir formada onu icra edə bilmir), 5 ay və ya 1 il sonra belə hal yarana bilər (məsələn borclu bağışlama, yaxud vərəsəlik qaydasında əmlak əldə edir, lakin icradan yayınmaq üçün dərhal onu özgəninkiləşdirir).

Beləliklə, borclunun təqsirini aşkar etmək və buna müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək icra məmurunun öhdəliyi olmaqla, bu tədbirin vaxtında görülüb-görülmədiyinə inzibati xəta haqqında protokola baxan məhkəmə tərəfindən qiymət verilməlidir. Həmin məhkəmə bu məsələni inzibati xətanın tərkibinə dəlalət edən sübutların icra məmuruna nə vaxt məlum olduğunu və bunun müqabilində protokolun nə vaxt tərtib edildiyini yoxlamaqla həll etməlidir.

Məhkəmə tərəfindən müvafiq məsələ həll olunarkən o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir.

İnzibati xətanın aşkara çıxarılması anı ilə bağlı xüsusi fikirdə olsam da, onunla razıyam ki, icra məmuru xətanı aşkar etdikdən sonra inzibati xəta haqqında protokolun tərtibi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi ilə müəyyən edilən müddətə əməl etməlidir. İnzibati xəta haqqında protokolun tərtib edilməsindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinədək inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol borclunun əməlində inzibati xətanın tərkibi aşkar edildikdən dərhal sonra tərtib olunmalıdır. Həmin protokolun tərtib edilməsindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinədək inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə isə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə uyğun olaraq iş üzrə icraata xitam verilir.

 

 

 

Hakim                                                                                       Qaracayev Ceyhun