Qərarlar

17.03.23 AR CM-in 17-ci mad. həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

17 mart 2023-cü il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini,  maraqlı subyekt Azərbaycan Respublikası Prokurorluğunun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin və  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə”, “həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə”  və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğudan göründüyü kimi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində “zor tətbiq etmə” cinayətin tərkib əlaməti kimi müəyyən edildiyi hallarda bu əlamətin cinayətlərin məcmusunu yaratmadan sağlamlığa yüngül zərər vurma xəsarətini əhatə edib-etməməsi ilə bağlı məsələlərin həlli mübahisə doğurmaqla hüquq tətbiqetmədə qeyri-müəyyənlik və çətinliklər yaradır.

Belə ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyətini müəyyən edən Cinayət Məcəlləsinin 163.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin qəsdən sağlamlığa yüngül zərər vurmağa görə məsuliyyət müəyyən edən 128-ci maddəsinə münasibətdə daha yüngüldür. Belə olan halda, Cinayət Məcəlləsinin Xüsusi hissəsində “zor tətbiq etmə” müddəasının bütün hallarda cinayətlərin məcmusunu yaratmadan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib-qiymətləndirilməməsi sual doğurur.

Sorğuda qaldırılan digər məsələ Cinayət Məcəlləsinin 180.2.4, 227.2.3, 232.2.4, 235.3.4, 288.3, 299.3 və 317.2-ci maddələrində “həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə” və 144.2.4, 144-1.2.7, 145.2.5, 192-2.5, 215.2.3, 219.2.2, 227.3.2, 232.3.2, 235.4.3, 288.4, 299.4, 304.2 və 317.3-cü maddələrində “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” tövsifedici əlamətlərinin xəsarətin dərəcəsindən asılı olaraq hansı hallarda cinayətlərin məcmusunu yaratması ilə bağlıdır.

Belə ki, təcrübədə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət ağır, həmin Məcəllənin 145.2.5, 192-2.5, 299.4 və 304.2-ci maddələri ilə nəzərdə tutulan əməllər isə az ağır cinayət olduğundan əməl cinayətlərin məcmusunu yaratmaqla əlavə olaraq Məcəllənin 126-cı maddəsi ilə də tövsif edilir.

Sorğuverənin qənaətinə görə, əməlin bu qaydada tövsif edilməsi Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə uyğun olmamaqla yanaşı, şəxsə daha ağır cəza təyin olunmasına səbəb olur.

Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən, Cinayət Məcəlləsinin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.

Sorğuda o da qeyd edilir ki,  Cinayət Məcəlləsinin 144.2.4, 144-1.2.7, 145.2.5, 215.2.3 və 219.2.2-ci maddələrində tövsifedici əlamət kimi “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə”, Məcəllənin 144.3, 144-1.3, 145.3, 215.3 və 219.3-cü maddələrində isə “eyni əməllər digər ağır nəticələrə səbəb olduqda” müəyyən edilmişdir.

Təcrübədə “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” tövsifedici əlaməti ilə yanaşı, “eyni əməllər digər ağır nəticələrə səbəb olduqda” ağırlaşdıran tövsifedici əlaməti olan cinayət sağlamlığa ağır zərər vurmaqla törədildikdə, əməlin cinayətlərin məcmusunu yaratmadan “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə” və ya daha ağır cəza nəzərdə tutan “eyni əməllər digər ağır nəticələrə səbəb olduqda” əlaməti üzrə tövsif edilməsi ilə bağlı da vahid yanaşma mövcud deyil.

Sorğuverənin qənaətinə görə, “zor tətbiq etmə”, “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə” və “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müxtəlif maddələrində sağlamlığa müxtəlif ağırlıqda zərər vurmanı ehtiva edən, o cümlədən bəzi hallarda əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsini tələb edən, bəzi hallarda isə bunu tələb etməyən terminlər kimi işlədilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 54.2-ci maddəsi ilə uzlaşmır. Halbuki,  həmin maddə normativ hüquqi aktda eyni terminlərin bir mənada işlədilməsini və vahid formaya malik olmasını tələb edir.

Göstərilənlərə əsasən, sorğuverən vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə qeyd olunan məsələlərin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar, ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2010-cu il 21 iyun tarixli Qərar). 

Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı, (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) mütləq edir.

Göstərilənlərə əsasən sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi üçün cinayətlərin məcmusu institutunun nəzərdən keçirilməsinə zərurət yaranır.

Cinayət Məcəlləsinin 17.1 və 17.2-ci maddələrinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bir hərəkətlə (hərəkətsizliklə) Cinayət Məcəlləsinin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.

Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü – ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə məhkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) Cinayət Məcəlləsinin bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 iyun tarixli Qərar).  

Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə uyğun olaraq, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il  6 yanvar tarixli Qərarında qeyd etmişdir ki, şəxs tərəfindən müxtəlif cinayət tərkibli əməllər törədildikdə məcmu qaydasında əməllərin tövsif edilməsi və cəza təyin etməklə Məcəllənin 8.1-ci maddəsində əks olunan ədalət prinsipinin tələblərini təmin etmək olar.  Başqa yanaşma Cinayət Məcəlləsinin prinsip və vəzifələrinə, cəzanın məqsədinə zidd olardı.

Cinayətlərin məcmusuna görə cəza təyinetmə qaydaları Cinayət Məcəlləsinin 66-cı maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Cinayət Məcəlləsinin 17.4-cü maddəsi isə cinayətlərin məcmusundan ümumi və xüsusi normaların rəqabəti (konkurensiyası) institutunu fərqləndirir.

 Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.

Qeyd edilən maddə, əməl xüsusi norma ilə tamamilə əhatə olunduğu (əməlin qiymətləndirilməsi üçün kifayət etdiyi) hallarda ümumi norma ilə xüsusi norma arasındakı rəqabəti xüsusi normanın xeyrinə həll etməklə əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsini istisna edir.

Belə ki, ümumi norma ilə xüsusi normanın arasında olan rəqabətin sonuncunun xeyrinə həll edilməsi qaydası, məsələn quldurluq zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilməsi üzrə hərəkətlərin cinayətlərin məcmusu kimi - Cinayət Məcəlləsinin 181.1, 127 və 128-ci maddələri ilə tövsifinin qarşısını alır.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri bilir ki, ümumi və xüsusi normaların rəqabətini nəzərdə tutan Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinin yerinə yetirilməsi cinayət qanununda ifadə olunan  ədalət prinsipinin təmin edilməsinin vacib zəmanəti kimi çıxış edir.

Lakin, bu özlüyündə Cinayət Məcəlləsinin “zor tətbiq etmə”, “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə” və “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” kimi tövsifedici əlamətlərin məcmusunu tamamilə istisna edə bilməz.

Belə ki, cinayət əməlinə görə təyin edilən cəzanın, digər məsələlərlə yanaşı, bu əməlin ictimai təhlükəliliyinin xarakterinə və dərəcəsinə uyğun gəlməsini tələb edən ədalət prinsipi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində əks olunan müvafiq normalar vasitəsilə təmin edilir. Bu zaman həmin normalar cinayətlərin məcmusuna görə cəzaların təyini qaydalarını müəyyənləşdirən müddəalarla əlaqəli şəkildə tətbiq olunmalıdır.

Konstitusiya baxımından əhəmiyyətli sayılan bu məqsədə, konkret şəxs tərəfindən cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş və buna görə də bir-birindən cinayətin obyekti və predmeti, obyektiv və subyektiv cəhətləri baxımından fərqlənən əməllərin cinayətlərin məcmusuna dair qaydalara uyğun olaraq tövsif edilməsi və cəzalandırılması zamanı nail olunur. Əks təqdirdə cinayət qanununun məqsədlərinə və vəzifələrinə, habelə cinayətə görə təyin edilən cəzanın məqsədlərinə zidd olan vəziyyət yarana bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 6 iyul tarixli Qərarı).

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müxtəlif ağırlıqda olan xəsarətləri və onların nəticələrini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətlər cinayətlərin məcmusu qaydasında Məcəllənin müvafiq maddələri ilə tövsif edilməlidir. Əməlin cinayətlərin məcmusu kimi tövsif edildiyi bu kimi hallarda isə ümumi və  xüsusi normalar arasında faktiki rəqabətin yaranmadığı, əksinə onların bir-birini tamamlayan müxtəlif normalar kimi çıxış etməsi nöqteyi-nəzərindən məsələyə Cinayət Məcəlləsinin 17.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. 

Belə ki, qanunverici Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) Məcəllənin 128 və 127.1-ci maddələri ilə müqayisədə daha ağır, Məcəllənin 127.2 və 126-cı maddələrinə münasibətdə isə daha yüngül cəza müəyyən etməklə, sağlamlığa yüngül zərər vurma və sağlamlığa az ağır zərər vurma ilə nəticələn halların yalnız Məcəllənin 315-ci maddəsi ilə tövsifini mümkün edir.

Həmin Məcəllənin 315-ci maddəsi ilə tam şəkildə əhatə olunmayan sağlamlığa ağır zərər vurma və ağırlaşdırıcı hallarda sağlamlığa az ağır zərər vurma hallarına münasibətdə isə əməl cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir.

Cinayət Məcəlləsinin 17.4-cü maddəsi ilə nəzərdə tutulan ümumi və xüsusi normaların rəqabətinin pozulması isə maddənin dispozisiyasında sağlamlığa bu və ya digər ağırlıqda zərər vurma cinayəti ağırlaşdıran əlamət kimi müəyyən edildiyi halda, həmin zərər vurmanın cinayəti xüsusilə ağırlaşdıran əlamət üzrə, yəni “digər ağır nəticə” olaraq tövsif edildiyi zaman baş verir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normalarında  “zor tətbiq etmə”, “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə” və “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” kimi tərkib və ya tövsifedici əlamətlər məqsədli şəkildə müəyyən edilmiş və hər bir konkret hal üçün sadalanan əlamətlərin müvafiq cinayət hüquqi qiymətləndirilməsi tələb olunur.

 Sadalanan əlamətlər əməli tam şəkildə əhatə etmədiyi hallarda isə əməlin cinayətlərin məcmusu kimi tövsif edilməsi Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinin pozuntusu hesab edilə bilməz.

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” tövsifedici əlaməti ilə yanaşı “eyni əməllər digər ağır nəticələrə səbəb olduqda” tövsifedici əlaməti olan cinayət sağlamlığa ağır zərər vurulmaqla törədildikdə, əməl cinayətlərin məcmusunu yaratmadan “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” əlaməti üzrə tövsif edilməlidir.

Bu zaman cinayət törətmiş şəxs haqqında cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət və ədalət prinsipləri mütləq nəzərə alınmalıdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  Prokurorluğun sorğusunda qaldırılan hüquqi məsələlərin həll edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin mövcud olması, eləcə də bu Qərardadla bəzi məsələlərə aydınlıq gətirilməsi nəzərə alınaraq, hazırkı vəziyyətdə sorğu üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca qərarının qəbul edilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.     Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən hüquqi mövqelər nəzərə alınsın.

2         .    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Azərbaycan Respublikası Prokurorluğunun sorğusu üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.

3. Qərardadın surəti 7 gün müddətində Azərbaycan Respublikasının Prokurorluğuna  göndərilsin.

4. Qərardad   “Azərbaycan   Respublikası    Konstitusiya     Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

Sədr                                                                                               Fərhad Abdullayev