Qərarlar

15.02.23 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası  Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair

 

 

15 fevral 2023-cü il                                                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafari və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər  Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi M.Məmmədovun, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri D.Novruzov və N.Əhmədovanın, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru S.Mahmudovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki Hüquq kafedrasının dosentləri, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və F.Mirzəyevanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi  baxımından  şərh edilməsini xahiş etmişdir.  

Müraciətdə qeyd olunur ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərsu” ASC) M.Şükürova qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, M.Şükürovdan su və kanalizasiya xidmətlərinə görə yaranmış borcun 362 manat məbləğinin “Azərsu” ASC-nin xeyrinə tutulması qət edilmişdir.

“Azərsu” ASC həmin qətnamədən  apellyasiya şikayəti verərək göstərmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, həmin Məcəllənin öhdəliklərin xitamı üçün müddət axımının kəsilməsi və kəsilmiş müddətin yenidən hesablanması qaydasını tənzimləyən 553.1.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.

Müraciətdə göstərilir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında və xüsusi olaraq 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin öhdəliyin xitamının bir əsası olduğu qeyd olunmuşdur. Həmin Məcəllənin 550-ci maddəsində nəzərdə tutulmuşdur ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Lakin nəzərə alınmalıdır ki, tələb hüququnun xitamı onun daşıyıcısı olan kreditorun mövcudluğuna son qoyur və bu halda öhdəlik xitam edilir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyin məzmununu kreditorun xeyrinə borclunun müəyyən hərəkəti etmək və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsi, kreditorun həmin vəzifənin icrasını tələb etmək hüququ təşkil edir. Əgər borclunun vəzifəsi və ya kreditorun tələb hüququ yoxdursa, öhdəlik mövcud ola bilməz.

Digər tərəfdən,  Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin hüquqi nəticələri  və bu müddətlərin axımının dayanması və kəsilməsinə dair sonrakı maddələrdəki müddəalar həmin müddətlərin kəsici müddət deyil, iddia  müddətləri mahiyyətində olduğunu deməyə əsas verir.

Müraciətedənin qənaətinə görə, bu müddətlərin mülki hüquqların müdafiəsi üçün nəzərdə tutulan iddia müddətlərinə və ya mülki hüquqların həyata keçirilməsi (kəsici) müddətinə aid olması birmənalı olmadığından, bu cür tələblər üzrə mübahisələrə baxılarkən hüquq tətbiqetmədə qeyri-müəyyənlik yaranır.

Müraciətdə o da qeyd edilir ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsində 5 illik müddət nəzərdə tutulduğu halda, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3-cü maddəsində 3 il müəyyən edilmişdir.

Müraciətedən hesab edir ki, mübahisəli məqamlara aydınlıq gətirilməsi vahid məhkəmə təcrübəsinin formalaşması üçün əhəmiyyət kəsb etdiyindən, məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar).

Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki,  məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın  6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (Ashingdane Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).

Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.

İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında  qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).

İddia müddətinin əhəmiyyəti aşağıdakılardan  ibarətdir: birinci, o, hüquq  münasibətləri  iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir.

Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

Bu baxımdan, iddia müddəti  subyektiv  hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir.

Müraciətdə qaldırılan məsələ, məhz Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin iddia və ya kəsici müddətlər olması ilə əlaqədardır.

İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi  mövcuddur.  B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir:

- iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;

- iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir;

- iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;

- iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir.

Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).

Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq  mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür.

Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya  əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür.

Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz.  Mülki hüquq      nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. 

Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur:

- borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi;

- borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi.

Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır.

Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.

Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci  maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir:

-  kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;

-  ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər;

- zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri;

- məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə  nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən  “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi).

Eyni zamanda, bəzi hallarda   Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması  hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz.  

O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Dövlətin maliyyə-kredit sisteminə etimadın, həmçinin onun sabitliyinin təmin edilməsi məqsədi ilə qanunverici bu cür öhdəliklərdən irəli gələn tələblərin müddətsiz olaraq iddia ilə təmin edilməsinə zəmanət verir. Mülki Məcəllənin 551-ci maddəsi ilə müəyyən edilən müddətlər bütün tələblər üçün nəzərdə tutulduğundan, onların öhdəliyə xitam verilməsi müddəti kimi qiymətləndirilməsi, qeyd edilən 384.0.2-ci maddə ilə uyğunsuzluq yaradıb-yaratmaması ilə bağlı qeyri-müəyyənliyə səbəb ola bilər.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.

Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki,  bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki,  onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

Təsadüfi deyil ki, tələblərin əvəzləşdirilməsinin yolverilməzliyindən bəhs edərkən, qanunverici məhz “iddia müddəti” anlayışından istifadə etmişdir. Mülki Məcəllənin 545.0.4-cü maddəsinə görə,  digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.

O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 377-ci və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380-ci və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379-cu və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir.

Həmçinin, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və  “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.

Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə  tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır.

Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi  öhdəliyin  xitam olunması nəticəsini yarada bilər.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir;

- Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə  nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.               Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.

2.               Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə  nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

3.               Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.               Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.               Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                  Fərhad Abdullayev