AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və
18.3-cü maddələrinin
əlaqəli şəkildə şərh olunmasına dair
12 yanvar 2023-cü
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi
Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə
Apellyasiya Məhkəməsinin hakimi E.Xasməmmədovun və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik
şöbəsinin müdir müavini S.Sultanovun, mütəxəssislər Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının və Aparatının Hüquqi Təminat şöbəsinin,
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Bakı
Apellyasiya Məhkəməsinin hakimi E.Rəhimovun və Azərbaycan Respublikası Baş
Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
A.Osmanovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə
doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 17,
18.2 və 18.3-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 149-cu maddəsinin I hissəsinin və “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 25.1-ci maddəsinin
tələbləri baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd
olunur ki, məhkəmənin icraatında olan inzibati xəta haqqında işin
materiallarına görə, N.Əzizi şikayət ərizəsi ilə Gəncə şəhər Prokurorluğuna
müraciət edərək bildirmişdir ki, Y.Səfərov ilə aralarında olan şifahi razılaşma
əsasında 5 ay ərzində Gəncə şəhərində inşa edilən sosial binalara qaz
xətlərinin çəkilişində çilingər işləmiş, lakin müəssisənin rəhbəri Y.Səfərov
tərəfindən əmək haqqının bir hissəsi verilmədiyindən, barəsində qanunamüvafiq
tədbir görülməsini xahiş etmişdir.
Ərizəçinin
şikayəti üzrə Gəncə şəhər Prokurorluğunun 16 aprel 2022-ci il tarixli qərarı
ilə Y.Səfərov barəsində cinayət işinin başlanması rədd edilmişdir. 25 aprel
2022-ci il tarixində isə Gəncə şəhər prokuroru tərəfindən “Yunisoğlu” Məhdud
Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Yunisoğlu” MMC) barəsində inzibati xəta
haqqında iş üzrə icraatın başlanmasına dair qərar qəbul edilmiş və baxılması
üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin 23
may 2022-ci il tarixli qərarı ilə “Yunisoğlu” MMC İnzibati Xətalar Məcəlləsinin
192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli
bilinərək 20 000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin
qərardan “Yunisoğlu” MMC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət
verilmişdir.
İşə apellyasiya
qaydasında baxılarkən müəyyən olunmuşdur ki, Y.Səfərov “Yunisoğlu” MMC-nin
təsisçisi və rəhbəridir, həmin müəssisə Azərbaycan Respublikası Mənzil İnşaatı
üzrə Dövlət Agentliyinin sifarişi əsasında Gəncə şəhərində inşa edilməkdə olan
sosial profilli binalara qaz xətlərinin çəkilişini öz öhdəsinə götürmüşdür.
Y.Səfərov işlərin görülməsi məqsədi ilə bir sıra işçiləri müqavilə əsasında
əmək fəaliyyətinə cəlb etsə də, N.Əzizi ilə əmək müqaviləsi bağlamadan onu əmək
fəaliyyətinə cəlb etmişdir. N.Əzizi “Yunisoğlu” MMC üçün çalışdığını bilməmiş,
Y.Səfərov ilə şifahi razılaşaraq onun tapşırdığı işləri yerinə yetirmiş və bu
səbəbdən o müəssisə barəsində deyil, fiziki şəxs olan Y.Səfərov haqqında
prokurorluğa şikayət etmişdir.
Müraciətedən
onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional
şöbəsinin 31 may 2022-ci il tarixli qərarı ilə Y.Səfərov vəzifəli şəxs olaraq
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3 500
manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin
həmin maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək,
vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min
manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Müraciətedən
hesab edir ki, təqsirkarın həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin
təmsilçisi olaraq eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati
xəta törətməsi halında hər iki şəxsin inzibati məsuliyyətə cəlb edilməsi
ədalətsiz inzibati-hüquqi tədbir kimi qiymətləndirilə bilər. Belə
ki, İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati
xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati
xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə
təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
Eyni zamanda bu
hal Konstitusiyanın 149-cu maddəsinin normativ hüquqi aktların hüquqa və
haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olması barədə
tələbi ilə də ziddiyyət təşkil edir.
Müraciətedənin
qənaətinə görə, hazırkı mübahisəyə tətbiq edilməli olan İnzibati Xətalar Məcəlləsinin
17 və 18-ci maddələrində nəzərdə tutulan vəzifəli şəxslərlə hüquqi şəxslərin
inzibati məsuliyyətə cəlb edilməsinin əsasları arasında qeyri-müəyyənlik,
habelə 18.3-cü maddəsinə əsasən, bir əmələ görə həm hüquqi şəxsin, həm də
vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə hansı hallarda yol
verilməsi ilə bağlı fikir ayrılığı olduğundan, Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən yuxarıda sadalanan normaların şərh edilməsi zərurəti
yaranmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib
hesab edir.
İnzibati
xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və
azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji
salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,
ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını
qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını
almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).
İnzibati
Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin
prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və
azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik,
təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının
alınması prinsiplərinə əsaslanır.
Həmin
Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati
tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
İnzibati
məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam
olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir.
İnzibati xəta
törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati
xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə
təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç
kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar
Məcəlləsinin 9-cu maddəsi).
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh
edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında İnzibati Xətalar
Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət
olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta
sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu
prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir
şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin
mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə
tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici
ölçüləri müəyyən edir.
İnzibati
Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə
nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və
inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya
hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
Göründüyü kimi,
şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə
sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və
inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir.
İnzibati
Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan
ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və
ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət
və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş
üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə
minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati
məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun
xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi).
Nəzəriyyədə
təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə
qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə
tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu
elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini
təşkil edir.
Bununla belə,
inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi
şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin
subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur.
Belə ki, hüquqi
şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və
vəzifəli şəxslərin təqsirindən fərqlənir.
İnzibati
Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə
əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı
olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır.
Burada onu da
nəzərə almaq lazımdır ki, subyektləri həmçinin hüquqi şəxslər olan İnzibati
Xətalar Məcəlləsinin Xüsusi Hissəsi ilə nəzərdə tutulmuş əməllərin bəziləri
(məsələn, Məcəllənin 388.0.4, 492-ci maddələri ilə nəzərdə tutulmuş əməllər)
yalnız qəsdən törədildikdə inzibati xətanın tərkibi yaranır.
Həmin
Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin
(hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun
zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə
nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən
törədilmiş xəta hesab olunur.
“Arzu etmək”,
“şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati
xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun
vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir.
Beləliklə,
hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir
halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı
nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci
maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir.
İnzibati
Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati
məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün
aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:
- hüquqi şəxsi
təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- hüquqi şəxsin
adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- hüquqi şəxsin
fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- bu Məcəllənin
18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər
tərəfindən nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin
yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati
xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Göründüyü kimi,
vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə
yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının
qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə
nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular
tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi
inzibati xətalara görə məsuliyyətə cəlb olunur.
İnzibati
Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət
hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət
orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında,
idarə və müəssisələrində, o cümlədən publik hüquqi
şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində
daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət
əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər
vəzifəli şəxs hesab edilirlər.
İnzibati
Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati
məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər
hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna
etmir.
Qanunvericinin
bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli
şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri
tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar
Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən
inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü
maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması,
təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır.
Beləliklə, bir
xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli
şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı
törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün
və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik)
edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə
yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə
tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi
şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs
(fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun
baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına
baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları
fərqlidir.
Lakin o da
nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ
norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində
inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən
şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin
dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və
ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən
inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi
xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi,
hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak
vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul
olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə
alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü
maddələri).
Həmçinin, həmin
Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş
üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi;
inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati
məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta
nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında
işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan
digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və
şərait. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv
surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir
(Məcəllənin 84.1-ci maddəsi).
Bu baxımdan,
məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün
hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm
hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin
məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin
vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından
həll etməlidir.
Eyni zamanda
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati
xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı
məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının
alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən
nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən
edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə
halı yaratmış olar.
Göstərilənlərə
əsasən, eləcə də İnzibati Xətalar Məcəlləsinin ədalətlilik prinsipini rəhbər
tutaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- İnzibati
Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və
ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva
edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində
Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən
inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb
edilə bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin
mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin
Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən
nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə
tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt
(hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev