Qərarlar

16.03.22 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1, 120.1, 122.1, 122.2 və 122.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD


Azərbaycan Respublikası adından

AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ

QƏRARDADI

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciətinə dair

        16 mart 2022-ci il                                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Humay Əfəndiyeva (sədrlik edən və məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze və İsa Nəcəfovdan ibarət tərkibdə,

F.Əhmədovun katibliyi ilə,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciətinə baxaraq,  

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1, 120.1, 122.1, 122.2 və 122.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, İ.İsayev və V.Isayeva xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək 16 mart 2021-ci il təvəllüdlü Quliyev İsmayıl Elnur oğlunun onların övladlığına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər 29 aprel 2009-cu il tarixində nikah bağlamış, lakin övladları olmamışdır. Övladlığa götürmək istədikləri İsmayıl adlı uşağın atası E.Quliyev ərizəçilərdən V.lsayevanın doğma qardaşıdır. İsmayıl doğulduğu gündən onlarla birlikdə yaşayır. Uşağını övladlığa götürmək istədikləri Quliyevlər ailəsinin daha iki övladı valideynləri ilə birlikdə yaşayırlar. Ərizəçilər həmçinin qeyd etmişlər ki, maddi imkanları Quliyevlər ailəsi ilə müqayisədə daha yaxşıdır və İsmayılın valideynləri uşaqlarının onların övladlığına verilməsinə razıdırlar.

Ərizəyə İsmayılın övladlığa verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizələri, övladlığa götürənlərin sağlamlıq vəziyyətləri barədə arayışlar, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Quliyev İsmayıl Elnur oğlunun övladlığa götürülməsinin uşağın mənafeyinə uyğun hesab edilməsi barədə 12 noyabr 2021-ci il tarixli rəyi və aktı əlavə edilmişdir.

Müraciətedən həmin iş ilə bağlı qeyd edir ki, övladlığa götürmənin ciddi məsələ olması nəzərə alınaraq onun həyata keçirilməsi üçün məhkəmə qaydası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu Fəslində övladlığa götürmənin prosessual qaydası təsbit edilmişdir. Övladlığa götürmə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 29 oktyabr 2009-cu il tarixli qərar qəbul edilmişdir.

Müraciətedən bununla belə hesab edir ki, övladlığa götürmə ilə bağlı əhatəli qanunvericilik bazası və kifayət qədər məhkəmə təcrübəsi olmasına baxmayaraq, bu institutun bəzi müddəalarının tətbiqində problemlər yaranır.

Belə ki, müraciətedənin qənaətinə görə, Ailə Məcəlləsində “uşağın mənafeyi” ifadəsi övladlığa götürmənin əsası, övladlığa götürənlərin xarakteristikasının meyarı və kriteriyası kimi müəyyən edilsə də, nə Ailə Məcəlləsində, nə də digər qanunvericilikdə bu ifadənin normativ anlayışı verilmişdir.

Eyni zamanda, müraciətedən hesab edir ki, Ailə Məcəlləsinin 122.1-ci maddəsi ilə təsbit edilmiş uşaqların övladlığa verilməsinə valideynlərinin razılığının mahiyyəti hüquqi baxımdan qeyri-müəyyəndir və həmin Məcəllənin 122.2-ci maddəsi (valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər) anti-humanist məzmun kəsb edərək övladlığa götürülməsi nəzərdə tutulan uşağa mənfi təsir edə bilər. Həmçinin, müraciətedənin mülahizəsinə görə, uşağın valideynlərin konkret göstərdiyi şəxsin övladlığına verilməsi də bəzi hallarda uşağın mənafeyinə zidd ola bilər.

Göstərilənləri nəzərə alaraq, müraciətedən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Ailə Məcəlləsinin 117.1, 120.1, 122.1, 122.2 və 122.3- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır (Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələri).

Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən övladlığa götürmə institutu ilə təmin edilir. Övladlığa götürmə institutunun əsas məqsədi övladlığa götürülən uşağın normal fiziki və mənəvi inkişafını təmin etməkdir.

Övladlığa götürmə müəyyən hüquqi nəticələr yaradan hüquqi fakt qismində çıxış etməklə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsinin prioritet formasını təşkil edir. Belə ki, övladlığa götürən və övladlığa götürülən şəxslər arasında bioloji valideynlər ilə eynilik təşkil edən ailə münasibətləri yaranır, bununla da bir tərəfdən uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ, digər tərəfdən isə övladlığa götürənlərin uşaqlarla yaşamaq və onları tərbiyə etmək hüquqları realizə edilmiş olur.

Belə ki, Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

Ailə qanunvericiliyində nəzərdə tutulan bu normalar, həmçinin övladlığa götürmə məsələlərini tənzimləyən beynəlxalq hüquq sənədlərində əksini tapmışdır. “Uşaqların övladlığa götürülməsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, övladlığa götürmə övladlığa götürən şəxsə övladlığa götürülənə münasibətdə qanuni nikahda doğulmuş uşağa münasibətdə atanın yaxud ananın malik olduğu bütün hüquqları və vəzifələri verir. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71- ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2021-ci il 19 fevral tarixli Qərarı.)

Övladlığa götürmə zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. Belə ki, Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən, uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən birini təşkil edir. Həmin Məcəllənin 117.1-ci maddəsinə müvafiq olaraq, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 5 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, övladlığa götürmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür.

Uşağın mənafeyindən danışarkən məhz “inkişaf” meyarının rəhbər tutulması ondan irəli gəlir ki, uşağın şəxsiyyəti fiziki, mənəvi və psixoloji cəhətdən formalaşmaqda davam edir.

Qeyd edilməlidir ki, “uşaqların mənafeyi” anlayışı sahələrarası anlayış olduğundan, onun nəzərdə tutduğu məna da hansı hüquq sahəsində tətbiq edilməsindən asılı olur. Belə ki, uşaqların mənafeyi tək ailə hüquq münasibətləri deyil, bütün hüquq münasibətləri müstəvisində təmin edilməlidir. Burada nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Bununla belə, “uşaqların mənafeyi” anlayışının və bu mənafelər müəyyən edilərkən məhz hansı meyarların rəhbər tutulmasının qanunvericilikdə açıqlanmaması təsadüfi deyil. Belə ki, müvafiq meyar və faktorlar hər bir uşaq barəsində yaranan məsələyə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir. Eyni zamanda belə meyarların konkret sadalanması bu anlayışın məhdudlaşdırılmasına da səbəb ola bilər.

Qeyd edilməlidir ki, müvafiq qanunvericilikdə təsbit edilmiş uşaqların mənafelərinin qorunması prinsipi Konstitusiyanın və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın və digər beynəlxalq-hüquqi aktların tələblərindən irəli gəlir.

Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, bu tədbirlər istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

Həmin Konvensiyanın 21-ci maddəsinə müvafiq olaraq, övladlığa götürmə sistemini qəbul edən və (və ya) onun mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin edirlər.

“Uşaqların mənafeləri” anlayışı Konvensiya ilə açıqlanmır. Bu kateqoriyanın tətbiqini ümumiləşdirən BMT-nin Uşaq Hüquqları Komitəsinin 14 saylı Ümumi Şərhinin 32-ci bəndinə əsasən, uşaqların mənafeyi konsepsiyası mürəkkəbliyi ilə seçilir və onun məna tərkibi hər bir halda ayrıca müəyyən edilməlidir... Bu konsepsiya dəyişkən və adaptasiya olunandır... O, konkret uşağın və ya uşaqların vəziyyətinin xüsusiyyətləri, şəxsi halları və ehtiyacları nəzərə alınmaqla dəyişir və müəyyən edilir. Fərdi işlər üzrə qərar qəbul edilərkən mənafelər uşağın üzləşdiyi konkret hallara müvafiq olaraq qiymətləndirilir.

O da qeyd edilməlidir ki, “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 29 oktyabr 2009-cu il tarixli Qərarının 7-ci bəndinə əsasən, məhkəmələr əsas fikri ona yönəltməlidirlər ki, hər bir konkret işdə uşaqların hüquq və yüksək mənafelərinin təmin olunması məqsədilə onlar iş ilə bağlı zəruri informasiya almalı, mənafelərinə toxunan ailə münasibətləri məsələləri üzrə məhkəmə prosesində öz hüquqlarını həyata keçirmək imkanına malik olmalı, onların fikirləri nəzərə alınmalı və uşaqların hüquqları və yüksək mənafeyi təmin olunmalıdır.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “uşaqların mənafeyi” konsepsiyası onların ümumi rifahının təmin edilməsinə yönəlməklə istənilən halda fərdi olaraq müəyyən edilir. Hər bir halda uşaqların mənafeyi işin bütün halları qiymətləndirilib nəzərə alınmaqla müəyyən edilməlidir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100- cü maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Palatası qeyd etməyi vacib hesab edir ki, uşağın övladlığa götürülməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən konkret işin faktiki halları müəyyənləşdirilməli və araşdırılmalı, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif hallar da nəzərə alınmaqla uşağın mənafelərinə uyğun qərar qəbul edilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında həyata keçirilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin müvafiq qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına ehtiyac görülmür.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 33, 60, 62.1, 68.1 və 69.2-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası

QƏRARA ALDI:

1.    Bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.

2.    Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilsin.

3.    Qərardadın surəti 7 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.

4.    Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

        Sədrlik edən:                                                           Humay Əfəndiyeva