AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh
edilməsinə dair
14 oktyabr 2022-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən
məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı
subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafarinin
və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik
şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki Kollegiyasının sədri
S.Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ş.Məmmədovanın
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1246, 1248.1, 1268.2 və
367.1-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdən görünür ki, Sumqayıt Şəhər
Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə M.Fərəcovanın
A.İsgəndərovaya, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisinə qarşı qanun
üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun
əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən
edilməsi tələbi təmin edilmişdir.
Müstəqil tələb irəli sürməyən üçüncü şəxs
S.Fərəcova qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin
qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır
ki, iddiaçı Mülki Məcəllənin 1243.1, 1243.2, 1246, 1248-ci maddələrinə
əsasən vərəsə kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası
qəbul etməyə yönələn heç bir hərəkət etməmiş, bununla müddəti ötürmüş, lakin
iddianı təmin edən məhkəmə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsinin
hansı hallarla müəyyən edildiyini kifayət qədər əsaslandırmamışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyası işə baxarkən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina,
vərəsəlik hüququnun rəalizəsi ilə bağlı münasibətləri tənzimləyən normalarda
qeyri-müəyyənliyin və ziddiyyətin olduğu qənaətinə gələrək Konstitusiya
Məhkəməsinə müraciət etmişdir.
Müraciətdə göstərilmişdir ki, Mülki Məcəllənin
1246 və 1256-cı maddələrinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və
ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı
gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə
çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın
qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda məhkəmə bu müddəti iki
aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında
rəsmiləşdirilməlidir.
Qanunvericilik vərəsənin mirasın qəbulu və ya
mirasdan imtina ilə bağlı hüququnun realizəsini müddətlə məhdudlaşdırsa da, bu
müddətin hansı müddətlərə aid olması qeyri-müəyyəndir. Halbuki, mirasın qəbul
edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biri olduğu üçün
bu müddətin müəyyənləşdirilməsi istər mirasın qəbulu, istərsə də ondan imtina
kimi bir çox məsələlərin həlli üçün zəruridir.
Müraciətedənin qənaətinə görə, mirasın qəbulu və
yaxud ondan imtina ilə bağlı vərəsənin öz hüququnu və ya qanunla qorunan
maraqlarını həyata keçirməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddətin mülki
hüquqları yaradan (əldə etmə) müddətə, mülki hüquqların həyata keçirilməsi
(kəsici) müddətinə, vəzifələrin icrası müddəti və ya mülki hüquqların müdafiəsi
(iddia müddətinə) aid olması mübahisə doğurmaqla, bu cür tələblər üzrə hüquq
tətbiqetmədə qeyri-müəyyənlik və çətinliklər yaradır.
Bu qeyri-müəyyənlik, xüsusilə mirasın qəbulu
müddəti ilə bağlıdır. Belə ki, mirasın qəbulu ilə bağlı müddətin iddia müddəti
olmadığı tərəddüd doğurmur. İddia müddətləri məhkəmə icraatı zamanı şəxsin
özünü müdafiə etməsi ilə bağlı nəzərdə tutulan müddətlərdir. Mirasın qəbuluna
dair müddətin kəsici müddət hesab edilməsi də qanunvericiliyin mövcud
vəziyyətinə görə mümkün deyildir. Kəsici müddətin ötürülməsi şəxsin subyektiv
hüququnu aradan qaldırır. Mirasın qəbulu müddəti kəsici müddət hesab olunduğu
halda, bu müddətin ötürülməsi şəxsin vərəsə olması ilə bağlı subyektiv
hüququnun qəti olaraq xitamına səbəb olur. Halbuki, Mülki Məcəllənin 1248.1-ci
maddəsinin məzmununa görə, vərəsə mirasın qəbulu müddətini ötürmüş olsa belə,
o, həm məhkəmə tərəfindən, həm də mirası qəbul edən digər bütün vərəsələr
tərəfindən vərəsəliyə qəbul oluna bilər.
Həmçinin, Mülki Məcəllənin 1268.2-ci maddəsinə
əsasən, fəaliyyət qabiliyyəti tam olmayan şəxslərin mirasdan imtinası ancaq
məhkəmənin qərarı əsasında mümkündür. Mülki Məcəllənin 1244-cü maddəsinə görə
isə bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə
bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan
3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud fəaliyyət
qabiliyyətli və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz
mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının
ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan Mülki Məcəllənin
1268.2-ci maddəsinin tələbi açıqca pozulmuş olar.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə
əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin
mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Ayrılmaz və bölünməz əsas insan və vətəndaş
hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki
hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin
toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı
şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə
məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun
V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı).
Konstitusiyanın 29-cu maddəsinin VII hissəsi ilə
təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras
qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul
edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə
bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı
prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç
bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.
Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə
iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında
qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan
qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait
yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin
edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir
ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri
ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi
vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən
vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel
tarixli Qərarı).
Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş
şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya
vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq
normalarının məcmusudur.
Vərəsəlik hüququ mülki hüququn ən böyük
yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı,
ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması,
vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq
və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə
əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə
yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar
nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı).
Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və
azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və
hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna
etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə
mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin
konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla
həyata keçirilməlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski
Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən
edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq
prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən
kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul
edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai
maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya
qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83).
Məlum olduğu kimi, mülki qanunvericilik hər bir
mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq
münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla
əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş
elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı
maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi
barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi
müəyyən edir.
Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun
ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək
şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki
Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya
hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının
qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan
vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız
sayılır.
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras
qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra
doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras
qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında
mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun
uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola
bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
Beləliklə, vərəsəlik hüquq münasibətləri miras
qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik
vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi
ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə
göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab
edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit
etmişdir.
Qanunverici tərəfindən mirasın qəbulunun formal
və qeyri-formal üsulları müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal
və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi
mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası
istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın
açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə,
əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla
da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən
qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki
başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada
olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Qəbul edilmiş miras onun açıldığı gündən
vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
Vərəsənin mirasın açıldığı yer üzrə notariat
ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin
formal üsuludur.
Miras əmlakın faktiki qəbulu isə vərəsənin
konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar
təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu
vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki
qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı
faktiki idarə etmək.
Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki,
onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir
və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə
hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi
üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun
(Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18
iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli
Qərarları).
Vərəsələrin mirası qəbul etməsi faktını
təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci
maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki
notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik
şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə
hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası
qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə
dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə
dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri
ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat
orqanlarına həvalə edilmişdir.
"Notariat haqqında” Azərbaycan Respublikası
Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik
hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras
qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi
barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları
üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən
sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras
qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş
bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında
şəhadətnaməyə daxil edilə bilərlər.
Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius
vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın
ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini,
miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan
şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr
arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın
bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi
faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir.
Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə
vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində
mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın
qəbuluna yol verilmir.
Mirası qəbul etmə müddəti hüquq münasibətləri
iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə
və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq
münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına
xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə
2011-ci il 5 dekabr tarixli Qərarı).
O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda
nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda
məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi
müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə
statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı
iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini
bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb
olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın
qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu Mülki
Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti
ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab
edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun
yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan
müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə
də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan
edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı
təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və
passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış
olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin
(notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata
keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən
mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin
1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş
müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət
qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa,
miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan
qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin
vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki
Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını
da istisna edir.
Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu
müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci
maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya
yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ
pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti
sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına
xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə
tutulmuş müddətlərdir.
İddia müddətləri və kəsici müddətlərin mahiyyəti
və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun
artıq formalaşmış hüquqi mövqeyi də mövcuddur. B.Mürsəlovun şikayəti üzrə
2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakıları qeyd etmişdir:
- iddia müddəti tələb hüququ üçün xarakterikdir,
lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü
maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və
müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə
bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində
kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici
müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;
- iddia müddətinin keçməsi tələb hüququnun
özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata
keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və
383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün
xitamı ilə nəticələnir;
- iddia müddəti cavabdehin verdiyi ərizə
əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə
məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;
- iddia müddəti dayandırıla (Mülki Məcəllənin
379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda
bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə
qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə
bilməz.
Göstərilənlər baxımından, Mülki Məcəllənin
1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat
qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq
qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın
qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin
müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında
həll edilə bilər.
Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul
edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı
vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən
başlayır.
Konstitusiya Məhkəməsinin Plenumu onu da
qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq
olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq
müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr
tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız
şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət
edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə
müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin
səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
Həmçinin məsələ ilə əlaqədar xarici ölkələrin
təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu
normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya
Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun
mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər
vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət
keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə
mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki
Məcəlləsinin 1942 və 1943-cü maddələri).
Göstərilənləri nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllə ilə vərəsə statusunun
yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan
imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi)
hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin
çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya
təminatına da xələl yetirmiş olur.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və
mirasdan imtina ilə əlaqədar normalarının bu Qərarda əks olunmuş hüquqi
mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı.
Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi
ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir
ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin
xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı
əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2-ci maddəsi).
Mülki Məcəllənin 33-cü maddəsinə uyğun
olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya
məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi
üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri
olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri
bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil
surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər.
Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini
icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən
qoruyurlar.
Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın
da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici
məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli
şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə
biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış
etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki
Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı
məhdudiyyət şamil olunur.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki
Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın
qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş
müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki
Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər;
- Mülki Məcəllənin 1268.2-ci maddəsinə uyğun
olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli
vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin
Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq
müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə
tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu
Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun
olaraq məhkəmə qaydasında həll edilə bilər.
2. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət
qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras
əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin
1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev