AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
453.10-cu maddəsinin şərh edilməsinə dair
31
avqust 2022-ci il
Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev,
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi
Rayon Məhkəməsinin hakimi B.Pənahovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri
H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi
İ.İbrahimlinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və
insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Azərbaycan
Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü F.Həsənovun mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1, 122, 449 və 453.10-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən və ona əlavə
edilmiş sənədlərdən görünür ki, Y.Yusupova 17 yanvar 2022-ci il tarixində Bakı
şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon
prokurorluğunun böyük müstəntiqi İ.Seyidov tərəfindən 12 oktyabr 2021-ci il
tarixində qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında”
qərarın ləğv edilməsi və onun barəsində xüsusi qərarın qəbul olunmasını xahiş
etmişdir.
Şikayətçi tərəfindən
həmin qərarın qanuniliyi daha əvvəl mübahisələndirilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı
ilə şikayət təmin edilməyərək həmin qərar qanuni hesab edilmişdir. Bakı
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 dekabr 2021-ci il tarixli qərarı
ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Prosessual qərarların
preyudisial əhəmiyyəti nəzərə alınaraq Y.Yusupovanın 17 yanvar 2022-ci il
tarixli şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il
tarixli qərarı ilə geri qaytarılsa da, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının 11 mart 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin
qərarı ləğv edilərək şikayət icraata götürülüb baxılması üçün həmin məhkəməyə
göndərilmişdir.
Apellyasiya instansiyası
məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cinayət-Prosessual Məcəlləsinin
449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın səlahiyyətli şəxslərinin
hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulduğundan,
birinci instansiya məhkəməsi şikayətə mahiyyəti üzrə baxmalı, məhkəmə nəzarəti
qaydasında şikayət vermiş şəxsi və qərarından şikayət verilən orqanın nümayəndəsini
məhkəmə iclasına dəvət edib dindirməlidir.
Müraciətedən onu da
göstərmişdir ki, Y.Yusupova eyni məzmunlu məsələ ilə bağlı məhkəməyə çoxsaylı
müraciətlər etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar, 18 yanvar, 21 yanvar, 2 fevral və 25 fevral 2022-ci
iI tarixli qərarları ilə onlara eyni münasibət bildirilmişdir. Bu qərarlar da
müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarları
ilə dəyişdirilmədən saxlanılmışdır.
Müraciətedən belə qənaətə
gəlir ki, məhkəmə nəzarəti qaydasında şikayət verilərək ibtidai araşdırma
orqanının qanuniliyi mübahisələndirilən qərarı ilə bağlı qanuni qüvvəyə minmiş
yekun məhkəmə aktının mövcudluğu artıq həmin məsələyə təkrar baxılmasına
yol vermir.
Bakı şəhəri Nəsimi
Rayon Məhkəməsi məhkəmə təcrübəsində fikir ayrılığı mövcud olduğundan,
hüquqlardan sui-istifadə hallarının qarşısının alınması, məhkəmə orqanlarının
normal fəaliyyətinin təmin olunması baxımından qeyd olunan məsələyə aydınlıq gətirilməsi,
vahid məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericiliyin eyni qaydada tətbiq
edilməsi və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə
Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə əlaqədar, ilk növbədə, qeyd edir ki, Plenumun bir sıra qərarlarında
məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş)
prinsipinin qorunmalı olduğu bildirilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı
yenidən mübahisələndirilməməlidir.
Belə ki,
S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir
ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik
normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə
aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə
onların şübhə altına alınmasını istisna edir.
Eyni
zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə
2014-cü il 6 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas
amili tərəflərdən heç birinin həmin iş
üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi
məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb
etmək imkanının olmamasından ibarətdir.
Qeyd
olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa
Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda
və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə
qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir.
Hüquqi
müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res
judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz
növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o
cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin
edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə
inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya
qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr
tarixli Qərarı, § 238).
Qeyd olunmalıdır ki,
res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll
edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini
əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.
Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı
artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq
subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün
qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən
“qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə
uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə
qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu
rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir.
Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə
qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə
kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə
prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan
asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə
minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik
prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib
çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının
ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir.
İkincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi
məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna
edir. Bu nəticə pozitiv və neqativ mənada özünü
göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə
malik olur.
Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə
predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə
müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad
olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə
qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv
və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi
Plenumunun
“Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə
dair”
2020-ci il 8 yanvar tarixli
Qərarı).
Neqativ mənada
götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni
qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə
icraatını, bir qayda
olaraq, istisna edir.
Qeyd etmək
lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual
hüquq elmi və təcrübəsində məhkəmə qərarına dair res judicata qaydasının
tətbiqi həmin qərarın formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə
olunur.
Formal mənada
res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində
artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından
şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri
götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə
minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni
qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir.
Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin
qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa
çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq
olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.
Məhkəmə qərarının preklyuziv effektinə dair qayda Cinayət-Prosessual
Məcəlləsinin 453.10-cu maddəsində də əks olunmuşdur. Həmin normanın məzmununa əsasən,
məhkəmə nəzarəti qaydasında apellyasiya instansiyası məhkəməsi tərəfindən
hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya
protestə təkrarən baxılmasına yol verilmir.
Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi
sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır.
Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti
nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin
qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin
müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının
şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı).
Cinayət
prosesi çərçivəsində məhkəmə nəzarəti, müvafiq prosesin bu və ya digər mərhələsində
araşdırılan məsələ üzrə əsaslı və ədalətli qərarın qəbul edilməsini mümkün edən
müəyyən prosessual hərəkətlər sisteminin icrası vasitəsilə həyata keçirilir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü
maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli
Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki
vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli
şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların
qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və
azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna
edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası).
Cinayət-Prosessual Məcəlləsinin 442.2-ci
maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə
nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər
kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu,
şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon
danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu
məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən
məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual
məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və
təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın
prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.
Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci
maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması
mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin
başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir.
Cinayət
işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində
məhkəmə nəzarəti, сinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və
ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət
etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir.
Cinayət
işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində
məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və
qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan, nəzarət
obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv
qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və
bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur.
Cinayət
işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində
məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və
ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti
ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət
mühakiməsi aktı qismində çıxış edir.
Bu baxımdan
qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin
453.10-cu maddəsinin həbs qismində qətimkan
tədbirinin seçilməsi və ya bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının
yoxlanılmasına dair qaydaların sırasında yer almasına baxmayaraq, həmin normada
təsbit edilmiş qayda, həmçinin cinayət işinin başlanmasının rədd edilməsinə
dair qərardan şikayət verilməsi hallarına da şamil olunmalıdır. Belə ki, Cinayət-Prosessual
Məcəlləsinin 454-cü maddəsinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən
orqanların qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair
hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının
yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada
həyata keçirilir. Qanunvericinin Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsində açıq və aydın şəkildə
ifadə olunan bu mövqeyinin nəzərə alınmaması həm də müvafiq məsələləri
prosessual nizamlamadan kənarda qoya bilər.
Qeyd olunanlara əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Cinayət-Prosessual Məcəlləsinin
453.10 və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd
olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının
apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə
nəzarətinin həyata keçirilməsini istisna edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10 və
454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd
olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının
apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə
nəzarətinin həyata keçirilməsini istisna edir.
2.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.
Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev