Qərarlar

31.01.06 N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R  I

N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

31 yanvar  2006-cı il                                                                                             Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

konstitusiya məhkəmə icraatında ərizəçi N.Məmmədova və onun nümayəndəsi R.Səmədovun,

cavabverən - Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi A.Kalbalıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Nailə Yasər qızı Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçinin və cavabverən orqanın nümayəndələri müvafiq olaraq R.Səmədov və A.Kalbalıyevin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

N.Məmmədova 26 il tikiş fabrikində işlədiyinə, 23 il orada mənzil növbəsində olduğuna, müdiriyyətin icazəsi əsasında ailə üzvləri ilə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 141 saylı evin (1 saylı yataqxananın) 52-ci mənzilinin bir otağında 7 il ərzində yaşadığına əsaslanaraq məhkəmədə iddia qaldırmaqla «Bakı Tikiş Evi» Açıq Tipli Səhmdar Cəmiyyətinin (bundan sonra – «Bakı Tikiş Evi» ATSC) və onun Həmkarlar İttifaqı Komitəsinin birgə 2 saylı protokolunun, G. Rəhmanovaya verilmiş 10 oktyabr 2002-ci il tarixli 44 saylı xidməti orderin ləğv edilməsini, ailə üzvləri ilə birlikdə yaşadığı otağa pasport qeydiyyatına alınmasını xahiş etmişdir.

Nəsimi rayon məhkəməsinin 07 iyul 2003-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) 8 sentyabr 2003-cü il tarixli qətnaməsi ilə «Bakı Tikiş Evi» ATSC-nın və G. Rəhmanovanın apellyasiya şikayətləri təmin edilmişdir. Bu qətnaməyə əsasən Nəsimi rayon məhkəməsinin 07 iyul 2003-cü il tarixli qətnaməsi ləğv, iddia rədd, qarşılıqlı iddia isə təmin olunaraq N.Məmmədovanın ailə üzvləri ilə birlikdə mübahisəli otaqdan çıxarılması qət edilmişdir.

İddiaçının kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 07 yanvar 2004-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın 08 sentyabr 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 aprel 2004-cü il tarixli qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin 07 iyul 2003-cü il tarixli qətnaməsi bir daha ləğv, iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir.

Ali Məhkəmə MİÜMK-nın 02 sentyabr 2004-cü il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin olunmadan, Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 aprel 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. N.Məmmədovanın əlavə kassasiya şikayətinə Ali Məhkəmə Sədrinin 24 noyabr 2004-cü il tarixli, 8m-708/2004 saylı məktubu ilə cavab verilmişdir ki, şikayətin Ali Məhkəmənin Plenumunda baxılması üçün əsaslar yoxdur (məktub ərizəçiyə poçt vasitəsilə 30 dekabr 2004-cü il tarixdə çatdırılmışdır).

Bundan sonra, N.Məmmədova Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 aprel 2004-cü il tarixli qətnaməsindən və Ali Məhkəmə MİÜMK-nın 02 sentyabr 2004-cü il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət vermişdir.

Şikayətdə göstərilir ki, məhkəmə aktlarında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin,  Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 58 və 420-ci maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının aidiyyəti üzrə müvafiq təşkilatlarının balansına verilməsi haqqında» 14 sentyabr 1999-cu il tarixli qərarının müddəaları tətbiq edilmədiyinə görə onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Bununla bağlı, ərizəçi Konstitusiya Məhkəməsindən hüquqlarını bərpa etmək məqsədilə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda göstərilən aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduğundan ləğv olunmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın bu norması hər kəsin onun hüquq mübahisəsini həll etməli olan məhkəməyə səmərəli müraciət etmə hüququnu təmin edir.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VII hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhkəmələr işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən baxmalı və hüquqi mübahisələri müəyyənləşdirilmiş prosessual qaydalar çərçivəsində qanun əsasında həll etməlidirlər.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunun düzgün tətbiq edilməməsi və ya prosessual tələblərin kobud surətdə pozulması halları baş verərsə bunlar əsassız və yaxud qanunsuz məhkəmə qərarlarının qəbul edilməsilə nəticələnə bilər. Digər tərəfdən belə hallar, eyni zamanda məhkəmə müdafiəsi və ədalətli məhkəmə baxışı hüquqlarının pozulmasına gətirib çıxara bilər.

Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə N.Məmmədovanın iddiası təmin olunmuşdur. Apellyasiya Məhkəməsinin MİÜMK bu qətnaməni ləğv, iddianı rədd, qarşılıqlı iddianı isə təmin etmişdir. Ali Məhkəmənin MİÜMK 07 yanvar 2004-cü il tarixli qərarı ilə sonuncu qətnamə də ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilir ki,  mübahisəli otağın yerləşdiyi yataqxana qanunvericiliklə müəyyən olunmuş qaydada Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilməsindən zaman etibarilə daha əvvəl «Bakı Tikiş Evi» ATSC-nin balansında deyil, yerli icra hakimiyyəti orqanın xidmət dairəsinə verilmişdir. Buna görə «Bakı Tikiş Evi» ATSC-nin mübahisəli otağa dair hüququ olmadığı üçün N.Məmmədovanın həmin otaqdan çıxarılması «Bakı Tikiş Evi» ATSC-nin qarşılıqlı iddiası əsasında həyata keçirilə bilməz.

Ali Məhkəmənin MİÜMK apellyasiya instansiyası məhkəməsi tərəfindən Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 135 saylı Mənzil-Kommunal İstismar Sahəsinin  (bundan sonra – 135 saylı MKİS) işə cəlb edilməməsini və onun iradəsinin müəyyənləşdirilməməsini prosessual hüquq pozuntusu kimi qiymətləndirərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 418.3-cü maddəsinə əsasən, iş üzrə bu məhkəmənin qətnaməsini ləğv etmişdir.

Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə işə yenidən baxılması zamanı MPM-nin 58.1 və 58.2-ci maddələrinə müvafiq olaraq 135 saylı MKİS prosessual hüquq varisliyi üzrə işə cəlb edilməli və onun N.Məmmədovaya qarşı yaşayış sahəsindən çıxarılmasına dair tələbinin, ümumiyyətlə, olub-olmaması müəyyən edilməli, nəticəsindən asılı olaraq mübahisə mənzil qanunvericiliyinə müvafiq olaraq həll edilməli idi.

Lakin işə yenidən baxmış Apellyasiya Məhkəməsinin MİÜMK kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirmədən, bir daha birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, «Bakı Tikiş Evi» ATSC-nin və G.Rəhmanovanın qarşılıqlı iddialarını isə təmin etmişdir. Ali Məhkəmənin MİÜMK özünün əvvəlki göstərişlərinin icrasına toxunmadan Apellyasiya Məhkəməsinin MİÜMK-nın sonuncu qətnaməsini dəyişdirilmədən saxlamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, hər hansı iddianın, o cümlədən qarşılıqlı iddianın tələbləri məhz hüququn sahibi (onun müvəkkil edilmiş nümayəndəsi) tərəfindən irəli sürüldüyü və bu hüququnun cavabdeh tərəfindən pozulduğu halda təmin edilə bilər. Bunun üçün də ərizəçi N.Məmmədova və onun ailə üzvlərinin yaşadığı otaqdan çıxarılması tələbi də mübahisəli mənzilə mülkiyyət hüququ (əmlak hüquqları) olan şəxs tərəfindən irəli sürülə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Bu Məcəllənin 153.3-cü maddəsinə əsasən isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Dövlət müəssisələrinin özəlləşdirilməsi (səhmləşdirilməsi) prosesində yaradılmış «Bakı Tikiş Evi» ATSC hər hansı digər hüquqi şəxs kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən hüquqlar, o cümlədən mülkiyyət hüququ (əmlak hüquqları) əldə edə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyi özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin), ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri (yataqxanalar, məişət və mədəniyyət binaları, uşaq bağçaları, idman qurğuları, atelye, qazanxanalar və s.) yerli icra hakimiyyəti (və ya bələdiyyə) orqanlarının və aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsinin mümkünlüyünü istisna etmir. Lakin bu hal səlahiyyətli dövlət orqanının qərarı əsasında mümkündür.

Ümumi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda «Bakı Tikiş Evi» ATSC-nin Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 141 saylı evə (1 saylı yataqxanaya) mülkiyyət hüququnu, əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam hüququnun mövcud olub-olmadığını təsdiq edən (hüquq müəyyənedici) sənədlərə istinad olunmur.

Bununla belə, ümumi məhkəmələr tərəfindən mülki işin materiallarına daxil edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının aidiyyəti üzrə müvafiq təşkilatlarının balansına verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 1999-cu il tarixli 149 saylı qərarından, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 mart 1999-cu il tarixli 266 saylı sərəncamından, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması Departamentinin 20 iyun 2003-cü il tarixli məktubundan, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 09 iyul 2003-cü il tarixli 81 saylı sərəncamından göründüyü kimi, mübahisələndirilən otağın yerləşdiyi yaşayış evi (1 saylı yataqxana) 135 saylı MKİS-nin balansına və xidməti dairəsinə verilmişdir.

Ümumi məhkəmələrdə mübahisələndirilən otağın yerləşdiyi yaşayış evi (1 saylı yataqxana) üzərində «Bakı Tikiş Evi» ATSC-nin mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam hüququnun olub-olmaması müəyyənləşdirilmədən G.Rəhmanovaya «Bakı Tikiş Evi» ATSC-nin müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı əsasında həmin otağa verilmiş xidməti orderin və N.Məmmədovanın bu otaqda yaşamaqda davam etməsinin qanuniliyi barədə nəticəyə gəlmək, habelə mübahisə tərəflərinin qanuni hesab oluna biləcək hər hansı hüququnun pozulub-pozulmaması barədə qəti fikir söyləmək qeyri-mümkündür.

Bununla əlaqədar nəzərə alınmalıdır ki, MPM-in 77 və 88-ci maddələrinin tələblərinə görə  hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Bundan başqa qeyd olunmalıdır ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Apellyasiya instansiyası məhkəməsi iddianı hüquqi əsası olmadığına görə rədd edərkən onun əsaslandırılması üçün irəli sürülmüş bəzi dəlillərə (yaşadığı otaq uzun müddət tikiş fabrikinin işçisi olduğuna görə rəhbərlik tərəfindən verilmiş, yeddi il ərzində o həmin otaqdan istifadə etmiş və heç kim ona etiraz etməmiş, G.Rəhmanovaya order verilərkən həmin otaq boş olmamışdır, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə əsasən isə order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər) hüquqi qiymət verməmişdir. 

MPM-nin 420-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya Məhkəməsinin MİÜMK MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq Ali Məhkəmənin MİÜMK-nın 07 yanvar 2004-cü il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirməmiş, 135 saylı MKİS-i kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən qisimdə işə cəlb etmədən və onun müstəqil tələblərinin olub-olmamasını müəyyənləşdirmədən digər şəxslərin tələblərini müdafiə etməsini göstərməklə kifayətlənmişdir.

Mülki-prosessual qanunvericiliyə görə kassasiya instansiyası məhkəməsi: apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi); maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarında isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərir (MPM-nin 418.1, 418.3 və 417.0.3-cü maddələri).

Ali Məhkəmənin MİÜMK özünün 02 sentyabr 2004-cü il tarixli qərarı ilə yuxarıda göstərilən prosessual pozuntularla, həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadan və hətta kassasiya instansiyasının göstərişlərini nəzərə almadan qəbul olunmuş Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 aprel 2004-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlamaqla MPM-nin 418.1, 418.3 və 417.0.3-cü maddələrinə zidd qərar qəbul etmişdir.

Bütün bu hallar N.Məmmədovanın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, N.Məmmədovanın «Bakı Tikiş Evi» ATSC və onun Həmkarlar İttifaqı Komitəsinin birgə 2 saylı protokolunun, G. Rəhmanovaya verilmiş 10 oktyabr 2002-ci il tarixli 44 saylı xidməti orderin ləğv edilməsi, ailə üzvləri ilə birlikdə yaşadığı otağa pasport qeydiyyatına alınması barədə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 02 sentyabr 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, MPM-nin 416, 417.0.3, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə işə yenidən baxılmalıdır.

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. N.Məmmədovanın «Bakı Tikiş Evi» Açıq Tipli Səhmdar Cəmiyyətinin və onun Həmkarlar İttifaqı Komitəsinin birgə 2 saylı protokolunun, G. Rəhmanovaya verilmiş 10 oktyabr 2002-ci il tarixli 44 saylı xidməti orderin ləğv edilməsi, ailə üzvləri ilə birlikdə yaşadığı otağa pasport qeydiyyatına alınması barədə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 02 sentyabr 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, MPM-nin 416, 417.0.3, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar elan olunduğu gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                                   Fərhad Abdullayev