AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin
Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair
28 iyul 2022-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova
(məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1159-cu maddəsinin bəzi müddəalarının həmin
Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim
S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya
Məhkəməsinin hakimi İ.Şirinovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssis
qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1159.5-ci maddəsinin həmin
Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri
14 saylı Notariat Ofisinin 31 may 2021-ci il tarixli məktubu ilə miras qoyanla
qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən A.Tağıyevə vərəsəlik hüququ
haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bundan sonra o, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə
ilə məhkəməyə müraciət etmişdir.
A.Tağıyev ərizəsində göstərmişdir ki, onun yaxın qohumu S.Əliyeva 28
fevral 2021-ci il tarixində Bakı şəhərində
vəfat etmişdir. Miras qoyan onun əmisi nəvəsidir, digər vərəsəsi yoxdur. A.Tağıyev
1986-cı ildə vəfat etmiş atası M.Tağıyev ilə miras qoyan S.Əliyevanın 1968-ci
ildə vəfat etmiş babası B.Tağıyevin
qardaş olması, eləcə də S.Əliyevadan miras qalmış əmlakın qəbul edilməsi barədə
hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair qətnamə qəbul
olunmasını məhkəmədən xahiş etmişdir.
Bakı şəhəri Nərimanov
Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə A.Tağıyevin ərizəsi
kifayət qədər sübut təqdim edilməməsi əsas gətirilərək təmin olunmamışdır.
Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə tərəfindən işə baxılan zaman sübutların hərtərəfli və tam araşdırılmamasına, maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən həmin qətnamədən verilmiş
apellyasiya şikayəti üzrə aparılan araşdırma zamanı məsələ ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmişdir.
Mövcud yanaşmalardan
birinə görə, ərizəçi Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş heç
bir qrupa aid olmadığından, onun qanun üzrə vərəsə hesab olunması mümkün
deyildir. Digər yanaşmaya əsasən isə qanun üzrə vərəsəlikdə beş növbə vərəsəliyin
müəyyən olunması, bu növbələrdən heç birinə aid olmayan digər qohumların inkar
edilməsi üçün əsas deyildir. Belə ki, ilk beş növbə qanun üzrə vərəsələr
olmadığı təqdirdə miras qoyanın beşinci növbədən sonrakı qohumları da vərəsə
ola bilər, bu zaman hər hansı növbə və ardıcıllıq nəzərdə tutulmamışdır və digər
qohumların vərəsəliyinin istisna edilməsi bərabərsizliyə və ədalətsizliyə gətirib
çıxarar.
Müraciətedən hesab
edir ki, hazırkı iş üzrə ərizəçinin ölməsi halında əmisi nəvəsi S.Əliyevanın
ona vərəsə ola biləcəyinə baxmayaraq, onun (A.Tağıyevin) babanın qardaşı uşağı
qismində vərəsə ola bilməməsi qeyri-müəyyənlik yaradaraq bərabərlik hüququnun
pozulmasına səbəb ola bilər.
Göstərilənlərə əsasən
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə tətbiq edilməli olan
maddi hüquq norması kimi qanun üzrə vərəsəlikdə növbəlik, müvafiq növbəyə aid vərəsələrin
dairəsi, eləcə də vərəsələri olmayan əmlakın dövlətə keçməsi ilə bağlı münasibətləri
tənzimləyən Mülki Məcəllənin müvafiq maddələrinin Konstitusiya Məhkəməsi tərəfindən
şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
Konstitusiyanın
29-cu maddəsinin VII hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı,
yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası
qəbul edib ona sahib olmağı nəzərdə tutur. Maddənin məzmunundan göründüyü kimi,
bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təminat
altına alınır. Birincisi, miras qoyana əmlakının ona yaxın olan şəxslərə
qalacağına, ikincisi isə miras qoyandan qalan miras əmlaka onun yaxınlarının
varis olmalarına hüquqi təminat verilir.
Vərəsəlik hüququ
mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən
sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə
etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva
edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun
kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın
aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da
etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin
olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik
hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin
imperativliyini şərtləndirir.
Mülki Məcəllənin
1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla
həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş
şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur,
yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Konstitusiya Məhkəməsi
Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə
üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı
prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən
ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər)
miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən
üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə
yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam
vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu
prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında
özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir
(“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin
I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20
oktyabr tarixli Qərar).
Qanun üzrə vərəsəlik
zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras
qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə
sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin
1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə
tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə
- babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla
bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir.
Qeyd olunduğu kimi,
qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla
çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar
kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana
yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən,
ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri
ardıcıllıqla nəzərə alınmışdır.
Beləliklə, qanunda
miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin
təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin
vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa
yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir.
Vurğulanmalıdır ki, əvvəlki
Mülki Məcəllədən fərqli olaraq, yeni Mülki Məcəllədə qanunverici tərəfindən vərəsəliyin
növbəliyi genişləndirilərək ikidən beş növbə vərəsələrə qədər artırılmışdır. Bu
isə miras qoyanın maraqlarına uyğun olmaqla, əmlakın vərəsələri olmayan əmlak
statusuna keçməsinin mümkünlüyünün aradan qaldırılması məqsədini daşıyır.
Mülki Məcəllənin
1159-cu maddəsində nəzərdə tutulmuş sonuncu növbə, yəni beşinci növbə vərəsələrə
xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ
olmadıqda isə onların uşaqları aiddir. Göstərilən şəxslərin beşinci növbə vərəsə
qismində vərəsəliyə çağırılmaları üçün ondan əvvəl gələn digər növbə vərəsələrin
olmaması, onların mirası qəbul etməməsi, mirasdan imtina etmələri və ya vərəsəlik
hüququndan məhrum edilmələri zəruridir.
Mülki Məcəllənin
1160-cı maddəsinə uyğun olaraq, əvvəlki növbənin vərəsələrindən, heç olmasa
birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Həmin Məcəllənin
1165-ci maddəsində isə vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi müəyyən
edilmişdir. Bu maddəyə görə, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə
yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr
vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə
keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün
sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin
təminatında olmuşdursa, onların mülkiyyətinə keçir. Göründüyü kimi, dövlət həm
qanun üzrə, həm də vəsiyyət üzrə vərəsə qismində vərəsəlik hüququnun daşıyıcısı
ola bilər.
Göstərilən maddələrin
qarşılıqlı təhlili göstərir ki, qanunverici tərəfindən qanun üzrə vərəsələrin,
yəni qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslərin dairəsi
konkret müəyyənləşdirilmişdir. Vəsiyyət üzrə vərəsəlikdən fərqli olaraq, qanun
üzrə vərəsəlik zamanı miras əmlakı əldə etmək hüququ olan şəxslərin dairəsi, eləcə
də onlara miras əmlakdan düşəsi payın həcmi miras qoyanın iradəsi ilə deyil, məhz
qanunla qəti və dəqiq olaraq təsbit edilmişdir. Bu baxımdan nəzərə alınmalıdır
ki, qanunvericilikdə vərəsəliyin müəyyən həddi, yəni miras qoyanla qohumluq əlaqəsində
olan və vərəsəliyə çağırılan şəxslərin məhdud dairəsi nəzərdə tutulduğundan, həmin
həddən kənarda qalan şəxslər vərəsə hesab edilə bilməzlər. Beləliklə, mülki
qanunvericilik qanun üzrə vərəsə ola bilən şəxslərin dairəsini beş növbə ilə məhdudlaşdırır
və bu miras qoyanın Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliyə
daxil olmayan digər qohumların qanun üzrə vərəsə olması imkanını istisna edir.
Müraciətdə göstərildiyi
kimi, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması “qanun üzrə vərəsə”
ifadəsinə zidd olmaqla, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi,
miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan
qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi
qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb olar. Belə ki, “qanun üzrə vərəsə”
ifadəsi vərəsələrin məhz “qanunda göstərilən” olduğunu ifadə etməklə vərəsələrin
əhatəsinin sərhəd və həddini ehtiva edir.
Həmçinin vərəsəlik
hüquq normaları nəzərdən keçirilərkən vərəsəliyin sosial- iqtisadi mahiyyətini,
onun hüquqi məzmununu və hüquqi tənzimlənməsinin xarakterini müəyyən edən vərəsəlik
hüququnun prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu prinsiplər
vərəsəlik hüququnun əsasını təşkil etməklə, şəxsin ölümü nəticəsində onun əmlakının
başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətlərini
tənzimləyən hüquq normalarında ifadə olunmuş əsas ideyalar və rəhbər
başlanğıclardır. Vərəsəliyin hüquqi nizamlanması məhz həmin prinsiplərin vasitəsilə
həyata keçirilir. Vərəsəlik hüquq prinsiplərinə vəsiyyət azadlığı, vərəsəliyin
mühafizəsi, növbəlik, ailə mənafeyinin qorunması, miras paylarının bərabər
olması, miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi kimi prinsiplər
aiddir. Mülki hüquq nəzəriyyəsində və mülki qanunvericilikdə vərəsəliklə bağlı
normalarda əks olunmuş bu prinsiplərdən məhz növbəlik, ailə mənafeyinin
qorunması, miras əmlakın dövlətə keçməsi kimi qaydalar qanun üzrə vərəsəlik
institutunda özünü biruzə verir.
Müraciətdə
qaldırılan məsələlərdən biri də ərizəçinin vəfat edəcəyi təqdirdə əmisi nəvəsi
S.Əliyevanın ona vərəsə ola biləcəyinə baxmayaraq, mövcud vəziyyətdə onun
babanın qardaşı uşağı qismində əmisi nəvəsinə vərəsə ola bilməməsi ilə
bağlıdır.
Bununla əlaqədar
göstərilməlidir ki, mülki qanunvericiliyin vərəsəliklə bağlı normaları nəzərdən
keçirildikdə, qanun üzrə vərəsəlik halında vərəsəyə münasibətdə deyil, məhz
miras qoyana münasibətdə dairəsi konkret müəyyən edilmiş şəxslərin (qohumların)
qanun üzrə vərəsə olmasının mümkünlüyünün təsbit edildiyi müşahidə olunur.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mövcud qanunvericiliyə
görə yalnız miras qoyana münasibətdə dairəsi qanunda konkret müəyyən edilmiş şəxslər
qanun üzrə vərəsə qismində çıxış edə bilərlər. Lakin qarşılıqlı vərəsəliyin, o
cümlədən vərəsəlik hüquq normaları ilə mülkiyyət hüququnun təmin edilməsi məqsədilə
gələcəkdə qanunverici orqan tərəfindən vərəsəliyin növbəliyinin genişləndirilərək
miras qoyanın digər yan xətt üzrə qohumlarının da (nənə və babanın anası və
atasının uşaqlarının, yəni nənə-babanın bacı və qardaşlarının və s.) vərəsə ola
bilmə imkanları nəzərdən keçirilə bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu həmçinin vərəsəlik hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmədə
baxılmasının prosessual qaydalarına əməl edilməsinin vacibliyini vurğulayaraq
qeyd edir ki, miras payla əlaqədar iddia irəli sürülərkən iddiaçının vərəsəlik
hüququ olan şəxslərin dairəsinə aid olmasını təsdiq edən sənədlərin mövcudluğu
həmin mübahisələrin əsassız olaraq uzanmasının qarşısını almış olur.
Belə ki, Mülki Məcəllənin 1291, 1321.1 və
1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi,
miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə
olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin
faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin
verilməsi mütləqdir (“Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərar).
Vərəsələr arasında
razılıq əldə edilmədiyi təqdirdə, vərəsə olmaq hüququna malik olan şəxslərin
dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi məqsədi ilə, ilk növbədə,
mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin, yaxud şəxslərin
qohumluq münasibətləri kimi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə
dair işlərə xüsusi icraat qaydasında baxıldıqdan sonra, miras əmlakın
bölüşdürülməsi ilə bağlı məsələlərə ümumi iddia icraatı qaydasında baxıla bilər.
Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi
icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin
olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad
çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah
edir.
Göstərilənlərə əsasən,
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
-
Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən
edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq
dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla
müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq
qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar
rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev