Qərarlar

14.07.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

14 iyul 2022-ci il                                                                               Şuşa şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi H.Səfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, əvvəllər məhkum olunmuş şəxsə davam edən cinayətin törədilməsinə görə ittiham irəli sürüldükdə,  həmin cinayəti təşkil edən epizodlardan bir qismi birinci hökmdən əvvəl, bir qismi isə hökmdən sonra törədildiyi halda, baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə cəzanın Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında və ya 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilməsinə dair məhkəmə təcrübəsində müxtəlif yanaşmalar mövcuddur.

Belə ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

Həmin Məcəllənin 67.1-ci maddəsində isə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə tərəfindən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin tamamilə və ya qismən birləşdirilməsi nəzərdə tutulmuşdur.

Müraciətdə həmçinin qeyd edilmişdir ki, şəxsin birinci hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirləndirilməsi üzrə cinayət işinə baxılarkən həmin hökmlə təyin edilmiş cəzanın çəkilib qurtardığı halda, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq, yəni hazırkı və əvvəlki cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi, yaxud cəzanın çəkilib qurtarması səbəbindən ona yalnız yeni iş üzrə cəzanın təyin edilməsi ilə bağlı hüquqtətbiqetmə təcrübəsində vahid mövqe formalaşmamışdır.

Odur ki, müraciətedən göstərilən hallarda cəzatəyinetmə qaydaları ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin həlli zamanı hüquqi müəyyənlik, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsipləri, eləcə də konstitusiya nəzarəti orqanının bununla bağlı formalaşdırdığı hüquqi mövqelər rəhbər tutulmalıdır.

Belə ki, pozulmuş ictimai münasibətlərin bərpası üçün dövlət məcburetmə vasitələrinin tətbiq edilməsi onların ictimai təhlükəlilik dərəcəsindən irəli gəlir və bu zaman belə əməllərlə ictimai münasibətlərə vurula biləcək zərərin digər hüquqi vasitələrlə qarşısının alınmasının mümkünsüzlüyü nəzərə alınır. Qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 2019-cu il 14 oktyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 6 yanvar tarixli Qərarları).

Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda vurğulamışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar.

Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur.

Müraciətdə göstərilən, şəxs tərəfindən cinayət tərkibini yaradan və vahid niyyətlə törədilən epizodlardan bir qisminin birinci hökmdən əvvəl, bir qisminin isə hökmdən sonra törədildiyi, yəni davam edən cinayətin törədildiyi halda baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə cəzanın Cinayət Məcəlləsinin 66.5 və ya 67-ci maddələrinə əsasən cinayətlərin və ya hökmlərin məcmusu qaydasında təyin olunması məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə, ilk növbədə, davam edən cinayətlərin mahiyyətinin açıqlanması zəruridir.

Davam edən cinayətlərin anlayışının cinayət qanunvericiliyində təsbit edilməməsinə baxmayaraq, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş bir sıra qərarlarda təcrübədə və nəzəriyyədə belə cinayətlərə rast gəlindiyi qeyd olunmuş və  davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan və mütəmadi törədilən eyni cinayət əməlləri kimi göstərilmişdir.

Davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır:

- müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin  törədilməsi;

- əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi;

- cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması.

Göründüyü kimi, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 74.2.2-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur.

Maddənin məzmunundan göründüyü kimi, cinayəti təşkil edən sonuncu epizod həm bütöv cinayətin törədildiyi yeri, həm də cinayətin başa çatdığı anı müəyyən edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunduğundan, müvafiq olaraq davam edən cinayətin başa çatma anı da son əməlin törədildiyi vaxtla müəyyən edilməlidir.

Müraciətin edilməsinə səbəb olan işdə olduğu kimi, davam edən cinayətə, məsələn Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulan bir neçə epizoddan ibarət olan xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə münasibətdə sonuncu əməlin (epizodun) törədildiyi vaxt cinayətin başa çatdığı vaxt kimi qiymətləndirilməli (sayılmalı) və vergidən yayınma cinayətinin birinci hökmün qanuni qüvvəyə minməsindən əvvəl və ya sonra törədilməsi müəyyən edilərkən məhz son əməlin başa çatdığı vaxt (an) rəhbər tutulmalıdır.

Davam edən cinayəti təşkil edən epizodlardan bir qisminin birinci hökmdən əvvəl, bir qisminin isə hökmdən sonra törədildiyi halda baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

Cinayətlərin məcmusuna görə cəza təyinetmə qaydaları Cinayət Məcəlləsinin 66-cı maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Hökmlərin məcmusu üzrə cəza təyin olunmasını nəzərdə tutan Məcəllənin 67.1-ci maddəsinə əsasən isə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı).

O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 2021-ci il 8 dekabr tarixli Qərarı).

Qeyd olunanların təhlilindən belə qənaətə gəlmək olar ki, qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədildiyi hallarda hökmlərin məcmusu üzrə cəza təyin edilir. Davam edən cinayətin qanunla nəzərdə tutulmuş birinci əməli birinci hökmdən əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdığı halda davam edən cinayət tam olaraq hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və müvafiq əsaslar olduqda şəxsə cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında deyil, həmin Məcəllənin 67-ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu qaydasında təyin olunmalıdır.

Şərti məhkumetmə təyin olunarkən məhkəmə tərəfindən müəyyən olunmuş sınaq müddəti ərzində şəxs tərəfindən yeni cinayətin törədilməsi ilə bağlı məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır (Cinayət Məcəlləsinin 70.3, 71.4 və 71.5-ci maddələri).  

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 2021-ci il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir.

Xüsusilə vurğulanmalıdır ki, məhkəmələr sınaq müddəti ərzində şəxs  tərəfindən davam edən cinayətin törədilib-törədilməməsini müəyyən edərkən bu cinayətin məhz sonuncu epizodunun  törədilmə anını əsas götürməlidirlər. Belə yanaşma Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz.

Qeyd olunduğu kimi, davam edən cinayətin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün cinayət qanunu ilə nəzərdə tutulmuş son epizodun törədilməsi tələb olunur.

Müraciətdə qaldırılan digər məsələ, yəni cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilməsi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur.

Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır.

Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur.

Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir.

Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır;

- Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin  hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə,  davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin  hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                       Fərhad Abdullayev