AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati
Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair
14 iyul 2022-ci il Şuşa şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
34-cü maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə
iclasında N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin
şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
N.Hüseynbəyov Azərbaycan Respublikası
Müdafiə Nazirliyinə (bundan sonra – Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə Sumqayıt
İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona müddətdən artıq həqiqi hərbi
xidmət keçmiş, əlil olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi pensiyanın
təyin edilməsi üçün müəyyən edilmiş qaydada məlumat vərəqinin
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra – Fondun Xüsusi Şərtlərlə
Təyinat İdarəsi) təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə
qərar qəbul edilməsini xahiş etmişdir.
N.Hüseynbəyov sonradan məhkəməyə iddianın
dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin
inzibati məhkəmə icraatına cavabdeh kimi cəlb edilməsini və ona Azərbaycan Respublikasının
müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar II qrup əlilliyə görə hərbi
qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni 1 noyabr 1999-cu
il tarixindən 1 mart 2019-cu il tarixinədək pensiyada yaranmış fərqin
hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə
qərar çıxarılmasını xahiş etmişdir.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16
oktyabr 2019-cu il tarixli qərardadı ilə Müdafiə Nazirliyinin prosessual
iştirakına xitam verilərək Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi cavabdeh qismində inzibati məhkəmə
icraatına cəlb edilmişdir.
Bakı
İnzibati Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə
iddia qismən təmin edilərək iddiaçıya 1 yanvar 2006-cı il tarixindən 1 mart
2016-cı il tarixinədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan
Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar II qrup əlilliyə
görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin
hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə
təmin olunmamışdır.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının
16 iyun 2020-ci il tarixli qərarı ilə Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin
apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən
saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati Kollegiyası) 24
noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, N.Hüseynbəyovun
iddiası təmin edilməmişdir.
Ərizəçi hesab edir ki, iş üzrə kassasiya
instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) əvvəllər təyin
edilmiş pensiyanın yenidən hesablanmasına dair normalarını, həmçinin
Konstitusiya Məhkəməsi Plenumunun həmin normalar və pensiya qanunvericiliyinin
müvafiq müddəalarına dair formalaşdırdığı hüquqi mövqelərini nəzərə
almamış, bununla da onun Konstitusiyanın 38 və 60-cı maddələri ilə müəyyən
edilmiş sosial təminat, hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı
hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə
bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Əsas
sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın
38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat
hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə
görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna
malikdir (Konstitusiyanın 38-ci maddəsinin I və III hissələri).
Sosial
təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq
hüququnu da nəzərdə tutur. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və
onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ
konstitusiya hüququ olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi
çıxış edir.
Qeyd olunmalıdır ki, “Əmək pensiyaları
haqqında” Qanunun 1.0.3-cü maddəsində
göstərilmiş hərbi qulluqçulara və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və həmin Qanunun 1.0.4-cü
maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin
edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat
xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Sosial Müdafiə Fonduna (bundan sonra –Fond) təqdim olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 27 avqust tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin
hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim
olunması” Qaydaları (bundan sonra – Qaydalar) ilə tənzimlənir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 oktyabr tarixli 314 saylı
Qərarı ilə həmin Qaydaların 2, 3 və 4-cü hissələri yeni redaksiyada
verilmişdir.
Qaydaların
həmin tarixədək qüvvədə olan hissələrinə görə, “Əmək pensiyaları haqqında” Qanunun
1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat
xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan
ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları
miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə
maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul
kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar
vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və
artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin
təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən qeyd olunan
pul təminatından hesablanır.
Hərbi
qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi
barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin
şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ
olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq
qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində
göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Fonda
təqdim edilir.
Hərbi
qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının
yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu şəxslərin
təminat xərcliyində baş verən artımlar barədə məlumatlar onların xidmət etdiyi müvafiq
orqan tərəfindən 5 iş günü ərzində Fonda təqdim olunur.
Göründüyü
kimi, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək
pensiyaçılarının pensiyalarının yenidən hesablanması qaydası pensiyanın təyin
edilməsi qaydasından fərqləndirilmiş və təminat xərcliyində baş verən artımlar
barədə məlumatların Fonda təqdim olunması üçün daha qısa müddət müəyyən edilmişdir.
Qanunverici
oxşar diferensasiyanı, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və
32.1-2-ci maddələrinin tətbiqi əsaslarına münasibətdə təsbit etmişdir. Həmin
maddələrə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin
müraciəti əsasında ömürlük təyin edilir.
Qanunun
32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən,
lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən
əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin
edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği
ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə
əlavə edilməklə ödənilir.
Qanunun
32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin
edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla
bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
Burada
xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki
“müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya
hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin
edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş
şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən
hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.
Həmin
Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci
maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların
əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.
Beləliklə,
“Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq
olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün
müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci
maddəsinin tələbləri şamil edilmir, yəni
“pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi”
şərti həmin şəxslərə tətbiq edilmir.
İnzibati
işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, N.Hüseynbəyova ilkin olaraq 3 nömrəli Sabunçu
Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 8 dekabr 1999-cu ildə Azərbaycan
Respublikasının müdafiəsi zamanı yaralanma səbəbi ilə “sağ budun və baldırın
odlu silah yaralanmasının fəsadları, budun və baldırın çoxsaylı bərkimiş
travmatik çapıqları, yerişin qismən pozulması” diaqnozu əsasında III dərəcə əlillik təyin
edilmişdir (Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin 13 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 9 avqust
2019-cu il tarixli məktubuna əsasən).
Ərizəçiyə
17 may 2012-ci il tarixli müayinə aktı əsasında II qrup müddətsiz əlillik təyin
edilmişdir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi-Sosial
Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-02 280050 №li arayışa əsasən).
Fondun
Abşeron rayon şöbəsinin 22 fevral 2019-cu il tarixli arayışı və 5 mart 2019-cu
il tarixli “Göndərişi”nə əsasən, N.Hüseynbəyov Azərbaycan Respublikasının
müdafiəsi zamanı əlilliyə görə 28 fevral 2019-cu il tarixinədək 197,04 manat
pensiya almışdır.
Ərizəçiyə
II qrup əlilliyə görə 1 mart 2016-cı il tarixindən 28
fevral 2018-ci il tarixinədək 351,20 manat, 6 mart 2019-cu il tarixindən
ömürlük 375,20 manat pensiya təyin edilmişdir (Fondun Hərbi Qulluqçular və
Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin
edən komissiyasının 6 mart 2019-cu il tarixli qərarına və pensiyaçının uçot vərəqinə
əsasən).
Ərizəçi
Fondun Abşeron rayon şöbəsindən 230 manat məbləğində Azərbaycan Respublikasının
ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II qrup əlil kimi müddətsiz Prezident
təqaüdü almışdır (Fondun Abşeron rayon şöbəsinin 11 fevral 2020-ci il tarixli məktubuna
əsasən).
Müdafiə
Nazirliyi tərəfindən Fonda göndərilən 14 fevral 2019-cu il tarixli məlumat vərəqinə
əsasən N.Hüseynbəyovun təminat xərcliyi
469 manat təşkil etmişdir.
N.Hüseynbəyov
Müdafiə Nazirliyinə, sonradan isə 15 may 2019-cu il tarixində ərizə ilə cavabdehə
müraciət edərək ona təyin edilmiş əmək pensiyasının əvvəlki illər üzrə yenidən hesablanmasını
və ödənilməsini xahiş etmişdir.
Ərizəçinin
xahişini rədd edən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi 9 aprel 2019-cu il və
27 may 2019-cu il tarixli eyni məzmunlu məktublarında imtinanı onunla əsaslandırmışdır
ki (Fondun Abşeron rayon şöbəsinin 5
mart 2019-cu il tarixli məktubuna və Müdafiə Nazirliyinin 14 fevral 2019-cu il
tarixli məlumat vərəqinə əsasən), ərizəçiyə əmək pensiyası 28 fevral 2019-cu il
tarixinədək ödənilmiş, xəsarətlə əlaqədar isə II qrup əlilliyə görə 6 mart
2019-cu il tarixində təminat xərcliyinin 80 faizi - 375,20 manat məbləğində
pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanan 5 837,76 manat məbləğində
fərq 2019-cu ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla
müvafiq kart hesabına köçürülmüşdür.
İddianı
qismən təmin edən Bakı İnzibati Məhkəməsi
11 fevral 2020-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, 1 iyul
2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinə
əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular,
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək
pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların
xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz
verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma,
travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.
Məhkəmə
həmin Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə verilmiş anlayışa, Qanunun
37.3-cü maddəsi ilə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin
müddətdən asılı olmayaraq ödənilməsi göstərişinə və Qanunun 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə
mindiyinə istinad edərək hesab etmişdir ki, N.Hüseynbəyova əlilliyə görə
pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır.
Birinci
instansiya məhkəməsi, həmçinin belə nəticəyə gəlmişdir ki, ərizəçiyə “... ödənişin
hissə-hissə aparılmasının mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və
ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və ya həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik
ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir”.
Cavabdehin
apellyasiya şikayətini təmin etməyən Bakı Apellyasiya Məhkəməsinin İnzibati
Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab
etmişdir ki, “...iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız
olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə alaraq iş üzrə
qanuni və ədalətli qərar qəbul etmişdir”.
Birinci və apellyasiya instansiyası məhkəmələrinin göstərilən mövqeyi ilə əlaqədar Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr iddianı qismən
təmin edərək N.Hüseynbəyova 2006-cı ildən başlamaqla ödənilməmiş pensiyanın tərəflər
arasında razılaşdırılmaqla hissə-hissə ödənilməsi qənaətinə gəlsələr də, gəlinən
nəticə kifayət qədər əsaslandırılmamış, inzibati prosessual qanunvericilikdə nəzərdə
tutulmuş imkanlardan yararlanılmamışdır.
Belə
ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –
İnzibati Prosessual Məcəllə) 12.1 və
12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və
təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər
materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb
edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə
müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən
digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və
sübutlar tələb edə bilər.
İnzibati
işin materiallarından görünür ki, ərizəçinin nümayəndəsi (X.Hüseynbəyova)
N.Hüseybəyova hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin
olunması üçün 22 fevral 2019-cu il tarixində müraciət etmiş, Müdafiə Nazirliyi tərəfindən
isə onun 14 fevral 2019-cu il tarixli, MN-11690 nömrəli məlumat vərəqi Fondun
Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunmuşdur. Habelə ərizəçiyə 17 may
2012-ci il tarixli müayinə aktı əsasında II qrup müddətsiz əlillik təyin edilmişdir.
Vurğulanmalıdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən
qeyd olunan hallara lazımi hüquqi qiymət verilməmiş, ərizənin, məlumat vərəqinin
və cavab məktubunun zaman baxımından ardıcıl olmaması diqqətə alınmamışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, qeyd olunan halların tədqiq edilməsi və
onlara hüquqi qiymət verilməsi məhkəmələr tərəfindən gəlinən düzgün nəticənin əsaslandırılmış
olmasını təmin edərdi.
İnzibati
Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam
və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Məhkəmə
qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı
faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların
qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi qərarını
əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya
məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara
istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında
apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir (İnzibati
Prosessual Məcəllənin 69.4 və 87.8-ci maddələri).
Apellyasiya
instansiyası məhkəməsinin qərarını ləğv edən kassasiya instansiyası məhkəməsi
isə N.Hüseynbəyovun iddiasının təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır
ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər
Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,
2017-ci il 1 iyul tarixinədək pensiya hüququ yaranmış şəxslər barəsində “Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir.
Lakin
sonradan Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli
hüquqi məsələyə dair özünün yanaşmasını və hüquqi mövqeyini dəyişmiş, 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd
edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki
ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul
tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən
hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə
də münasibətdə tətbiq edilməsini müəyyən etmişdir.
Göstərilənlərə
əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, ərizəçi ona müddətdən
artıq hərbi xidmət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün
cavabdehə 22 fevral 2019-cu il tarixində müraciət etmiş, onun təminat xərcliyi
barədə 14 fevral 2019-cu il tarixli məlumat vərəqi nəzərə alınmaqla 1 mart
2019-cu il tarixindən yeni məzmunda əmək pensiyası təyin edilmiş və əvvəlki üç
illik müddət üçün ödənilməmiş pensiya məbləği haqlı olaraq “Əmək pensiyaları
haqqında” Qanunun 37.7-ci maddəsinə uyğun olaraq ödənilmişdir.
Göründüyü
kimi, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası
məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə 17 may 2012-ci il tarixində Azərbaycan
Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar II qrup müddətsiz
əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun
zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin
İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə əmək
pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən
hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli
olmayan maddi hüquq normasını tətbiq etmişdir.
Halbuki,
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq
iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi
halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu
32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş
pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi
ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 2021-ci il 23 sentyabr
tarixli Qərar).
İnzibati
Prosessual Məcəllənin 91-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmə mübahisə ilə
bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Qanunvericinin
həmin Məcəllənin 92.0.6-cı maddəsində göstərdiyi kimi, bu Məcəlləyə uyğun
olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı)
kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
Məcəllənin 96.5.1-ci maddəsinə görə, kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol
verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə
sübutların araşdırılması tələb olunduqda, mübahisə edilən qərarı ləğv etməyə və
işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə
haqlıdır.
Ali
Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən
qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni
qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara
qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ali Məhkəmə
bütün hallarda qərarını əsaslandırmağa borcludur (İnzibati Prosessual Məcəllənin
96.9 və 96.10-cu maddələri).
Cavabdehin
kassasiya şikayəti əsasında inzibati işə baxmış Ali Məhkəmənin İnzibati
Kollegiyası isə İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinin
tələblərinə cavab verməyən qərar qəbul etmişdir ki, bu da öz növbəsində ərizəçinin
Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və
azadlıqların inzibati və məhkəmə təminatı hüququnun pozulmasına gətirib çıxarmışdır.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir ki, N.Hüseynbəyovun Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə
qarşı əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması tələbinə
dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il
tarixli qərarı Konstitusiyanın 38-ci maddəsinin I və III hissələrinə və 60-cı
maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinə
uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. N.Hüseynbəyovun Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə
Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əlilliyə görə təyin edilmiş əmək
pensiyasının yenidən hesablanması tələbinə dair
iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının
24 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci
maddəsinin I və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun
olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə
minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi
dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev