Qərarlar

29.12.98 Konstitusiyasının 66-cı maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67,70-ci və Cinayət Məcəlləsinin 179,181-ci maddələrinin şərh edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN   RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Konstitusiyasının 66-cı maddəsi ilə əlaqədar Azərbaycan Respublikası

Cinayət-Prosessual Məcəlləsinin 67,70-ci və Cinayət Məcəlləsinin

179,181-ci maddələrinin şərh edilməsi haqqında

29 dekabr 1998-ci i                                                                      Bakı şəhəri

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X. Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sul­tanov­dan (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorunun müavini N.Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisi Aparatı inzibati və hərbi qununvericilik şöbəsininin müdiri N.Səfərovun,  ekspert M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti hüquq fakültəsi cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Sə­mə­ndərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında, xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67 və 70 maddələrinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 181-ci maddələrinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Prokurorluğunun 30 noyabr 1998-ci il tarixli 11/111 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

  Hakim Ə.Sultanovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri N.Allahverdiyev və N.Səfərovun çıxışlarını, ekspert F.Səməndərovun rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  

M Ü Ə Y Y Ə N    E T D İ:

  Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz.

  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67-ci maddəsində isə müəyyən olunmuşdur ki, cinayət işi üzrə hər hansı bir halı bilən şəxs ifadə vermək üçün şahid kimi çağrıla bilər və ona məlum hallar barəsində və müttəhimin şəxsiyyətini xarakterizə edən faktlara dair ifadə verməlidir.

 Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur ki, şahid və zərər çəkmiş şəxs çağırışa gəlməkdən boyunqaçırma və ya ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə, yalan ifadə verməyə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məsuliyyət daşıyır.

 Azərbaycan Respublikasının Prokurorluğu öz sorğusunda Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində sadalanan şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və181-ci maddələrində nəzərdə tutulan əməlləri törətdikdə, onların həmin maddələrlə cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinin şərh edilməsini xahiş edir.

 Sorğu ilə bağlı konstitusiya işində Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda göstərilmiş maddələrini əks etdirən Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnlər vardır.

 İşdə olan sənədlərdən görünür ki:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67-ci maddəsində cinayət işi üzrə hər hansı bir halı bilən şəxsin ifadə vermək üçün şahid qismində çağırılması və ona məlum olan faktlar barədə ifadə verməsi, ifadə verməkdən imtina etdikdə, eləcə də dindirmə zamanı qəsdən yalan ifadə verdikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 70-ci maddəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 181-ci maddələri ilə müvafiq məsuliyyət daşıması nəzərdə tutulmuşdur;

Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə görə heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz.

Bu iki məsələ ilə əlaqədar olaraq aşağıdakıları nəzərə almaq lazımdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə ölkəmizdə Azərbaycan Respublikasının konstitusiyası ən yüksək hüquqi qüvvəyə malikdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin tələbləri Azərbaycan Respublikasında demokratik cəmiyyətə xas olan humanistlik prinsiplərinin genişləndirilməsinə, vətəndaşların hüquq və azadlıqları üçün insani və tərbiyəvi cəhətdən böyük əhəmiyyət kəsb edən qohumluq münasibətlərinin pozulmasının qarşısının alınmasına, ailənin və qohumluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67 və 70-ci maddələri ilə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğun şəkildə tətbiq olunmalıdır.

 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin müddəalarına müvafiq olaraq bu maddədə sadalanan şəxslər cinayət işi üzrə istintaqa çağırıldıqları hallarda ifadə verməkdən imtina etmələri və yaxud da qohumluq əlaqələri ilə bağlı yalan ifadələr vermələri onların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 181-ci maddələri ilə məsuliyyət daşımalarına səbəb ola bilməz.

  Bununla belə, konstitusiya müddəalarından heç biri heç kəsə könüllü surətdə qohumları barəsində ifadə verməyi qadağan etmir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində sadalanan şəxslərdən hər hansı biri özünün razılığı əsasında şahid qismində dindirilərsə, onun qəsdən yalan ifadələr verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir maneə yoxdur.

  Azərbaycan Respublikası Konstitusiyasın 66-cı maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67, 70-ci maddələrini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179 və 181-ci maddələrini şərh edərkən, Azər­baycan Respublikası Cinayət Məcəlləsinin 82-ci (dövləti cinayətlər haqqında xəbər verməmə) və 186-cı (cinayət haqqında xəbər verilməməsi) maddələrini qeyd etməmək olmaz.

  Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında şərh edilən məsələ bilavasitə cinayət haqqında xəbər verilməməsi  ilə də bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində sadalanan şəxslərin yaxın qohumları tərəfindən törədilən cinayət haqqında xəbər verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi ifadə verməyə məcbur edilmə kimi qiymətləndirilməlidir.

  Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67, 70-ci maddələri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179, 181, 82 və 186-cı maddələri Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq tətbiq olunmalıdır.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67-ci maddəsinin II hissəsi tətbiq olunarkən, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyin məcbur edilə bilməməsi tələbi nəzərə alınmalıdır.

3.  Hər hansı bir şəxs özünə, arvadına, (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməkdən imtina etdikdə, habelə onlara qarşı ifadə verməyə məcbur edilərək qəsdən yalan ifadə verdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 70-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  179 və 181-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilə bilməz.

4. İfadə verməsi məcburi olmayan şəxslərdən hər hansı biri öz razılğı ilə şahid qismində ifadə verərkən, qəsdən yalan ifadə verdiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

5. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin müddəalarını nəzərə alaraq ifadə verməsi məcbur olmayan şəxslərdən hər hansı biri həmin maddədə sadalanan qohum tərəfindən törədilmiş cinayət haqqında xəbər verilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82 və 186-cı maddələri ilə məsuliyyət daşıya bilməz.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı dərc edildiyi gündən qüvvəyə minir.

7. Qərar üç gün müddətində «Azərbaycan» qəzetində dərc olunmalıdır.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdiriləvə yaxud təfsir oluna bilməz.

Sədrlik edən                                                                           Xanlar Hacıyev