AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 35-1-ci maddəsinin həmin
Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair
19 may 2022-ci
il Bakı
şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı
subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat
və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanova və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyid, mütəxəssislər
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibov, Bakı Apellyasiya
Məhkəməsinin hakimi H.Məmmədov, Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi A.Xudiyev, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Vəkillər
Kollegiyası tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti S.Əliyevin
rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Yol hərəkəti haqqında” Qanun) 35 və
35-1-ci maddələrinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-1-ci və Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi)
332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir
ki, Qanunun 35-1-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı
yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli
orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında
Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil
olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan
Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən
artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən
edilmiş qaydada dəyişdirməlidir.
Həmin maddənin II hissəsinə görə, Azərbaycan
Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin
tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən
verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan
Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir.
Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya
daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə
etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində
bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Nəqliyyat
vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi
və qaytarılması qaydaları haqqında” Təlimatın 6.12-ci bəndinə əsasən Azərbaycan
Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə sürücülük vəsiqəsi onların Azərbaycan Respublikasında müvəqqəti
və ya daimi yaşama icazəsi müddətinə verilir.
Bununla belə, Azərbaycan
Respublikasında qüvvədə olan qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşı,
o cümlədən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs (apatrid) tərəfindən xarici dövlətin səlahiyyətli orqanı tərəfindən
verilmiş etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan
Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək müddəti qeyd edilsə
də, həmin müddət bitdikdən sonra göstərilən şəxslər tərəfindən xarici dövlətin
səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış
sürücülük vəsiqəsinin dəyişdirilmədiyi halda, həmin vəsiqələrin etibarlı
olub-olmaması, habelə həmin şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs hesab olunub-olunmaması öz əksini tapmamışdır.
Sorğuya əsasən,
istintaq və məhkəmə təcrübəsində belə şəxslər tərəfindən yol hərəkəti
qaydalarının pozulması ilə əlaqədar cinayətlər törədildiyi zaman həmin şəxslər
nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi qiymətləndirilir.
Belə olan halda təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 263-cü maddəsinə
nisbətən daha ağır cinayət hesab edilən və bu Məcəllənin 263-1-ci maddəsi ilə nəzərdə
tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilmiş
cinayət kimi qiymətləndirilir.
Beləliklə, hüquq tətbiqetmə
təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin
formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin
və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə sorğuverən xarici
dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti
qurtarmamış sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə edən Azərbaycan
Respublikası vətəndaşlarının, habelə qanunla müəyyən edilmiş müddətdə sürücülük
vəsiqəsini dəyişdirmədiyi halda əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin
müvafiq olaraq Cinayət Məcəlləsinin
263-1-ci və ya İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələrində nəzərdə
tutulan “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının təsiri
altına düşüb-düşməməsini müəyyən etmək üçün “Yol hərəkəti haqqında” Qanunun 35
və 35-1-ci maddələrinin həmin Qanunun 33-cü, Cinayət Məcəlləsinin 263-1-ci və
İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh
olunmasının zəruri olduğu qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı
aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra - Konstitusiya) 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlət hər
kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin
II hissəsi).
Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün
hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi
yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər (69-cu maddə).
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin
hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla,
habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və
azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib
olmalıdır (71-ci maddənin I və II hissələri).
Konstitusiyanın 72-ci maddəsinə uyğun olaraq, dövlət
və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə
irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu
Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin
hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər
vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Qeyd edilməlidir ki, Konstitusiya ilə təsbit
edilmiş hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin
edilməsi, mülkiyyət hüququnun qorunması
məqsədi ilə qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin
istismarının, yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir.
Yollarda nəqliyyat vasitələrinin
və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi
ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti
ilə bağlı insanların həyatının və sağlamlığının
qorunması, ətraf mühitin, xüsusi,
bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat
hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin
aşağı salınması üçün tədbirlər görülməsinin
hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol
hərəkəti iştirakçılarının hüquqları və vəzifələri “Yol hərəkəti haqqında”
Qanun ilə müəyyən edilir.
Həmin Qanunun 33-cü maddəsinə görə, bu maddənin
ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq
cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən,
sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs
Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini
idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki
yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük
vəsiqəsi əsasında həyata keçirilir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 2014-cü il 24 sentyabr tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Yol hərəkəti haqqında” Qanunun qeyd
olunan normasında (33-cü maddəsində) nəqliyyat vasitələrini idarəetmə hüququnun
əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna
uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə
etmək hüququ olan şəxs hesab edilir.
İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində
nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat
vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni
zamanda nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən
Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin (yol
hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) törədilməsi
həmin Məcəllənin 263-1-ci maddəsi üzrə (daha ağır) cinayət məsuliyyətinin yaranmasına
səbəb olur.
Yuxarıda qeyd olunan Qərarında Konstitusiya
Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Cinayət Məcəlləsinin 263-1-ci
maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası
hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi,
qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum
edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış
şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi
ehtiva edir.
“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V
hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun
məhdudlaşdırılmasından bəhs olunur. Həmin normaya əsasən Azərbaycan
Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin
nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda
müvəqqəti məhdudlaşdırıla bilər:
1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq
müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək;
2) şəxs tərəfindən yol hərəkətinin
qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa
— Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;
3) şəxsdə bu
maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər
və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək
və ya fiziki qüsur aradan qaldırılanadək.
Beləliklə, qanunverici şəxsin nəqliyyat
vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən
etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti
qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud
surətdə pozulması; şəxsdə müvafiq xəstəliklərin və ya fiziki
qüsurların müəyyən edilməsi.
Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol
hərəkəti haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir. Belə ki, maddənin
V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti
aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10
il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların
70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox
yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda
göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
Maddənin məzmununun təhlili belə nəticəyə gəlməyə
əsas verir ki, onun müddəaları, o cümlədən vəsiqənin etibarlıq müddətinə dair
tələblər Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqələrinə
şamil edilir. Belə ki, bu maddənin II hissəsində Azərbaycan Respublikasında
verilən sürücülük vəsiqəsinin növlərinin müəyyən olunması, III hissəsində
sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının
beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş
müvafiq məlumatların göstərilməsinə dair tələblər, VI hissəsində isə sürücülük
vəsiqəsindəki məlumatların Azərbaycan Respublikasının dövlət dilində və ingilis
dilində qeyd olunması göstərilmişdir.
Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən
verilmiş sürücülük vəsiqələri əsasında
Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının
şərtləri “Yol hərəkəti haqqında” Qanunun
35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika
ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir.
Bununla belə, qanunverici həmin normada Azərbaycan
Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya
daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici
dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş
sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur.
Belə ki, “Yol hərəkəti
haqqında” Qanunun 35-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin
tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən
verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında
Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil
olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan
Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin
müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci
maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və
ya vətəndaşlığı olmayan şəxslər də yol hərəkətinin tənzimlənməsi sahəsində
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq
müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası
ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (“Yol hərəkəti
haqqında” Qanunun 35-1.2-ci maddəsinin birinci cümləsi).
Burada qeyd edilməlidir ki, Azərbaycan Respublikasında
miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya
proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı
normalar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi (bundan sonra –
Miqrasiya Məcəlləsi) ilə təsbit edilmişdir. Həmin Məcəllənin 3.0.6-cı maddəsinə
əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan - Azərbaycan Respublikasında
yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu
kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına
qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdir.
Beləliklə, “Yol hərəkəti haqqında” Qanunun
35-1.2-ci maddəsinin mənasına görə, xarici dövlətin səlahiyyətli orqanı
tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi
əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək
hüququ yalnız Respublikaya qanuni əsaslarla gəlmiş, burada yaşamaq üçün icazəsi
olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter
daşıyan hallarla əlaqədar gələn şəxslərə məxsusdur.
Həmin maddənin ikinci cümləsinə əsasən, əcnəbi və
ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında
müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat
vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən
bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən
edilmiş qaydada dəyişdirməlidir.
Belə tənzimetmə Azərbaycan Respublikasının 29 aprel
1997-ci il tarixli Qanunla qoşulduğu “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının
(bundan sonra – Konvensiya) 41-ci
maddəsinin 2 və 6-cı hissələrinin müddəalarına uyğundur.
Konvensiyanın 41-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq,
a)
Razılığa
gələn Tərəflər bu Konvensiyanın 6 nömrəli Əlavəsinin müddəalarına
uyğun olan istənilən milli vəsiqəni və bu
Konvensiyanın 7 nömrəli Əlavəsinin müddəalarına uyğun olan və müvafiq milli vəsiqə
ilə birgə təqdim edilən hər hansı beynəlxalq vəsiqəni, vəsiqədə qeyd olunan
kateqoriyalara uyğun olaraq nəqliyyat vasitəsini öz ərazilərində idarə etmək
üçün bir şərtlə tanıyırlar ki, vəsiqə qüvvədədir və həmin vəsiqə digər Razılığa
gələn Tərəf, onun ərazi bölməsi və yaxud buna səlahiyyəti olan qurumu tərəfindən verilmiş
olsun;
b)
bir Razılığa gələn Tərəfin səlahiyyətli
orqanı tərəfindən verilən sürücülük vəsiqəsi digər tərəfin ərazisində, həmin ərazi
vəsiqə sahibinin yaşayış yeri olan ana qədər tanınır.
Həmin maddənin 6-cı hissəsinə əsasən, bu maddənin
müddəaları Razılığa gələn Tərəflər üçün aşağıdakı
öhdəlikləri yaratmır:
-
milli
vəsiqələrin verildiyi anda Razılığa gələn digər Tərəfin ərazisində adi yaşayış
yeri olan və ya bu vəsiqə verildikdən sonra öz adi yaşayış yerini onun
ərazisinə keçirən şəxslərə verilmiş milli vəsiqələrin etibarlığını tanımaq;
- milli vəsiqələrin verildiyi anda
vəsiqələrin verildiyi ərazidə adi yaşayış yeri olmayan və ya vəsiqələri
verildikdən sonra öz yaşayış yerini başqa əraziyə keçirən sürücülərə verilmiş
milli vəsiqələrin etibarlığını tanımaq.
Beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının
və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan
xarici vətəndaşların və apatridlərin xarici dövlətin səlahiyyətli orqanı
tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında
Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ
müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmış, bununla da faktiki olaraq, belə
vəsiqələrin Respublika ərazisində etibarlıq müddəti müəyyən edilmişdir.
Qeyd edildiyi kimi, “Yol hərəkəti haqqında” Qanunun
33-cü maddəsinin V hissəsinə müvafiq olaraq, Azərbaycan
Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin
nəqliyyat vasitələrini idarəetmə hüququ onun sürücülük vəsiqəsinin
etibarlıq müddəti qurtarıbsa — vəsiqə dəyişdirilənədək müvəqqəti
məhdudlaşdırılmış şəxs kimi qiymətləndirilir və bu əsasla Cinayət Məcəlləsinin
263-1-ci maddəsində göstərilmiş “nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs” kimi tanınır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib
hesab edir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük
vəsiqələrinin müvafiq müddət ərzində dəyişdirilməsinə dair tələb ictimai
maraqların qorunmasına yönəlməklə vəsiqə
sahibinin üzərinə hər hansı ağır
inzibati yük qoymur.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi onun sahibinin ərizəsi əsasında əvvəllər
malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, “Yol
hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan
sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası
təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları
əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə
ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir (“Yol
hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VII hissəsi).
Burada məqsəd, sürücülük vəsiqəsinin ümumi reyestrə salınması, vəsiqədəki məlumatların mərkəzləşdirilmiş
uçotunun aparılması, balla qiymətləndirilən inzibati xətalara görə bal
sisteminin tətbiq edilməsidir. Əks yanaşma İnzibati Xətalar Məcəlləsinin
327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların
törədilməsinə görə sürücülərin bir il ərzində 20 və daha çox bal topladığı
təqdirdə, inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılmasına dair həmin Məcəllənin 27.4-cü maddəsinin tətbiqini
qeyri-mümkün etmiş olar.
Beləliklə, yüksək təhlükə mənbəyi
olaraq nəqliyyat
vasitələrindən istifadə, yol hərəkəti sahəsində gücləndirilmiş nəzarət
hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, bunun nəticəsi kimi insanların
həyat və sağlamlığının, mülkiyyətinin qorunmasına yönəldiyindən, bu sahədə fərdin
üzərinə qoyulan məhdudiyyətlər ictimai maraqlara tam mütənasib hesab edilməlidir.
Qeyd
edilməlidir ki, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər
onların öz arzusu ilə həyata keçirilir (Miqrasiya Məcəlləsinin 77.1-ci
maddəsi). Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, xarici
dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsinin qanunla
müəyyən edilmiş müddət ərzində dəyişdirilməməsinin vəsiqə sahiblərinin Cinayət
Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikləri təqdirdə onların
əməlinin həmin Məcəllənin daha ağır sanksiya nəzərdə tutan 263-1-ci maddəsi ilə
tövsif olunacağını, habelə İnzibati Xətalar Məcəlləsinin 332, 334,
343.4-343.7-ci maddələri ilə nəzərdə tutulmuş xətaların tərkibini yarada
biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə alan şəxslərin “Yol
hərəkəti haqqında” Qanunun 35-1-ci
maddəsinin tələbləri və onlara əməl edilməməsinin hüquqi nəticələri barəsində
xəbərdar edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tövsiyə
edilməlidir.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- yol hərəkətinin tənzimlənməsi sahəsində
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq
müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan
Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci
maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V
hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs hesab edilir;
- Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci
maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə
xəbərdar edilməsi Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
1.
Yol hərəkətinin tənzimlənməsi
sahəsində Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli
orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının
vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin
Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi
nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.
2.
Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci
maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar
edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.
3.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5.
Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev