Qərarlar

21.10.05 H.Ə.Nurinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 26 sentyabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasın

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

H.Ə.Nurinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki  işlər üzrə məhkəmə kollegiyasının 26 sentyabr 2005-ci il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına

uyğunluğunun yoxlanılmasına dair

21 oktyabr 2005-ci il                                                                                    Bakı şəhəri

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi H.Nuri və onun nümayəndəsi Ç.Quliyevin, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi R.Məmmədovun və  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Q.Orucovun iştirakı ilə, 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Hacıağa Əliəsgər oğlu Nurinin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının  26 sentyabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, nümayəndələrin çıxışlarını dinləyərək və işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N    E T D İ:

III çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyi «Azərbaycançı Qüvvələr» siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş H.Ə.Nurinin namizədliyi 28 saylı Sabunçu üçüncü Dairə Seçki Komissiyasının 1 sentyabr 2005-ci il tarixli 29 saylı qərarı ilə qeydə alınmışdır.

  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra MSK) 14 sentyabr 2005-ci il tarixli 28/132 saylı qərarı ilə həmin qərar ləğv edilmişdir.

MSK-nın qeyd edilən qərarından ərizəçinin verdiyi şikayət Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - MİÜMK) 19 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 26 sentyabr 2005-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin MİÜMK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində namizədliyinin «Azərbaycançı Qüvvələr» siyasi partiyalar bloku tərəfindən irəli sürülməsinə, özünün əslində din xadimi olmamasına baxmayaraq dövlət qeydiyyatına alınmamış «İslam» partiyasına mənsubiyyəti rəhbər tutulmaqla passiv seçki hüququnun əsassız pozulduğunu göstərmişdir. Məhkəmə aktlarında Seçki Məcəlləsinin 53.4 və 54.6-cı maddələrinə düzgün istinad edilməməsi nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 54, 55 və 56-cı maddələri ilə təsbit edilmiş hüquqlarının pozulduğunu bildirərək Ali Məhkəmənin MİÜMK-nın 26 sentyabr 2005-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsinə, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun  34.5-ci maddələrinə uyğun olaraq ərizəçinin şikayətinə Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılmasının mümkün olması qənaətinə qəlir.            

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Demokratik cəmiyyət quruculuğunun mühüm vasitəsi kimi ağlabatan dövriliklə keçirilən seçkilərin başlıca məqsədi siyasi iradənin daşıyıcıları olan ali hakimiyyət orqanlarının xalqın iradə ifadəsi əsasında formalaşmasını təmin etməkdir. Azad seçkilərin əhəmiyyəti həqiqi demokratik siyasi rejimin yaradılmasına xidmət edir. Məhz seçkilər vasitəsilə ali hakimiyyət orqanları xalqın mandatı əsasında legitimlik əldə edir, vətəndaşların isə cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakları təmin olunur. Seçki hüququ həm də vətəndaşların ayrı-ayrı şəxslərə elə münasibət bildirməsidir ki, sonradan bu münasibət müvafiq hüquqi nəticələr və vəzifələrin yaranmasına səbəb olur.

Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsi dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu təsbit edir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir (maddə 2).

Konstitusiyanın 56-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bu hüquq təbiəti etibarilə digər bir sıra konstitusiya hüquqlarının (cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək hüquqları və s.) həyata keçirilməsi ilə sıx bağlıdır. 

Həmin hüquq bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 21-ci maddəsində göstərilir ki, hər kəsin öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var. Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə yaxud səsvermənin azadlığını təmin edən digər eynimənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır. Oxşar müddəalar Mülki və siyasi  hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsində də nəzərdə tutulmuşdur.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə Protokolun 3-cü maddəsinə görə Razılığa gələn Yüksək  Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli səsvermə yolu ilə ağlabatan dövriliklə  azad seçkilər keçirməyi öhdələrinə götürürlər.

Seçki hüququ digər mühüm elementlərlə yanaşı, ilk növbədə şəxsi subyektiv hüququ nəzərdə tutur: seçmək və seçilmək hüququ. Lakin bu hüquqların həyata keçirilməsinə müəyyən məhdudiyyətlər qoyula bilər. Belə məhdudiyyətlər həm beynəlxalq-hüquqi aktlarda, həm də hər bir ölkənin daxili qanunvericiliyində təsbit olunur. Məhdudiyyətlərin hədləri ilə bağlı məqamlar isə ondan ibarətdir ki, belə məhdudiyyətlər azad seçki hüququnun mahiyyətinə xələl gətirməməli, qanuni məqsəd güdməli və məhdudlaşdırılan hüquqla mütənasiblik təşkil etməlidir. Xalqın iradəsinin tam və sərbəst ifadəsinə nail olmanın ən zəruri ilkin şərti isə müxtəlif fikirlərin daşıyıcılarına və maraqların təmsilçilərinə seçkilərdə azad rəqabət şəraiti yaradılması ilə mümkündür. Bu məqam şübhəsiz ki, demokratik cəmiyyət anlayışının özəyini təşkil edir.

Azərbaycan Respublikasının qanunvericiliyi öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin – referendumun təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsi ölkəmizdə seçki hüququnun reallaşdırılmasına dair əsas anlayışlar və ümumi müddəalarla yanaşı, referendum, Milli Məclisə seçkilər, Azərbaycan Respublikası Prezidentinin seçkiləri və bələdiyyə seçkiləri ilə bağlı məsələləri tənzimləyən xüsusi müddəaları əks etdirir. Məcəllə ümumi, bərabər, birbaşa seçki hüququ, səsvermənin gizliliyi, seçkilərin və referendumların məcburiliyi və s. kimi mühüm prinsipləri əks etdirir, seçki hüququnun təminatlarını, Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq aktiv və passiv seçki hüququnun mənsubiyyətini  müəyyənləşdirir.

Passiv seçki hüququnun həyata keçirilməsi bu hüququn təbiətindən irəli gələn müəyyən məhdudiyyətlərlə müşayiət olunur. Belə məhdudlaşdırıcı hallar Konstitusiyada  və qanunlarda müəyyən edilir. Odur ki, seçki prosesini həyata keçirən orqanlar, eləcə də seçki mübahisələrini həll edən məhkəmələr tərəfindən həmin məhdudiyyətlərin düzgün tətbiq olunmaması nəticə etibarilə passiv seçki hüququnun pozulmasına səbəb olur.

İş materiallarından görünür ki, ərizəçi H.Nurinin Milli Məclis deputatlığına namizədliyi «Birlik» və «Vəhdət» partiyalarının daxil olduğu siyasi partiya bloku tərəfindən irəli sürülüb və bu barədə həmin partiyaların baş məclislərinin iclas protokollarında, həmçinin birgə iclas protokolunda ərizəçinin «İslam» partiyasına mənsubiyyəti göstərilmişdir.

Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, ərizəçinin namizədliyinin irəli sürülməsi barədə sənədlərdə onun «İslam» partiyasından olması barədə məlumatlar, belə bir partiyanın rəsmi qeydiyyatdan keçmədiyi üçün həqiqətə uyğun olmadığından Dairə Seçki Komissiyası onun namizədliyini qeydə almaqla Seçki Məcəlləsinin 113-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Ali Məhkəmənin MİÜMK qərarında Seçki Məcəlləsinin 53.4 və 54.5-ci maddələrinə istinad edilməklə deputatlığa namizədliyi irəli sürülmüş hər bir şəxsin partiya mənsubiyyətinin göstərilməsi qaydasının qanunla müəyyən edildiyi qeyd olunmuşdur.

Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, konkret mübahisə üzrə məhkəmə tətbiq edilməli olmayan normativ -hüquqi aktı tətbiq etmişdir. Belə ki, məhkəmə aktlarında istinad edilən Seçki Məcəlləsinin 53-cü maddəsi namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi qaydalarını tənzimləyir. Halbuki, məhkəmə aktlarında birmənalı təsdiq olunur ki, ərizəçi siyasi partiyalar bloku tərəfindən deputatlığa namizəd irəli sürülmüşdür. Belə olan halda isə mübahisənin Seçki Məcəlləsinin 53-cü maddəsinin müddəaları çərçivəsində həll edilməsi hüquqa uyğun hesab edilə bilməz.

Bundan başqa məhkəmələr mübahisənin həlli ilə əlaqədar Seçki Məcəlləsinin 54.5-ci maddəsinə istinad edərkən tətbiq edilməli olmayan normativ - hüquqi aktı tətbiq etmişlər. Həmin maddə konkret siyasi partiya və onun namizədlərinə münasibətdə müəyyən tələblər nəzərdə tutur. Lakin yuxarıda qeyd edildiyi kimi ərizəçinin namizədliyi hər hansı konkret partiya tərəfindən deyil, siyasi partiyalar bloku tərəfindən irəli sürülmüşdür.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, məhkəmələr tərəfindən Seçki Məcəlləsinin 54.6-cı maddəsi də düzgün şərh olunmamışdır. Belə ki, həmin maddədə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq seçki komissiyasına təqdim etməli olduğu sənədlər sadalanır. Təqdim edilməli olan sənədlərdə namizədin hansı partiyaya (qeydiyyata alınmış və ya alınmamış) mənsub olmasının göstərilməsinə dair müddəa ümumiyyətlə nəzərdə tutulmamışdır.

Xüsusilə vurğulamaq lazımdır ki, Seçki Məcəlləsində dövlət qeydiyyatına alınmamış partiyalara üzv olan şəxslərin siyasi partiyalar bloku tərəfindən seçkilərdə deputatlığa namizədliklərinin irəli sürülməsinin mümkünlüyünü qadağan edən hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, Seçki Məcəlləsinin 54.4-cü maddəsi birmənalı olaraq təsdiq edir ki, siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər. Lakin tətbiq edilməli olan bu norma məhkəmələr tərəfindən mübahisənin həllində tətbiq olunmamışdır.

Ümumiyyətlə, seçkilər zamanı namizədlərin irəli sürülməsi və onların qeydiyyatı ilə bağlı seçki qanunvericiliyinin müddəalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət qeydiyyatından keçmə şərti bir tələb kimi yalnız siyasi partiyalara münasibətdə müəyyənləşdirilmişdir. Bir neçə siyasi partiyanın isə birləşərək yaratdıqları blok adından seçkilərdə iştirak edə bilmələri onların MSK tərəfindən qeydiyyatına alınması şərti ilə mümkündür. Bunu Seçki Məcəlləsinin 50.2 və 54.5-ci maddələrinin müddəaları da təsdiq edir. Ayrı-ayrı şəxslər isə həm konkret siyasi partiya və ya blok mənsubiyyəti üzrə, həm də müstəqil qaydada seçkilərdə namizəd kimi iştirak edə bilərlər. Dövlət qeydiyyatına alınmamış hər hansı partiyanın üzvünün namizədliyi onun özü, seçicilər, qeydiyyata alınmış konkret siyasi partiya, həm də qeydiyyata alınmış siyasi partiyaların yaratdığı bloklar tərəfindən irəli sürülə bilər. Təsadüfi deyildir ki, irəli sürülmüş namizədlərin siyasi partiya mənsubiyyətlərinin göstərilməsinin zəruriliyinə dair imperativ normalar Seçki Məcəlləsində təsbit olunmamışdır. Seçki Məcəlləsinin 53.4 və 54.8-ci maddələrinin müddəaları seçki komissiyalarına təqdim olunacaq məlumatlar sırasında deputatlığa namizədlərin partiya mənsubiyyəti ilə bağlı məlumatların verilməsinin namizədlərin öz arzusundan asılı olduğunu müəyyən etmişdir. Bütün yuxarıda qeyd edilənlər nəzərə alındıqda, dövlət qeydiyyatından keçməmiş partiyaya üzv olması faktı həmin şəxsin siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsinə əngəl törətmədiyi kimi, onun namizədliyinin ləğvinə də əsas ola bilməz.

Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə hər kəsin huquq və azadlıqlarının  məhkəmədə müdafiəsinə təminat verilir. Bu təminat məhkəmələrin hər kəsin konstitusiya hüquq və azadlıqlarını müdafiə edərkən məhkəmə aktlarının sabitliyini, məhkəmə səhvlərinin aradan qaldırılmasının mümkünlüyünü, məhkəmə sisteminin bütün pillələrində prosessual qaydalara ciddi riayət edilməsini tələb edir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-cı  maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, maddi və prosessual hüquq normalarının  pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadlarının ləğv edilməsi üçün əsasdır. Lakin Ali Məhkəmənin MİÜMK 26 sentyabr 2005-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla qeyd olunan prosessual hüquq normalarının tələblərini pozmuşdur.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri əsas tutaraq belə qənaətə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 26 sentyabr 2005-ci il tarixli qərarı Konstitusiyanın 56-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və MPM-in 416 və 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q  Ə R A R A    A L D I:

1. Hacıağa Əliəsgər oğlu Nurinin deputatlığa namizədliyinin qeydə alınması barədə 28 saylı Sabunçu üçüncü Dairə Seçki Komissiyasının qərarının ləğv olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 sentyabr 2005-ci il tarixli 28/132 saylı qərarı üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 26 sentyabr 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.     Qərar elan olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

 Sədrlik edən                                                                         Fərhad Abdullayev