Qərarlar

22.04.22 “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

 “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

22 aprel 2022-ci il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında  “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini,  maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş Prokuroru K.Əliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri X.Məmmədovun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini A.Kərimovun mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ: 

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanun)  2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun) 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü maddəsinə görə, sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri nəzərdə tutulur.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsində qeyd olunur ki, prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.

Sorğuda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısının təsdiq edilməsi haqqında” 2019-cu il 25 iyun tarixli Fərmanına əsasən, Hərbi Prokurorluq Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olmaqla, orada prokurorluq işçiləri ilə yanaşı, prokurorluq işçisi hesab olunmayan hərbi qulluqçular da xidmət edir.

Hərbi prokurorluq orqanlarında xüsusi və hərbi rütbəli olmaqla prokurorluq işçiləri qulluq edir, həmçinin rütbəsi olmayan prokurorluq işçiləri stajorluq və sınaq keçirlər.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun) 2.1.4-cü maddəsinə əsasən, sığortalı, yəni sığortaolunan üçün sığorta haqqı ödəyən anlayışının əhatə dairəsinə Hərbi Prokurorluq da daxil edilmişdir.

Sorğuverənin qənaətinə görə, hərbi prokurorluq orqanları işçilərinin “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tətbiqi dairəsindən istisna edilməsi Hərbi Prokurorluğun xüsusi rütbəli və ya stajorluq və sınaq müddətində olan, yəni hərbi qulluqçu olmayan prokurorluq işçilərinin barəsində hüquqi tənzimləmədə boşluqlara səbəb olmaqla, həmin şəxslərin ümumiyyətlə dövlət icbari şəxsi sığorta olunmaması ilə nəticələnə bilər.

Bu baxımdan sorğuverən “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsinin konkret olaraq hansı şəxsləri, yəni hərbi prokurorluq orqanlarında xidmət edən prokurorluq işçilərini, yaxud prokurorluq işçiləri hesab olunmayan hərbi qulluqçuları və digər şəxsləri əhatə etməsinin müəyyənləşdirilməsi məqsədilə həmin normanın “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –  Konstitusiya) 38-ci maddəsinin I hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Həmin maddənin III hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat  hüququna malikdir.

Sosial təminat hüququnun realizə formalarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif kateqoriya şəxslərin xidməti vəzifələrinin icrası ilə bağlı həyat və sağlamlığına dəyən zərərə görə onların dövlət tərəfindən məcburi şəkildə sığorta etdirilməsidir. Dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının qanunla müəyyən olunmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir.

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsi Konstitusiyanın 7-ci maddəsinin III hissəsində öz əksini tapmışdır. Bu prinsip qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərmələrini nəzərdə tutur.

Konstitusiyanın “Məhkəmə hakimiyyəti” adlanan VII fəslində təsbit edilmiş 133-cü maddəsinin II hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Həmçinin “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq haqqında” Qanun) 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Həmin Qanunun 8-ci maddəsinə görə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir.

Hərbi Prokurorluq ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında və onların strukturuna daxil olan qurumlarda bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Hərbi Prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir.

Hərbi Prokurorluq tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir (“Prokurorluq haqqında” Qanunun 12-ci maddəsi).

Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Hərbi Prokurorluq ixtisaslaşdırılmış prokurorluq kimi Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxil olmaqla, Konstitusiya və “Prokurorluq haqqında” Qanunla müəyyən edilmiş səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq hərbi xidmət sahəsində qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir və s.

Odur ki, prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri (hərbi rütbəli, xüsusi rütbəli və stajor və ya sınaq müddətində olan prokurorluq işçiləri) statusundan və rütbələrindən asılı olmayaraq Azərbaycan Respublikası Prokurorluğu sisteminə daxil olan digər prokurorluq işçiləri ilə eyni hüquq və vəzifələrə malikdirlər və Azərbaycan Respublikasının müvafiq prosessual qanunvericiliyində nəzərdə tutulmuş eyni səlahiyyətləri həyata keçirirlər.

 “Prokurorluq haqqında” Qanunun 12-ci maddəsinə müvafiq olaraq, hərbi prokurorluq orqanlarının hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət keçir və onlar “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun prokurorluq işçilərinin sosial müdafiəsini müəyyən edən 20.15-ci maddəsində hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatların da şamil edilməsi öz əksini tapmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü maddəsinin “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsinin mənasının açıqlanması və Qanunun Hərbi Prokurorluq işçilərinə münasibətdə tətbiqi dairəsinin müəyyənləşdirilməsi məqsədilə hərbi prokurorluq orqanlarında prokurorluq işçiləri ilə yanaşı, prokurorluq işçisi olmayan hərbi qulluqçuların da xidmət etməsi nəzərə alınmalıdır.

 Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.4-cü maddəsinə görə, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların hərbi xidmətlərinin əsasları və şərtləri “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və hərbi qulluqçuların fəaliyyətini müəyyən edən digər normativ hüquqi aktlarla tənzimlənir.

Hərbi Prokurorluqda qulluq keçən prokurorluq işçilərinin və prokurorluq işçisi hesab olunmayan hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının hansı Qanunla tənzimlənməsinə dair məsələyə gəldikdə isə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hüquqi təyinatı və məqsədlərinə, yönəldiyi subyektlərin dairəsinə diqqət yetirilməlidir.

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hüquqi təyinatı nəzərə alınaraq qeyd edilməlidir ki, bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının icbari formada sığortası ilə bağlı münasibətləri tənzimləyir. Qeyd olunan Qanunla qanunverici təhlükəsizliklərinə qarşı qəsdlərə səbəb ola biləcək funksiyaları yerinə yetirən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsini təmin etmək, habelə sosial müdafiələrini gücləndirmək məqsədilə onların icbari qaydada dövlət tərəfindən sığortalanmalı olmasını təsbit etmişdir. Buna müvafiq olaraq, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsində prokurorluq işçilərinin həyatı və sağlamlığının dövlət büdcəsinin vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta olunması müəyyən olunmuşdur. Vurğulanmalıdır ki, Qanunun bu norması bütün prokurorluq işçilərinə, o cümlədən hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçilərinə şamil olunduğundan, hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin icbari şəxsi sığorta olunması prokurorluq orqanlarında qulluq edən digər prokurorluq işçilərindən fərqlənməməlidir.

Bu baxımdan hərbi prokurorluq orqanları işçilərinin hərbi rütbəli olmalarına, yəni hərbi qulluqçu statusu daşımalarına baxmayaraq, həyata keçirdikləri fəaliyyət məhz prokurorluq fəaliyyəti olduğundan, onlar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun əhatə etdiyi subyektlər dairəsinə aid edilə bilməz. Ona görə də hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası məhz “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsinə müvafiq olaraq həyata keçirilməlidir.

 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna gəldikdə isə bu Qanun hərbi qulluqçular barəsində dövlət icbari şəxsi sığortasının həyata keçirilməsi sahəsində münasibətləri tənzimləyir. Həmin Qanunun 2.1.3-cü maddəsində sığortaolunanlar dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər nəzərdə tutulur.

 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla da Hərbi Prokurorluq Qanunun məqsədləri baxımından hərbi prokurorluq orqanlarında xidmət edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığortalı kimi nəzərdə tutulmuşdur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, prokurorluq orqanlarının hərbi prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənməlidir. Həmin Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi hesab olunmayan hərbi qulluqçuları ehtiva edir ki, onların dövlət icbari şəxsi sığortası sahəsində yaranan münasibətlər isə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir.

Sorğuda qeyd olunan digər məsələ “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsi ilə prokurorluq işçiləri üçün müəyyən edilmiş onların həyat və sağlamlığının 5 illik əmək haqqı məbləğində sığorta olunması ilə bağlı təminatın prokurorluğun stajorlarına aid olub-olmaması ilə əlaqədardır.

Bununla bağlı qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən,  Bu Qanun "Prokurorluq haqqında" Qanunun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir.

“Prokurorluq haqqında” Qanunun 1-ci maddəsinə müvafiq olaraq, prokurorluq işçiləri dedikdə, prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları və prokurorluğun stajorları nəzərdə tutulur. Qanunverici prokurorluğun stajorlarını da prokurorluq işçiləri sırasına aid etdiyindən, onların dövlət icbari şəxsi sığortası digər prokurorluq işçiləri ilə fərq qoyulmadan, eyni qaydada həyata keçirilməlidir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, prokurorluq orqanlarının stajorlarının dövlət icbari şəxsi sığortası digər prokurorluq işçilərinin icbari sığortası ilə eyni qaydada “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur;

- hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanun  ilə tənzimlənir;

- “Prokurorluq haqqında” Qanunun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.   “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla" ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur.

2. Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

3. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                          Fərhad Abdullayev