Qərarlar

09.03.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

 

9 mart 2022-ci                                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ş.Yusifovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin və Cinayət hüququ və kriminologiya kafedrasının dosenti,  hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin “bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 64-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (bundan sonra – Konvensiya) dair 7 saylı Protokolun 4-cü maddəsi baxımından, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 38.1, 38.2, 38.3 və 38.5-ci maddələrinin hüquqi müəyyənlik prinsipi baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, M.Hacıyevin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərdən T.Əsədov sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarət almaqla yanaşı, yüngül zərərvurmaya səbəb olan xəsarət, R.Əhmədov isə sağlamlığa ağır zərərvurmaya səbəb olan xəsarət almışdır.

Gəncə hərbi prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş zərəri ödədiyinə görə M.Hacıyev Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 39.1.11 və 40.3-cü maddələrinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmiş və barəsində Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.

Müraciətdən göründüyü kimi, Gəncə hərbi prokuroru məhkəmə-tibbi ekspertizasının rəyinin T.Əsədova münasibətdə “digər xəsarətlər isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir” hissəsini rəhbər tutaraq M.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edərək işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərmişdir.

Gəncə Hərbi Məhkəməsinin qərarı ilə əməlində inzibati xətanın tərkibi olmadığından M.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir.

Məhkəmənin qənaətinə görə, M.Hacıyev Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş zərəri ödədiyinə görə cinayət məsuliyyətindən azad edildikdən sonra onun eyni bir əməllə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində T.Əsədovun sağlamlığına yetirilən yüngül zərərvurmaya görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi həm beynəlxalq aktlarda, həm də milli qanunvericilikdə öz əksini tapmış eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinə ziddir.

Gəncə hərbi prokuroru həmin qərardan apellyasiya protesti verərək Gəncə Hərbi Məhkəməsinin qərarının ləğv edilməsi və M.Hacıyevin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, hadisə zamanı az ağır və yüngül dərəcəli bədən xəsarəti almış T.Əsədov araşdırma zamanı ərizə ilə müraciət edərək M.Hacıyevlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və sonuncudan heç bir şikayəti olmadığını bildirmiş, buna görə də Cinayət Məcəlləsinin müvafiq maddəsinin Qeyd hissəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmə nəzərdə tutulmadığından (həmin Məcəllənin 157, 158-ci və Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallar istisna olmaqla), M.Hacıyev həmin əmələ görə inzibati məsuliyyətə cəlb olunmalıdır.

Müraciətdə qaldırılan digər məsələ İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətə cəlbetmə müddətlərinə dair 38-ci maddəsində öz əksini tapmış müddəalar arasında mövcud qeyri-müəyyənliklə bağlıdır. Belə ki, Məcəllənin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Dairəsi müəyyən edilmiş inzibiti xətalara görə tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçədək verilə bilər. Bundan fərqli olaraq İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində inzibati xəta hadisəsinin hansı tarixdə baş verməsindən asılı olmayaraq, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi müəyyən edilmişdir.

Müraciətedənin qənaətinə görə, belə bir qaydanın müəyyən edilməsi həmin maddələrin tətbiqi zamanı müəyyən çətinliklərə səbəb olur. Məsələn, cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar hadisənin törədildiyi gündən bir il keçdikdən sonra qəbul edildiyi təqdirdə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun gəlmir.

Göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsi qanunçuluq, ədalətlilik və eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsiplərini, o cümlədən hüquqtətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək  məqsədi ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin müvafiq müddəasının, habelə İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı).

Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip cinayət, cinayət-prosessual və inzibati xətalar qanunvericiliklərində də əks olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının Sergey Zolotukhinin Rusiyaya qarşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82).

Həmin Qərarda Avropa Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı Protokolun İzahedici Məruzəsinə müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107).

Avropa Məhkəməsi həmçinin müəyyən etmişdir ki, prokuror tərəfindən cinayət işinə xitam verilməsi nə ittiham hökmünü, nə də bəraət hökmünü təşkil etmir və buna görə də 7 saylı Protokolun 4-cü maddəsi bu situasiyaya tətbiq edilə bilməz (Böyük Palatanın Marguš Xorvatiyaya qarşı iş üzrə 2014-cü il 27 May tarixli Qərarı, § 120). 

Beləliklə, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışdıqdan və cinayət məsuliyyətindən azad olunduqdan sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin pozulmasına gətirib çıxarmır, çünki bu hüquqi vəziyyət həmin prinsipin tətbiqi sahəsinə daxil deyil.

Bununla belə eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin müraciətdə qaldırılan birinci məsələyə təsirini tamamilə istisna etmək olmaz. Belə ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə tövsifi zamanı göstərilən cinayət əməlinin obyektiv tərəfinin və inzibati xətanın eyni əlamətləri iki dəfə nəzərə alınır. Bu səbəbdən göstərilən şəxsin eyni zamanda həm İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi non bis in idem prinsipi baxımından yolverilməzdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində də qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir.

Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri əsasında cinayət işinin başlanması haqqında qərar olduqda İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu cür hüquqi tənzimetmə nəticə etibarilə Konstitusiyanın 64-cü maddəsinin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmişdir.

Bununla da İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla  inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məsələsinin həlli zamanı cinayət işinin başlanması haqqında qərar qəbul edilərkən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsilə tövsif edilməsi üçün şəxs tərəfindən törədilmiş hüquqazidd əməlin hansı əsas əlamətlərinin nəzərə alınıb-alınmamasını, onlardan hər hansı birinin inzibati xəta haqqında iş üzrə icraata başlanarkən şəxsin hərəkətlərinin tövsifinin əsasında duran əlamətlərlə üst-üstə düşüb-düşməməsini müəyyən etmək lazımdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni yanaşma Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham olunan şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması zamanı da rəhbər tutulmalıdır. Burada həmçinin Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin yüngül bədən xəsarətləri ilə əlaqədar halları da əhatə edən dəymiş zərərin tamamilə ödənilməsinə dair ikinci bəndinin birinci cümləsinin tələblərinin nəzərə alınması vacibdir. Bundan əlavə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verildikdən sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi elə həmin Məcəllənin 9-cu maddəsində də nəzərdə tutulmuş ümumhüquqi prinsip olan ədalətlilik  prinsipinin pozulmasına gətirib çıxaracaqdır.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, cinayət qanunvericiliyi ilə inzibati xətalara dair qanunvericiliyin vəzifələrinin eyniliyinə baxmayaraq, Cinayət Məcəlləsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına  səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələri) cinayətini törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad olunmasına imkan verdiyi halda, İnzibati Xətalar Məcəlləsi  həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə (İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi) inzibati məsuliyyətdən azad olunmağın belə əsasını nəzərdə tutmamışdır. Göründüyü kimi, cinayət və inzibati-delikt qanunvericiliklərinin qeyd olunan müddəalarının sistemləşdirilmiş uyğunluğuna baxmayaraq, barışıq imkanı ilə əlaqədar məsələ fərqli şəkildə həll olunur.

Bu mənada qeyd olunmalıdır ki, sistemli şəkildə əlaqəli və oxşar olan münasibətlərin hüquqi tənzimləməsində Cinayət Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi halında İnzibati Xətalar Məcəlləsinə də belə dəyişikliyin edilməsi labüd xarakter daşıyır. Bu mövqe daha sərt cəza nəzərdə tutmuş maddənin müddəasının liberallaşdırılması hallarında xüsusilə aktualdır.