Qərarlar

24.02.22 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

24 fevral 2022-ci il                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin sədri M.Əkbərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri M.Mustafayevin və V.Babayevin mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 183.2-ci maddəsinin “xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” müddəasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.4-cü maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, N.Zeynalova və qeyriləri Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, V.Zeynalovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı zamanı həbs qoyulmuş və barələrində xüsusi müsadirə tətbiq edilmiş bir sıra əmlakın üzərindən həbsin götürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.

İddia onunla əsaslandırılmışdır ki, onlara məxsus əmlak barəsində xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddələrində təsbit edilmiş mülkiyyət hüquqları pozulmuşdur.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə imtina olunmuş, iddiaçılara cinayət prosesini həyata keçirən orqanın qərarlarından (hərəkətlərindən) məhkəmə nəzarəti qaydasında şikayət etmək, yaxud müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüquqlarının olduğu izah edilmişdir.

Bakı Apellyasiya Məhkəməsində həmin qərardaddan verilən şikayətə baxılarkən məhkəmə təcrübəsində cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulan və məhkəmənin yekun qərarı ilə barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilən əmlakın kimə mənsub olması haqqında mübahisəyə baxılma qaydaları ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmişdir.

Müraciətdə qeyd edilir ki, fikir ayrılığı əsasən aşağıdakılarla bağlıdır:

- cinayət işi üzrə icraatda iştirak etməyən, hökmün xüsusi müsadirə tədbirinin tətbiqinə dair hissəsi ilə maraqlarına toxunan şəxslərin Cinayət-Prosessual Məcəlləsinin  383.1-ci maddəsinə əsasən hökmdən apellyasiya şikayəti vermək hüququnun olub-olmaması;

- Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci və Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinin tələblərinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı baxımından Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü.

Müraciətdə göstərilir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin mənasına görə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunaraq məcburi qaydada və əvəzsiz şəkildə dövlət nəfinə alınan əmlakın kimə mənsub olması haqqında mübahisə yaranarsa, bu mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Qanunvericilik eyni zamanda, həmin əmlakın özlərinə aid olduğunu iddia edən şəxslərə, əgər sözügedən hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmışdırsa, apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından təqdimat verməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət imkanını da tanımışdır. Bununla belə, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin tətbiqi mexanizminin konkret müəyyənləşdirilməməsi, qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilən hallara baxmayaraq, mülki icraat qaydasında əmlakın kimə mənsub olmasının hansı qaydada həll ediləcəyi məsələsinin ortaya çıxmasına səbəb olmuşdur.

Müraciətdə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə istinad edilərək göstərilir ki, hökmün preyudisiallığı həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilə bilməz. Bununla belə, qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş halların və onlara verilən hüquqi qiymətin preyudisiallığı, həmin hökmlə barəsində xüsusi müsadirə növündə tədbir tətbiq edilən əmlakın özlərinə məxsus olduğunu irəli sürən, lakin cinayət işi üzrə  icraatın iştirakçısı olmayan şəxslərin hüquqlarına təsir edə bilər. Həmin şəxslərin əmlak barədə irəli sürdükləri iddia üzrə sübuta yetirilməli olan bəzi halların isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqlənmiş hallarla üst-üstə düşməsi ehtimalı da istisna edilmir.

Müraciətedən hesab edir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilmiş əmlakın mülkiyyətçilərinin hüquqlarının müdafiəsi və onların məhkəməyə əlçatanlığının təmin edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə yuxarıda qeyd olunan məsələlərə aydınlıq gətirilməsinə zərurət yaranmışdır. 

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. 

Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.

Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur.

Cinayət-Prosessual Məcəlləsinin 248.1.1-ci maddəsinə görə, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur.

Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.

Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinə görə, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. 

Qeyd olunmalıdır ki, göstərilən normaların tətbiqi bir sıra hallarda müəyyən çətinliklərə səbəb olur. Bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Belə ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əldə etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. 

Belə ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri).

Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır.

Konvensiyanın tələblərinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinə əsasən də əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur.

Cinayət-Prosessual Məcəlləsinin 249.5-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərar çıxarır (Cinayət-Prosessual Məcəlləsinin 249.2 və 249.2.2-ci maddələri).

Bu tələb Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsindən də irəli gəlir. Belə ki, cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilən hallar sırasında bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar göstərilmişdir (139.0.6-cı maddə).

Eyni zamanda həmin Məcəllənin 289.8.3 və 289.8.4-cü maddələrində tərtib edilən ittiham aktına müstəntiq tərəfindən xüsusi müsadirə olunması təklif edilən əmlak, eləcə də mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə arayışların əlavə edilməsi göstərilmişdir.

Həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə tədbirlərin görülməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işinin öyrənilməsi müəyyən edilmiş, əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında isə digər qeydlərlə yanaşı əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması və əmlak üzərinə qoyulan həbs müddətinin öz əksini tapması tələbi təsbit edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin  290.2.8, 249.3.3 və 249.3.6-cı maddələri).

Həmin Məcəllənin 346.1.19-cu maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır).

Məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində isə maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısının göstərilməsi müəyyən edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsi).

Sadalanan normaların tələblərini, həmçinin müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, məhkəmə tərəfindən cinayət işi çərçivəsində qəbul edilən digər prosessual qərarlar kimi, əmlak üzərinə həbs qoyulması barədə qərar da  yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmalıdır.

Əmlakın üzərinə həbs qoyulması məsələsinin həlli zamanı məhkəmə qərarında  aşağıdakıları göstərməlidir:

- bu qərarı qəbul etməsinə səbəb olan konkret faktiki hallar, həmçinin həbs qoyulan əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar qoyulan məhdudiyyətlər, o cümlədən cinayət işi üzrə müəyyən olunmuş ibtidai istintaq müddəti və cinayət işinin məhkəməyə verilməsi üçün lazım olan müddəti nəzərə almaqla əmlaka qoyulan həbsin müddəti;

- müsadirə olunmalı əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya bu əmlakdan əldə olunmuş gəlir olmasına, yaxud cinayətin törədilməsi üçün silah, alət və ya sair vasitə kimi, yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün istifadə olunmasına dair məhkəmənin qənaətini əsaslandıran sübutlar.

Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. 

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə ziddir.  

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Cinayət təqibi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının əsassız və qanunsuz məhdudlaşdırılmasının qarşısının alınması, həmin hüquq və azadlıqların təminatlı şəkildə qorunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılması Cinayət-Prosessual Məcəlləsinin LII fəslində təsbit edilmişdir.

Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət- Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər”  müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə  bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.

Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.

O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.

Müraciətdə qaldırılan məsələlərdən biri məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsini dəqiq müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmənin hökmü ilə maraqlarına toxunan şəxslərin (müsadirə olunan əmlakın mülkiyyətçisinin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması ilə bağlıdır. Həmin normada məhkəmənin hökmündən istənilən şəxsin deyil, yalnız cinayət prosesinin iştirakçılarının şikayət vermək hüququnun olduğu nəzərdə tutulmuşdur.

İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan,  barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir.

Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən də cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.

Lakin Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə görə, Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi akt qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, fərdi şikayətlər əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən və  Konvensiyanın 6-cı maddəsindən irəli gələn apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ  qanunvericilik qaydasında tənzimlənməlidir.

Belə ki, bu şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi, şikayətin icraata qəbul edilməsi və ona baxılması, yaxud imtina edilməsi qaydalarının qanunverici tərəfindən müəyyən edilməsi onların Konstitusiyadan irəli gələn hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət etmiş olar.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndində isə məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir.

Qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qanunvericinin bu göstərişi cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində məhkəmə hökmündən apellyasiya şikayəti vermək imkanını yaradır.  

Burada işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə hakimin çıxardığı hökm ilə onların hüquq və maraqlarının pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulmasının əsaslandırılması xüsusilə qeyd edilməlidir.

Müraciətdə qaldırılan digər məsələ Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin tətbiqi mexanizminin tənzimlənməməsi, xüsusilə məhkəmənin yekun qərarı ilə müəyyən edilən hallara baxmayaraq, mülki icraat qaydasında əmlakın kimə mənsub olmasının həlli ilə bağlıdır.

Belə ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

 Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir.

Göstərilən məsələyə münasibətdə, ilk növbədə, qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır.

Lakin qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılmasının həyata keçirilməsi qaydasının Mülki Prosessual Məcəllədə  tənzimlənməsi Milli  Məclisə tövsiyə olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair”  2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.

Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər  prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. 

Odur ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin VIII hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.

Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. 

Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır.

Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir;

 - Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir;

- təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun;

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir.

  Məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.

Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir;

- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün  görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.

3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin  məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.

Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin.

6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

7. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

8. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                        Fərhad Abdullayev