Qərarlar

09.09.05 V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə AR Ali Məhkəməsinin Cİ və İHDİÜ məhkəmə kollegiyasının 23/03/04-il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının

23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

9 sentyabr 2005-ci il                                                                                Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçilərin nümayəndələri F.Əliyev və N.Abdullayevin, 

ekspert Bakı Dövlət Universiteti hüquq fakültəsi Cinayət prosesi kafedrasının dosenti, hüquq elmləri namizədi M.S.Qəfərovun  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Bayramov Vaqif Qafar oğlu, Vəliyev Vaqif İdris oğlu və Günəşli Əli Şahqubad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunmalarına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  konstitusiya işinə baxdı.

Cavabverən tərəfə Konstitusiya Məhkəməsinin iclasının vaxtı barədə əvvəlcədən məlumat verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi Plenumun iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçilərin nümayəndələri F.Əliyev və N.Abdullayevin çıxışlarını, ekspert M.Qəfərovun rəyini dinləyib, işin materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N  E T D İ:

V.Bayramov, V.Vəliyev və Ə.Günəşli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 6 avqust 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 10, 9 və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.

Məhkəmənin hökmü ilə V.Bayramov, V.Vəliyev və Ə.Günəşli ona görə təqsirli bilinib məhkum edilmişlər ki, onlar vətəndaş L.Eyvazovanın külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən əlbir olaraq 26 iyul 2002-ci il tarixdə L. Eyvazovanı aldadıb ona məxsus olan Bakı şəhəri, Ş.Qurbanov küçəsi, 2/15 saylı ünvanda yerləşən mağazanı V.Bayramova icarəyə vermək üçün müqavilə bağlamaq adı ilə 28 saylı dövlət notariat kontoruna aparmışlar. L.Eyvazovanın Azərbaycan dilini və latın qrafikasını bilməməsindən istifadə edib, onunla V.Bayramov arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mağazanı ələ keçirmişlər. Bundan sonra onlar 5 sentyabr 2002-ci il tarixdə həmin mağazanı Hüsnü Həbib oğlu Fərzəliyevə 210 min ABŞ dollarına sataraq L.Eyvazovaya külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişlər.

Məhkəmənin qənaətinə görə, V.Bayramov və qeyriləri tərəfindən cinayət əməlinin törədilməsi L.Eyvazovanın və digər şəxslərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hökmündə öz əksini tapmış L.Eyvazovanın ifadələrinə görə V.Bayramov və qeyriləri onun Azərbaycan dilini bilməməsindən istifadə edərək aldatma yolu ilə ona notariat kontorunda sənədlərə imza etdirmiş, o həmin sənədlərin kirayə müqaviləsi olduğunu fikirləşərək imzalamış, lakin sonradan bilmişdir ki, imzaladığı sənədlər alqı-satqı müqaviləsi olmuşdur.

Cinayət işinin materiallarından görünür ki, V.Bayramov və qeyriləri ibtidai istintaqda və məhkəmə baxışı zamanı özlərini təqsirli bilməyərək göstərmişlər ki, L.Eyvazova iş üzrə dəfələrlə ziddiyyətli ifadələr vermiş, lakin həmin ziddiyyətlərin səbəbləri araşdırılmamış, faktiki olaraq isə L.Eyvazova mülkiyyətində olan mağazanın bir hissəsini 2001-ci ildə V.Vəliyevin vasitəsilə Ə.Günəşliyə qanuni yolla icarəyə vermişdir. 2002-ci ilin iyun ayında isə mağazanın digər hissəsini yenə də V.Vəliyevin vasitəsilə V.Bayramova icarəyə vermək barədə razılığa gəlmiş, sonradan isə mağazanı bütövlükdə V.Bayramova 150 min ABŞ dollarına satmaq barədə razılaşmışlar. Məhz bu razılığa əsasən 26 iyul 2002-ci il tarixdə 28 saylı dövlət notariat kontorunda mağazanın alqı-satqısı barədə L.Eyvazova ilə V.Bayramov arasında müqavilə bağlanmış, L.Eyvazova mağazanın satılmasının müqabilində 727.500.000 manat (150 min ABŞ dolları) pul almasını yazılı surətdə imzası ilə təsdiq etmişdir. V.Bayramov və qeyrilərinin ifadələrinə görə notariat kontoru tərəfindən həmin müqavilənin qanuni əsaslarla təsdiq olunması faktı ətraflı yoxlanılmış və müəyyən edilmişdir ki, notariat kontoru işçiləri tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir. Müqavilə əsasında V.Bayramov Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən 1 avqust 2002-ci il tarixdə 001561 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə almışdır. Bundan təqribən bir ay sonra mağazanı H.Fərzəliyevə qanuni yolla satmış, sonuncu da mülkiyyət hüququ haqqında şəhadətnamə almışdır.

Məhkum olunmuş V.Bayramov və qeyriləri özlərini təqsirsiz bilərək yuxarı məhkəmə instansiyalarına şikayət vermişlər. Lakin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 19 noyabr 2003-cü il tarixli qərarı ilə hökm, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarı ilə isə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 22 fevral 2005-ci il tarixli məktubu ilə məhkum olunmuş şəxslərin əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

Bundan sonra V.Bayramov və qeyriləri Konstitusiya Məhkəməsinə müraciət etmişlər. Ərizəçilər Konstitusiya şikayətlərini onunla əsaslandırmışlar ki, təqsirləndirildikləri cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı CPM-nin 124.1, 124.1.1, 124.1.2, 144 və 145.3-cü maddələrinin tələblərinə əməl edilmədiyindən onların Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 28 və 63-cü maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.

V.Bayramov və qeyrilərinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

V.Bayramov və L.Eyvazova arasında yaranmış hüquqi münaqişə  V. Bayramov və qeyrilərinin əməllərində cinayət tərkibi olduğu halda cinayət qanunvericiliyinə, cinayət tərkibi olmadığı halda isə mülki qanunvericiliyə müvafiq olaraq həll olunmalıdır. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin Plenumu ümumi məhkəmələr tərəfindən V.Bayramov və qeyrilərinin CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunmalarına dair işin faktiki hallarının yoxlanılmasına yol vermədən, həmin işin həllində yalnız mövcud qanunvericiliyin tətbiqi ilə əlaqədar öz mövqelərini bildirmək səlahiyyətindədir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-nin 1.1-ci maddəsi).

Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).

Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-nin 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir.

Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-nin 349.5-ci maddəsi).

Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər.

Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.

Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir.

Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, V.Bayramov və qeyriləri barəsində çıxarılmış məhkəmə hökmü qanunvericiliyin yuxarıda göstərilən tələblərinə cavab vermir.

Məhkəmə hökmdə yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutları araşdırmaq və onlara qiymət vermək əvəzinə zərərçəkən L.Eyvazovanın, təqsirləndirilən şəxslər V.Bayramov, V.Vəliyev və Ə.Günəşlinin, şahidlər S.Hüseynov, A.Eyvazova, A.Nuriyeva, İ.Ağayev, F.Qasımov və qeyrilərinin ifadələrini istintaq orqanının araşdırması zamanı gəldiyi nəticələri ittiham aktında olduğu kimi hökmə köçürmüş, məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərilməmişdir.

Qanunun 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbə görə ittiham hökmü təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər.

Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi).

Xüsusilə qeyd edilməlidir ki, yuxarıda göstərilən şərtlərdən hər hansı birinin pozulması ilə çıxarılmış hökm qanunsuz və əsassız hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin II hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında  Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.

Konstitusiyanın 63-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin I hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. 21.2-ci maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.

İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır.

Cinayət-prosessual qanunvericiliyində sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi, sübutların kifayət etməsi qaydaları müəyyənləşdirilmişdir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir (CPM-nin 143, 144, 145-ci maddələri).

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi).

Məhkəmə CPM-nin 138, 143-146 və 351-ci maddələrinin  tələbinə əhəmiyyət verməyərək zərərçəkmiş ilə təqsirləndirilən şəxslərin ifadələri, habelə digər sübutlar arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, hökmdə nəyə görə məhz zərərçəkmişin ifadələrinə üstünlük verilməsini, təqsirləndirilən şəxslərin cinayəti törətməməsi barədə irəli sürdükləri dəlillərin hansı mötəbər və mümkün sübutlarla təkzib olunmasını əsaslandırmamışdır. Bu isə öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və CPM-nin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasının pozulmasına səbəb olmuşdur.

CPM-də cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin əhəmiyyəti, onlara əməl edilməsinin vacibliyi təsbit edilmişdir. Həmin prinsip və şərtlərin başlıca təyinatı cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdən, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etməkdən ibarətdir. (CPM-nin 9-cu maddəsi).

Göstərilən prinsip və şərtlərin pozulması bütövlükdə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-nin 9.2-ci maddəsi).

Bununla əlaqədar olaraq nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır (CPM-nin 397.1-ci maddəsi). Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.2-ci maddəsi).

V.Bayramov və qeyrilərinin apellyasiya şikayətləri üzrə işə baxarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunun tələblərinə əməl etmək, məhkumların irəli sürdükləri dəlilləri ətraflı yoxlamaq əvəzinə, birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olmasını yalnız bir cümlə ilə əsaslandırmışdır: «təqsirləndirilən şəxslərin törətdiyi əməllər öz ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və ekspert rəyi ilə məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir».

Cinayət-prosessual qanunvericiliyinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır (CPM-nin 419.1-ci maddəsi). Cinayət-prosessual qanunvericiliyi məhkəmənin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsinin əsaslarını da müəyyənləşdirmişdir (CPM-nin 416-cı maddəsi).

Belə ki, məhkəmədə  irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edəcək sübutların tədqiqindən əsassız imtina edildikdə, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı ləğv edilir və ya dəyişdirilir (CPM-nin 416.0.1, 416.0.2-ci maddələri).

Lakin kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövcud cinayət işi üzrə qərarında maddi və prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlamamış, əksinə həmin məhkəmə tərəfindən buraxılmış nöqsanları qısaldılmış şəkildə təkrarlayaraq CPM-nin 416 və 419-cu maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir.

Beləliklə də, V.Bayramov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmələr tərəfindən cinayət-prosessual normaların tələblərinə əməl edilməməsi nəticə etibarilə məhkumların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiə hüququnun və CPM-nin 1.1, 10.1, 21.2, 145.3, 349, 351-353, 397.1, 397.2, 416-cı və 419-cu maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. 

İş üzrə həmçinin müəyyən edilmişdir ki, mübahisəli obyekt V.Bayramov tərəfindən 5 sentyabr 2002-ci il tarixdə 5 saylı notariat kontoru vasitəsilə qanuni yolla H.Fərzəliyevə 210.000 ABŞ dollarına satılmışdır. Qanuni sənədlər əsasında həmin əmlak H.Fərzəliyevin xüsusi mülkiyyəti hesab edilmişdir. Həmin sənədlərin hal-hazırda da qüvvədə olduğuna baxmayaraq, ibtidai istintaq zamanı H.Fərzəliyevin zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, bununla da onun hüquqları pozulmuşdur. Prosesin sonrakı gedişatında məhkəmələr tərəfindən H.Fərzəliyev zərərçəkən şəxs kimi maraqları nəzərə alınmayaraq, şahid kimi dindirilmiş, faktiki olaraq işdə marağı olan subyektdən marağı olmayan subyekt statusuna keçirilmişdir. İstintaq və məhkəmələrdə H.Fərzəliyevin təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinin olmadığı öz əksini tapmasına baxmayaraq, H.Fərzəliyevin mülkiyyətçi kimi hüquqlarının tanınıb qorunması hüquqi baxımdan faktiki olaraq müdafiə edilməmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, CPM-də məhkəmələrin hökm və qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılması qaydaları müəyyənləşdirilmişdir. Həmin qaydalara görə, əlavə kassasiya qaydasında verilmiş protest və ya şikayətlə bağlı yalnız Ali Məhkəmənin Plenumu tərəfindən qərar qəbul edilir. CPM-ə görə Ali Məhkəmənin sədri protest və ya şikayətin müqəddəratını həll edən hər hansı bir qərar qəbul etmək səlahiyyətinə malik deyil (CPM-nin 426 və 427-ci maddələri). Qanunun bu tələbinin əksinə olaraq V.Bayramov və qeyrilərinin əlavə kassasiya qaydasında verilmiş şikayətlərinə Ali Məhkəmənin sədri tərəfindən cavab verilmişdir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, V.Bayramov, V.Vəliyev və Ə.Günəşlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 63-cü maddəsinin II hissəsinə, CPM-nin 416 və 419-cu maddələrinə uyğun olmayan hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1. V.Bayramov və qeyrilərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham olunmalarına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 63-cü maddəsinin II hissəsinə, CPM-nin 416, 419-cu maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar elan olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı» nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                     Fərhad Abdullayev