Qərarlar

02.12.21 “EL” Kiçik Müəssisəsinin, Tofiq Əliyev və Telman Əliyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“EL” Kiçik Müəssisəsinin, Tofiq Əliyev və Telman Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

02 dekabr 2021-ci il                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “EL” Kiçik Müəssisəsinin, Tofiq Əliyev və Telman Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçilərin şikayətini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra –  “Bank VTB (Azərbaycan)” ASC) cavabdehlər “EL” Kiçik Müəssisəsinə, Telman Əliyev və Tofiq Əliyevə qarşı 11 mart 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1 183 626, 35 ABŞ dolları məbləğində borcun müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməsi, ipoteka qoyan Tofiq Əliyev  və onun ailə üzvlərinin bağ evindən məcburi qaydada çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

“EL” Kiçik Müəssisəsi isə məhv olmuş 1322 ton buğdanın dəyərinin, habelə onun saxlanılmasına, ekspertizasına, daşınmasına, məhv edilməsinə və əldən çıxmış faydaya görə 1 601 847, 67 ABŞ dolları və 74 374 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ümumilikdə 1 183 626, 35 ABŞ dolları məbləğində pulun cavabdeh müəssisədən tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdeh Tofiq Əliyevə məxsus torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilərək, həmin evin açıq hərracdan satılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə, habelə real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyərinə, onun daşınması və məhv edilməsi ilə bağlı xərclərə görə cəmi 1 601 361, 21 ABŞ dolları və 13 500 manat məbləğində pul vəsaitinin ödənilməsi qət olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın “bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan cavabdeh Tofiq Əliyev və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair” təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi həmin hissədə qismən təmin edilmiş, torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində həmin sahədən cavabdeh çıxarılmaqla, bağ evinin boşaldılması qət edilmişdir. Qətnamə ilkin iddia ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh müəssisənin apellyasiya şikayəti isə təmin edilməyərək, qətnamə qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra –  Ali Məhkəmənin Mülki Kollegiyası) 16 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borc və faiz borcu hissəsində dəyişiklik edilərək (əsas borc 999 353, 45 ABŞ dolları, faiz borcu 83 022, 38 ABŞ dolları), qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 3 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehdən əsas borc 999 353, 45 ABŞ dollarının, faiz borcu 83 022, 38 ABŞ dollarının tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ilkin iddianın borcun zaminlərdən tutulması, ipoteka qoyanın evdən çıxarılmasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qərar qəbul edilərək, ilkin iddia borcun zaminlərdən tutulması, ipoteka qoyanın evdən çıxarılması hissəsində təmin edilmiş, Tofiq Əliyevin evdən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qərara alınmışdır.

“EL” Kiçik Müəssisəsi, Telman Əliyev və Tofiq Əliyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi qərar qəbul edərkən tərəflər arasında bağlanmış girov müqaviləsinin şərtlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) girov münasibətlərini tənzimləyən normalarının göstərişlərini nəzərə almadan yanlış təfsir etmiş, habelə zaminliklə bağlı münasibətləri tənzimləyən hüquq normalarının tətbiqində səhvə yol vermişdir ki, nəticədə ərizəçilərin Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Ərizəçinin şikayətinin dəlillərinin mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə birlikdə araşdırılması zamanı müəyyən olunmuşdur ki, “EL” Kiçik Müəssisəsi “Bank VTB (Azərbaycan)” ASC ilə bağladığı kredit müqaviləsi üzrə ayrılmış kredit hesabına 2014-cü ildə xaricdən 1322,78 ton buğda məhsulu idxal etmişdir. Bankın ayırdığı kredit hesabına alınan, 500 000 AZN dəyərində olan həmin məhsul bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 22 may 2015-ci il tarixli “Dövriyyədəki malların girovu” müqaviləsi ilə bankın xeyrinə girov qoyulmuşdur.

Girov müqaviləsinin 5.1.2-ci bəndinə əsasən, girov qoyan girov predmetinin (əmtəə ehtiyatları, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a) tərkibini və natural formasını dəyişdirir bu şərtlə ki, onun ümumi dəyəri bu müqavilənin 3.5-ci bəndində göstərilən girov qiymətindən (dəyərindən) aşağı düşməsin.

Həmin müqavilənin 5.1.10-cu bəndinə görə isə girov qoyan girov predmetini bankın bu barədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşımır.

Bununla əlaqədar “EL” Kiçik Müəssisəsi banka iki il ərzində 3 dəfə girov predmetini təşkil edən buğdanın vəziyyəti barədə monitorinq keçirmək üçün müraciət etmiş, həmin müraciətlər cavabsız qalmışdır. Bu isə buğda məhsulunun birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişməsinə və məhv olmasına səbəb olduğundan müəssisəyə külli miqdarda maddi ziyan dəymişdir.

Apellyasiya instansiyası məhkəməsi 29 oktyabr 2019-cu il tarixli qətnaməsində məhz bu hala qiymət verərək belə nəticəyə gəlmişdir ki, girov müqaviləsinin 5.1.10-cu bəndinin mövcudluğu buğdanın yerinin dəyişdirilməsinə imkan verməmişdir.

Qeyd olunmalıdır ki, ərizəçilər də Konstitusiya Məhkəməsinə təqdim etdikləri şikayətdə bununla bağlı dəlil irəli sürmüşlər ki, məhz girov müqaviləsinin 5.1.10-cu bəndində müəyyən edilmiş şərt, girov qoyan olaraq onlara girov qoyulan malı dövriyyəyə buraxmağa, ondan istifadə edərək gəlir əldə etmək səlahiyyətini həyata keçirməyə birbaşa maneə olmuşdur.

Ali Məhkəmənin Mülki Kollegiyası bankın kassasiya şikayətini qismən təmin edərək qəbul etdiyi 24 may 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən girov müqaviləsinin şərtlərini düzgün təfsir etməmiş, həmçinin Mülki Məcəllənin 306.1 və 306.2-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 420-ci maddəsinin tələblərini pozmuşdur.

Belə ki, kassasiya instansiyası məhkəməsinin 3 iyun 2020-ci il tarixli qərarında göstərilmişdir ki, girov predmetini təşkil edən buğdanın keyfiyyəti üçün təhlükə yaranmasına girov müqaviləsinin 5.1.10-cu bəndinin tətbiq edilməsinin təsirinin olub-olmamasına hüquqi qiymətin verilməsi barədə göstərişlə bağlı apellyasiya instansiyası məhkəməsi sadəcə özünün əvvəlki qətnaməsindəki qənaətini təkrarlamışdır.

Kassasiya instansiyası məhkəməsi 24 may 2021-ci il tarixli qərarında iş üzrə müəyyən edilmiş hallara əsasən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi qənaətinə gələrək göstərmişdir ki, Mülki Məcəllənin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir, bu şərtlə ki, onların ümumi dəyəri girov müqaviləsində göstərilən dəyərindən aşağı düşməsin. Girov qoyulmuş dövriyyədəki malların dəyərinin azalmasına, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, girov müqaviləsində göstərilən mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur.

Həmçinin girov müqaviləsinin 5.1.6-cı bəndinə görə, girov qoyan vəzifə olaraq girov predmetinin salamatlığını təmin edir, üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə edir.

Həmin müqavilənin 5.1.7-ci bəndinə əsasən, girov qoyan girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda banka dərhal məlumat verir.

Girov müqaviləsinin 6.2-ci bəndinə uyğun olaraq, müqavilənin 5.1.6 və 5.1.7-ci bəndləri ilə müəyyən olunan vəzifələrin girov qoyan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti girov qoyan daşıyır.

Beləliklə, Mülki Məcəllənin dövriyyədəki malların girovu ilə bağlı münasibətləri tənzimləyən maddələrindən, eləcə də tərəflərin sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilənin qeyd edilmiş bəndlərindən çıxış edərək kassasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, girov qoyan girov predmetinin tərkibini və natural formasını girov dəyərini azaltmamaq şərti ilə dəyişmək hüququna malik olmuş, eləcə də girov predmetinin salamatlığını təmin etmək girov qoyanın vəzifəsi olmaqla, girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti də məhz sonuncu daşımışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının müqavilənin mübahisəli 5.1.10-cu bəndi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, girov predmetinin bankın (girov saxlayanın) bu barədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşınması ilə bağlı qadağa girov qoyanın girov predmetinin tərkibinin və natural formasının girov dəyərini azaltmamaq şərti ilə dəyişmək səlahiyyətinin həyata keçirilməsini istisna edən şərt kimi qiymətləndirilə bilməz. Həmin qadağanın məqsədi sadəcə təminat vasitəsi olaraq girov predmetinin (buğdanın) mövcudluğunu və salamatlığını qorumaqdan ibarət olmuşdur. Hazırkı girov müqaviləsinin predmetinin yararsız vəziyyətə gəlməməsi üçün girov qoyana  həmin malların tərkibini və natural formasını dəyişdirmək hüququnun verilməsi labüd idi.

Kassasiya instansiyası məhkəməsinin göstərilən qərarında tərəflər arasında bağlanmış dövriyyədəki malların girovu müqaviləsi ilə bağlı gəldiyi nəticə ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin nəticə qanunvericiliyin göstərişlərinə, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərə uyğundur və mübahisəli girov müqaviləsinin təfsiri, müvafiq mülki qanunvericilik normalarının tətbiqi ilə bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyi kifayət qədər əsaslıdır. Belə ki, məhkəmələr tərəfindən mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilənin hər hansı şərti təfsir edilərkən, ilk növbədə, həmin müqavilənin hüquqi mahiyyəti və xarakteri, müqavilə üzrə qarşıya qoyulan məqsəd göz önündə tutulmaqla həmin şərtin digər şərtlərlə müqayisəsi aparılmalı, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir.

Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu ərizəçilərin kassasiya instansiyası məhkəməsinin qərarının kredit borcunun “EL” Kiçik Müəssisəsi ilə yanaşı, zaminlər Tofiq Əliyev və Telman Əliyevdən (“EL” Kiçik Müəssisəsinin təsisçiləri) müştərək qaydada tutulmasına dair hissəsi ilə bağlı şikayətdə göstərdikləri ilə əlaqədar isə aşağıdakıları qeyd edir.

Mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, “EL” Kiçik Müəssisəsinin təsisçilərinin 25 noyabr 2013-cü il tarixində keçirilmiş iclasında “Bank VTB (Azərbaycan)” ASC-dən 36 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kreditin götürülməsi qərara alınmış və kreditin sənədləşdirilməsi üçün imza səlahiyyəti müəssisənin direktoru Tofiq Əliyevə verilmişdir.

13 dekabr 2013-cü il tarixində bankla “EL” Kiçik Müəssisəsinin direktoru Tofiq Əliyev arasında “Baş Kredit Razılaşması” bağlanmış və həmin müqavilədə müəssisəyə 13 dekabr 2023-cü il tarixinədək 5 000 000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün kredit xətti açılmışdır. Bu müqaviləyə uyğun olaraq hər iki təsisçi ilə zaminlik müqavilələri bağlanmışdır.

Bundan sonra 20 dekabr 2013-cü il tarixində bankla müəssisənin direktoru Tofiq Əliyev arasında “Bərpa olunan kredit müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən müəssisəyə 36 ay müddətinə, illik istifadə dərəcəsi 13 faiz olmaqla 1 000 000 ABŞ dolları məbləğində kredit verilmişdir.

Təsisçilərin 8 may 2015-ci il tarixli qərarı ilə kredit xətti müqaviləsinin 60 ay müddətinə uzadılması, 500 000 manatlıq dövriyyədəki malların banka girov qoyulması, bununla əlaqədar sənədlərin imzalanması səlahiyyətinin Tofiq Əliyevə verilməsi qərara alınmışdır. Bu razılıq əsasında da 22 may 2015-ci il tarixində kredit xətti müqaviləsinə əlavə 1 saylı razılaşma imzalanmış, kredit xəttinin müddəti 77 ay, bitmə tarixi 15 may 2020-ci il kimi müəyyən edilmiş, yəni kredit müqaviləsinin müddəti 60 aya uzadılmışdır.

11 mart 2016-cı il tarixli 2 saylı razılaşmada isə əvvəlki razılaşmalar üzrə yaranmış mövcud əsas və faiz borcu kapitallaşdırılmış və əsas borc 1 033 944 ABŞ dolları məbləğində müəyyən edilmiş, kreditin qaytarılma müddətində (15 may 2020-ci il) və faiz dərəcəsində hər hansı dəyişiklik edilməmişdir.

Qeyd olunmalıdır ki, iş üzrə qəbul edilmiş kassasiya instansiyası məhkəməsinin 16 mart 2019-cu il və 3 iyun 2020-ci il tarixli qərarlarında apellyasiya instansiyası məhkəməsinə göstərilən bu hallara, zaminlik müqavilələrinin şərtlərinə tam hüquqi qiymətin verilməsi barədə müvafiq göstərişlərin verilməsinə baxmayaraq, bu göstərişlər iş üzrə sonrakı apellyasiya baxışı zamanı ətraflı araşdırılmamış və nəzərə alınmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş halları nəzərə almaqla qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.

Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.

Ali Məhkəmənin Mülki Kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilmiş və  yuxarıda da qeyd edilmiş faktiki halları əsasında kifayət qədər haqlı olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə Mülki Məcəllənin 477.0.1-ci maddəsində müəyyən edilmiş zaminlik müqaviləsinin xitamına səbəb ola biləcək hallar baş verməmişdir.

Nəzərə alınmalıdır ki, hər hansı məhkəmə aktının Konstitusiyaya və ya qanunlara uyğun olub-olmamasına,  insan hüquq və azadlıqlarını pozub-pozmamasına dair  mübahisənin hüquqi hallarının Konstitusiya Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməsi üçün müvafiq işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması istisna olunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).

Qeyd olunanlarla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərir ki, ərizəçilərin şikayətdə irəli sürdükləri “Dövriyyədəki malların girovu” müqaviləsi üzrə girov predmetinin (buğdanın) istifadəyə yararsız vəziyyətə düşməsinə girov saxlayan olaraq bankın məsuliyyətsizliyinin səbəb olması, bununla əlaqədar israrlı müraciətlərinə bank tərəfindən heç bir münasibət bildirilməməsi ilə bağlı dəlil işin faktiki hallarının yenidən araşdırılmasını tələb edir ki, bu da Konstitusiya Məhkəməsi Plenumunun səlahiyyəti xaricindədir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmadığından, həmin qərar  Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.4, 418.1 və 420-ci maddələrinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “EL” Kiçik Müəssisəsinə, Telman Əliyev və Tofiq Əliyevə qarşı kredit müqaviləsinə əsasən borcun müştərək qaydada tutulması, tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməsi, ipoteka qoyanın və onun ailə üzvlərinin bağ evindən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarı  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4, 418.1 və 420-ci maddələrinə uyğun hesab edilsin.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                                 Fərhad Abdullayev