AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü
maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair
30 iyul 2021-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı
maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə
elmlər doktoru, professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin
(bundan sonra – Əmək Məcəlləsi) 3-cü maddəsinin 1-ci hissəsinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 43.1, 44.1, 53 və
59.1-ci maddələri ilə əlaqəli şəkildə, eləcə də Əmək Məcəlləsinin 294 və 296-cı
maddələrinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd
olunur ki, məhkəmənin icraatında olan mülki işin materiallarına görə, iddiaçı A.Balayeva
cavabdeh “Atabank” Açıq Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi
işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Nəsimi
Rayon Məhkəməsinə müraciət etmişdir.
İddiaçı ərizəsində
bildirmişdir ki, 19 may 2010-cu il tarixindən cavabdehin “Yeni Həyat”
filialında müştəri xidməti şöbəsində mütəxəssis kimi əmək fəaliyyətinə
başlamış, cavabdehin 11 mart 2019-cu il tarixli əmri ilə əmək fəaliyyətini “Səbail”
filialında davam etdirmiş, 22 noyabr 2019-cu il tarixli, 1434 saylı əmrlə isə onunla
bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən
xitam verilmişdir.
İddiaçı fəaliyyət
göstərdiyi filialın ləğv olunmasının cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv
edilməsinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin təsiri altına düşmədiyini, filialın
hüquqi şəxs olmadığını, onunla bağlanmış əmək müqaviləsinin tərəfi olan cavabdehin
ləğv olunmadığını, bu səbəbdən də onunla əmək müqaviləsinə istinad olunan əsasla
xitam verilməsinin qanunsuz olduğunu bildirərək, həmin əmrin ləğv edilməsi və vəzifəsinə
bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş
etmişdir.
Birinci instansiya məhkəməsində
aparılan icraat zamanı cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək
iddiaçının tələbinə münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində
nəzərdə tutulmuş 1 aylıq müddətin tətbiq edilməsini və iddia tələbinin rədd
edilməsini xahiş etmiş, məhkəmə isə müddəti tətbiq edərək iddianı rədd
etmişdir.
İddiaçı qətnamə ilə
razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
Bakı Apellyasiya Məhkəməsi
işə baxarkən belə qənaətə gəlmişdir ki, Əmək Məcəlləsində müəssisə və filiala
verilən anlayışla Mülki Məcəllədə hüquqi şəxslə onun filialına verilən
anlayışlar arasında aşkar ziddiyyət mövcuddur.
Eyni zamanda müraciətedən
hesab edir ki, əmək mübahisələrinə baxılarkən fərdi əmək mübahisələrinə baxan orqanların
dairəsini müəyyən edən Əmək Məcəlləsinin 294-cü maddəsi və bu mübahisələrin həllində
tətbiq olunan iddia müddətlərini tənzimləyən Əmək Məcəlləsinin 296-cı maddəsi məhkəmə
təcrübəsində fərqli yanaşmalara səbəb olmuşdur.
Belə ki, Əmək Məcəlləsinin
294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, mübahisə zamanı məhkəməyə
müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə
baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
Əmək mübahisələri ilə
bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən
olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə,
bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (bundan sonra – Dövlət Əmək
Müfəttişliyi Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı
qeyd edilən Dövlət Əmək Müfəttişliyi Xidmətinin mübahisələrə məhkəməyə qədər
baxan orqan kimi qəbul olunmasını şərtləndirir.
Eyni zamanda Əmək Məcəlləsinin
296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən
– iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə
olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən
ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək
mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Müraciətedən Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin hüquqtətbiqetmə
təcrübəsində fərqli yanaşmalara səbəb olduğunu bildirmiş və mübahisə doğuran məsələləri
3 qrupa ayırmışdır:
·fərdi əmək mübahisələrinə
baxan orqan kimi məhkəmələrin də qəbul edilib-edilməməsi;
·buraxılmış müddətin bərpasına
dair iddiaçının ərizə verməsinin tələb olunub-olunmaması;
·fərdi əmək mübahisəsinə
baxan orqanın mübahisəyə baxması üçün buraxılmış müddəti bərpa etməli
olub-olmaması.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərlə əlaqədar
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin I hissəsinə əsasən, əmək fərdi
və ictimai rifahın əsasıdır.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi
müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında
bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial
ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və
inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu
təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və
iş yeri seçməsi ilə xarakterizə olunur
Ədalətli sosial
quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun
olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən
Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial
siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin
edir.
Əmək Məcəlləsinin
2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində
tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və
qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial,
iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və
maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin
mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək
müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması
prinsiplərinə əsaslanır.
Bu prinsiplərdən irəli
gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları
arasındakı münasibətlərin tənzimlənməsi
müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli
və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün
Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
Müraciətdə göstərilən
müəssisə və hüquqi şəxs ifadələrinə mülki və əmək qanunvericiliklərində fərqli
anlayışların verilməsi səbəbindən hüquqtətbiqetmə təcrübəsində yaranan qeyri-müəyyənliklərin
aradan qaldırılması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
Mülki Məcəllədə müəyyən olunmuş hüquqi şəxs anlayışı hüququn müxtəlif sahələri
ilə bağlı müddəalarda geniş şəkildə istifadə edilir (məsələn, əmək münasibətləri,
vergi münasibətləri və s.).
Hüquqi təyinatı fərqli
olsa da, hüquqi şəxsin yaradılmasının qanunvericiliklə müəyyən edilmiş qaydası
mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən
qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki,
mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,
öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,
vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil
və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən
kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən
nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər
və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr
üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi
şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər (Mülki
Məcəllənin 43.1 və 53-cü maddələri).
Əmək Məcəlləsinin 3-cü
maddəsinin 1-ci hissəsində verilən anlayışa görə isə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi
formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı,
nümayəndəliyidir.
Göründüyü kimi, qanunverici hüquqi şəxsi, onun və xarici hüquqi şəxsin
filial və nümayəndəliklərini əmək hüquq münasibətlərinin bərabərhüquqlu
subyektləri hesab etmişdir. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi
əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir.
Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu
tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən
qismində çıxış edir.
Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən
biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq
fiziki şəxsin əməyi durur.
Həmçinin əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili
intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək
funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan
işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək
şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir.
Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə
verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək
müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək
hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri,
səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun
struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın
və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin
verdiyi etibarnamə ilə şərtləndirir.
Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən
ləğv olunmasının əsaslarını müəyyən etmişdir.
Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini
bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər.
Beləliklə, işçi ilə əmək müqaviləsi mülkiyyətçi və ya onun təyin (müvəkkil)
etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa,
işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Əmək
Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı və ya
ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir. Əmək müqaviləsi işçinin
çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə
bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin
müqavilə müəssisənin ləğv edilməsi əsası ilə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin
“a” bəndi ilə ləğv edilməlidir.
O da qeyd olunmalıdır ki, Əmək
Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə
müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata
keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli
orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən
edilmiş tədbirlər görür.
Əmək Məcəlləsinin 77-ci maddəsinin
1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları
ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən
əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə
bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək
stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində
hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi
ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək
müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən
işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək
müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma
müavinəti ödənilir.
Həmin Məcəllənin 78-ci maddəsinin
1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya
ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək
funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin
daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini
işəgötürən müəyyən edir.
Göründüyü kimi, işçilərin əmək
hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək
müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən
bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin
məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq
Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən
əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə
ciddi əməl edilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə göstərilən Dövlət Əmək Müfəttişliyi Xidmətinin fərdi əmək
mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə
dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq
hesab edir.
Qanunverici fərdi əmək
mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək
Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə
bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci
hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə
tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi
əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə
tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə
nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində
fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli
olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə
tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula
bilər.
Göründüyü kimi,
qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən
etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə
nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində
yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə
tutmuşdur.
Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən
şərtlər aşağıdakılardır:
·yaradılmasının
kollektiv müqavilədə nəzərdə tutulması;
·müəssisələrdə həmkarlar
ittifaqları təşkilatının nəzdində yaradılması;
Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv
müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək
Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə
yalnız məhkəmələrdə baxıla bilər.
Müraciətdə göstərilmişdir
ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə
müraciət etməzdən əvvəl əksər hallarda Dövlət Əmək Müfəttişliyi Xidmətinə
müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul
olunmasını şərtləndirmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında” Əsasnamənin 1.1-ci
bəndinə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə
və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər
normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata
keçirən icra hakimiyyəti orqanıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab
edir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyində fərdi əmək
mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda
qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan
normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata
keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan
kimi qəbul edilə bilməz.
Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə
yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin
296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən,
həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə
tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin
fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana
müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə
müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.
Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir
ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı
yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar
etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin
həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia
müddəti şamil edilmir.
Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri
tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən
bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə
hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində,
ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar
etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər
əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane
etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu
halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər
əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq
olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi,
ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi
və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə
baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı
hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək
mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür.
Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən
və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən
olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək
baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir.
Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə
baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi
əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə
nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.
Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə
qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə
tutulmuşdur.
Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək
mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər
baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq
olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi
məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb
iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul
edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı
çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq
edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan
imtina barəsində qərar çıxarması üçün əsasdır.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun
tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı
hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı
sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər
maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin
keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin
düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti
ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.
Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti
olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb
etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi
təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə
iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları
araşdırıb qiymətləndirməlidir.
Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət
edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə
baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq
sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə
gəlir:
- əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi
müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa,
işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan
işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
Əmək müqaviləsi
işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri
ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən
həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində
nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir;
- Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi
əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv
müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları
təşkilatının nəzdində yaradılmalıdır;
- fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr
mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia
müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan
hüquqi mövqeləri nəzərə almalıdırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi
müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa,
işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan
işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
Əmək müqaviləsi
işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri
ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən
həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində
nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci
hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə
qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə
tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində
yaradılmalıdır.
3. Fərdi əmək mübahisələrinə
məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini
tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi
mövqeləri nəzərə almalıdırlar.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev