AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və
1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
26 iyul 2021-ci il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya
Məhkəməsinin hakimi N.Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi A.Əliyevin,
Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri H.Məmmədovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək, vərəsələr arasında mübahisə olduğu
halda mirasda vərəsələrin paylarının müəyyən edilməsinin məhkəmənin və ya
notariusun səlahiyyətinə aid olması baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 1291 və 1321.1-ci maddələrinin Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
və ona əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhəri 7 saylı Notariat Ofisinin 10 fevral
2020-ci il tarixli məktubu ilə vərəsələr arasında mirasda payların miqdarına
dair razılığın olmaması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən
imtina edildiyindən, S.İslamov E.İslamova və digərlərinə qarşı iddia qaldıraraq
miras qalmış evdə və həmin evə aid torpaq sahəsində vərəsələrin paylarının
bərabər şəkildə müəyyən edilməsini xahiş etmişdir.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27
noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə Mülki Məcəllənin
1133, 1134, 1145, 1151, 1159.1.1, 1159.1.3 və 1166-cı maddələrini rəhbər
tutaraq belə nəticəyə gəlmişdir ki, miras əmlak vərəsələr arasında bərabər paylarla
bölünməlidir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyası işə baxarkən belə qənaətə gəlmişdir ki, vərəsələr arasında mübahisə
olduğu təqdirdə mirasda payların müəyyən edilməsinin məhkəmənin və ya
notariusun səlahiyyətinə aid olmasına dair təcrübədə qeyri-müəyyənlik mövcuddur.
Belə ki, miras qoyanın ölümündən sonra vərəsələr Mülki Məcəllənin 1321.1-ci
maddəsində göstərilən qaydada vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa
müraciət etdikdə, onların arasında pay bölgüsünə dair mübahisələrin baş verməsi
istisna edilmir. Belə olan hallarda
notariuslar mübahisə edən şəxslərə “mirasla bağlı mübahisə olduğuna görə məhkəməyə
müraciət edin” məzmunlu məktublar verməklə, notariat hərəkətini aparmaqdan (vərəsəlik
şəhadətnaməsi verməkdən) imtina edirlər. Vərəsələr bu səbəbdən də mübahisənin həll
edilməsi üçün məhkəməyə müraciət edirlər.
Müraciətedənin qənaətinə
görə, mirasda vərəsələrin paylarının müəyyən edilməsinə məhkəmə qaydasında
baxılmamalı, notariusların belə davranışı notariat hərəkətini aparmaqdan imtina
kimi qiymətləndirilməli və iddianın yolverilməzliyinə görə birinci instansiya məhkəmələri
Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsini qəbul
etməkdən imtina etməli, əgər iddia ərizəsi qəbul edilmişdirsə, həmin Məcəllənin
261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməlidirlər.
Bakı Apellyasiya Məhkəməsi müraciətdə Mülki Məcəllənin
1291-ci maddəsinə istinad edərək həmçinin göstərmişdir ki, qanunvericilik
mirasın bölüşdürülməsinə dair mübahisə yarandıqda, həmin mübahisələrə məhkəmələr
tərəfindən baxıldığını müəyyən etdiyi halda vərəsələrin miras əmlakda
paylarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Mülki Prosessual Məcəllənin
məhkəmə aidiyyətinin əsaslarını müəyyən edən 24.1-ci maddəsinin tələblərinə
cavab vermir. Belə ki, həmin maddədə məhkəmənin işə baxmaq səlahiyyətinin əsası
kimi barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsinin məhkəmədən kənar
digər qaydada həyata keçirilməməsi təsbit edilmişdir.
Göstərilənləri nəzərə alaraq, müraciətedən vərəsələr
arasında mübahisə olduğu halda, mirasda payların müəyyən edilməsinin məhkəmənin
və ya notariusun səlahiyyətinə aid olması baxımından Mülki Məcəllənin 1291 və
1321-ci maddələrinin Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsi ilə müqayisəli
şəkildə şərh edilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən
məsələyə aydınlıq gətirilməsi üçün mirasın qəbul olunması, mirasın notariat
orqanında qəbulu zamanı notariat orqanının yerinə yetirməli olduğu hərəkətlər, vərəsəlik
şəhadətnaməsi, mirasda vərəsələrin paylarının müəyyən edilməsi və mirasın
bölüşdürülməsinə dair qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri
hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII
hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət
edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib
olmağı nəzərdə tutur.
Vərəsəlik
hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi
qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik
hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik
hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik
iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən
ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü
və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə
şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın
açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar
yaranan münasibətlər vərəsəlik münasibətləridir.
Mirasın
açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın
açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin
dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin),
məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi
bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və
ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı
olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə
məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin
1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi
də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi).
Mülki
qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir.
Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə
mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə,
mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu
yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin
olduğu yer sayılır.
Mülki
Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının
qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə
qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin
1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin
dairəsi müəyyən edilmişdir.
Vəsiyyət
üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər,
habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra
doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər
olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi).
Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı
adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin
razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya
uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi
dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və
ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır.
Qeyd
edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və
məhkəmə qaydasında bölüşdürülür.
Qarşılıqlı
razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə
sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir.
Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı
razılaşma əsasında miras bölgüsü həyata keçirilir.
Mirasın
vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda
miras hələ miras
qoyanın sağlığında qoyulmuş
vəsiyyətnamə üzrə vərəsələr
arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə
mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər.
Mirasın
miras qoyanın təyin etdiyi şəxs tərəfindən bölüşdürülməsi halı da qanunvericilikdə
nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1275‐ci
maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsini üçüncü şəxsə
etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi
deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır.
Miras
əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin)
alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən
yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın
bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır
ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi
olmadan qeyri-mümkün olsun.
Miras
əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o
halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi
haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr
arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda
mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur.
Həmçinin
vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın
təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə,
məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə
bilərlər.
Mülki
Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci
maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında
ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə
bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini
və digər konkret halları nəzərə almalıdır.
Mülki
Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə
çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi
tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin
alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi
həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun
olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin
verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq
hüququndan məhrum etmir.
Vərəsəlik
şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici
xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini
ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16
oktyabr tarixli Qərarı).
Qüvvədə
olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata
keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat
orqanlarına həvalə edilmişdir.
"Notariat
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat
haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini
yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə
bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi
və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.
“Notariat
haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik
hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras
qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə
ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların
olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr
vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək
imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və
ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin
yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Beləliklə,
Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr
arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın
bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə
bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin
təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir.
Lakin
nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və
vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha
mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə
hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının
etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr
birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə
aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun
olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması,
miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin
məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı
hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi
mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir.
Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi
ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə
tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı
mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd
olar.
Qeyd
olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının
qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi
mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin
mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının
müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin
yaranmasına gətirib çıxara bilər.
Bu
baxımdan Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə
edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata
keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və
azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin
24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının
müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi
qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir.
Göstərilənlərlə
yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin
dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə
formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr
arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat
orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin
qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş
olar.
O
da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti
deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar
vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər.
Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi
təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi
ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin
1291-ci və Mülki Prosessual Məcəllənin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin
dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin
həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat
orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə
aiddir;
- Mülki Məcəllənin 1321.1 və 1325-ci maddələrinin tələblərinə
uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı
qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin
yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə
edilməsinə çalışmalıdır.
Müraciət edən şəxslərin vərəsə olması mübahisə
predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa,
notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q
Ə R A R A A L D I:
1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik
paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti
notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı
və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
2. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1321.1
və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik
şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini
icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin
yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə
edilməsinə çalışmalıdır.
Müraciət edən şəxslərin vərəsə olması mübahisə
predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa,
notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə
əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun
XÜSUSİ RƏYİ
26 iyul 2021-ci il Bakı şəhəri
Məhkəmənin
qərarının təsviri və nəticəvi hissəsi ilə qismən razıyam. Ona hörmətlə
yanaşaraq, Qərar üzrə öz xüsusi rəyimi ədalət mühakiməsi
nöqteyi nəzərdən bildirməyimi vacib hesab edirəm.
Mülki
Məcəllənin 1145-ci maddəsində mirasın fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən
ölmüş elan edilməsi ilə açıldığı təsbit olunmuşdur. Bununla belə, vərəsəlik
hüquqlarının realizə olunması üçün sonrakı bütün hərəkətlərin “Notariat
haqqında” Azərbaycan Respublikasının Qanununa və bu qanun əsasında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı
ilə təsdiq edilən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata
əsasən notariuslar tərəfindən aparılması müəyyən edilmişdir.
Mirasla bağlı yaranmış ictimai münasibətlərdə
notarius aparıcı və həlledici rol oynayır. Çünki o, ictimai vəzifəni qanunla
ona verilmiş hüquq çərçivəsində müstəqil həyata keçirir. O, ictimai münasibətin
aktiv subyektidir.
Belə ictimai münasibətlərdə
onun tərəf müqabili isə, bir qayda olaraq, vərəsələrdir. Bu mərhələdə vərəsələrin
bir-birinə qarşı deyil, notariusa qarşı hər hansı bir iradı, narazılığı və
yaxud iddiası ola bilər.
“Notariat
haqqında” Qanunda qanun üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin
verilməsi halı vəsiyyətnamə üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə
verilməsindən fərqləndirilmişdir. Belə ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi
verməzdən öncə, sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi barədə ərizə
ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların
olmasını yoxlamalıdır.
Qanun
üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri
təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla
qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər
vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil
edilə bilərlər. (“Notariat haqqında” Qanunun 59-cu maddəsi, “Notariat hərəkətlərinin
aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndi)
Təcrübədə
qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, bəzi hallarda, vərəsələr
notarius tərəfindən müəyyən edilən vərəsəyə düşən miras payın həcmi ilə
razılaşmırlar. Və yaxud, notariat orqanları vərəsəlik hüququ haqqında şəhadətnamə
verilməsini tələb edən vərəsəyə, “digər vərəsələrlə aranızda pay bölgüsünə dair
mübahisələr yarandığı üçün sizə belə şəhadətnamə vermək imkanımız xaricindədir”
məzmununda cavab verərək, onlara məhkəməyə müraciət etmələrini tövsiyə edirlər.
Məhkəmə
təcrübəsi göstərir ki, birinci halda vərəsələr notariusdan “Notariat haqqında”
Qanunun 40-cı maddəsinə müvafiq olaraq, notariat hərəkətinin aparılmasından
imtina edilməsi barədə əsaslandırılmış qərar çıxarılmasını xahiş edir və üç gün
müddətində istədiyi pay həcmindən imtinaya dair qərarı aldıqdan sonra Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.8-ci
maddəsinin müddəasına əsasən xüsusi icraat qaydasında notariusun olduğu yerin məhkəməsinə
şikayət verirlər.
Xüsusi
icraatın digər icraatlardan fərqi, maraqlı şəxslər arasında hüquq barədə
mübahisənin olmamasıdır. Xüsusi icraatın əsas məqsədi bu halda vərəsənin
mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan hüquqi faktın müəyyənləşdirilməsidir.
Məhkəmə bu icraat üzrə işlərə mülki mühakimə icraatının ümumi prinsiplərinə
müvafiq olaraq baxır. Və, MPM-nin 216-220-ci maddələrini əldə rəhbər tutmaqla qətnamə
qəbul edirlər.
Maraqlı
şəxslər qismində vərəsəlik münasibətlərində miras əmlakla bağlı özünü vərəsə
hesab edə bilən istənilən şəxs çıxış edə bilər. Eyni zamanda, həmin şəxslər
miras əmlakda paylarının mövcudluğuna dair iddia irəli sürə bilər. Bu zaman maraqlı
şəxslərdən kimin vərəsə olub-olmamasını “Notariat haqqında” Qanuna əsasən
notarius müəyyən edir.
Bununla
belə, məhkəmə təcrübəsi onu da təsdiq edir ki, ikinci halda vərəsələr
notariusun hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya
dair deyil, məhkəmələrdə bir-birinə qarşı iddia verərək mirasda paylarının müəyyən
olunmasını tələb edirlər.
Prosessual
hüquq maddi hüquq normalarının həyata keçirilməsinin prosedur qaydalarıdır.
MPM-in 306.1-ci maddəsi məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin
30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı
qaydasında baxılmasını müəyyən etmişdir. Lakin
Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-IV QD nömrəli
Qanunun 14-cü bəndinə əsasən MPM-in “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin
aparılmasından imtinaya dair şikayətlər” adlı 38-ci fəsli həmin Məcəllədən
çıxarılmışdır. Halbuki, Məcəllənin məhkəmənin xüsusi icraat qaydasında baxdığı
işləri tənzimləyən 306.1-ci maddəsi qüvvədən
düşmüş 38-ci fəslin varlığını təsdiq edir.
Mülki
Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsənin mirasın açıldığı yer üzrə
notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə
alması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.
Qanunverici
Mülki Məcəllənin 1267-ci maddəsinin müddəasını məcburi qayda kimi müəyyən
etməklə, vərəsənin üzərinə miras əmlak bölüşdürülənədək, vərəsələr arasında hər
hansı bir çəkişməkdən çəkinmək vəzifəsi qoymuş olur.
Ərizəni
verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış
edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir. Və vərəsəni
öz ərizəsini geri götürmək imkanından məhrum edir. Bu nəinki fərd barəsində, eləcə
də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır.
Hüquq
normasının xüsusiyyəti onun ümumi xarakterli davranış qaydası olmasında ifadə
edilir. “Norma”- sözü bütün müvafiq hallarda riayət edilməli olan ümumi qayda,
nümunə, örnək mənasındadır. Hüquq normaları konkret şəxsə deyil, həmin normanın
tələblərinin aid olduğu bütün şəxslərə tətbiq edildiyinə görə onlar ümumi məcburi
xarakter daşıyır. Mülki Məcəllənin 1267,1321 maddələri də belə xarakterə
malikdir.
Mülki
Məcəllənin “Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması” adlı 1291-ci
maddəsinə əsasən “miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında
ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır”. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə
bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini
və digər konkret halları nəzərə almalıdır.
Burada
əmlakın xarakteri dedikdə, qanunverici onun ictimai və iqtisadi əhəmiyyətindən
irəli gələn xüsusiyyətlərini nəzərdə tutmuşdur.
Qeyd
edilməlidir ki, mirasın bölüşdürülməsi anlayışı, “miras onu qəbul edən vərəsələrin
razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya
uyğun bölüşdürülür” kimi Mülki Məcəllənin 1274-cü maddəsində göstərilmişdir.
Beləliklə,
Mülki Məcəllənin 1291-ci maddəsində nəzərdə tutulan “miras şərikləri arasında
mirasın bölüşdürülməsi” müddəası həmin Məcəllənin 1274-cü maddəsində verilən
müddəanı – “mirası onu qəbul edən vərəsələrin hər birinə qanun və ya vəsiyyətnamə
üzrə düşən paya uyğun” bölüşdürülməsini ehtiva edir.
Yəni,
Məcəllənin 1291-ci maddəsində nəzərdə tutulan anadək, vərəsələr arasında,
onların hər birinə düşən payın müəyyən edilməsi başa çatdırılanadək, vərəsələrin
birinin digərinə əmlak iddiası irəli sürməsinə qanun yol vermir. Qanun yalnız
maraqlı şəxsə onun vərəsə kimi tanınması, mirasda əmlak payı və ya payının həcmi
notarius tərəfindən müəyyən edilərkən, eləcə də, vərəsəlik şəhadətnaməsi tələb
edilərkən notariusun hərəkətindən və ya hərəkətsizliyindən xüsusi icraat
qaydasında məhkəməyə şikayət vermək hüququ verir. (MPM-in 24.1, 305.1.8 və
306.1-ci maddələri). Yalnız əmlakın bölüşdürülməsi zamanı şəriklər – vərəsələr arasında
ixtilaflar olduqda, vərəsələr hüquqla bağlı olaraq iddia icraatı qaydasında məhkəməyə
müraciət edirlər.
Belə
hesab edirəm ki, vərəsələrin dairəsinin, miras əmlakın həcminin və miras
paylarının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi, hələ
“miras əmlakın bölüşdürülməsi zamanı” deyildir (1291-ci maddə). Maraqlı şəxs
miras açıldıqdan sonra əmlak bölüşdürülənədək bu notariat hərəkətlərindən və ya
həmin hərəkətlərin aparılmasından imtinaya dair məhkəməyə şikayət verə bilər.
Qanunverici
maraqlı şəxsə MPM-in 24.1, 305.1.8 və 306.1-ci maddələrinə əsasən “şikayət”
hüququ verməklə, bu sahədə notariat fəaliyyətini məhkəmə nəzarətinə almışdır.
Məhkəmənin
maraqlı şəxsin şikayətinə baxıb, onu təmin etməsi və ya etməməsi barədə qətnaməni
qəbul etməsi, o demək deyildir ki, qanunverici notariat orqanlarının bu sahədəki
fəaliyyətini heçə endirir.
Müki Məcəllənin
“Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması” adlanan 1291-ci maddəsinin
MPM-nin 24.1-ci maddəsi ilə funksional əlaqəsi vardır. Lakin o əlaqənin Plenumun
qərarında göstərdiyi “vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən
edilməsi ilə bağlı mübahisələr”lə heç bir əlaqəsi yoxdur.
Bu
mübahisələr hüquqi təbiətinə, xarakterinə, məqsədinə və davamiyyət zamanına görə
əsaslı surətdə bir-birindən fərqlənir.
Çünki,
1291-ci maddədə qeyd edilən mübahisə miras şərikləri arasında hüquqla bağlı
olduğu halda, digər mübahisələr notariat orqanı ilə maraqlı şəxs arasında olur.
MM-nin
“Vərəsəlik şəhadətnaməsi anlayışı” adlanan 1321-ci maddəsinin birinci bəndinə əsasən,
“vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik
şəhadətnaməsini tələb edə bilər”.
Notariat
hərəkətlərinin aparılmasının son mərhələsi, bu hərəkətlərin hüquqi inikasını
özündə əks etdirən vərəsəlik şəhadətnaməsinin verilməsidir. Vərəsəlik şəhadətnaməsi
həm şəxsin varis kimi vərəsəlik hüququnu, həm də ki konkret həcmdə və konkret dəyərdə
əmlaka mülkiyyət hüququnu təsdiq edir. Mülki Məcəllənin 1321.3-cü maddəsində təsbit
edilir ki, “vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə
göstərilən hüquqa malik olması qəbul edilir”.
Notarius
və ya notariat orqanları tərəfindən vərəsələrə vərəsəlik şəhadətnaməsinin
verilmədiyi halda maraqlı şəxs məhkəməyə şikayət verə bilər.
Maraqlı
şəxs bu hüququ MPM-in 24.1, 305.1.8 və 306.1-ci maddələrinin müddəaları əsasında
həyata keçirdir. Və burda MM-nin 1321-ci maddəsi ilə MPM-in 24.1, 305.1.8 və
306.1-ci maddələrinin funksional əlaqəsini də görürük.
Notariat
hərəkətlərindən və ya həmin həmin hərəkətlərin aparılmasından imtinaya dair
şikayətlərə məhkəmələrdə baxılması, notariat orqanlarının işində fasilə yaratsa
da, məsələnin həllini başqa müstəviyə keçirmir.