AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
6 iyul 2021-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev
(sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim),
Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və
33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin
həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri
Şəki Apellyasiya Məhkəməsinin sədri M.Əkbərovun və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik
şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun,
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun, Azərbaycan
Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri
idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi)
234-cü maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli
şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə
də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın
(bundan sonra – Konvensiya) 6 və 7-ci maddələri baxımından şərh olunmasını
xahiş etmişdir.
Müraciətdən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin
2 fevral 2021-ci il tarixli hökmü ilə H.Şıxalizadəyə qarşı irəli sürülən ümumi
ittihamdan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham xaric
edilmiş və o, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini
törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilmişdır.
Hökmə əsasən, ibtidai istintaq orqanı tərəfindən
H.Şıxalizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə
ittiham irəli sürülmüşdür ki, o, yaşadığı evinin həyətyanı sahəsində külli
miqdarda, ümumi təmiz çəkisi 4 kq 900 qr olan narkotik tərkibli çətənə
(kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, həmin bitkilər əməliyyat-axtarış
tədbirləri nəticəsində aşkar edilərək götürülmüşdür.
Həmçinin, H.Şıxalizadə 1 iyun 2020-ci il tarixində
yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə
(kannabis) bitkilərinin yarpaqlarını qurudaraq ümumi təmiz çəkisi 250,00 qr
olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş
marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi
olmadan əldə etmiş və yaşadığı evin divarından asmaqla saxlamışdır.
İş üzrə verilmiş apellyasiya protestinə əsasən,
qeyd olunan məhkəmə hökmü H.Şıxalizadəyə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi
ilə verilmiş ittiham həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə əhatə olunmaqla,
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan
çıxarıldığı hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanununun
norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, H.Şıxalizadə Cinayət Məcəlləsinin
234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu
üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır.
Müraciətedən hesab edir ki, əkilmiş narkotik tərkibli
çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin
tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə
bitkisinin hissələri olan yarpaqlarının toplanması və qurudulması hansı məqsədlə
edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif
edilməlidir. Belə hallarda hər iki maddə ilə ittihamın verilməsi təqsirləndirilən
səxsin hüquqi vəziyyətinin əsassız ağırlaşdırılmasına səbəb olmaqla yanaşı, hüquqi
müəyyənlik prinsipinə ziddir.
Şəki Apellyasiya Məhkəməsinin qənaətinə görə,
H.Şıxalizadənin əməlinin tövsifi məsələsində ittiham tərəfi və birinci
instansiya məhkəməsinin mövqelərində fikir ayrılığı ilə əlaqədar, habelə məhkəmə
təcrübəsində analoji işlər üzrə vahid yanaşmanın formalaşdırılması üçün Konstitusiya
Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, mövcud konstitusiya işinin predmetini artıq əkilib-becərilmiş
və tərkibində narkotik maddələr olan bitkilərin toplanmasının Cinayət Məcəlləsinin
237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsi ilə (qanunsuz olaraq
narkotik vasitələri əldə etmə və saxlama hissəsində) məcmu qaydasında tövsif
edilməsinin hüquqi müəyyənlik
və konstitusiya əhəmiyyətinə malik olan ümumhüquqi ədalət prinsiplərinin
tələbləri baxımından mümkünlüyü məsələsi təşkil edir.
Hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli
törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi
məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı
vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq
qanunda dəqiq və aydın göstərilməlidir.
Konstitusiya
Məhkəməsi Plenumunun məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, cinayət
məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi
tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb
olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait
yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası
qeyri-müəyyən və ikimənalı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2010-cu il 21 iyun tarixli Qərar).
Cinayət qanunvericiliyi sahəsində
hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və
Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin
VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət
və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və
nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin
qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını
da (lex certa) tələb edir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
Böyük Palatasının (bundan sonra – Avropa Məhkəməsinin Böyük Palatası)
Korbely Macarıstana qarşı iş üzrə 2008-ci il 19 sentyabr tarixli Qərarında
göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin
maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsinin qadağan edilməsi
ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri
ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna
görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən
ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq
normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin
mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən
etməlidir (§ 70).
Bununla belə hüquq normalarının bəzən
qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi
vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun
şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı).
Bu zaman məhkəmə təcrübəsində
normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun
tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin
bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarı).
Bu baxımdan müraciətdə qaldırılan məsələnin
düzgün həll edilməsi üçün Cinayət Məcəlləsinin 234 və 237-ci maddələrinin nəzərdən
keçirilməsinə zərurət yaranır.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə
müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan
qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak
miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil
edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti
qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda
kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini)
toplama) görə yaranır.
Qeyd edilən maddələrdə göstərilən
cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli
obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli
cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin
olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ
olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi
kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti
ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə
nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi
kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi
kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin
234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı).
Bu səbəbdən, Cinayət Məcəlləsinin
yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər
hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa
çatmış hesab olunur.
Müzakirə olunan məsələnin həllinə
dair yanaşmalardan biri ondan ibarətdir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin
237-ci maddəsində narkotik vasitənin kultivasiyasının vahid elementləri sırasında
narkotik tərkibli bitkilərin, onların hissələrinin toplanmasının cinayət məsuliyyətinə
səbəb olan ayrıca hərəkət kimi nəzərdə tutulması, həmin əməlin (toplamanın) həm
də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik
vasitələri əldə etmə kimi tövsifini istisna edir. Əks hal eyni əmələ görə şəxsin
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təkrarən cəzalandırılması ilə nəticələnəcəkdir.
Bu isə Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin tələblərinə ziddir.
Bununla bağlı nəzərə almaq lazımdır
ki, Avropa Məhkəməsinin Böyük Palatasının Sergey Zolotukhın Rusiyaya qarşı iş
üzrə 2009-cu il 10 fevral tarixli Qərarında göstərilmişdir ki, 7 saylı Protokolun
4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res
judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer
alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü
maddəsinin məqsədi – “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını
qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq
qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya
dair 7 saylı Protokolun İzahedici Məruzəsinə müvafiq olaraq, “qərar” ənənəvi
ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107).
Bununla belə Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, qanunverici tərəfindən qanunsuz olaraq tərkibində
narkotik maddələr olan bitkiləri (onların hissələrini) xeyli miqdarda toplama cinayət məsuliyyətinə
səbəb olan hərəkət kimi Cinayət Məcəlləsinin 237-ci maddəsində xüsusi olaraq nəzərdə
tutulduğu halda, həmin əməlin həm də Məcəllənin 234.1-ci maddəsi ilə qanunsuz
olaraq narkotik vasitələri əldə etmə kimi tövsif edilməsi Cinayət Məcəlləsinin
17.4-cü maddəsinin tələbi ilə uzlaşmır.
Belə ki, Cinayət Məcəlləsinin
17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də
xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu
yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Bu müddəanın tələblərinin
yerinə yetirilməsi, cinayət qanununda da ifadə olunan (Cinayət Məcəlləsinin
8.1-ci maddəsi) ümumhüquq ədalət prinsipinin təmin edilməsinin vacib bir zəmanətidir.
Eyni zamanda nəzərə alınmalıdır ki,
Cinayət Məcəlləsinin 17.4-cü maddəsində müəyyən edilmiş qayda “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsindən
irəli qəlir. Həmin normaya əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi
normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
Bu baxımdan Cinayət Məcəlləsinin
17.4-cü maddəsinə müvafiq olaraq ümumi norma ilə xüsusi normanın arasında olan
kolliziyanı sonuncunun xeyrinə həll edilməsi qaydası yetişdirilən narkotik tərkibli
bitkilərin (onların hissələrinin) toplanılması üzrə hərəkətlərin Cinayət Məcəlləsinin
234-cü maddəsi (əldə etmə) ilə və yaxud cinayətlərin məcmusu kimi - Cinayət Məcəlləsinin
237 və 234-cü (əldə etmə) maddələri ilə tövsifinin qarşısını alır.
Burada diqqətə alınmalıdır ki,
“kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması
kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır
(Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2013-cü il 25
fevral tarixli Qərarı).
Eyni zamanda Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) “Narkotik
vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz
dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart
2011-ci il tarixli Qərarının 4-cü bəndində
ifadə olunan izahın mənasına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi
ilə məsuliyyətə səbəb olan əməl (qanunsuz olaraq narkotik vasitəni əldə etmə)
kimi şəxs tərəfindən kultivasiya edilən (yetişdirilən) narkotik tərkibli bitkilərin
(onların hissələrinin) toplanılması deyil, yalnız yabanı çətənə bitkisinin,
xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa
çatdıqdan (müəyyən subyekt tərəfindən qanuni yetirşdirilmiş bitkilər, onların
hissələri yığıldıqdan) sonra digər (yəni narkotik vasitənin yetişdirilməsinə
aidiyyəti olmayan) şəxs tərəfindən mühafizə olunmayan əkin sahəsindən tərkibində
narkotik vasitələr olan bitkilərin yığılması başa düşülməlidir.
Ali Məhkəmənin Plenumunun izahının
bu cür verilməsi məhz ondan irəli gəlir ki, Cinayət Məcəlləsində kultivasiyanın
elementi kimi çıxış edən narkotik tərkibli bitkilərin (onların hissələrinin)
toplanılmasına görə cinayət məsuliyyətini müəyyən edən xüsusi norma – 237-ci
maddə mövcuddur.
Buna oxşar mövqelərə digər dövlətlərin məhkəmə
təcrübəsində də rast gəlinir (məsələn, Belarus Respublikası Ali Məhkəməsi
Plenumunun “Narkotik vasitələrlə, psixotrop maddələrlə, onların prekursorları və
analoqu ilə, güclü və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər
üzrə məhkəmə təcrübəsi haqqında” 26 mart 2003-cü il tarixli qərarının 9-cu bəndi;
Qazaxstan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrlə,
psixotrop, güclü və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə
təcrübəsi haqqında” 14 may 1998-ci il tarixli qərarının 2-ci bəndi; Rusiya
Federasiyası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrlə, psixotrop, güclü və
zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi
haqqında” 15 iyun 2006-cı il tarixli qərarının 6-cı bəndi).
Lakin, bu özlüyündə Cinayət Məcəlləsinin
234 və 237-ci maddələrinin məcmusunu tamamilə istisna edə bilməz. Belə ki,
cinayət əməlinə görə təyin edilən cəzanın, digər məsələlərlə yanaşı, bu əməlin
ictimai təhlükəliliyinin xarakterinə və dərəcəsinə uyğun gəlməsini tələb edən ədalət
prinsipi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində əks olunan müvafiq normalar
vasitəsilə təmin edilir. Bu zaman həmin normalar cinayətlərin məcmusuna görə cəzaların
təyini qaydalarını müəyyənləşdirən müddəalarla əlaqəli şəkildə tətbiq
olunmalıdır (Cinayət Məcəlləsinin 8, 17 və 66-cı maddələri). Konstitusiya
baxımından əhəmiyyətli sayılan bu məqsədə, konkret şəxs tərəfindən cinayət
qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş və buna görə də bir-birindən
cinayətin obyekti və predmeti, obyektiv və subyektiv cəhətləri baxımından fərqlənən
əməllərin cinayətlərin məcmusuna dair qaydalara uyğun olaraq tövsif edilməsi və
cəzalandırılması zamanı nail olunur. Əks təqdirdə cinayət qanununun məqsədlərinə
və vəzifələrinə, habelə cinayətə görə təyin edilən cəzanın məqsədlərinə zidd
olan vəziyyət yarana bilər.
Buna müvafiq olaraq şəxs tərkibində
narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində
onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci
maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol
verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə
etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət
Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri
ilə tövsif edilməlidir.
Başqa sözlə, toplanılan narkotik tərkibli
bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak
miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda
narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması,
göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin
Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi
ilə tövsif edilməsini tələb edir.
Göstərilənləri nəzərə alaraq
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən
edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların
hissələrinin) toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir;
- toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən
satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud
satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan
sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması
kimi cinayət əməlləri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə
müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların
hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi
ilə tövsif edilməlidir.
2. Toplanılan
narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan
şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən
miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması,
daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə
müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev