AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair
2 iyun 2021-ci il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Qaradağ
Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi
K.Əsədovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi
qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri
S.Hacıyevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun
mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan
sonra – Mülki Prosessual Məcəllə) 35.1, 35.3 və 39.1-ci
maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin
19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə A.Hacıyeva ilə A.Hacıyev arasında 11
fevral 2008-ci il tarixində bağlanmış nikah pozulduqdan sonra, A.Hacıyeva birgə
nikah dövründə əldə edilmiş müxtəlif yerlərdə olan çoxsaylı əmlakın bölünməsi tələbinə
dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Müraciətedən qeyd edir ki, daşınmaz əmlakın bölünməsi barədə
iddia ərizəsinə hansı məhkəmədə (cavabdehin qeydiyyatda olduğu və ya daşınmaz əşyaların
yerləşdiyi yerlər üzrə) baxılmalı olması ilə bağlı məhkəmə təcrübəsində müxtəlif
yanaşmalar mövcuddur.
Məsələyə dair mövcud yanaşmalardan birinə görə, ər-arvadın
daşınmaz əmlakı ilə bağlı mübahisələrə ərazi aidiyyətinin ümumi qaydaları tətbiq
edilərək baxılmalıdır.
Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə
əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə
alındığı yerin məhkəməsinə verilir.
Digər yanaşmaya görə, Mülki Prosessual Məcəllədə
daşınmaz əşyalarla bağlı iddiaların ərazi aidiyyəti üçün müstəsna qayda müəyyən
edildiyindən, həmin iddialar daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilməlidir.
Mülki Prosessual Məcəllənin 39-cu maddəsində müəyyən
kateqoriyadan olan daşınmaz əşyalarla bağlı iddia ərizələrinin daşınmaz əşyanın
yerləşdiyi yerin məhkəməsinə verilməsi təsbit edilmişdir.
Eyni zamanda müraciətdə ilkin iddia ərizəsi cavabdehin
qeydiyyatda olduğu yerin məhkəməsinə verildiyi halda, daşınmaz əşyalarla bağlı
qarşılıqlı iddiaya həmin məhkəmədə ilkin iddia ilə birlikdə baxılmalı olması və
ya müstəsna aidiyyət üzrə daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsinə
müraciət edilməli olması məsələsinə də aydınlıq gətirilməsinin məqsədəmüvafiq
olduğu qeyd edilmişdir.
Göstərilənlərə əsasən müraciətedən Mülki Prosessual Məcəllənin
35.1, 35.3 və 39.1-ci maddələrinə dair məhkəmə təcrübəsində müxtəlif
yanaşmaların olduğunu və ərazi aidiyyəti ilə bağlı normaların tətbiqində
qeyri-müəyyənliyin yarandığını nəzərə alaraq, mülki məhkəmə icraatının səmərəliliyinin
təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə
müvafiq məsələ üzrə şərh verilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin
həlli üçün Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya), həmçinin Mülki Prosessual Məcəllənin məhkəmə aidiyyəti ilə bağlı
normalarının nəzərdən keçirilməsini vacib hesab edir.
Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən
edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən
edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə
tutur.
Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə
qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə
tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət
qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri
ehtiva edir.
Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti
qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən
istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin
qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı
hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə
sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll
edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi
müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun
şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28
mart tarixli Qərarları).
Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan
Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında
göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından
biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən
edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə
baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən
işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş
hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin
milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin
vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya
Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda
qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən
edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini
pozur.
Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən
Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə
işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli
və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir.
Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə
dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində
başlıca məqsədi:
- şəxslərin məhkəməyə əlçatanlığının;
- işlərə ağılabatan müddətdə baxılmasının;
- prosessual qənaət prinsipinin;
- ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.
Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən,
qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə
alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə,
hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən
maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks
olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı
yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit
edilmişdir.
Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin
predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət
imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli
ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda
iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim
hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə
müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki
Prosessual Məcəllənin 36 və 40-cı maddələri).
Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar
üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia
qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla
bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən
fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.
Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci
maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun
tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni
sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar
olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını
aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin
olduğu yerə görə verilir.
Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki,
iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə
uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki
Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna
aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli
şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.
Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə
bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan
əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə
də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin
yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə
xidmət edir.
Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa
görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən
mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil
olunur:
- daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması;
- daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən
götürülməsi;
- sahibkarın və yaxud başqa qanuni sahibin
hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət
hüququndan məhrum etmə ilə əlaqədar olmayan).
Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki
Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün
mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə
iddiaları ehtiva edir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin
halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir
edilə bilməz.
Ər-arvadın nikah dövründə əldə etdiyi daşınmaz əşyaya dair
ümumi birgə mülkiyyətin bölünməsi və payların müəyyən edilməsi tələbi barədə
iddiaya Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə müvafiq olaraq müstəsna
aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılıb-baxılmaması ilə
bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən,
nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti
sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri
hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit
idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər,
kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından,
yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq
nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir
Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın
ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə,
məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak
bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini
deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi
rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın
ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə
paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu
maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna
aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə
tutulmamışdır.
Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda
göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə
nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin
bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə
yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir.
Müraciətdə göstərilən ilk iddia ərizəsinin cavabdehin rəsmi
qeydə alındığı yerin məhkəməsinə verildiyi halda, daşınmaz əşyalarla bağlı
qarşılıqlı iddianın hansı məhkəmədə baxılmalı olmasına dair məsələyə gəldikdə
isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.3-cü
maddəsində imperativ formada müəyyən edilmişdir ki, qarşılıqlı iddia, aidiyyətindən
asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
Qarşılıqlı iddianın hüquqi təbiəti bu iddiaya ilkin
iddianın baxıldığı yerin məhkəməsində və onunla birgə baxılmasını tələb edir.
Qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin
xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə
sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların qanunla müəyyən
edilmiş xüsusi aidiyyət növündən asılı olmayaraq ilkin iddianın baxıldığı yerin
məhkəməsinə verilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddia cavabdehin məhkəmədə
ona qarşı irəli sürülmüş iddiadan prosessual müdafiə vasitəsidir.
Qeyd edilməlidir ki, qarşılıqlı iddianın ilkin iddia ilə
birlikdə baxılması zərurəti Mülki Prosessual Məcəllənin 156-cı maddəsində təsbit
edilmiş şərtlərdən də irəli gəlir. Belə ki, həmin Məcəllənin 155 və 156-cı maddələri
qarşılıqlı iddianın verilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi
hallarını tənzimləyir.
Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə müvafiq olaraq,
cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün
iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən,
məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ
gəlmiş olsun.
Həmin Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən
qarşılıqlı iddianın aşağıdakı hallarda qəbul edilməsi müəyyən edilmişdir:
- qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;
- qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya
qismən təmin edilməsini aradan qaldırırsa;
- qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə
vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla
nəticələnərsə.
Mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının
məzmunu belə nəticəyə gəlməyə imkan verir ki, qarşılıqlı iddia cavabdehin ilkin
iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü
arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə
və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə
baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini,
ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir.
Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin
daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda
baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və
dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən
hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir.
Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının
aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə,
onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada
qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək
nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi
Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı).
Göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki,
mülki məhkəmə icraatı qaydasında qarşılıqlı iddia institutunun təbiətindən
asılı olaraq tərəflərin hüquq bərabərliyi prinsipinin təmin edilməsi, onların
verilmiş iddiaya qarşı həmin icraatda mümkün vasitələrlə müdafiə hüququnun
qorunması baxımından qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin 35.3-cü maddəsinə
əsasən aidiyyətindən asılı olmayaraq ilkin iddianın baxıldığı yerin məhkəməsinə
verilməlidir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakı nəticələrə gəlir:
- ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə
mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin
35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa,
cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir;
- daşınmaz əşya üzərində mülkiyyət hüququnun
tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki
Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın
olduğu yer üzrə məhkəməyə verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Ər-arvadın
daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi
aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə
uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə
alındığı yer üzrə müəyyən edilməlidir.
2. Daşınmaz
əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət
qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci
maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev