AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
A.Daşdəmirovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1
iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
27
may 2021-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında A.Daşdəmirovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim H.Əfəndiyevanın məruzəsini, ərizəçinin çıxışını və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN
ETDİ:
Fərhad
Daşdəmirov Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə (bundan
sonra – Hərracın Təşkili üzrə Auksion Mərkəzi) və Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinə (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi),
habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər
“Şamaxı-Şərab-1” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Şamaxı-Şərab-1” ASC)
və Seymur Hacıyevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şamaxı-Şərab-1”
ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “soyuducu binaya” münasibətdə
ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə
17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun
qismən, yəni torpaq sahəsinin 1.23 ha hissəsi üzrə etibarsız hesab edilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.
Bakı
şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2017-ci il tarixli qətnaməsi
ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 12 mart 2018-ci il tarixli qərarı ilə “Şamaxı-Şərab-1” ASC-nin və Əmlak Məsələləri
Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin
məhkəməyə göndərilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qətnaməsi
ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək F.Daşdəmirovun
iddiası təmin olunmamışdır.
Ali
Məhkəmənin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarı ilə F.Daşdəmirovun
kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi
ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək F.Daşdəmirovun
iddiası təmin olunmamışdır.
Ali
Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarı ilə F.Daşdəmirovun kassasiya şikayəti qismən təmin
edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş
yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi
ilə Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə üçüncü şəxslər “Şamaxı-Şərab-1”
ASC və S.Hacıyevin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “Şamaxı-Şərab-1” ASC-nin əmlakının
özəlləşdirilməsinin qismən, “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinin
təmin olunmasına dair hissədə ləğv olunmuş,
F.Daşdəmirovun bu hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan
hissədə dəyişdirilmədən saxlanılmışdır.
Ali
Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarı ilə tərəflərin
və üçüncü şəxslərin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
F.Daşdəmirovun
hüquqi varisi A.Daşdəmirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin
Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I
hissəsinə, 125-ci maddəsinin VII hissəsinə, 129-cu maddəsinin III hissəsinə və
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki
Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını
xahiş etmişdir.
Ərizəçi
şikayətində göstərmişdir ki, Yerli Aqrar İslahat Komissiyasının 20 dekabr
1997-ci il tarixli qərarına müvafiq olaraq “soyuducu anbar” M.Ə.Sabir adına
Üzüm İstehsalı Müəssisəsinin əmlakından pay almaq hüququ olan E.Əliyevaya, A.Osmanova,
Ş.Osmanovaya və G.Quliyevaya
tikinti-bina bölməsindən pay kimi verilmişdir. Yerli Aqrar İslahat
Komissiyasının 10 dekabr 2001-ci il tarixli 39 nömrəli protokolu əsasında
soyuducu anbar (mübahisələndirilən əşya) onun payçılarının (E.Əliyeva və digərləri)
ərizəsi əsasında F.Daşdəmirova verilmişdir. Baş Dövlət Texniki İnventarlaşdırma
və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə
dair F.Daşdəmirova 28 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir.
Şikayətdə
qeyd olunur ki, F.Daşdəmirovun Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyətində olan “soyuducu
anbar” “Şamaxı-Şərab-1” ASC yaradılarkən qiymətləndirilən əmlakın tərkibi kimi
emissiya prospektinə daxil edilməməsinə baxmayaraq özəlləşdirilmiş, sonuncuya həmin
əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət
reyestrindən 22 noyabr 2013-cü il tarixli çıxarış verilmişdir.
Lakin
məhkəmələr, o cümlədən sonuncu dəfə işə baxan kassasiya instansiyası məhkəməsi
tərəfindən F.Daşdəmirovun “soyuducu anbar”ın “Şamaxı-Şərab-1” ASC-nin emissiya
prospektinə daxil edilməməsinə dair dəlillərinə qanunvericiliklə müəyyən
edilmiş qaydada lazımi hüquqi qiymət verilməmişdir.
Şikayətdə
eyni zamanda bildirilir ki, işə baxan məhkəmələr 1.23 ha torpağın bələdiyyə
torpağı, üzərindəki tikilinin isə dövlət əmlakı olmasına dair ziddiyyətli nəticəyə gəlmişlər.
Ərizəçi
hesab edir ki, məhkəmələr tərəfindən F.Daşdəmirovun “soyuducu anbara” dair
subyektiv hüququnun itirilməsi əsası ilə iddiasının qismən təmin edilməməsi nəticəsində
sonuncunun Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və
azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və məhkəmədə müdafiəsinə
təminat verilir.
Konstitusiyanın
125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət
mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə,
tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə
icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
Konstitusiyanın
bu müddəalarına uyğun olaraq, məhkəmələrin
birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq
və azadlıqları bərpa etmək təşkil edir.
Bununla
əlaqədar qeyd olunmalıdır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi
və faktlar əsasında həyata keçirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli
və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə
iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə
uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 9.1, 88, 217.1 və 217.3-cü
maddələri).
İş
materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 13
iyul 2018-ci il tarixli qətnaməsi ilə F.Daşdəmirovun “Şamaxı-Şərab 1” ASC-nin əmlakının
özəlləşdirilməsinin qismən, yəni “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbi
ilə əlaqədar iddiaçını müvafiq subyektiv hüququn sahibi kimi qəbul etməyin
mümkün olmaması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.
Bununla
əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, subyektiv mənada əşya hüququ dedikdə, subyektin mülki
dövriyyənin maddi obyekti kimi konkret əşya barəsində olan hüququ başa düşülür.
Əşya hüququ ilə əşyanın bu və ya digər şəxsə məxsusluğu müəyyən edilir və bu
hüquq mütləq xarakterə malik olması ilə səciyyələnir. Bu baxımdan əşya hüququ
iki funksiya yerinə yetirir – tənzimləyici funksiya (bu funksiya əsasında
konkret əşyanın konkret şəxsə məxsusluğu müəyyənləşdirilir) və müdafiə
funksiyası (bu funksiya əsasında digər şəxslər ixtiyar sahibinin əşya
hüquqlarının həyata keçirilməsinə maneələr törətməkdən və onu pozmaqdan çəkinir).
Odur ki, əşya hüququ ilə bağlı mübahisələrə baxılarkən müvafiq tələb üzrə konkret
şəxsin subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirilməsi üçün, ilk növbədə,
əşya (mübahisənin obyekti) müəyyən edilməlidir.
İşin
məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, M.Ə.Sabir adına qəsəbənin
ərazisindəki qeyri-yaşayış binası – “soyuducu anbar” özəlləşdirilməyə çıxarılan
zaman təsdiq olunmuş özəlləşdirilmə planına daxil edilməmiş və “Şamaxı-Şərab-1” ASC-nin mülkiyyətində olan əmlakın tərkib
hissəsi olmamış, Sabir adına sovxozun əmlakı kimi aqrar islahatlar zamanı onun
payçılarının ərizəsi əsasında F.Daşdəmirova verilmişdir. Şamaxı rayonu
M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında
(emissiya prospekti) “Maşın və avadanlıqların 1 iyun 1998-ci il vəziyyətinə
İnventarlaşdırma Uçotu və Qiymətləndirilməsi haqqında Akt”da “soyuducu sexi”
qeyd olunsa da, həmin sex bina deyil, maşın və avadanlıqlar qismində göstərilmiş,
özəlləşdirmə planında mübahisə predmeti olan soyuducu anbar isə ümumiyyətlə
qeyd olunmamışdır.
Həmçinin
registr bazasının məlumatlarına görə “Şamaxı-Şərab-1” ASC-nin yerləşdiyi torpaq
sahəsinin 9.80 ha olması, faktiki olaraq isə ərazisinin ölçüsünün 13.80 ha təşkil
etməsi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Şamaxı rayon şöbəsinin F.Daşdəmirova ünvanladığı 26 dekabr 2014-cü
il tarixli məktubuna və ona əlavə edilmiş Şamaxı rayonu Sabir bələdiyyəsinin
yerquruluşu layihə planından çıxarışa görə, torpaq islahatı ilə bağlı Sabir
adına təsərrüfat və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində
1.12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1.23
ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir.
Eləcə də iş üzrə ilk apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki
ekspertizasının 21 iyul 2017-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki,
Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə
planında (emissiya prospekti) “Maşın və avadanlıqların 1 iyun 1998-ci il vəziyyətinə
İnventarlaşdırma Uçotu və Qiymətləndirilməsi haqqında Akt”ın 7-ci qrafasında
qeyd edilən “soyuducu sex” ilə “Şamaxı-Şərab-1” ASC-nin 22 noyabr 2013-cü il
tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən qeyri-yaşayış
sahəsi (“soyuducu bina”) eyni əmlak deyildir. Həmin çıxarışda göstərilən
qeyri-yaşayış binası (“soyuducu bina”) ilə F.Daşdəmirovun təqdim etdiyi 2001-ci
ildə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “üzüm saxlama soyuducu
anbar" binası isə eyni əmlak olmuşdur.
Həmin
ekspertiza rəyinə əsasən, “Şamaxı-Şərab-1” ASC-nin 13.6426 ha torpaq sahəsinin
kadastr planı ekspertiza tədqiqatına təqdim edilmədiyinə görə F.Daşdəmirovun
iddia etdiyi “üzüm saxlama soyuducu anbar” binasının “Şamaxı-Şərab-1” ASC-nin
qeyd edilən çıxarışında göstərilmiş torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən
etmək mümkün olmamışdır.
Göstərilənlərlə
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə
düzgün nəticəyə gəlmək üçün, ilk növbədə, mübahisə edilən əmlakın bələdiyyə və
ya dövlət mülkiyyətində olan torpaqda yerləşməsini müəyyən etməli idi.
Eyni
zamanda həmin məhkəmə F.Daşdəmirovun qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində
olan “soyuducu anbar”ın “Şamaxı-Şərab-1” ASC yaradılarkən qiymətləndirilən əmlakın
tərkib hissəsi kimi özəlləşdirmə planına (emissiya prospektinə) daxil edilməməsinə
dair irəli sürdüyü dəlili mülki işin tam və hərtərəfli həll edilməsi üçün mülki
prosessual qanunvericiliyə uyğun olaraq araşdırmalı və müvafiq hüquqi qiymət
verməli idi.
Lakin
apellyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə baxışları zamanı məhkəmələrin
müəyyən etdiyi hallarla bağlı qiymətləndirmə aparılmasına zərurət görməmiş,
mübahisənin obyektini dəqiq müəyyən etmədən, F.Daşdəmirovun hərrac nəticələrinin
“soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbi ilə bağlı subyektiv hüquqa malik
olmaması qənaətinə gəlmiş, torpaq sahəsinin hüquqi statusu ilə əlaqədar kassasiya
instansiyası məhkəməsinin göstərişlərinə də əməl etməmişdir.
Apellyasiya
instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən verilmiş kassasiya şikayəti
üzrə işə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli
qərarı ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli
və obyektiv araşdırılmaması, həmçinin Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə əməl edilməməsi
əsası ilə iş yenidən apellyasiya baxışına qaytarılmışdır.
Növbəti
dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının “Şamaxı-Şərab-1” ASC-nin əmlakının
özəlləşdirilməsinin qismən, yəni “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinə
dair müvafiq subyektiv hüququn sahibi kimi qəbul etmənin mümkün olmaması əsası
ilə 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini
ləğv edərək F.Daşdəmirovun iddiasını təmin etməmişdir.
Həmin
qətnamədən F.Daşdəmirovun verdiyi kassasiya şikayətinə dair Ali Məhkəmənin Mülki
Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarı ilə iş yenidən apellyasiya
baxışına qaytarılaraq qeyd edilmişdir ki, “Şamaxı-Şərab-1” ASC-nin F.Daşdəmirova
qarşı qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci
il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması tələbinə dair
iqtisadi iş üzrə iddianın predmetini “Şamaxı-Şərab-1” ASC-nin hazırkı iş üzrə mübahisələndirilən
hərracın nəticəsində əldə olunan əmlak təşkil etmişdir. F.Daşdəmirovun həmin
qeyri-yaşayış sahəsinə dair qeydiyyat sənədlərinin etbarsız hesab edilməsinin əsasında
mübahisələndirilən hərracın nəticələri durduğuna görə onun hərracın nəticələrini
mübahisələndirməyə subyektiv hüququ olmuşdur.
İşə
təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16 yanvar 2020-ci
il tarixli qətnaməsində iddiaçının “Şamaxı-Şərab-1” ASC-nin əmlakının özəlləşdirilməsinin
qismən, yəni “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinə dair
subyektiv hüquqa malik olması ilə bağlı kassasiya instansiyası məhkəməsinin
mövqeyini nəzərə alsa da tələbin həmin hissədə əsassız olduğu qənaətinə gəlmişdir.
Lakin
həmin məhkəmə iddiaçının hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı
barədə 17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin tarixli hərrac
protokolunun qismən, yəni torpaq sahəsinin 1.23 ha hissəsi üzrə etibarsız hesab
edilməsi tələbinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni
hesab etmişdir.
Apellyasiya
instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Sumqayıt
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il
tarixli qətnaməsi ilə F.Daşdəmirovun adına qeydə alınmış qeyri-yaşayış sahəsinin
qeydiyyatı ləğv edilmiş və 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi
etibarsız hesab edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış və həmin
işdə preyudisiyal əhəmiyyətə malikdir.
Nəticədə
apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr
2019-cu il tarixli qərarında nəzərdə tutulmuş göstərişləri lazımınca yerinə
yetirməmiş, mübahisəli əmlakın bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşməməsinin
müəyyən edilməsinin işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsi
üçün əhəmiyyət kəsb etməsini nəzərə almamışdır.
Halbuki
Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında
işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan
məhkəmə üçün məcburidir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi
olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən
biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin
işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının
alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin
düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri
düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid
qaydada tətbiq olunmasına istiqamətləndirir.
Ali
Məhkəmənin Mülki Kollegiyası isə 1 iyul 2020-ci il tarixli qərarı ilə özünün əvvəlki qərarında verilmiş
göstərişlərinin yerinə-yetirilməməsinə münasibət bildirmədən belə nəticəyə gəlmişdir
ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun
olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may
2017-ci il tarixli qətnaməsinin hazırkı mübahisə üzrə preyudisiyal əhəmiyyət
daşımasını düzgün qiymətləndirmişdir.
İddiaçının
kassasiya şikayətinin əsas dəlillərindən olan qeydiyyat vəsiqəsinin etibarsız
hesab edilməsinin onun əmlak üzərində hüququnun olmaması nəticəsinə gəlməyə əsas
vermədiyini, həmin əmlakın ona verilməsinə dair Yerli Aqrar İslahat
Komissiyasının 10 dekabr 2001-ci il tarixli qərarının qüvvədə olmasını kasassiya
instansiyası məhkəməsi əsassız saymışdır.
Qeyd
edilməlidir ki, mülki işin materiallarından görünür ki, “Şamaxı-Şərab-1” ASC-nin
28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin
verilməsinə əsas olmuş Yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 2001-ci il
tarixli 39 nömrəli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qərardadı
ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2015-ci il tarixli qərardadı ilə təmin
edilməmişdir.
Bununla
əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi
vacib hesab edir.
Azərbaycan
Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə
Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz
növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25
mart 1995-ci il tarixli qərarları ilə rayon və yerli aqrar islahat
komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə
komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın
qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu təsbit
edilmişdir.
Qanunvericiliyə
əsasən aqrar islahat komissiyalarının əsas vəzifələri sovxoz və kolxozların
istifadəsində (balansında) olmuş əmlakdan pay almaq hüququ olan subyektlərə
dair şərtlərə əməl olunması, əmlak payının həcminin müəyyənləşdirilməsi, sovxoz
və kolxozların əmlakının mövcud qanunvericiliyə uyğun inventarlaşdırılması və
qiymətləndirilməsi, həmin əmlakın göstərilən subyektlər arasında özəlləşdirilməsi
(sovxoz əmlakı üçün) və ya bölüşdürülməsi (kolxoz əmlakı üçün) və s. olmuşdur.
“Sovxoz
və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd
və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan
orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı
istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına,
kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin
yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir.
Xüsusi
vurğulamaq lazımdır ki, həmin Qanunun 9-cu maddəsinin üçüncü və dördüncü hissələrinə
görə, sovxozların islahatı zamanı əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi
əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak
payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə
verilir.
Lakin
hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin 1 iyul 2020-ci il tarixli qərarı
ilə mübahisə Yerli Aqrar İslahat
Komissiyasının qeyd olunan qərarına əsasən F.Daşdəmirovun mübahisəli əmlak üzərində
sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət verilmədən
həll edilmişdir.
Belə
ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi
olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir.
Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini,
istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin
hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən
edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola
bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə
də məxsus ola bilər.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə
orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası
kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını
təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları
mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka
sahiblik edən şəxsə də mənsubdur.
Mülki
qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun
tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək
hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində
mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət
qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə
etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə
hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q.
Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı).
Mübahisəli
əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı
digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə
verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil
olunur.
Konstitusiya
Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə
hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud
olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə
müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi
ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip
və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci
il 18 dekabr tarixli Qərar).
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı
Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət”
anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və
milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam
işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti
olub-olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və
maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu
baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə”
məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət
hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni
gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o
hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə
əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27
may tarixli Qərar, § 103).
Kassasiya
instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxmanın hədlərini
müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən,
bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Mülki
Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və
prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi
üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu Məcəllənin
386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya
düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və
ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o
vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin
və ya nəticələnə bilsin.
Lakin
Ali Məhkəmənin Mülki Kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını, özünün əvvəlki qərarlarında
müəyyən olunmuş göstərişlərinin yerinə yetirilməməsini nəzərə almadan, həmin məhkəmənin
16 yanvar 2020-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki
Prosessual Məcəllənin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinin tələblərinə
uyğun olmayan 1 iyul 2020-ci il tarixli qərar qəbul etmiş, nəticədə ərizəçinin
Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və
azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
Yuxarıda
göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir
ki, F.Daşdəmirovun Hərracın Təşkili üzrə Auksion Mərkəzinə,
Əmlak Məsələləri Dövlət Komitəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər
irəli sürməyən üçüncü şəxslər “Şamaxı-Şərab-1” ASC və S.Hacıyevə qarşı “Şamaxı-Şərab-1”
ASC-nin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac vasitəsilə
satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin
tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş
üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarı
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin
416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən
düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. F.Daşdəmirovun
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili
üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə,
mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər
“Şamaxı-Şərab-1” Açıq Səhmdar Cəmiyyətinə və S.Hacıyevə qarşı “Şamaxı-Şərab-1” Açıq
Səhmdar Cəmiyyətinin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac
vasitəsilə satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013-cü il tarixli müqavilənin
və həmin tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul
2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş
hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun
olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq
qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev