AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
N.Əsədovanın
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust
2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
12
aprel 2021-ci il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim),
Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında N.Əsədovanın
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5
avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin vəkili K.Nəsibovun
çıxışını, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq
kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Şəlalə Cəfərova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək
Nigar Əsədovanın ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə
prospekti 25 saylı evin 81 saylı mənzilinə dair istifadə hüquqlarına xitam
verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il
tarixli qətnaməsi ilə iddia təmin
edilmişdir.
N.Əsədova öz növbəsində Ş.Cəfərovaya, Bakı şəhəri 32 saylı
Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə
(bundan sonra – DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə
müraciət edərək, mübahisəli mənzilin alğı-satqı müqaviləsinin, hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və Ş.Cəfərovaya
verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini
xahiş etmişdir.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci
il tarixli qətnaməsi ilə N.Əsədovanın
iddiası qismən təmin edilərək onunla Ş.Cəfərova arasında bağlanmış 23 dekabr
2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, çıxarış ləğv
edilmiş və iddia qalan hissədə təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun
2019-cu il tarixli qətnaməsi ilə Ş.Cəfərovanın apellyasiya şikayəti təmin edilərək
birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, N.Əsədovanın iddiası təmin
edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 26 noyabr
2019-cu il tarixli qərarı ilə N.Əsədovanın kassasiya şikayəti qismən təmin edilərək
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən
baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17
dekabr 2019-cu il tarixli qərardadı ilə N.Əsədovanın Ş.Cəfərova, 32 saylı
Notariat Ofisi və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin,
qeydin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş Ş.Cəfərovanın
N.Əsədovaya və onun ailə üzvlərinə qarşı istifadə hüquqlarına xitam verilməsi və
mənzildən çıxarılma tələbi üzrə mülki işlə bir icraatda birləşdirilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12
fevral 2020-ci il tarixli qətnaməsi ilə N.Əsədovanın apellyasiya şikayəti təmin
edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi
mübahisələndirilən hissədə - iddianın N.Əsədovaya qarşı təmin olunmuş hissəsində
dəyişdirilmədən saxlanılmış, icraatı birləşdirilmiş iş üzrə Ş.Cəfərovanın
apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28
sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək
N.Əsədovanın mənzilin alğı-satqı müqaviləsinin, reyestr qeydinin və çıxarışın
etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli
qərarı ilə N.Əsədovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
N.Əsədova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, Ali
Məhkəmənin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
N.Əsədova şikayətini onunla əsaslandırmışdır ki, kassasiya
instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 5.3, 6, 16.1, 152.5 və 157.2-ci maddələri və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, bununla da onun Konstitusiyanın
29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş
mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar
aşağıdakıları qeyd etməyi zəruri hesab
edir.
Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə,
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə
olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük
verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka
sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək
hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum
edilə bilməz.
Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və
azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq
münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı
prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək
imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə
tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15
sentyabr tarixli Qərarı).
Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə
tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir.
Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar.
Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və
hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə
uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və
vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı
müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq
münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli,
ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir.
Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi
və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır
(Mülki Məcəllənin 389.1-ci maddəsi).
Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından
görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə
borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı
satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini
ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı
vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə
uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və
598.3-cü maddələri).
İş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan
görünür ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 25 saylı evin 81 saylı mənzilinə
dair N.Əsədova ilə Ş.Cəfərova arasında 23 dekabr 2017-ci il tarixli alğı-satqı
müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuş, N.Əsədovanın
ailə üzvləri mənzilin satılmasına notarial qaydada razılıq vermişdir.
Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu
etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə
nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada
qruplaşdırılmışdır:
- əqdin subyekt tərkibinə dair şərtlər;
- əqdin məzmununa dair şərtlər;
- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi
vəhdətinə dair şərtlər;
- əqdin formasına dair şərtlər.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin
etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla
bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun
etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb
olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu
Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən
hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları
eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,
görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla
ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi
əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, həmin
hərəkətlərin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin.
Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə
gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin
xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə
alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və
ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas
olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi
hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq
edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, alğı-satqı
müqaviləsi tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında
bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst
seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ
gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi
pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin
339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək
etibarsız hala gətirmək imkanını verir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan
dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal
hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu
və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin
təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də
ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü
maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və
ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,
bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə
müqayisəsinin nəzərə alınmalı olduğunu
müəyyən etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi
mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız
iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə
edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar,
tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə
alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr
tarixli Qərar).
Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin
edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi
formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda
olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış
və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir.
Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin
imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış,
mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində
bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin
məcburetmə nəticəsində bağlanıb-bağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir.
İlk dəfə kassasiya qaydasında işə baxarkən Ali Məhkəmənin
Mülki Kollegiyası 26 noyabr 2019-cu il tarixli qərarı ilə N.Əsədovanın
kassasiya şikayətini qismən təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən
baxılması üçün həmin məhkəməyə göndərərkən qeyd etmişdir ki, apellyasiya
instansiyası məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübut
olunmaması qənaətinə gəlsə də, iş üçün əhəmiyyətli olan bir sıra halları
aydınlaşdırmamış, işdə olan bəzi sübutları öyrənməmişdir.
Belə ki, N.Əsədova telefon danışıqları barədə diski mülki
işə əlavə etsə də, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə olunmamış,
diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir.
Kassasiya instansiyası məhkəməsi, həmçinin işə apellyasiya
qaydasında yenidən baxılarkən işdə olan ekspert rəylərinə əsasən dəyəri 100 000
manat olan mübahisəli mənzilin 60 000 manata satılması faktına qiymət verilməsinə
dair göstəriş vermişdir.
Lakin işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyası 12 fevral 2020-ci il tarixli qətnaməsində N.Əsədova tərəfindən təqdim
olunmuş fotoşəkil və telefon danışığı yazısı (qeydləri) olan diskə qiymət verərək
belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri
baxımından bu sübutlar qanunu pozmaqla əldə edilmiş və onların istifadəsinə yol
verilmir, disk sübut qismində qəbul olunsa belə, diskdə əks olunan məlumatlarda
mübahisəli alğı-satqı müqaviləsinin etibarsızlığına dair hər hansı bir əsas
mövcud deyil.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya
instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi Mülki Prosessual Məcəllənin
420-ci maddəsinin tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun “kassasiya
instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərin qanuna uyğun və hərtərəfli
əsaslandırılmış olduğu halda həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün
məcburidir” kimi formalaşdırdığı hüquqi mövqeyinə zidd olaraq qəbul edilmişdir.
Buna baxmayaraq Ali Məhkəmənin Mülki Kollegiyası 5 avqust
2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin kassasiya
instansiyası məhkəməsinin qanuni göstərişlərinə əməl olunmamaqla qəbul edilmiş qətnaməsini
dəyişdirmədən saxlamışdır.
Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq
üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması,
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq
normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə
aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli
olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti
üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).
Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon
danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş
sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə
aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki
prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir.
Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri
isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki
Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş
sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq
subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş
sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı
olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi
prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi
daşıyır.
Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini
əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində
istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə
bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir
və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı
mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu
baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan
danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual
Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı
müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq
subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə
ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən
iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində
edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və
əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri
altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən
sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz,
hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq
normalarına uyğun hüquqi qiymət verilməlidir.
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin
instansiyada işə baxmanın hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin
416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1, 418.2 və 418.3-cü
maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün
tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə
və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində
göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq
olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər
ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə
bilsin.
Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 12 fevral 2020-ci il
tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416,
418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 5 avqust 2020-ci
il tarixli qərarı qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı
maddələrində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə
təminatı hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, N.Əsədovanın Ş.Cəfərovaya, 32 saylı Notariat Ofisinə və
DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, hüquqların
dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin
və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin
Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı Konstitusiyanın 29 və
60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1. Nigar Əsədovanın Şəlalə Cəfərovaya, Bakı şəhəri 32 saylı
Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə
qarşı alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın
dövlət reyestrində aparılmış qeydin və çıxarışın etibarsız hesab edilməsi tələbinə
dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev