Qərarlar

28.06.05 S.N.Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsi Plenumunun 03/03/05 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

S.N. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

28 iyun 2005-ci il                                                                                        Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, R.Qvaladze, E.Məmmədov,  İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçinin nümayəndələri R. Orucov və F. Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Sona Niftulla qızı Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli   qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçinin nümayəndələri R.Orucov və F.Məmmədovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

S.Məmmədovanın mənzil alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı ödənişin qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra - MİÜMK) 3 oktyabr 2003-cü il tarixli qərardadı və 5 noyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin  413, 88, 407.2, 416 və 417.0.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmiş və işə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

Konstitusiya Məhkəməsinin Plenumunun qərarına uyğun olaraq Ali Məhkəmənin Plenumu hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə baxmış və 3 mart 2005-ci il tarixli qərarı ilə Ali Məhkəmənin MİÜMK-nın 5 noyabr 2003-cü il tarixli qərarını, Apellyasiya Məhkəməsinin 29 avqust 2003-cü il tarixli qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına qaytarmışdır.

Ali Məhkəmənin Plenumunun qərarında Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilən Ali Məhkəmənin MİÜMK-nın 3 oktyabr 2003-cü il tarixli qərardadı ilə bağlı məsələyə isə, ümumiyyətlə, toxunulmamışdır.

S.Məmmədova Konstitusiya Məhkəməsinə ünvanladığı təkrar şikayətində Ali Məhkəmənin Plenumunun 3 mart 2005-ci il tarixli qərarında tətbiq edilməli olmayan MPM-in 431-4.2.1-ci maddəsinin tətbiq edildiyini, bu Məcəllənin 13.7, 431-4.2.2-ci və 431-3.3-cü, 431-4.1-ci maddələrinin tətbiq edilmədiyini, bununla da Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinin tələblərinə riayət olunmadığını, Konstitusiyada təsbit olunmuş bərabərlik hüququnun, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi hüququnun, mülkiyyət hüququnun, azad sahibkarlıq hüququnun, hüquq və azadlıqların məhkəmə təminatı hüququnun, məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi hüququnun, habelə zərərin ödənilməsini tələb etmək hüququnun pozulduğunu göstərərək həmin qərarın Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Həmin Qanunun 66.2-ci maddəsinə görə Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır və Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Konstitusiya Məhkəməsinin səlahiyyətlərini və fəaliyyət qaydasını müəyyən edən Konstitusiya və digər qanunvericilik aktlarında, bu məhkəmənin qərarlarını icra edərək onlara hüquqi qiymət vermək səlahiyyətinə malik olan hər hansı orqanın, o cümlədən məhkəmə hakimiyyəti orqanının mövcudluğu nəzərdə tutulmamışdır. 

MPM-in 44-1-ci fəslində nəzərdə tutulmuş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydalarına görə Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin qərarını və ya digər məhkəmə aktlarını qüvvədən düşmüş hesab edərək işə yenidən baxılması qərarına gəldiyi halda, Ali Məhkəmənin Plenumu prosessual qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada müvafiq məhkəmə qərarını ləğv etməli, müvafiq məhkəmə aktını qüvvədə saxlamalı və ya işi hüquq və azadlıqların pozulduğu məhkəmə mərhələsinə yeni məhkəmə baxışına göndərməlidir. Bu zaman o, yalnız Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğun olaraq buraxılmış maddi və prosessual hüquq pozuntularını aradan qaldırmaq üçün tədbir görməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Ali Məhkəmənin Plenumu tərəfindən işlərin yenidən baxılması məsələsini təşkil edərkən onların yalnız təkrar baxılması üçün deyil, həmçinin pozulmuş insan hüquq və azadlıqlarının tezliklə bərpası məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında göstərilmiş məhkəmə səhvlərinin, onların yol verildiyi məhkəmə icraatı mərhələsində və müvafiq icraat üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində aradan qaldırılması üçün konkret qərarlar qəbul etməklə yerinə yetirildikdə Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə uyğun hesab oluna bilər. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin mənimsənilməsinə və ya qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata  keçirilməlidir. Bu zaman Ali Məhkəmə və digər məhkəmələr öz qərarını  yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərcivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar  həmin hədləri təşkil edir (« «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-II QD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı).

Bu halda Ali Məhkəmənin Plenumu hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində işə mahiyyəti üzrə baxmır, o, sadəcə olaraq  Konstitusiya Məhkəməsi və iş üzrə icraatın yenidən davam etdiriləcəyi instansiya arasında keçid mərhələsini təmin edən orqan qismində çıxış edir.

MPM-in 431-2-ci maddəsinə görə Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Həmin Məcəllənin 431-4.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır. MPM-in bu maddəsi Ali Məhkəmənin Plenumunun icraat çərçivələrini müəyyən edir. Beləliklə, Plenum yalnız Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunmuş hüquqi mövqelər çərçivəsində və onlara istinadən qərar qəbul etmək səlahiyyətinə malikdir.

Ali Məhkəmənin Plenumu isə mübahisələndirilən iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli  qərarına  uyğun olmayan qərar qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinin, MPM-in 431.4.2-ci maddəsinin tələblərini pozmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, MPM-in 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.  Həmin Məcəllənin 431-3.3-cü maddəsində qeyd olunur ki, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması zamanı işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər.

İş materiallarından isə görünür ki, Ali Məhkəmənin Plenumu 3 mart 2005-ci il tarixdə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində məhkəmə baxışı barədə S.Məmmədovaya heç bir məlumat verilməmiş, bununla da ərizəçinin Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur.

Bundan başqa, Ali Məhkəmənin Plenumunun qərarı səthi olmaqla bərabər maddi və prosessual hüquq normalarının tələblərinə istinadən hüquqi cəhətdən əsaslandırılmamışdır.

Ali Məhkəmənin Plenumunun qərarının təsviri hissəsində mülki işin faktiki halları ilə əlaqədar bütün hallar üzrə birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr öz əksini tapsa da, yalnız qərarın əsaslandırıcı hissəsinin sonluğu mülki iş üzrə mübahisə olunan bir epizodla  aşağıdakı qaydada yekunlaşdırılmışdır:

«Plenum hesab edir ki, Apellyasiya Məhkəməsinin MİÜMK-da həmin işə baxıldıqda maddi və prosessual qanun pozuntularına yol verildiyi üçün nəinki Ali Məhkəmənin MİÜMK-nın qərarı, həm də Apellyasiya Məhkəməsinin MİÜMK-nın qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilməlidir. Belə ki, Apellyasiya Məhkəməsinin MİÜMK-da mübahisəli mənzilə çəkilən təmir xərcləri müəyyən edildikdə qanun pozuntularına yol verilmiş, məhkəmə ekspertizasının rəyi işdəki digər sübutlarla əlaqəli qiymətləndirilməmişdir».

MPM-in 431-4.1-ci maddəsinə əsasən Ali Məhkəmənin Plenumunun qərarı bu Məcəllənin 430.2, 430.3-cü maddələrinin tələblərinə əməl edilməklə çıxarılmalıdır. Məcəllənin 430.2-ci  maddəsində isə birmənalı göstərilir ki, Plenum iş üzrə  qəbul  etdiyi qərarında  əsaslandığı  qanuna istinad  etməlidir. Lakin Ali Məhkəmənin Plenumu tərəfindən maddənin bu müddəaları yerinə  yetirilməməklə ciddi qanun pozuntusuna yol verilmişdir. Belə ki, Ali Məhkəmənin Plenumu qəbul etdiyi qərarda Apellyasiya Məhkəməsinin MİÜMK-nın maddi və prosessual qanun pozuntularına yol verdiyini göstərsə də, belə nəticəyə qanunvericiliyin hansı müddəalarına istinadən gəldiyini göstərməmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.N.Məmmədovanın mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddiası üzrə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında qəbul edilən Ali Məhkəmə Plenumunun 3 mart 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddələrinə, 130-cu maddəsinin IX hissəsinə və müvafiq olaraq «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.1, 66.2, 63.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 430.2.7, 431-3.3, 431-4.1, 431-4.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab olunmalı və işə bu Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I:

1.  S.N. Məmmədovanın mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddiası üzrə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddələrinə, 130-cu maddəsinin IX hissəsinə və müvafiq olaraq «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.1, 66.2, 63.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 430-2.7, 431-3.3, 431-4.1, 431-4.2-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                    Fərhad Abdullayev