AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
E.Şahbazovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29
iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
18 mart 2021-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim),
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
ərizəçi Edvard
Şahbazovun vəkili Rəfail Mənsimzadənin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq
konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında E.Şahbazovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın
məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Şahbazova
Zeynəb Qazıyevna Bakı şəhəri 3 saylı Notariat Ofisinə, Şahbazov Edvard
Albertoviçə və Şahbazova Elvina Albert qızına qarşı vərəsəlik şəhadətnaməsinin
ləğv edilməsi, mənzilə və bank əmanətinə dair 2/4 hissədə payın müəyyən edilməsi,
bu paya müvafiq olaraq yeni vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia ərizəsi
ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.
Bakı
şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə
iddia təmin edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi
ilə E.Şahbazovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi E.Şahbazova münasibətdə dəyişdirilmədən
saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 29 iyun 2020-ci il tarixli qərarı ilə E.Şahbazovun kassasiya
şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
E.Şahbazov
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki
Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
(bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi şikayətində
göstərmişdir ki, bank
hesabında olan əmanətin və mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri
hesabına deyil, anasına verilmiş mənzilin satılması hesabına əldə edilməsinə və
müvafiq halı təsdiq edən sənədin onun tərəfindən alınmasının mümkünsüz olduğunu
göstərməsinə, bu səbəbdən məhkəmə tərəfindən həmin sənədin alınması
üçün müvafiq sorğu ilə müraciət edilməsi barədə vəsatət verməsinə, sonradan bu
sənədi əldə edərək kassasiya instansiyası məhkəməsinə təqdim etməsinə
baxmayaraq, işə baxan məhkəmələr bunu işin mühüm halı kimi qiymətləndirməmiş və
miras əmlakın kütləsinin müəyyən edilməsində yanlışlığa yol vermiş, kassasiya
instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmış, nəticədə onun Konstitusiyanın 29-cu maddəsi ilə müəyyən
edilmiş mülkiyyət və 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların
inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur. Ərizəçi şikayətində onu da qeyd etmişdir ki, o anadangəlmə iflic olmaqla,
I dərəcə əlilliyi olan şəxsdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə
bağlı aşağıdakıları qeyd edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə
müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiyanın 125-ci maddəsinin
VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin
etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət
mühakiməsinin
həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə,
tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması,
məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
Konstitusiyanın bu müddəalarına
uyğun olaraq,
məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata
keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət
mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı
məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan,
qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin
məhkəmədə təsdiqi ilə nəticələnməlidir.
Şikayətdən və mülki işin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallarından görünür ki, 2 dekabr 1992-ci il tarixində Albert Şahbazov
ilə Z.Şahbazova rəsmi nikaha daxil olmuşlar və bu nikahdan 29 may
1993-cü ildə Elvina Şahbazova anadan olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri Nərimanov rayonu Fətəli Xan
Xoyski küçəsi ev 134 ünvanında yerləşən 37 saylı mənzil alınmış, həmçinin
A.Şahbazovun adına “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətində
depozit hesabı açılmışdır. A.Şahbazov 16 oktyabr 2018-ci il tarixində vəfat etdikdən
sonra vərəsələr, o cümlədən A.Şahbazovun birinci nikahdan olan iki övladı
E.Şahbazov və R.Şahbazov miras əmlakı qəbul etmək üçün Bakı şəhəri 3 saylı
Notariat Ofisinə müraciət etmişlər. R.Şahbazov miras əmlakdan ona düşən paydan
qardaşının xeyrinə, Z.Şahbazova isə qızının xeyrinə imtina etmişdir. Qanun üzrə
vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mənzil və əmanətdən ibarət olan
miras əmlaka dair E.Şahbazov və E.Şahbazovanın 2/4 hissədə payları müəyyən
edilmişdir.
Z.Şahbazova
qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbi
ilə birinci instansiya məhkəməsinə müraciət edərək, paylar müəyyənləşdirilərkən
mərhum əri ilə birgə mülkiyyətdən ona çatacaq əmlak hissəsinin nəzərə
alınmadığını və bölünməyən payın da miras əmlaka daxil edildiyini əsas gətirmişdir.
A.Şahbazovun birinci nikahdan olan oğlu E.Şahbazov isə iddia ərizəsinə
etirazını onunla əsaslandırmışdır ki, anası
L.Şahbazovaya jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə iş yerindən mənzil
verilmişdir. Həmin mənzilə dair atası A.Şahbazov 28 iyul 2005-ci ildə daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış almışdır. Sonradan 23 mart 2006-cı ildə qeyd
edilən mənzil 136 000 manata satılaraq 1 ay sonra, 28 aprel 2006-cı il tarixində
mübahisəli mənzil alınmış, həmin puldan 30 000 manat ona verilmiş, qalan pul isə
bankın depozit hesabına yerləşdirilmişdir. Mübahisəli mənzil A.Şahbazovla
Z.Şahbazovanın birgə nikah dövründə alınsa və pul banka qoyulsa da onların birgə
vəsaiti hesabına əldə edilmədiyindən ümumi birgə mülkiyyət hesab edilə bilməz.
İşə
baxan birinci instansiya məhkəməsi cavabdehin dəlillərinin hər hansı mötəbər
sübutlarla təsdiq olunmadığını əsas gətirərək, miras qalan əmlakdan
Z.Şahbazovaya birgə mülkiyyət kimi çatası əmlak hissəsinin vərəsəlik hüququ
haqqında şəhadətnamə rəsmiləşdirilərkən nəzərə alınmadığını göstərmiş və bu səbəbdən
onun ləğv edilməli olduğu qənaətinə gəlmişdir.
Cavabdeh
E.Şahbazov birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazın dəlillərini apellyasiya şikayətində də qeyd edərək göstərmişdir
ki, vərəsəlik predmeti olan mübahisəli mənzil mərhum anası L.Şahbazovaya məxsus
mənzilin satılmasından əldə edilmiş vəsaitlə alındığından, banka qoyulmuş əmanət
isə həmin məbləğdən geri qalan vəsait olduğundan, qeyd edilən əmlak iddiaçı ilə
atasının ümumi gəlirləri hesabına əldə olunmadığına görə ümumi mülkiyyət hesab
olunmamalı, mənzil və həmin pul məbləği bütövlükdə miras kütləsinə daxil edilərək
vərəsələr arasında bölüşdürülməlidir. E.Şahbazov həmçinin bank hesabında olan əmanətin
faizlərlə birlikdə hesablanmış məbləğ olduğunu və müvafiq halı təsdiq edən sənədin
onun tərəfindən əldə edilməsinin mümkünsüz olduğunu göstərmişdir.
Apellyasiya
instansiyası məhkəməsi L.Şahbazovaya məxsus əmlakın satılmasını, həmin məbləğdən 30 000 manatın
E.Şahbazova verilməsini, mübahisəli mənzilin alınmasını və 83 000 manatın
bankın depozit hesabına qoyulmasını işin mübahisəsiz halı kimi göstərsə də, mənzilin
satılmasından əldə olunmuş məbləğin göstərilən məbləğlərin cəmindən az olması nəticəsinə
gələrək, cavabdehin dəlillərinin əsassız olduğunu hesab etmişdir.
Lakin
apellyasiya instansiyası məhkəməsi işə baxarkən E.Şahbazovun bankın depozit
hesabına ilkin qoyulmuş məbləği göstərən sənədi ala bilmədiyindən müvafiq sənədlərin
alınmasının təmin edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə
müraciət etdiyini nəzərə almayaraq, həmin vəsatətləri təmin etməmişdir.
Halbuki,
Mülki Posessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin
öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən
prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –
Mülki Prosessual Məcəllə) 47.2-ci maddəsinə
görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan
çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində
iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər
vermək kimi hüquqlara malikdirlər.
Vəsatət,
onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli,
obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin
üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin
edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət
işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı
çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində
verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları Mülki Prosesual Məcəllənin
bir sıra maddələrində nəzərdə tutulmuşdur. Məcəllənin işdə iştirak edən şəxslərin
vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun
olaraq, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən
şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri
dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
Konstitusiya
Məhkəməsinin Plenumu vəsatətlərin həlli ilə bağlı qanunvericinin mövqeyindən
çıxış edərək qeyd edir ki, məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv,
tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə
həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş
üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak
edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin
mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır.
Qeyd
olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz
prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də
sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin
78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak
etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə
etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə
müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı
halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün
sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə
göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.
Eyni
zamanda Mülki Prosessual Məcəllənin 85-ci maddəsində göstərilir ki, özləri üçün zəruri sübutların
təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin
olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını
məhkəmədən xahiş edə bilərlər.
Yuxarıda
qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxslərin
xahişi ilə yeni sübutların əldə edilməsi üçün sorğular göndərir, müvafiq
sübutun əldə olunması məqsədi ilə işdə iştirak edən şəxsə sənəd verir, bununla
da iştirakçılara sübutların toplanması prosesi zamanı hüquq və vəzifələrini həyata
keçirməkdə kömək edir. İşin obyektiv və hərtərəfli araşdırılmasının təminatı
olan sübutların təmin olunması üzrə tədbirlər sübut edilməli olan hallar barədə
məlumatların təxirə salınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada təsbit
edilməsini və rəsmiləşdirilməsini nəzərdə tutur. Sübutların təmin olunması barədə
ərizə ilə sübut təqdim etmək hüququ olan istənilən şəxs, yəni işdə iştirak edən
şəxslər müraciət edə bilərlər. Sübutların təmin olunması üçün icraatın
başlanmasına əsas, belə xahişlə müraciət etmiş şəxsin istədiyi sübutun onun tərəfindən
əldə edilməsinin mümkün olmayacağı və ya çətin olacağı ehtimalıdır. Belə
ehtimalın real olduğu və şəxsin subyektiv fərziyələrinə əsaslanmadığı halda
sübutların təmin edilməsi üzrə müvafiq tədbirlər
görülməlidir. Belə ki, sübutların toplanılmasına laqeyd münasibət iş üzrə əhəmiyyət
kəsb edən halların müəyyən edilməmiş qalmasına, nəticədə isə ədalətli məhkəmə
araşdırılması hüququnun pozulmasına gətirib çıxarır.
Ədalət
mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan
irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə
tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi
prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda
prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə
prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə
əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).
Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq
olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad
etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün
olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Çəkişmə prinsipi eyni zamanda tərəflərin
öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını
sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək
imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən
qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni
öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və
dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə
prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən
hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi
halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır.
Nəzərə alınmalıdır ki, çəkişmə prinsipi
prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır və onlar bir-birini şərtləndirən
və tamamlayan prinsiplərdir. Hüquq bərabərliyi prinsipi tərəflərə məhkəmə
araşdırmasında bərabər hüquqi şərait yaradılmasını nəzərdə tutur. Məhz bərabər
hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək hüququ verir. Tərəflərdən
birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş
prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin
pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli
olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri
üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər. Mülki Prosessual Məcəllənin
217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin
qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin məhkəmənin müəyyən
edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi,
məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması
hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış
edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki
halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv
edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri).
Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş
üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı
qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı
və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd
olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri
və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında
demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini
vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin
öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu
il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə
2003-cü il 1 iyul tarixli Qərarlar).
Konstitusiya
Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında
qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma
dərəcəsindən asılı ola bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr
tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi
ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ər-arvadın birgə nikah
dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi
araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz
və dəlillər ətraflı müzakirə edilməli, bununla
bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir.
İşə
baxan apellyasiya instansiyası məhkəməsi isə cavabdehin iddiaya dair
etirazlarını, apellyasiya şikayətinin dəlillərini, həmin dəlilləri əsaslandıran
və iş üzrə mühüm əhəmiyyət kəsb edən halı təsdiq etmək üçün sübutu əldə edə
bilməməsini və məhkəmədən həmin sübutun əldə edilməsində ona köməklik göstərilməsi
barədə vəsatətini nəzərə almadan, bir tərəfin sübutlarını qiymətləndirərək,
sübutların düzgün qiymətləndirilməsi, vəsatətlərin həll edilməsi, çəkişmə
prinsipinin təmin edilməsi kimi vəzifələrini yerinə yetirməmiş, bununla da
Mülki Prosessual Məcəllənin 9, 88, 184.4 və 387.1-ci maddələrinin tələblərinin
pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
Halbuki,
Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə uyğun olaraq, prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin düzgün olmayan qətnamənin
qəbul edilməsinə səbəb olması qətnamənin ləğv edilməsinin əsaslarından biri
kimi çıxış edir. Məcəllənin 372.1-ci maddəsinə əsasən isə apellyasiya
instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim
olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Göstərilən
norma ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə
əsasən, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına
hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar
üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin
Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim
olunmuş yeni sübutlardan istifadə edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən
işlərə baxılarkən işdə olan sübutlara bütöv bir məcmu halında yanaşılmalı,
onların məcmusuna qiymət verilməlidir (A.Səlimzadənin şikayəti üzrə 2006-cı il
8 iyun tarixli Qərar).
Ali Məhkəmənin Mülki
Kollegiyası isə 29
iyun 2020-ci il tarixli qərarı ilə
prosessual hüquq normalarının pozulması ilə çıxarılmış
apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş
hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
Kassasiya instansiyasında işə
baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə
görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi
və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o
cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının
ləğv edilməsi üçün əsasdır. Prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin
418.1 və 418.3-cü maddələri).
Yuxarıda göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Z.Şahbazovanın Bakı şəhəri
3 saylı Notariat Ofisinə, E.Şahbazova və E.Şahbazovaya qarşı vərəsəlik şəhadətnaməsinin
ləğv edilməsi və s. tələbi barədə iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 29 iyun
2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I
hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər
tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Z.Şahbazovanın Bakı şəhəri
3 saylı Notariat Ofisinə, E.Şahbazova və E.Şahbazovaya qarşı vərəsəlik şəhadətnaməsinin
ləğv edilməsi və s. tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və
418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə
bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev